Şrift:
Bakıda ünvanların yeni qaydalarla verilməsinə başlanılıb
10.04.2013 [17:12] - Xəbərlər, Sosial
Bakı şəhərində yeni qaydalar əsasında ünvanlarin verilməsi və ünvan lövhələrinin quraşdırılması işlərinə başlanılıb. Bu barədə Əmlak Məsələləri Dövlət Komitəsindən məlumat verilib.
Bakı və respublikamızın digər şəhərlərinin küçə və prospektlərində binalara Avropa standartlarına uyğun və yeni qaydalarla ünvanların verilməsi və müasir dizaynlı lövhələrin vurulması işlərinə başlanıb.
Bu istiqamətdə Azərbaycan Prezidentinin "Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 27 noyabr tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları"nda dəyişikliklər edilməsi barədə" 10 fevral 2012-ci il tarixli fərmanı ilə müvafiq tapşırıqlar verilib. Fərmanın icrası məqsədi ilə Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 1 yanvar 2013-cü il tarixdən etibarən ölkənin şəhər və rayonları üzrə daşınmaz əmlak obyektlərinə ünvanların yeni qaydalar əsasında verilməsi işləri həyata keçirilir.
Yeni qaydalara əsasən ünvanların verilməsi işlərinə başlanmazdan əvvəl Azərbaycanda milli ünvan reyestrinin informasiya sistemi hazırlanıb. Bu sistem ölkə üzrə ünvan məlumatlarının vahidliyi, etibarlılığı və çevikliyini təmin edən vahid məlumat bazasına malik olacaq. Sistem həm də milli məkan məlumatları ilə, yəni daşınmaz əmlakların coğrafi məlumatları və dəqiq koordinatları ilə bağlanmaqla fəaliyyət göstərəcək. Bununla əlaqədar ölkədə mövcud olan ünvan məlumatlarının vəziyyəti və problemlər hərtərəfli təhlil edilib, beynəlxalq layihə çərçivəsində xarici ölkələrin qabaqcıl ünvan təcrübələri öyrənilib. Belə ki, Əmlak Məsələləri Dövlət Komitəsi və Norveçin Xəritəçəkmə Təşkilatı arasında imzalanmış "Azərbaycanda ünvan reyestrinin informasiya sisteminin yaradılması" layihəsinin həyata keçirilməsi üzrə qrant sazişi"nə uyğun olaraq, Norveçdə və Danimarkadan olan beynəlxalq məsləhətçilər beynəlxalq və Avropa ünvanvermə təcrübəsi əsasında Azərbaycan üçün təkliflər və texniki spesifikasiyalar hazırlanıb. Yeni qaydalara uyğun ünvanların verilməsi işlərinin icrasının təmin olunması məqsədi ilə Cənubi Koreyanın "SK C&C" Co LTD şirkəti tərəfindən Azərbaycan Ünvan Reyestrinin İnformasiya Sistemi yaradılıb.
Paralel olaraq yeni qaydalar əsasında verilmiş ünvanların bina və girişlərdə asılması üçün ünvan lövhələrinin dizaynı və istehsalı məqsədilə Cənubi Koreyanın müvafiq şirkəti ilə müqavilə bağlanıb. Artıq mart ayının sonundan etibarən istehsal olunmuş ünvan lövhələrinin Bakıya gətirilməsi təmin olunur.
Aprel ayından etibarən isə Bakı şəhərində mövcud olan küçə, prospekt, xiyaban, meydan və digər nəqliyyat infrastrukturu obyektləri üzrə yeni qaydalar əsasında verilmiş ünvanlara uyğun olaraq hazırlanmış ünvan lövhələrinin quraşdırılması işlərinin icrasına başlanılıb. Bakı şəhəri üzrə 2500-dən çox küçə və prospektləri əhatə etməklə binalara və girişlərə yeni qaydalarla ünvan lövhələrinin vurulmasının ilin sonunadək başa çatdırılması nəzərdə tutulur. Bu işlərin icrası 2013-cü il ərzində respublikanın digər şəhər və rayonlarını da əhatə edəcək.
Bakı şəhərində mövcud küçə və prospektlər üzrə yeni qaydalar əsasında hazırlanmış ünvan lövhələrinin quraşdırılması işləri mərhələlərlə başa çatdıqdan sonra mütəmadi olaraq vətəndaşlara, dövlət təşkilatlarına, hüquqi şəxslərə, həmin ərazidə yaşayan sakinlərə yeni ünvanları barədə Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən müvafiq qaydada ətraflı məlumatlar veriləcək.
Yeni və dəqiq ünvanların verilməsi, vahid ünvan reyestrinin aparılması, küçə və prospektlərdə binalara müasir dizaynlı lövhələrin vurulması dövlət tərəfindən həyata keçirilən sosial əhəmiyyətli layihədir. Bu layihənin nəticələri vətəndaşlara, dövlət qurumlarına, bələdiyyələrə və təşkilatlara imkan verəcək ki, ünvan məlumatlarına çevik, vahid və etibarlı çıxış əldə etsinlər, internet əsaslı elektron xidmətlərdən istifadə edə bilsinlər, eləcə də şəhərlərdə ünvanların tapılması, sosial və idarəetmə məsələlərinin həlli zamanı vaxt itkisi ilə qarşılaşmasınlar.
Bu xəbər oxucular tərəfindən 923 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed