Şrift:
Gürcüstanda yaşayan soydaşlarımızın torpaq problemi hələ öz həllini tapmayıb
30.04.2013 [13:33] - Borçalı
Bu günlərdə Gürcüstanın Qardabani Rayon İcra Hakimiyyətinin binası qarşısında rayonun azərbaycanlılar yaşayan Nəzərli və Kosalı kənd sakinləri etiraz aksiyası keçirib. Soydaşlarımız iki il əvvəl əllərindən alınan torpaq sahələrinin geri qaytarılmasını tələb ediblər. Aksiya iştirakçıları bu barədə rayon rəhbərinə rəsmi məktub təqdim edib.
Qeyd edək ki, son 2 il ərzində Qardabanidə yaşayan azərbaycanlıların 1000 hektar torpaq sahəsi xarici investorlara və yerli gürcü məmurlara satılıb. Aksiya iştirakçılarının nümayəndələrini qəbul edən rayon icra hakimiyyətinin yeni rəhbəri Qela Xutsişvili vəziyyətlə tanış olduğunu bildirib və azərbaycanlıların əllərindən torpaq sahələrinin qeyri-qanuni alınması haqqında Baş Prokurorluğa məktub ünvanladığını deyib. O, torpaqların geri qaytarılacağına söz verib.
Qafqaz Araşdırmalar Mərkəzi İctimai Birliyinin rəhbəri Kamran Ramazanlı mətbuata açıqlamasında bildirib ki, proses 2012-ci ildən Gürcüstanın azərbaycanlılar yaşayan bölgəsində başlayıb və bu gün də davam etməkdədir: "Gürcüstanın Saqareco rayonunun Qaraçöp adlanan ərazisində yeddi kəndə məxsus 5200 hektar ərazi milliyyətcə erməni olan gürcü iş adamına və iranlı sahibkara satılıb. 25 min azərbaycanlının yaşadığı Düzəyrəm, Keşəli, Ləmbəli, Tüllər, Baldo, Qarabağlı və Qazlar kəndlərinin sakinləri örüş və əkin sahələrini itirmək təhlükəsi ilə üz-üzə qalıb".
Kamran Ramazanlı qeyd edib ki, torpaq haqqında qanuna görə, torpaq birinci növbədə yerli icarədara təklif olunmalıdır, əgər o, imtina edərsə, onda digər şəxsə satıla bilər. Lakin gercəklikdə bu qanun pozulur. İnternet vasitəsilə gizlin formada torpaq satışa çıxarılıb, yerli əhalinin rəyi nəzərə alınmayıb və onların hüquqları pozulub. Proses indi də Qardabani rayonunun Nəzərli və Kosalı kəndlərində davam etməkdədir. Orada da 15 minə qədər əhali yaşayır və onların da hüquqları pozulmaqdadır. Prezident Mixeil Saakaşvili və eləcə də hazırkı Baş nazir Bidzina İvanişvili seçkidən öncə problemlərin həll olunacağına dair vəd versə də, məsələ bu günə qədər də həll olunmamış qalır. Həmin torpaqları Gürcüstan İqtisadi İnkişaf Nazirliyi özəlləşdirir və müəyyən müddətə şəxsi mülkiyyət kimi vətəndaşların mülkiyyətinə verir. Sadəcə olaraq, bu prosesdə azərbaycanlılar kənarda qalırlar. Belə hadisələr digər bölgələrdə də baş alıb gedir. Mərkəzi hökumət torpaqların azərbaycanlılar tərəfindən özəlləşdirilməsinə hər cəhdlə maneə yaradır. Bu gün, demək olar ki, ümumən Gürcüstan azərbaycanlılarının 80-85 faizi torpaqsız qalıb. Torpaq olmadığına görə, əhalinin gənc nəsli kütləvi surətdə Gürcüstanı tərk etməkdədir.
Yeni Baş nazir bildirib ki, tarixi ədalətsizlik ləğv olunacaq və yerli aborigen azərbaycanlıların hüquqları bərpa olunacaq. Onun sözlərinə görə, azərbaycanlıların yaşadığı bölgələrdə, yəni sərhəd ərazilərdə Qardabanidə, Marneulidə, Saqarecoda, eləcə də digər rayonlarda, qeyri-qanuni olaraq torpaqlar kənd sakinlərinin əllərindən alınaraq beynəlxalq və yerli gürcü inverstorlara satılıb. Yeni hökumətin bununla bağlı araşdırmalara başlaması soydaşlarımızı sevindirir.
İndiki iqtidar keçmiş iqtidarın səhvlərindən nəticə çıxarmalıdır. Zənnimcə, bu məsələ qabaqcadan düşünülmüş siyasətin tərkib hissəsidir. Gürcü soyadlı ermənilərin təxribatıdır. Məqsəd iki dövlət arasında münasibətləri korlamaq, azərbaycanlıların hüquqlarının tapdalanması ilə vəziyyəti gərginləşdirməkdir. İndiki iqtidar da hələ ki, bu məsələdə susur. Azərbaycan dövlətinin Gürcüstana yardımlar etməsinə baxmayaraq, orada yaşayan soydaşlarımızın hüquqları tapdalanır.
Günel CƏLİLOVA
Bu xəbər oxucular tərəfindən 1461 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed