Şrift:
Azərbaycan Dillər Universitetində tədbir keçirilib.
19.04.2013 [13:05] - Gündəm, Gənclik
Aprelin 18-də Azərbaycan Dillər Universitetində (ADU) regionşünaslıq və beynəlxalq münasibətlər fakültəsinin hindistanşünaslıq ixtisasında təhsil alan tələbələrin yaratdıqları Gənc Hindistanşünaslar Assosiasiyasının təqdimatı olmuşdur.
ADU-dan bildirmişlər ki, tədbirdə Azərbaycan ilə Hindistan arasında əlaqələrin tarixinə nəzər salınmışdır. Diqqətə çatdırılmışdır ki, hər iki ölkədə diplomatik nümayəndəliklərin fəaliyyətə başlamasından sonra ölkələr arasında əməkdaşlıq daha da dərinləşmişdir.
Bu ilin fevralında təsis olunan Gənc Hindistanşünaslar Assosiasiyasının yaradılmasının əsas məqsədləri Hindistan və Azərbaycan arasında elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönəlmiş fəaliyyətlərin stimullaşdırması, hind mədəniyyətinin Azərbaycanda, Azərbaycan mədəniyyətinin Hindistanda təbliği, ADU-da tədbirlərin, layihələrin, seminarların, kursların keçirilməsi, Hindistan universitetləri ilə ADU arasında sıx əlaqələrin yaradılması, tələbə mübadiləsi, hindi dilinin Azərbaycanda təbliğidir.
ADU-nun prorektoru Natiq Yusifov ölkələr arasında əlaqələrin əhəmiyyətindən danışmış, iki ölkə arasında təhsil və mədəniyyət sahəsində əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulamışdır. Prorektor universitetdəki hindi dili mərkəzinin fəaliyyətindən, ADU ilə Hindistan səfirliyi arasında əlaqələrdən söz açmışdır. Qeyd olunmuşdur ki, ADU-da hindi dili mərkəzi 2010-cu ilin oktyabrından fəaliyyət göstərir. Elə həmin ildən regionşünaslıq və beynəlxalq münasibətlər fakültəsində hindistanşünaslıq ixtisası açılmışdır. Hazırda bu ixtisasda 26 tələbə təhsil alır.
N.Yusifov yeni assosiasiyanın yaradılmasını yüksək dəyərləndirmiş, bu qurumun iki ölkə gəncləri arasında dostluq münasibətlərinin qurulmasında əhəmiyyətini qeyd etmişdir. ADU-nun bir qrup tələbəsinin bu ilin martında Hindistanda səfərdə olduğunu diqqətə çatdıran prorektor yeni yaradılmış quruma fəaliyyətində uğurlar arzulamışdır.
Hindistanın Azərbaycandakı səfiri Vinod Kumar ADU ilə əməkdaşlıqdan, universitetdə hindi dilinin tədris olunmasından məmnunluğunu bildirmişdir. Diplomat tələbələrin yeni qurumun yaradılması ilə bağlı təşəbbüsünü yüksək dəyərləndirmiş, səfirlik tərəfindən onlara lazımi dəstək göstəriləcəyini qeyd etmişdir.
Tələbələr iki ölkənin mahnı və rəqslərini ifa etmişlər.
Bu xəbər oxucular tərəfindən 669 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed