Şrift:
Aqşin Mehdiyev: Azərbaycan həll olunmamış münaqişələrin olduğu ölkələrin üzləşdiyi təhdid və çağırışları yaxşı başa düşür
18.04.2013 [10:15] - Xəbərlər, Siyasət
Aprelin 15-də Ruandanın xarici işlər və əməkdaşlıq naziri Luis Mukişivabonun sədrliyi altında "Afrikada sülh və təhlükəsizlik: Afrikada münaqişələrin qarşısının alınması" mövzusunda BMT Təhlükəsizlik Şurasının iclası keçirilib.
İclasda, həmçinin Toqonun xarici işlər və əməkdaşlıq naziri Elliot Ohin və Avropa İttifaqının sədri adından Efiopiyanın nümayəndəsi iştirak edib.
İclas zamanı BMT-nin baş katibi brifinq keçirib.
İclasın məqsədi Afrikada mövcud olan münaqişələrin qarşısının alınması və münaqişələrin yaranlması səbəblərinin aradan qaldırılması istiqamətində görülən tədbirlərin səmərəliliyinin artırılması, daha effektiv addımların atılmasının vacibliyinin önə çəkilməsindən və qarşıda duran çağırışların müəyyənləşdirilməsindən ibarət olub.
İclasda səsləndirdiyi nitqində Azərbaycan Respublikasının BMT yanında daimi nümayəndəsi, səfir Aqşin Mehdiyev bildirib ki, ərazisinin əhəmiyyətli hissəsinin işğal olunmasından və minlərlə vətəndaşının məcburi köçkün vəziyyətinə salınmasından əziyyət çəkən ölkə kimi Azərbaycan həll olunmamış münaqişələrin olduğu ölkələrin üzləşdiyi təhdid və çağırışları yaxşı başa düşür.
Səfir qeyd edib ki, münaqişələrin qarşısının alınmasına və həll edilməsinə yönəldilmiş bütün səylər dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə və siyasi müstəqilliyinə hörmət prinsiplərinə əsaslanmalıdır.
O, cəzasızlığın aradan qaldırılması üçün daha səmərəli addımların atılmasının vacibliyini qeyd edib.
Səfir Mehdiyev cəzasızlığa son qoyulmasının nəinki soyqırımını, etnik təmizləməni, hərbi və insanlığa qarşı və ya beynəlxalq humanitar hüququ kobudcasına pozan digər cinayətləri törədənlərin məsuliyyətə cəlb edilməsinin zəruriliyi baxımından, həmçinin davamlı sülhün və ədalətin təşviq edilməsi üçün vacib olduğunu bildirib.
Afrika İttifaqı ilə gücləndirilən əməkdaşlığın ölkəmizin xarici siyasətinin prioritetləri sırasına daxi olduğunu qeyd edən səfir Afrika ölkələri prioritetlərinə və Afrika təşkilatlarının müvafiq potensialına uyğun olaraq, həmin ölkələrdə davamlı inkişafa nail olunması üçün münaqişələrin həll edilməsi və sülhün qorunub saxlanılmasına yönəldilən beynəlxalq səylərə Azərbaycanın dəstəyini ifadə edib.
Səfir Mehdiyev bir çox Afrika dövlətləri üçün müəyyən olunmuş yardım proqramlarının ölkəmiz tərəfindən həyata keçirildiyini də vurğulayıb.
İclasın yekunu olaraq, Şura prezidentinin bəyanatı qəbul edilib.
Bu xəbər oxucular tərəfindən 881 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed