Şrift:
Rusiyalı politoloqlar ABŞ-ın Fars Körfəzində keçirməyi planlaşdırdığı hərbi təlimi şərh ediblər
01.05.2013 [12:48] - Siyasət
“ABŞ Əfqanıstandan çıxardığı qoşunları Fars Körfəzində yerləşdirəcək. Məqsəd bu il İranda keçiriləcək prezident seçkilərinə təsir etməkdir”.Bunu Rusiya paytaxtında keçirilən “Fars Körfəzindəki təlimlər: təhdidi həyata keçiməyə hazırlıq” adlı tədbirdə rusiyalı politoloq, Müasir İranın Öyrənilməsi Mərkəzinin baş direktoru Rəcəb Səfərov deyib. O bildirib ki, mayın 6-da ABŞ Fars Körfəzində 30-dan çox ölkənin iştirakı ilə geniş miqyaslı hərbi təlimlərə başlayır: “Yaxın vaxtlarda İranı böyük sınaq gözləyir. Bu il İranda prezident seçkiləridir. Bununla Qərb ölkələri və ABŞ həm İran dövlətinə, həm də xalqına təzyiq göstərmək istəyir. ABŞ-ın Fars Körfəzində geniş miqyaslı hərbi təlimlər keçirməsi Rusiyanın da milli maraqlarına və İran siyasətinə birbaşa ziddir. ABŞ bu hərəkəti ilə göstərmək istəyir ki, İranda hakimiyyətə amerikayönümlü şəxs gəlməlidir. Əks təqdirdə, İran xalqını və dövlətini müharibə gözləyir”.


Rusiya İslam Komitəsinin sədri, politoloq Heydər Camal isə ABŞ və Qərb dövlətlərinin İrana qarşı silahlı təhdidnin inandırıcı olmadığını söyləyib. Onun sözlərinə görə, İran dövləti ABŞ-ın indiki vəziyyətdə onlara qarşı müharibəyə başlamayacağını yaxşı başa düşür: “Suriyada problem həll edilməmiş İrana qarşı silahlı hücüm inandırıcı deyil. Fars Körfəzində geniş miqyaslı hərbi təlimlərin keçirilməsi isə ABŞ-ın İrana qarşı növbəti blefidir”.


“Komsomolskaya pravda” qəzetinin hərbi şərhçisi, isteefada olan polkovnik Viktor Baranets də ABŞ-ın Fars Körfəzində keçirməyi planlaşdırdığı hərbi təlimlərin İrana qarşı növbəti blef olduğunu söyləyib: “ABŞ və NATO generalları o qədər axmaq deyillər ki, İrana qarşı müharibəyə başlasınlar. İran körfəzdən gələcək istənilən hücumu dəf etmək qabiliyyətindədir. Müharibə ABŞ-a çox baha başa gələ bilər. Əgər müharibə başlasa, elə müharibənn ilk ilində ABŞ 20 min canlı qüvvəsini itirə bilər. ABŞ bunu yaxşı başa düşür. Ona görə də, onun İranı təhdid etməsi siyasi blefdən başqa bir şey deyil. Çünki ABŞ Suriyadakı problemi hələ də həll etməyib. Suriyada Bəşər Əsəd rejimi demək olar ki, qalib gəlmək üzrədir”.


Hərbi ekspert ABŞ-ın məqsədinin İranın zəgin neft yataqlarını ələ keçirmək olduğunu vurğulayıb: “Amma ABŞ bunu İraqdakı kimi deyil, dinc yolla etmək fikrindədir. Hərb dili ilə İranı təhdid edib, istəyini həyata keçirmək istəyir. Rusiya və Çin buna əngəl olmalıdırlar. Çünki ABŞ-ın bu addımı birbaşa bu iki ölkənin maraqlarına ziddir”.

V. Baranets Rusiya rəhbərliyinin İrana C-300 zenit-raket kompleksinin satışına qadağa qoymasını səhv addım kimii qiymətləndirib: “Bu gün İranın C-300 raket sistemi olsaydı, ABŞ-ın belə bir iştahı olmazdı”.

Politoloq Stanislav İvanov isə ABŞ-ın məqsədinin təkcə İrana təzyiqdən ibarət olmadığını deyib: “Ortada Rusiya və Çin faktoru da var. Məlumdur ki, Suriyada vətəndaş müharibəsi gedir. İraq, Əfqanıstan, Liviya və Misirdəki hadisələrin nəticəsini nəzərə alsaq, Suriyadakı problemin də necə çözüləcəyini təsəvvür etmək mümkündür. Artıq müharibə regional xarakter almağa başlayır. Əgər İranla da müharibə başlasa, bu, artıq üçüncü dünya müharibəsinin başlanması deməkdir”.
Bu xəbər oxucular tərəfindən 806 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed