Şrift:
AŞ PA-da azərbaycanlı deputatın Ermənistan dövlətinin soyqırım siyasətindən bəhs edən sənədi yayılıb
23.04.2013 [16:57] - Xəbərlər, Siyasət
Avropa Şurası Parlament Assambleyasında (AŞ PA) Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov Ermənistanın apardığı siyasəti və keçirilmiş prezident seçkilərindəki pozuntuları ifşa edən, eləcə də Avropa Şurasında bu ölkəyə ikili standartlarla yanaşmanı kəskin tənqid edən fikirlərini yazılı şəkildə Assambleyanın katibliyinə təqdim edib və aprelin 23-də həmin sənəd ingilis dilində ayrıca nəşr edilib.
Bu barədə çərşənbə axşamı millət vəkili Rafael Hüseynov özü məlumat verib.
Millət vəkili qeyd edib ki, AŞ PA-nın birinci iş günündə Büronun hesabatı və Ermənistanda keçirilmiş prezident seçkiləri haqqında hesabatların dinlənilməsi və müştərək müzakirələrin keçirilməsi üçün ayrılan son dərəcə qısa vaxt imkan verməyib ki, bu məsələlərlə bağlı bir çox deputatlar mövqelərini ifadə etsinlər: "Bununla bağlı yazılı şəkildə Assambleyanın katibliyinə müraciət etdim".
Millət vəkili katibliyə təqdim etdiyi sənəddə bildirir ki, adətən hər il bu ərəfədə dünyanın müxtəlif yerlərində erməni təşkilatları "erməni soyqırımı" deyə təqdim olunan və uzaq tarixə aid hadisələrin ildönümünü qeyd edirlər. 1915-ci ildə baş verməsi iddia olunan bu proseslər barədə dünya tarixçiləri, elm adamları daim mübahisələr aparırlar və hələ ki, ortada yekdil nəticə yoxdur və bütün bunlar Birinci Dünya müharibəsi dövründə baş vermiş hadisələri böyük zaman keçəndən sonra təhrif edərək şişirtmək, yeni tarixi situasiyada siyasiləşdirmək kimi dəyərləndirilir. Bu iddialar və mübahisələr elmi təsdiqini tapmadan yəqin ki, hələ gələcəkdə də davam etdiriləcək. Lakin çoxdan təsdiqini tapmış və bütün faktları göz qabağında olan başqa həqiqət var ki, Ermənistan xalqına rəğbət bəsləyən insanlar və dövlətlər məhz ona diqqət yönəltməlidirlər.
Sənəddə deyilir: "Ermənistan xalqına qarşı soyqırım heç birimizin görmədiyi 100 il bundan əvvəl törədilməyib, bu bizim dövrümüzdə, hamımızın şahidliyi ilə baş verir. Ermənistan dövlətinin öz xalqına qarşı apardığı siyasət məhz soyqırımdır. Lap bu yaxınlarda saysız qanun pozuntuları, saxtakarlıq və zorakılıqların müşayiəti ilə keçirilmiş və bu günə qədər həmin ölkədə geniş kütlələrin etirazlarını ifadə etdiyi prezident seçkiləri həmin soyqırımın sadəcə olaraq kiçik bir elementidir. Ermənistan dövlətinin Ermənistan xalqına qarşı apardığı soyqırım siyasəti əslində daha dərin, daha geniş miqyaslıdır. Ermənistanın Azərbaycana təcavüzü və bir sıra digər qonşu dövlətlərə də müxtəlif əsassız ərazi iddiaları elə bir şərait yaradıb ki, bu ölkə təcrid vəziyyətinə düşüb. Ölkə səfalət içindədir, ağır iqtisadi vəziyyət gündən-günə çətinləşir, regiondakı bütün sərfəli iqtisadi layihələrdən məhz özünün apardığı anormal aqressiv siyasət nəticəsində məhrum olmuş Ermənistan iqtidarı xalqı uçuruma doğru aparmaqda inadla davam edir. Ermənistanın müasir dövlət siyasəti Ermənistan xalqının bu günü və gələcəyini yaşanılmaz edir. Bütöv xalqa qarşı həyata keçirilən bu rəftar elə əsl soyqırımdır.
Mən müqayisə aparanda onu görürəm ki, Ermənistan iqtidarı, Ermənistanın dövlət siyasəti müharibə şəraitində olduqları Azərbaycandan daha çox Ermənistanda yaşayan öz sadə vətəndaşlarına qarşı düşmən mövqedədir. Ermənistan xalqına düçar olduğu belə ağır vəziyyətdə kömək etmək istəyənlər acı həqiqətləri görməməzliyə vurmamalı, Ermənistan xalqının qara gününü nəyinsə xətrinə süni şəkildə çəhrayı rəngə boyamamalı, baş verənləri obyektiv, olduğu kimi dəyərləndirməlidirlər. Lakin Avropa Şurası tribunasından Ermənistanda keçirilmiş seçkilər barədə elə hesabat verildi ki, sanki tamam ayrı bir ölkədən söhbət gedir və elə bil heç kimin heç nədən xəbəri yoxdur. Xeyr, hamı hər şeyi bilir, bu istiqamətdə hər şeyi hamıdan daha yaxşı ilk növbədə Ermənistan xalqı bilir və ona görə də indiyədək meydanlardan çəkilmir, susmur, saxtalaşdırılmış seçkilərə etirazını ifadə edir. Avropa Şurasının yarandığı dövrdən indiyədək ən başlıca amalı həqiqət dilində danışmağı öyrətməkdir. Bütün dillərin ən üstünü olan bu dili öyrənək!".
Sözügedən sənəd nəşr edilərək Avropa Şurasının katibliyi tərəfindən rəsmən yayılıb və Assambleyanın saytında da yerləşdirilib.
Bu xəbər oxucular tərəfindən 844 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed