Şrift:
Azərbaycanda siyasi islam təhlükəsi gözlənilirmi?
15.04.2013 [15:02] - Gündəm, Sosial, İslam dini
Vasif Əfəndi: Bu gün Azərbaycanda islam yox, İran təhlükəsi var

Seyid Əzim Camalbəyli: «Azərbaycan dünyəvi ölkə olsa da, dinin inkişafı üçün özünü islam təəssübkeşi kimi qələmə verən ölkələrdən daha çox iş görür»

Arif Yunus: «Əgər İran din amilindən bizə qarşı istifadə edirsə, biz də Cənubi Azərbaycan məsələsindən İrana qarşı istifadə edə bilərik»

Elşən Mustafaoğlu: «Din adından siyasi alət kimi istifadə etmək dinə də, cəmiyyətə də xəyanətdir»


Azərbaycanda siyasi islam təhlükəsi gözlənilirmi? Bu günün actual mövzularından biridir. Çünki, son günlər ölkənin siyasi gündəminin əsas mövzusu islamçıların fəallaşması ilə bağlıdır. Dindar Hacı Tale Bağırzadənin həbsi, aprelin 6-da Nardaranda onun həbsinə etiraz olaraq mitinqin keçirilməsi, İranın Azərbaycandakı şəbəkəsini tez-tez hərəkətə gətirməsi yuxarda qoyduğumuz sualı əsaslandırır. Xüsusilə də ölkənin prezident seçkilərinə hazırlaşdığı bir dönəmdə bu qüvvələrin fəallaşması yaxşı heç nə vəd etmir. Siyasi İslam ölkənin konstitusiya quruluşunun dəyişdirib, yerində teokratik bir rejim formalaşdırmaq ideologiyasına xidmət edir. Eyni zamanda islam adı altında Azərbaycana dost olmayan münasibət sərgiləyən bəzi ölkələr də faydalanmağa və bu məqsədlə həmin qüvvələri yönləndirməyə çalışırlar. Təbii ki, bu reallığı nəzərə alaraq Azərbaycanın xüsusi xidmət orqanları onların qarşısını almaq üçün müəyyən tədbirlərə əl atmaq məcburiyyətindədir.
Bəzi maraqlı dairələr xarici agentura şəbəkələrinə qarşı həyata keçirilən tədbirləri çox vaxt Azərbaycanda islama qarşı basqı kimi dəyərləndirməyə cəhdlər edirlər. Ancaq bəşəriyyətin ən sonuncu dini olaraq təşəkkül tapmış İslam böyük mənanı özündə ehtiva edir. Onun anlamı o qədər dərindir ki, hansısa fərdlərlə bağlı yaşananların, ayrı-ayrı dövlətlərin pozucu ideologiyalarının, təxribatçı fəaliyyətlərinin ümumi İslam adına bağlanması bu dinin təməl prinsipləri ilə ziddiyyət təşkil edir.
Bu günlərdə belə cəhdlərdən biri də hazırda həbsdə olan ilahiyyatçı alim Abgül Süleymanov tərəfindən edilib. Cinayət Məcəlləsinin konkret maddələri ilə həbs edilən bu şəxs həbsxanadan KİV-lərə göndərdiyi məktubda Azərbaycanda siyasi dini hərəkata rəhbərlik edəcəyini qeyd edib.
Şərqşünas Seyid Camal Əzimbəyli Azərbaycanda belə bir hərəkata heç bir real əsasın olmadığını deyib. Onun sözlərinə görə, Azərbaycan dünyəvi ölkə olsa da, dinin inkişafı üçün özünü islam təəssübkeşi kimi qələmə verən ölkələrdən daha çox iş görür: «Azərbaycanda islamın təməl prinsiplərinə əməl olunması sözügedən ölkələrdən müqayisə olunmayacaq dərəcədə yüksək səviyyədədir. Belə dəyərlərin mühafizə olunmasına istər dövlət, istərsə də QHT-lər tərəfindən ciddi əməl olunur. Azərbaycanda islamın siyasiləşdirilməsinə heç bir halda ehtiyac görmürəm. Çünki islamın təməl prinsiplərinə, gətirdiyi qaydalara və ümumiyyətlə, müsəlman kimliyinə qarşı hər hansı bir təcavüz yaşanmadığı bir halda belə hərəkatın elan olunmasına nə zərurət var? Ümumiyyətlə, belə bir məsələ özü qloballaşan dünyada Azərbaycanın imicinə və dövlətçilik prinsiplərinə ziddir. Bununla dövlətimizin reytinqinə böyük zərbə dəyə bilər».
Politoloq Arif Yunusun fikrincə isə Azərbaycan İslam sivilizasiyasının tərkib hissədir: «Ancaq islamdan siyasi motivlə istifadə edilməsi məsələsi hər dəfə seçkilərdən sonra gündəmə gəlir və artıq belə cəhdlər artmaqdadır. Yaranmış siyasi boşluqda siyasi islama münbit şərait yaranır. Son hadisələr də onu göstərir ki, bu təhlükə Azərbaycan üçün var. Burada xarici ölkələrin də maraqlı olduğu faktdır. Bu gün Türkiyədə müəyyən qüvvələr nurçuluqla, İran şiəçiliklə, ərəblər vəhhabiliklə Azərbaycana təsir etmək istəyirlər. Bununla belə bu bizim cəmiyyətin problemidir. Xarici təsirlərin olmasına baxmayaraq, dövlət və cəmiyyət bu problemi birlikdə çözməyə məcburdur. Əgər İran din amilindən bizə qarşı istifadə edirsə, biz də Cənubi Azərbaycan məsələsindən İrana qarşı istifadə edə bilərik. Ancaq fakt budur ki, Güneydə yaşayan azərbaycanlılar özləri də İrandan ayrı müstəqil dövlət yaratmaqda maraqlıdır».
Millət vəkili Aydın Mirzəzadə isə ölkədə dinlə bağlı vəziyyətin təhlükəli həddə olmadığı fikrindədir: «Dünyanın bir çox ölkələrində dini təmayüllü təşkilatlar var. Bu normal demokratik cəmiyyətlərin bir reallığıdır. Azərbaycanda da dini qrupların olması normal bir haldır. Ancaq bu qrupların cəmiyyətdə sosial bazası zəifdir. Bu gün ölkənin siyasi palitrasında rəsmən islamçı partiya yoxdur. Onlar xırda qruplar şəklində fəaliyyət göstərirlər və müxtəlif təşəbbüslərlə çıxış edirlər. Lakin cəmiyyətdən yetərli dəstəyi ala bilmirlər. Buna görə Azərbaycanda siyasi islam yoxdur. Radikal islam da ölkədə yoxdur. Dediyim kimi yalnız belə təşəbbüslər var. Burada da qanundan kənara çıxma halları olursa, onun qarşısı alınır».
Politoloq Vasif Əfəndinin fikrincə isə İslamın siyasiləşməsi onun təriqətlərə parçalanması dövründən başlayır: «Əslində İslam bəşəriyyətin ədalətli həyat tərzini göstərən bir rupordur. Siyasi islamın təbliğat aparatı tamamilə bəşəri ideyalardan uzaqdır və onun siyasi texnoloqları gerçək islami dəyərləri sapdırır. Bu gün özünü İslam dünyasının lideri hesab edən İranı konkret olaraq nümunə gətirmək olar. İranın dini siyasi liderlərin ən bəsit bəyanatını təhlil etməklə bu qənaətə gəlmək olar. Məsələn, İranın Ermənistana hərbi-siyasi ittifaqına Azərbaycan tərəfindən etiraz olunduqda belə cavab verirlər ki, bizim İsraillə əməkdaşlığımızın acığına İran da Ermənistanla əməkdaşlıq edir. Bu isə müsəlman olan toplumun cavabı ola bilməz. Mən hesab edirəm ki, «Azərbaycana İran təhlükəsi varmı» sualı qoyulsa daha düzgün olar. Bu gün Azərbaycanda İslam yox, İran təhlükəsi var. İran son zamanlar Azərbaycanın daxili işlərinə daha çox müdaxilə edir. Bu yaxınlarda İran parlamentində Türkmənçay müqaviləsinə yenidən baxılması üçün komissiyanın yaradılması təklif edilib. Hesab edirəm ki, bu da siyasi blefdir. İranın Azərbaycana qarşı ixrac edə biləcəyi yalnız dini fanatizmdır ki, buna da yalnız az sayda insan cəlb oluna bilər. Hesab edirəm ki, bu istiqamətdə proseslər dövlətin nəzarəti altındadır və ölkədə siyasi islam təhlükəsi yoxdur».
AMEA-nın elmi işçisi, ilahiyyatçı alim, fəlsəfə doktoru Elşən Mustafaoğlunun məsələyə münasibəti də maraqlıdır: «Doğrudur, tarix boyu din adından, elə İslam adından sui-istifadə edib, dini bir alətə çevirərək, öz şəxsi və ya qrup maraqlarını güdənlər də olub. Din adından siyasi alət kimi istifadə etmək dinə də, cəmiyyətə də xəyanətdir. Bax, əsl təhlükə budur! Əsl, həqiqi din öz ilahi gözəlliyi ilə yalnız və yalnız mənəviyyata söykənən həyat tərzini nəzərdə tutur ki, siyasət də həyatımızın bir parçası kimi, istisna edilə bilməz. Deməli, siyasi islam təhlükəsi o halda ola bilər ki, müəyyən bir qrup öz iddialarında səmimi olmasın, İslam adından sui-istifadə etmiş olsun, dindən bir alət kimi istifadə etsin, islam adı ilə öz məkrli niyyətlərini həyata keçirmiş olsun. Bu, əlbəttə ki, böyük təhlükədir və istər din, istər demokratiya, istər ədalət, millət, vətən və s. adlardan məkrli niyyətlə istifadə etmək bu dəyərlərə də xəyanətdir, cəmiyyətə də. Bu təhlükənin meyarı bunlardan sui-istifadə etmək, bu adla insanlara kələk gəlməkdir. Din adından, İslam adından məkrli niyyətlər üçün istifadə etmək də bu qəbildəndir. Ümumiyyətlə danışsaq, bəli, belə bir təhlükədən heç bir cəmiyyət, o cümlədən də Azərbaycan cəmiyyəti sığortalanmayıb. Necə ki, şahidi oluruq, bir çox siyasi qruplar demokratiya adından sui-istifadə edirlər. Amma bunu real şəraitdə təhlükə kimi hesab etmək də doğru olmazdı. Azərbaycanın siyasi arenasında elə bir «islamçı qüvvə» yoxdur ki, real təhlükə sayıla bilsin».
Cavid
Bu xəbər oxucular tərəfindən 1254 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed