Şrift:
Azərbaycanda hemofiliyalı xəstələrin təsnifatlar üzrə statistikası açıqlandı
17.04.2013 [13:51] - Gündəm, Sağlıq
Azərbaycandakı hemofiliyalı xəstələrin coxu, yəni 700 nəfərə yaxını 18-40 yaş arasında olan xəstələrdir.
Bunu çərşənbə günü jurnalistlərə Səhiyyə Nazirliyinin Respublika Elmi-Praktik Hemofiliya Mərkəzinin direktoru Elmira Qədimova deyib.
Onun sözlərinə görə, ölkədəki 1460 hemofiliyalı xəstənin 150-si 1-7 yaş arasında, 150-si 7-15 yaş arasında, qalanları isə 40 yaşdan yuxarı olan insanlardır. Ən yaşlı hemofiliyalı xəstə 70 yaşındadır. Azərbaycanda hemofiliyalı xəstələr arasında əsasən kişilər üstünlük təşkil edir.
Qədimova deyib ki, hemofiliyalı xəstələrin 600-dən çoxu Bakı və ətraf qəsəbələrdə yaşayır.
"Bölgələrdə azsaylı hemofiliyalı xəstə var. Onların da hər biri lazımi, pulsuz dərman preparatları ilə təchiz olunur",- mərkəzin direktoru əlavə edib.
O qeyd edib ki, ağır irsi qan xəstəliyi olan hemofiliya xəstəliyi ana vasitəsilə əsasən oğlan uşaqlarına ötürülür.
Qədimova deyib ki, qadınlar arasında da hemofiliya xəstəliyinin əsasən Von Villebrand növünə rast gəlinir. Hazırda Azərbaycanda 250 nəfər xəstəliyin bu növünə düçar olub.
"Bu gün hemofiliyalı xəstələrin müalicəsi üçün ağır əməliyyatlar da həyata keçirilir. Əgər əvvəllər hemofiliyalı xəstə diş çəkdirmək üçün xəstəxanalarda aylarla yatırdısa, indi bu hadisə müşahidə olunmur. Bu kimi xəstələrə vaxtında qan və qan plazması köçürülür. Belə xəstələr sağlam insan kimi həyat sürürlər," - Qədimova əlavə edib.
Bu xəbər oxucular tərəfindən 699 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed