Şrift:
«Çağımız və Güney Azərbaycan» mövzusunda toplantı keçirilib
06.04.2013 [21:49] - Xəbərlər, Güney Azərbaycan-Təbriz
05 aprel 2013-cü ildə Asif Atanın Mütləqə İnam Ocağı Dünya Azərbaycanlıları İnformasiya Mərkəzində (DAİM) «Çağımız və Güney Azərbaycan» mövzusunda tədbir keçirib.
Tədbiri giriş sözüylə Mütləqə İnam Ocağının Yükümlüsü İşıqlı Atalı açıb: «Azərbaycanın dərdləri olduqca çoxdur. Tarix boyunca parçalanmışıq, ancaq itməmişik, yox olmamışıq. Ruhumuz bizi ölməyə qoymayıb. Bunun dərin insani-milli kökləri var. Bu gün burada Asif Ata Ocağı olaraq «Çağımız və Güney Azərbaycan» konusunda tədbir düzənləyirik. Ömrümüz – insanlıq, millətimizin ağgünlüyü üçündür. Azərbaycan ruhunun bənzərsiz zirvəsi olan Asif Ata Ocağının soraqları bu gün ağıllarda, ömürlərdə daha ciddi şəkildə ömürləşməkdədir.
Bizim işimiz ulusal ruhaniyyatımızla xalqımızı var etməkdir. Ata həmişə deyirdi: «Sizdən soruşsalar ki, nə iş görürsünüz? Deyin ki, xalq yaradırıq. Xalqyaratma çətin işdir. Bu gün inkişaf etmiş xalqlar belə yeni inkişaf yolları axtarır. Xalqların öz özülü üzərində yenilənməsi gərəkdir. Əgər xalq öz imkanları əsasında yenilənmirsə, heç zaman ayaqda qala, özü ola bilməyəcək. Atanın dünyabaxışı millidir, həm də bəşəriliyi tam təsdiq edir».
Ocağın Ruhani Başçısı Safruh bildirib ki, Azərbaycanın Güneyi Azərbaycanın önəmli parçasıdır: «Azərbaycan Türk Dünyasının bir parçasıdır. Türk Dünyası da dünyanın bir parçasıdır. Dünyanın bütövlüyü insanın ali mahiyyəti ilə bağlıdır. İnsanın ali mahiyyətinin daşıyıcısı olan millət, Vətən tapdana, şaqqalana bilməz. Əgər tapdanırsa, şaqqalanırsa, insanlığın faciəsi baş verir.
Dünyada yırtıcılıq ona görə güclüdür ki, əsllik elançıları birüzlü deyillər, bu səbəbdən gücsüzdürlər. Yırtıcılıq uğrundakı güclülərə “əhsən” deməmək lazımdır.
Göz görə-görə insanlığın ali mahiyyətinə qarşı gedişlər olur. Dünyada ədalət, insanın ləyaqəti baş mövzu olmalıdır. Ocağımızda bu, baş mövzudur. Ocağımızda millətin ləyaqəti və mənafeyi dilə gətirilir.
Mütləqə İnamın baş mövzusu Mütləqə İnamdır, Mütləq Vətənçiliyə inamdır, Mütləq insanlığa, Mütləq dostluğa inamdır. Kiminsə qılıncının batman olmasına inam və sevgi deyil. İnsani dünya yaranmalıdır ki, onda Vətən müstəqil olsun.
Vətən – yalnız dinc yaşadığımız yer deyil. Vətən – bizim qibləmizdir. Biz niyə param-parçayıq? Üstümüzə fatehlər gəlib, bizi şaqqalayıblar.
Atamızın gəlişilə yeni zaman yaranır – Mütləqə İnam zamanı… Yəni Vətənə, xalqa sevgi mütləq olmalıdır. Həqiqət üzərində lağlağı birliyidir indiki dünya birliyi. Mütləqə İnam gələndə ədalətə “əhsən” deyəcəklər. Bəs belə bir İnamı gətirən xalqı əzmək olarmı? Çətin olacaq!
Əgər biz dünyaya Mütləqə İnam gətirəriksə, bu İnamın yaradıcısı olan xalqa heç kəs yumruq sıxa bilməyəcək. İndi bilmirik ki, hansı düşmənlə necə döyüşək, yumruq sıxmayan qalmayb.
Zəhmimizdən çəkinən erməni vardı. İndi onun zəhmindən çəkinirik. Harada görünüb, dünyaya barmaq silkələyən soy balaca bir vilayətdən çəkinsin?
Ata deyir, Güney Azərbaycan – Azərbaycanın bir nömrəli problemidir. Azərbaycan – bir olmalıdır. Azərbaycanın bütövlüyünə qarşı olan antiinsanilik var. O, insanın heyvanlığa təslim edilməsidir. Vətənin lağa qoyulmasıdır, millətçiliyin gerilik sayılmasıdır. Bir qəzetdə yazmışdılar ki, millətçilik heyvani duyğudur. Göstər görüm, bəs insani duyğu haradadır? Göstərə bilmirsən. Vətəni, qadını lağa qoyursan. İçimizə antiailə, antidövlət, antiəxlaq psixologiyası gətirilir.
Nəylə oxşaya bilər Azərbaycan Azərbaycana – özünə? Kiril əlifbası ilə ruslara oxşayar. Ərəb əlifbası ərəbdən, latın əlifbası latından xəbər verir. Hanı türk əlifbası? Ey Bütöv Azərbaycan! Sən nəylə özünə oxşayacaqsan? Postmodernist ədəbiyyatla? Onu sən yaratmamısan. Sən yalnız orada iştirak edirsən. Modernizmdə də, realizmdə də, sosializm realizmində də iştirak eləyirdin. Hamısında dəmtutan olursan ən yaxşı halda. Ona görə də sənin öz sifətin olmalıdır.
Ocaq olaraq çox ləyaqətli işlərlə məşğuluq, Güneyimizi də çox sevirik. Biz Vətənimizi bütöv istəyirik. Biz bilmirik ki, nəyə dirəniş göstərməliyik, nəyi sevməliyik? Sevgimizin də heykəli bizim üçün aydın deyil, düşmənimizin də. Elə kimsələri yaşadır, öyürük ki, bizi ən çox inkar eləyən elə onlardır. Biz keçmişimizi ələməliyik. Görək bizim indiki həyatımız niyə bu şəkildədir?
Böyük bir fəlsəfə ortaya qoyulmasa, dünyaya dirsək göstərilməsə, Bütöv Azərbaycan yaranmayacaq. Bunun proqramını hazırlamalıdır Azərbaycan fəlsəfəsi. Azərbaycan fəlsəfəsi yoxdur! Azərbaycan fəlsəfəsi olardısa, ölkə həyatının bütün sahələrinə o fəlsəfə yön verərdi.
Azərbaycandan istedadlı adamlar çıxır, ancaq onlar Azərbaycan fəlsəfəsi, sevgisi yaratmırlar. Güney Azərbaycanla Quzey Azərbaycanın birləşməsini istəmir filosof! Filosof o qədər mədəniləşib ki, dünyada itir. Sən, mən – kəndçi-kündçü, Vətəni istəyən adamlar qalırıq çaşqın.
Ey dünya, nə istəyirsən məndən? Məni niyə idarə eləyirsən? Liberal demokratya göndərirsən. Ardınca deyirsən, gedin görün, bunun şərtlərini necə yerinə yetirirlər. Gəlib deyirlər, yaxşı yerinə yetirməmisən. Ona görə də camaat, qalxın, narıncı paltar geyinin, hakimiyyəti çıxarın, ayrı hakimiyyət qoyun… Daxil olmalıdır. Dirəniş olmalıdır. Bütün dünyaya qarşı dirəniş olmalıdır. Biz özümüzə oxşamaq istəyirik.
Güney Azərbaycanın, Vətənin bütövlüyü üçün yeni ideya gərəkdir. Dünya birləşməməlidir! Hər xalq ayrılıqda dünyanın biliyini mənimsəməli, öz ölkəsini inkişaf etdirməlidr.
Dünyaya yavaş yaşam tərzi gərəkdir. Yüyürə-yüyürə indiki dünya yaranır. İndiki dünya parlaq, hərəkətli, qovhaqovlu, Vətənləri, ləyaqətləri, millətləri tapdalamağa doğrudur. Bu hala qarşı dirənişi ulusal fəlsəfə yaratmalıdır. Almaniyanın inkişafına Kant, Hegel, Feyerbax, Marks səbəb olub. Bizim fəlsəfəmiz olmalıdır. Belə bir fəlsəfə var – Mütləqə İnam!
Guneylə bir olaq, həm də farsa nifrət bəsləyək: bu, gələcəyin yanlışı olardı. Azad oluruq, azad olmalıyıq! Ona görə türkcə yazıb-oxumalıyıq ki, türkük. Sənin də yasağını qəbul eləmirik. Bundan sonra dünyanın məntiqi aydın olmalıdır. Xalq özünü tanısın, desin ki, mən azad olmalıyam. Asif Atanı öyrəndikcə Azərbaycan içəridən öz-özünə müstəqilləşəcək və birləşəcək. Başqa dünyabaxışları, inancları, əlifbaları yavaş-yavaş atmaq gərək. Özünü tutmaq gərək».
Tanınmış ədəbiyyatşünas, publisist, yazıçı Esmira Fuad bildirib: «Ata deyir, Quzey də üzünü Güneyə çevirməlidir. Azərbaycan milli dəyərlərinə üz tutmalıdır. Qərbin Güney Azərbaycan dərdi yoxdur. Dərdlərimizdən çıxmaq üçün Ocağın pərvanələrinə dönmək gərəkdir. Yaşar Qarayev kimi ədəbiyyat fenomeni Atanın Güneylə bağlı harayını yüksək dəyərləndirir. Hər kəsin ürəyində Ocaq eşqinin, işığının olmasını diləyirəm».
Yolruh Atalı: «Ulus üçün birgəyaşayışın ən ali biçimi milli dövlətdir»-deyib: «Fərd kimi necəsənsə, millət kimi də eləsən. Fərd kimi yetişmədən – özünü millət kimi təsdiq edə bilməzsən. İnqilabla hakimiyyəti dəyişmək olar, ancaq inqilabla xalq yetişdirmək, yaratmaq olmaz. Fədakar, birüzlü, dönməz insanların yaranmasıdır xalq. Müstəqilliyimizin ilk illərində Quzeyimizdə millətçiilik duyğuları çox güclüydü. İndi o, işartı səviyyəsinə enib. Bu, güneyə pis təsir etməyə bilməz. Quzey Azərbaycan hər anlamda Güney Azərbaycan üçün örnək olmalıdır, ən başlıcası, millətçilikdə və müstəqillikdə. Ona görə ki, millət üçün müstəqillikdən böyük ideal yoxdur!
Bizim millətçiliyə yanaşmamız belədir: Millətin özülü – insandır. Millətçiliyin özülü – insanilikdir. Bu o deməkdir ki, millət ola bilmək üçün insanlaşmalıyıq. İnsanlaşmayanda, özünü dərk etməyəndə millətin keyfiyyəti də olmur.
Müstəqilliyin başlıca şərti – məsuliyyətdir. Bizim millət olaraq məsuliyyətimiz yetərincə deyil. Millətçilik – ağır, mənəvi, idraki işdir. Millətçilik özü bir dünyabaxışdır.
Ulusun yaranması – onun öz insanları tərəfindən qibləyə çevrilməsidir. Biz güneyli-quzeyli idealsızıq. Yüz illərə yetən ulusal hədəfimiz yoxdur. Ona görə də bu durumdayıq».
Milli Dirçəliş Hərəkatı Partiyasının Güney Azərbaycan Departamentinin sədri Əlirza Amanbəyli vurğulayıb ki, düşmənlərimiz bizdən qat-qat güclü, strategiyaya malikdirlər: «Düşmənlərimiz milli kimliyimizi əlimizdən alaraq bizi bu duruma gətirib. Millətin qurtuluşu üçün ilk olaraq onun milli kimliyinə qayıtması gərəkdir. Türk Dünyası sorunlarını türk dövlətlərinin dəstəyilə həll edə bilər».
Rəssam Nəvai Metin Məmmədoğlu Ocağın ideyalarının yayılmasından, ömürləşməsindən sevindiyi bildirib.
Yazıçı-publisist Əlisahib Əroğul bildirib ki, xalqımız üzləşdiyi bəlalardan aydın çıxış yolunu tapmağı bacarmalıdır.
İlqar İsmayıloğlu ideyasız ideala çatmağın çətin olduğunu bildirib: «Ocaq dünyəviliyi, insanlığın mahiyyətin təsdiq edir».
Publisist Məhərrəm Şəmkirli deyib ki, Bütöv Azərbaycan istəyinin gerçəkləşməsi üçün çox çalışmalıyıq: «Bütöv Azərbaycan ideyası bizdən yetkinlik tələb edir».
Habelə tədbirdə «Türküstan» qəzetinin baş redaktoru Aqil Camal, psixoanalitik Adıgözəl Məmmədov və başqaları iştirak ediblər.
İşıqlı Atalı İnam Atanın Güney Azərbaycanla bağlı Uluyurd ideyasının olduğunu bildirib: «Ata deyir ki, Güney Azərbaycanda Uluyurd Hərəkatı yaranmalıdır».
Sonda Ruhani Başçı Safruh bildirib ki, fəlakətlərimizdən çıxış yolu Mütləqə İnamdır: «Atanın Ocağında ciddi ruhani iş var. Şəxsiyyət indi lırtlaşır. Cinslər özünü itirir. Özünü itirməməlidir. Hər kəs öz cövhəriylə tanınmalıdır. «Güney Azərbaycan» sözü aradan gedəcək, yalnız “Azərbaycan” sözü olacaq».
«Çağımız və Güney Azərbaycan»  mövzusunda toplantı keçirilib

«Çağımız və Güney Azərbaycan»  mövzusunda toplantı keçirilib

«Çağımız və Güney Azərbaycan»  mövzusunda toplantı keçirilib


"Asif Ata Ocağı" Mətbuat Xidməti
Bu xəbər oxucular tərəfindən 1551 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed