Şrift:
Dağlıq Qarabağın azərbaycanlı icması Ara Arutunyanın cavabını verdi
13.04.2013 [13:05] - Gündəm, Hüquq
İcmanın əlaqələndirmə şurasının sədri Xocalı aeroportu ilə bağlı açıqlamaya münasibət bildirib


Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması qondarma Dağlıq Qarabağ Respublikasının "baş naziri" Ara Arutunyanın Xocalı aeroportu ilə bağlı açıqlamasına cavab verib.

"Əgər Ara Arutunyan məsələnin insan hüquqları müstəvisində həll olunması tərəfdarıdırsa, o zaman ilk növbədə Dağlıq Qarabağ və ətraf rayonlardan məcburi şəkildə çıxarılmış azərbaycanlı əhalinin hüquqlarının bərpa olunması və onların öz doğma yurd-yuvalarına qayıtması məsələsini qaldırmalıdır. İnsan hüquqlarından danışılırsa, o zaman Dağlıq Qarabağ və ətraf rayonlardan olan azərbaycanlıların hüquqları nə üçün qorunmur?!" Trend-in məlumatına görə, bunu İcmanın əlaqələndirmə şurasının sədri Orxan Əkbərov jurnalistlərə açılamasında deyib.

Qeyd edək ki, Qondarma "Dağlıq Qarabağ Respublikasının" "baş naziri" Ara Arutunyan keçirdiyi mətbuat konfransında bildirmişdir ki, Xankəndi aeroportunun istifadəyə verilməsi siyasi müstəvidə deyil, insan hüquqları müstəvisində həll olunmalıdır. Bu məsələ siyasi xarakter daşımamalı, insan hüquqları xarakteri almalı və məsələ öz həllini tapmalıdır.

Əkbərov bildirib ki, nəinki əzəli Azərbaycan torpaqlarında mövcud olan Xocalı aeroportunun Xankəndi aeroportu adı ilə istismara verilməsi və uçuşların təşkili, ümumiyyətlə qondarma rejimin digər nümayəndələrinin də bu cür sərsəm fikirləri hüquqa ziddir. Çünki Dağlıq Qarabağ Azərbaycan torpağıdır və onun ayrılmaz hissəsidir.

"Dünya birliyinin Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünü tanıdığı bir halda, Ermənistan Respublikasının Azərbaycan ərazilərini işğal etməsi nəticəsində yaratdığı qondarma "Dağlıq Qarabağ Respublikası" bu gün heç bir beynəlxalq qurum tərəfindən tanınmayıb. Dağlıq Qarabağın azərbaycanlı əhalisinin öz doğma torpaqlarından çıxarılması, bölgənin etnik təmizləyə məruz qalması, Xocalı soyqırımının həyata keçirilməsi və digər bu kimi məsələlərə görə Ara Arutunyan və onun kimi qondarma "Respublikadakı" separatçı rejimi dəstəkləyən digər şəxslər beynəlxalq huquq müstəvisində cavab verməlidirlər", deyə Əkbərov bildirib.

Onun sözlərinə görə, qondarma "Dağlıq Qarabağ Respubikası"nın təyyarələrinin uçuşunun təşkili üçün onun Beynəlxalq Mülki Aviasiya Təşkilatı-İCAO-ya üzv olması zəruridir. Lakin Dağlıq Qarabağ tanınmamış respublikadır, ona görə də onu bu təşkilatın sıralarına heç kim qəbul edə bilməz.
Bu xəbər oxucular tərəfindən 1122 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed