Şrift:
Tehrandakı mollakratiya rejimi təşviş içindədir
08.05.2013 [13:50] - Siyasət, DAVAMın yazıları
Livan hizbullahçılarının lideri Səid Nəsrulla bir tərəfdən Suriyaya yardım edilməsi, digər yandan isə İsrailə qarşı hücumların artırılması hökmünü verib.
Səid Nəsrullanın çağırışı onsuz da qan çanağına dönmüş Orta Şərqdəki vəziyyətə nə kimi təsir göstərə bilər?
Ekspert Ənvər Börüsoyun fikrincə, Suriya böhranından daha çox əndişə keçirən Tehrandakı mollakratiya rejimidir: «Tehran dərin təşviş içindədir. Çünki, məşhur «Ərəb Baharı»nın səmum yeli İran üzərində əsməyə başlayıb. Buna görə də, Tehran Suriyadakı böhranın ömrünü uzatmağa, Fələstinlə bağlı problemin həllində yeni əngəllər yaratmağa çalışır. Bir yandan İraqda sünnü-şiə qarşıdurmasının qızışdırılması, Türkiyədə ələvilər, cəfərilər və digər şiə təriqətinə məxsus şəbəkələrin dövlətin əleyhinə yönəldilməsi, Azərbaycanda din pərdəsi altında strateji hədəflərini sərgiləməsi və siyasi proseslərə nüfuz
cəhdi, Bəhreyndə hakimiyyət əleyhində şiələrin hüquq və azadlıqlarının bəhanə edilməsi, digər müsəlman ölkələrində fars ideologiyasına xidmətə istiqamətləndirilmiş şiə radikalizminin gücləndirilməsi İrandakı teokratik rejimin öz ömrünü uzatmaq üçün göstərdiyi cəhdlərdən qaynaqlanır: «Çünki, Orta Şərqdə baş verən yeni soyuq savaşda tək qalmış Tehran rejimi təriqət və məzhəblərə istinad etməklə münaqişə ocaqlarının sayının artması üçün dövlət büdcəsindən milyonlarla dollar vəsait xərcləməkdən belə çəkinmir. Bunun üçün bəsicilər hərəkatı İrandakı əhalinin savadsız kəsimi ilə daha aktiv şəkildə əlaqələr qurmağa başlayıb. Tehran ağır həyat şəraiti olan ailələrdən gəncləri səfərbər etməklə, onların azacıq da olsa problemlərinə dəstək verərək həmin gəncləri Suriyada Bəşər Əsəd rejiminin müdafiəsinə göndərir. Bununla yanaşı Livan və Fələstində «Hizbullah» qrupları da səfərbər olunur. Bu gün İranın müxtəlif ölkələrdə yaratdığı şəbəkələr stukturlaşmış şəkildə Tehran rejiminin siyasi idradəsinə uyğun olaraq hərəkət edirlər. Bu yöndə lazım gələndə onlar ən radikal addımları atmaqdan belə çəkinmirlər. «Hizbullah»ın bu gün hərəkətə gətirilməsi də məhz İranın Suriyada tam səfərbər olunması faktoru ilə bağlıdır».
Ənvər Börüsoy onu da bildirib ki, İrana qarşı Avropa Birliyi üzvü olan ölkələrin embarqo tətbiq etməsilə bu ölkədə iqtisadi və sosial baxımdan dərin böhran yaranıb. Tehran rejimi yaranmış şəraitdən az itki ilə çıxmaq üçün ölkə daxilində dolların məzənnəsini artırıb və subsidiyaların ödənilməsini dayandırıb, digər yandan isə, Bəşər Əsəd rejimini müdafiə etməklə əhalisi müsəlmanlardan ibarət olan Suriyada vətəndaş savaşının uzanmasına rəvac verir: «Nəsrulla siyasi avantüralarını onunla izah edir ki, Fələstin torpaqları azad edilməyincə İsrail üçün daim təhlükə mənbələri yaradacaqlar. Bu yöndə İnqilab Keşikçiləri Korpusu da İsrailə qarşı hər an döyüşə hazırlıq vəziyyətinə gətirilib. Problemin bunca ağır bir duruma səbəb olmasına görə İsrail tərəfi Fələstin və Livandakı hərbi təlim mərkəzlərini və silahlı qrupların düşərgələrini bombalamaq kimi zəruri addımlar atmaq məcburiyyətində qalır. İran rejimi isə hətta belə bir vəziyyətdən də yararlanmağa çalışır. Son 90 ildə Tehran rejimi Orta Şərq siyasətində hakim mövqeyə nail olmağın qayğısına qalıb. 1923-1978-ci illərdə İranda hakimiyyətdə olmuş pəhləvilər xanədanlığı «əfsanəvi sasani imperiyası» ideologiyasından yararlanmağa çalışırdısa, 1978-ci il Bəhmən inqilabı sayəsində hakimiyyətə gəlmiş teokratik rejim tərəfdarları bunu dini təəssübkeşlik adı altında məzhəbçilik qəlibinə salmışdır».
Ekspertə görə, bu gün Suriyadakı vətəndaş savaşı əslində Bəşər Əsəd rejiminin devrilməsindən ibarət deyil: «Burada neytral bölgədə İran və onun arxasında dayanmış Rusiya, Çin və Hindistanın uzlaşmış şəkildə Qərb dünyasına qarşı savaşından söhbət gedir. Livandakı «Hizbullah» lideri Səid Nəsrulla elan edib ki, Suriyadakı vətəndaş savaşı əslində Ərəb-İsrail savaşının davamıdır. Bəşər Əsəd İran üzərindən Rusiya, Çin və Hindistanın hərtərəfli dəstəyi sayəsində hələ ki, duruş gətirməkdədir. Ancaq bunun nə vaxta kimi davam edəcəyini heç kimsə proqnozlaşdırmayıb».
Cavid
Bu xəbər oxucular tərəfindən 952 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed