Şrift:
Sankt-Peterburqda MDB Parlamentlərarası Assambleya Şurasının növbəti toplantısı keçirilib
10.11.2011 [09:42] - Gündəm
Valentina Matviyenko MDB Parlamentlərarası Assambleya Şurasına sədr seçilib.

Sankt-Peterburq. Fərid Əkbərov – APA. Rusiyanın şimal paytaxtı Sankt-Peterburqda Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleya Şurasının növbəti toplantısı keçirilib. APA-nın Rusiya müxbirinin verdiyi məlumata görə, toplantıda Milli Məclisin sədri Oqtay Əsədovun rəhbərliyi ilə parlament nümayəndə heyəti iştirak edib.
MDB Parlamentlərarası Assambleya Şurasının iclasında təşkilatı məsələlərə baxılıb, şuranın və bir neçə daimi komissiyanın sədrləri seçilib.
Toplantıda Qazaxıstanda parlament, Qırğızıstanda prezident seçkilərində müşahidəyə dair, həmçinin Nürnberq prosesinin 65 illiyinə həsr olunmuş beynəlxalq konfransın, “Vətəndaşların demokratiya və seçki hüquqları”, “MDB: nailiyyətlər, problemlər və perspektivlər” seminarının nəticələri barədə müzakirələr aparılıb. Parlamentarlar assambleyanın 2012-ci il üçün işlər planını, həmçinin 2013-2014-ci illərdə model qanun yaradıcılığı sahəsində görüləcək işləri müəyyənləşdiriblər.
MDB Parlamentlərarası Assambleya Şurasının sədrliyinə Rusiya Ali federasiya Şurasının sədri Valentina Matviyenko seçilib.
Toplantı çərçivəsində spiker Oqtay Əsədovla Ukrayna Ali Radasının sədri Vladimir Litvin və toplantıda iştirak edən digər nümayəndə heyətlərinin rəhbərləri ilə bir sıra görüşlər keçirilib, parlamentlərarası əməkdaşlığın inkişafına dair fikir mübadiləsi aparılıb.
Bu xəbər oxucular tərəfindən 1097 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed