Şrift:
Əhməd Obalı: Bu gün İran türkləri deyilən məsələ yoxdur- Müsahibə
08.04.2013 [10:31] - Müsahibə, Diaspor
Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin sözcüsü (GAMAC), GünAz TV başqanı Əhməd Obalı Bakıda bulunduğu müddətdə bir çox görüş keçirib.

O, GünAz TV müxbirinin suallarını belə cavablandırıb:

- Əhməd bəy, hazırda Amerika konqresində Güney Azərbaycanla bağlı məsələ nə yerdədir?

- Bir müddət öncə konqresmen Dana Rohrabacerin qaldırdığı məsələ konqresin mövqeyi deyildi. Bu, tək Dana Rohrabacerin özünün qərarı idi. Həmçinin, Güney Azərbaycan diasporunun fəaliyyətinin nəticəsidir. Amerikada yaşayan bir şəxs kimi deyə bilərəm ki, Quzey Azərbaycan diasporunun nümayəndələri hansısa konqresmen və siyasətçilərlə güney məsələsi ilə bağlı müzakirə aparmayıblar.

Ortada bir Güney Azərbaycan reallığı var. 30 milyonluq cəmiyyətimiz var. Dünya bunu görməyə bilməz. Üstəlik, İran özünü dünyaya düşmən elan edib. Təbii ki, belə olan halda, İranın düşmənləri onun zəif nöqtələrini tapacaqlar. İranda milli məsələ həssasdır. Birdə ki, İran ağlını başına yığmalıdır. İran bu gün oturub yerində öz işi ilə məşğul olsa, daha yaxşı olar. Yoxsa, dünyaya meydan oxumamalı, terrorizmi yaymamalıdır.

- Bu gün İran Azərbaycanın daxili işlərinə qarışan bəyanat verir. Bu haqda nə deyə bilərsiniz?

- Dəfələrlə İran Azərbaycanın daxili işlərinə qarışan bəyanatlar verib. Ölkədə terror qrupları yaratmağa cəhd edib. Terror şəbəkəsinin üzvləri həbs edilərək, məhkəmə qarşısına çıxarılıblar. İran Azərbaycanda radikal dini fanatizmi yaratmağa çalışır. Guya Azərbaycanda din ziddiyyətliliyi var. Halbuki Azərbaycan tolerant (xoşgörülü, müsalihə) ölkələrdəndir.

Bu gün Azərbaycan İsraildə səfirlik belə açmayıb. İsrailin Azərbaycanda səfirliyi isə yaxın zamanlarda açılıb. 20 ildir ki, İranın Ermənistanda səfirliyi fəaliyyət göstərir. İran başqasının evinə daş atmamalıdır. İranın daxili vəziyyəti gərgindir. Getdikcə vəziyyət daha da pisləşir.


- Əhməd bəy, Güney Azərbaycan Milli Hərəkatında müxtəlif fikirlər var. Bəzi şəxslər İranın türkləşməsini irəli sürürlər. Bu fikirlərə münasibətinizi bilmək maraqlı olardı?

- Əvvəla, qeyd edim ki, Güney Azərbaycan Milli Hərəkatında hegemon xətt var: müstəqillik və istiqlalçılıq xətti.

Bu gün 10 təşkilatın adını çəkə bilərəm ki, onların 9-u Güney Azərbaycanın müstəqil olmasını dəstəkləyir və öz məramnamələrdinə bunu prioritet (öncəlik) xətt olaraq elan ediblər.

İkincisi, İranı türklər idarə etməlidir fikri kənardan milli hərəkata yüklənməyə cəhd edilən bir xətdir və əsas fikirləri yayındırılmağa hesablanıb. Bu da mümkün deyil.

İranda hər şey aydınlaşır. Yəni ərəb ərəbləşir, bəluc bəluclaşır, kürd kürdləşir, fars daha da farslaşır. Eyni zamanda azərbaycanlılar da azərbaycanlaşır. İran onsuz da içdən dağılır. Sizə bir misal çəkmək istəyirəm. Bir zamanlar bəzi insanlar sovetlər birliyinin (Şurəvi) dağılmasına inanmırdılar. Nüvə silahının başqa dövlətlərin əlinə keçəcəyindən ehtiyatlanırdılar və s. müxtəlif fikirlər səsləndirilirdi. Sonradan tarixi-siyasi proses SSRİ-nin (Şurəvi) dağılmasını təsdiqlədi. Çünki buna qarşı çıxanlar belə, özləri imperiyanın dağılacağını yaxşı bilirdilər. Amma bunu demirdilər. Zamanı çatan kimi imperiya tarixin arxivinə getdi.

Bu gün eyni şey İrana aiddir. İranın siyasi coğrafiyası dağılmağa məhkumdur. İran dağılarsa, onun yerində 6 dövlət meydana gələcək. Dünya yaxşı bilir ki, Güney Azərbaycan öz azadlığını əldə edəcək. İran dağılacağı təqdirdə, güneyin azad olunması şübhəsizdir.

Siyasətçilərlə görüşümüzdə deyirlər ki, güneyin müstəqilliyindən danışmayın. Biz də deyirik ki, yaxşı danışmayaq. Sonra danışıqlarımızda güneyin istiqlalından danışırıq. Əgər elə olmasaydı, amerikalı konqresmen Dana Rohrabacer kimi şəxs güney məsələsini konqresin gündəliyinə gətirməzdi. Deməli, proseslərin hansı axarda getdiyini görürlər. Bu prosesdə onlar özlərinə 30 milyonluq dost qazanacaqlar.

- Bu fikri belə əsaslandırırlar ki, dörd dəfə inqilab etdik, nəticədə minlərlə insanımız şəhid oldu və tarixi proses farsların xeyrinə işlədi. Hərəkat nəticəsiz başa çatdı. Yəni bu gün eyni hadisələr təkrarlana bilərmi?

- Hər şey ola bilər. Azadlıq qansız əldə olunmur. Azadlıq üçün mübarizə aparılır və qanlar tökülür. Sovetlər birliyi dağılanda Şimali Azərbaycanda yüzlərlə insan şəhid edildi. Ondan sonra Qarabağda on minlərlə insan şəhid oldu. Onlar olmasaydı, azadlıq və müstəqillikdə olmayacaqdı. Azadlığımız belə insanların çiynində əldə olunur. Məsələ ondadır ki, biz hələ indi də itkilər veririk. Millət olaraq məhvə doğru gedirik. Bu gün bu sualı verən insanlara belə bir sual vermək istərdim ki, yaxşı, azadlığımızı əldə etməsək nə olacaq və ya indi baş verən hadisələr nə deməkdir? Bu gün eyni siyasət davam edir. Bizi millət olaraq məhv etməyə çalışırlar. Dilimiz, mədəniyyətimiz, dəyərlərimiz sıradan çıxarılır.

Təbii ki, arzu edirəm, qırğın və itkilərimiz az olsun. İtkilərin olmasını istəmirik. XX əsrin əvvəllərində baş verən Səttarxan, Xiyabani hərəkatında itkilərimiz oldu. Onlar İrana məşrutə gəlsin deyə mübarizə aparırdılar. Bu hadisələr sonradan əleyhimizə işlədi. Səttarxan ermənilərin əli ilə Tehranda öldürüldü. Nəticədə, ingilis-rus imperiyasının əli ilə devrilən Qacarların yerinə farslar gəldi. O zamandan bizim faciələrimiz başladı. Məşrutə hərəkatı mahiyyətçə doğru idi, strateji və taktiki baxımından yanlış idi. Çünki hərəkat bütün İranı götürmüşdü. Sonda isə əlimizə heç nə gəlmədi. Böyük şəkildə uduzduq. Təki sıfırda qalardıq. O da olmadı. Bu hadisələrin böyük acıları oldu. Ona görə istiqlal hərəkatı düzgündür. Çoxluq istiqlalı müdafiə edir və bunun doğru yol olduğunu inanırlar.

Bu gün İran türkləri deyilən məsələ yoxdur. Əvvəllər federalçılıq var idi. O da sonradan özünü doğrultmadı və yavaş-yavaş tarixin arxivinə getməyə başladı. Çünki federalizmdə farslarla birgə yaşamalıyıq deyir. Amma farslar bizlə yaşamaq istəmirlər. Yox, əgər biz qan töküb federalizm quracağıqsa, ondansa istiqlalımızı qurarıq də. Federalçılar bir çox suallara cavab verə bilmirlər. Onlar İran azərbaycanlılarının rolunu və sərhədlərimizi müəyyən edə bilmirlər. Yarımçıq xətdir.

- Bu proseslərdə qardaş Türkiyənin rolunu necə görürsünüz? Xüsusilə, Ankara Güneydə baş verən hadisələrə hazırdırmı?

- Türkiyə bu məsələdə böhran keçirir. Əvvəllər deyirdilər ki, güney məsələsində bizim İranla problemlərimiz olmasın. Sonra Suriya məsələsində İranla üz-üzə gəlsə də, Ankara geri çəkilmədi. İranla bütün əlaqələrini kəsməyə, hətta müharibə etməyə belə hazır idi. Bu məsələdə İran geri çəkildi. Türkiyə bunu sünni ərəblərə görə edirdi. İkincisi, kürd məsələsinin güclənməsində Türkiyənin özünün rolu var. Tükiyənin baş naziri Rəcəb Təyyub Ərdoğan çıxışlarında qeyd edirdi ki,”Türkiyə orta doğu projesində eş başqanıdır”. Sonra da Diyarbəkirin ulduz yerə çevriləcəyini bildirirdi. Sizcə, bu nə deməkdir?

- Əhməd bəy, bəlkə Türkiyənin baş naziri Diyarbəkirin iqtisadi-sosial inkişafını nəzərdə tutaraq bu sözləri deyib?..

- Bəs niyə Diyarbəkiri deyir. Konyanı, İğdırı və s. yerləri demir. Çünki orada kürdlər yaşayırlar, ona görə bu sözlər deyilir. İkincisi, kürd millət vəkilləri Türkiyə Böyük Millət Məclisində çıxışlarında Atatürkü qaniçən, faşist, mason və s. deyirlər. Və eyni sözləri deyən insanlar Məsud Barzanini müdafiə edirlər, Urmiyanı kürd şəhəri adlandırırlar. Gəlin görək 15 il kürdlərin vəziyyəti necə idi, indi necədir? İndi İğdıra, Qarsa kimlər rəhbərlik edir. Yəni praktika göstərir ki, son illər kürdlər güclənirlər. Bu bir gerçəklikdir. Kimsənin özünə türk deməyi belə qadağan edilir. Xocalı soyqırımının anma günü ilə bağlı Ankaranın mərkəzində ermənilər və kürdlər birləşib azərbaycanlıları və türkləri döydülər. Onlardan bir nəfər belə cəzalandırılmadı. Amma bunu azərbaycanlılar etsəydi, hamısı cəzalandırılardılar. Kürdlərin bütün seminarlarına icazə verir. Amma Güney Azərbaycanla bağlı tədbirlərin keçirilməsinə icazə vermir.

- Sizcə, nədən belədir?

- Bəlkə düşünürəm ki, Türkiyə gələcəkdə Azərbaycanın birləşməsini özünə rəqib görür. Amma biz Türkiyəni özümüzə qardaş görürük. Hər zaman Türkiyəni arxamızda hiss edirik. Son illər Türkiyə türk dünyası deyir. Təəssüf ki, əməldə bunu görmürük. Ümumiyyətlə, məni bu sual düşündürür türk dünyası deyəndə nəyi nəzərdə tuturlar. Axı türk dünyasının şərqini qərbə bağlayan Güney Azərbaycandır. Bu gün türk dünyasından danışarlarsa, orada Güney Azərbaycandan nəsə danışılmırsa, deməli, bu şuardır. Burada əməl yoxdur.

Necə ola bilər ki, Türkiyə Fələstinə görə İsraillə müharibəyə getdi? Necə nəfər türk vətəndaşı öldü. Yaxşı fələstinlilər məzlumdurlar. Biz bir söz demirik. Bəs, güney Azərbaycan nə olsun? Biz də türkük. Heç olmasa, öz imkanlarımız hesabına hansısa görmək istədiyimiz fəaliyyətlərimizə mane olmasınlar. Bizim istəklərimiz budur. “Türksat”da farslar və s. başqa millətlər kanallarını yayımlayır. Bizə gələndə isə icazə vermirər. Bunun harası qardaşlıq və türk dünyası birliyi oldu?

Elnur Eltürk
Bu xəbər oxucular tərəfindən 1393 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed