Şrift:
Azərbaycan hökumətinin xəbərdarlıqlarına baxmayaraq, ermənilər işğal altındakı Xankəndi aeroportunu işə salmağa hazırlaşırlar
08.11.2011 [09:26] - Gündəm
Azərbaycan hökumətinin xəbərdarlıqlarına baxmayaraq, ermənilər işğal altında saxladıqları Xankəndi aeroportunu işə salmağa hazırlaşırlar.

Ermənistan KİV-inə istinadən verdiyi məlumata görə, ötən həftənin sonlarında aeroportun uçuş-enmə zolağının gecə işıqlandırma sistemi sınaqdan keçirilib.

Hava limanının uçuş-enmə zolağının uzunluğu 2300 m, eni isə 20 metrdir. Xankəndi hava limanından ilk dövrdə İrəvana reyslərin təşkili planlaşdırılır. İlin əvvəlindən aparılmış işlər nəticəsində hava limanına böyük təyyarələrin enməsi üçün uçuş-enmə zolağı genişləndirilib, həmçinin yaxındakı təpənin zirvəsi hamarlanıb.

Qeyd edək ki, ermənilər 2008-ci ildə aeroportun əsas binasının tikintisinə başlayıblar. Aeroportun açılışı bu il may ayının 9-na planlaşdırılsa da, texniki səbəblər əsas gətirilərək, açılış qeyri-müəyyən vaxtadək təxirə salınıb.

Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyası isə bəyan edib ki, işğal altında olan Azərbaycan ərazilərində aeroportun tikintisi və Xankəndinə digər ölkələrdən rəsmi Bakının icazəsi olmadan təşkil olunacaq uçuşlar qeyri-qanunidir. Rəsmi Bakı icazə olmadan Xankəndinə uçan təyyarələrə qarşı fiziki məhvetmə də daxil olmaqla, qanunvericilikdə nəzərdə tutulan tədbirləri görəcəyini bildirib.
Bu xəbər oxucular tərəfindən 1025 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed