Şrift:
Azərbaycan ədəbi dilinin normalarının pozulmasının hallarının qarşısı alınacaq
13.04.2013 [14:25] - Gündəm, Sosial, Mədəniyyət
Nizami Cəfərov: Bu hakimiyyət orqanlarının məsuliyyətini artıracaqƏdəbi dil normalarını pozanlar müəyyən olunmuş məbləğdə cərimələnəcəklər

Növbəti iki il ərzində ölkəmizdə bütün küçə adları, afişa və reklamlarda Azərbaycan ədəbi dilinin normalarının pozulması hallarının qarşısı alınacaq. Bu məsələ ölkə prezidentinin sərəncamı ilə yeni təsdiqlənən Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair dövlət proqramında nəzərdə tutulub.

Ümumiyyətlə, Azərbaycan qanunvericiliyinə əsasən ölkə ərazisində bütün xidmət sahələrinin adı, reklam və elanlar Azərbaycan dilində yazılmalıdır. Paytaxtın müxtəlif geyim dükanlarının, gözəllik salonlarının, iaşə obyektlərinin adları ilə yanaşı orda göstərilən xidmətlər də əcnəbi dildə yazılır. Məsələn, şəhərin mərkəzi küçələrində yerləşən restoranlarda olduğu kimi bu restoranda da qəlyanaltı sözü ilə yanaşı, restoranın çatdırılma və paketləmə xidmətləri yalnız ingilis dilində yazılıb. Gözəllik salonunda isə xidmətlər haqda məlumatı yalnız rus dilində almaq olur. Obyekt sahibi Nailə xanım bu addımı atarkən iqtisadi maraqlarını əsas götürüldüyünü deyir: “Mənə bir sahibkar kimi belə rahatdır. Şəhərin mərkəzidir. Rusiya vətəndaşları çox vaxtı oxuyan kimi girirlər. Yəni bizim işçilərimizin də hamısı rusdillidir”.

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Nizami Cəfərov dövlət proqramından irəli gələn tədbirlər həyata keçiriləndən sonra bu cür halların qarşısının alınacağından əmindir. Belə ki, proqrama əsasən qaynar xətt fəaliyyətə başlayacaq. Hansına ki, ədəbi dil normalarının qaydalarına uymayan yazı və ya elan görən hər bir vətəndaş birbaşa həmin nömrəyə zəng vuraraq həmin aidiyyatı qurumu məlumatlandıra biləcək.

Millət vəkili Nizami Cəfərov: “Bu həm hakimiyyət orqanlarının məsuliyyətini artıracaq. Həm də bizim cəmiyyət vətəndaşlarımızın dilə münasibətində bir məsuliyyət yaradacaq”.

Onu da deyək ki, qanunvericilikdə zəruri hallarda reklam və elanlarda dövlət dili ilə yanaşı digər dillərin istifadə olunmasının mümkünlüyü göstərilir. Lakin onların tutduğu sahə Azərbaycan dilindəki qarşılığının tutduğu sahədən böyük olmamalı və Azərbaycan dilindəki yazıdan sonra gəlməlidir. Xatırladaq ki, ilk dəfə bu sahədə qeydə alınan nöqsanları aradan qaldırmaq üçün 2001-ci ildə prezident Heydər Əliyev ədəbi dilin normalarının tətbiqini təkmilləşdirmək məqsədilə fərman verib. Bu sahəni tənzimləyən növbəti qanun isə iki il sonra qüvvəyə minib.
Bu xəbər oxucular tərəfindən 569 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed