Şrift:
Pentaqon rəsmisi: Azərbaycanla olan layihələrimiz üzrə əməkdaşlıq çox yaxşıdır
18.04.2013 [10:41] - Gündəm, Siyasət
ABŞ-ın Müdafiə Nazirliyinin rəsmi mətbuat orqanı olan ABŞ Silahlı Qüvvələrinin Mətbuat Xidməti (American Force Press Service) Azərbaycanla ABŞ arasında müdafiə sahəsində hərbi əməkdaşlıqdan bəhs edən mətbuat buraxılışı dərc edib.
Azərbaycanın ABŞ-dakı səfirliyindən verilən məlumata görə, buraxılışda bu ilin 12 aprel tarixində Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanovun Müdafiə Nazirliyinin Müdafiə sahəsində Təhdidlərin Azaldılması Agentliyinin (MTAA/DTRA) direktoru Kennez Mayers ilə agentliyin Virciniyadakı mənzil - qərargahında keçirilmiş görüşündən bəhs edilir, direktorun Azərbaycanla indiyədək mövcud olan müsbət əməkdaşlıq təcrübəsinə istinadən səsləndirdiyi fikirlər yer alır.
Rəhbərlik etdiyi qurumla Azərbaycan arasında indiyədək uğurlu əməkdaşlıq təcrübəsindən bəhs edən agentliyin direktoru deyib ki, "bizim Azərbaycanla olan layihələrimiz üzrə əməkdaşlıq çox yaxşıdır və bizim uzunmüddətli uğurlu əməkdaşlığımız mövcuddur".
Bu tipli görüşlərin mütəmadi olmasının hazırda mövcud olan əməkdaşlığın dərinləşdirilməsi və genişləndirilməsi baxımından əhəmiyyətli olduğunu vurğulayan Mayers Azərbaycanın çətin və özünəməxsus təhükəsizlik mühitinə malik olduğunu bildirib. Fikrinə davam edərək o, belə görüşlərin ikitərəfli tərəfdaşlığın genişləndirilməsi üçün əlavə imkanlar yaradacağını qeyd edib.
Mətbuat buraxılışında daha sonra Azərbaycanın Əfqanıstanda beynəlxalq təşəbbüslərə verdiyi töhfələrdən, o cümlədən ölkəmizin Əfqanıstanın təchizat xətlərinin şaxələndirilməsindəki əhəmiyyətli rolundan danışılır.
"Azərbaycan kütləvi qırğın silahlarının yayılmasına qarşıdır və bizim hökumətin yayılmamaya verdiyi dəstək mütləq və dəyişməzdir", - azərbaycanlı diplomat ABŞ-ın müdafiə quruculuğunda Azərbaycana verdiyi töhfələri, o cümlədən agentlik çərçivəsində aparılmış fəaliyyəti yüksək dəyərləndirib.
Sonda MTAA direktoru Azərbaycanla ABŞ arasında yayılmama sahəsində olan əməkdaşlığı gələcək üçün model adlandırıb.
Agentliyin Azərbaycanla əməkdaşlığı 2004-cü ildən başlayıb. Hazırda da kütləvi qırğın silahlarının yayılmaması və bioloji təhdidlərin azaldılması istiqamətində əməkdaşlıq davam etdirilir.
Bu xəbər oxucular tərəfindən 764 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed