Şrift:
Səhradakı türklərin son komandiri: Fəxrəddin paşa
10.05.2013 [14:58] - Türk dünyası-Turan, Türkün şanlı tarixi
Birinci Dünya müharibəsi sona çatmışdı. Bu döyüş əsnasında Hicaz cəbhəsində olan və Mədinə müdafiəsini öz gözləri ilə görən Feridun Kandemir Babı-Alidə bir qəzetin redaksiyasında bütün gördüklərini Süleyman Nazifə və Yəhya Kamala danışır…
Qaranlıq otağın içində dəhşətli bir duyğu seli yaşanırdı…
Feridun Kandemir şanlı müdafiəyə dair hansı anı xatırlasa səsi titrəyir, ruhunda təlatümlər baş qaldırırdı. Danışılanlar qarşısında Yəhya Kamalın dodaqları büzülməyə, gözləri nəmlənməyə başlamışdı. Bu isti-isti hadisənin nəqli idi, oxuyan, öyrənən yox, şəxsən yaşayan danışırdı. Danışılanlar qarşısında gözlərini diqqətlə müsahibinə dikib, səssizcə oturan Süleyman Nazif bir az da beləcə oturandan sonra bir ox kimi yerindən duraraq qışqırdı;
«… Uşaq! Uşaq! Nə danışırsan Sən! Bunlar burada bizə niyə danışırsan? Dərhal bir meydana qaç! Bunları İstanbula bütün millətə danış!»
Feridun Kandemir deyiləni bəlkə etməmiş, bir meydana qaçıb olanları qışqıraraq bütün İstanbula hayqırmamışdı, amma «Peyğəmbərin kölgəsindəki son türklər» əsərini yazaraq bütün yaşananların bir millət tərəfindən öyrənilməsini təmin etmişdi. Bu əsəri oxuyanlar gördülər ki, Türklər, I Dünya müharibəsində təkcə Qüttul Əmarə və Çanaqqalada yox, Peyğəmbərin dizinin dibində — Mədinədə bir dastan yazmışdılar …
Bu dastanı əsgərləri ilə birlikdə səhranın dəyişən zəminində itməyəcək şəkildə yazan adam isə məşhur ingilis təhlükəsizlik xidməti əməkdaşı Lavrensinin «Çöl pələngi» ləqəbini taxdığı Fəxrəddin paşadan başqası deyildi …
İndi bir tutam vəfanı əyninə geyinib, tarixə doğru qanadlanırıq…
Bir iman abidəsi olan Fəxrəddin paşa və Peyğəmbərin dizinin dibində ingilislərlə birgə fəaliyyət göstərən Türk düşmənlərinə qarşı müdhiş bir dastan yazan, tunc ürəkli Türklərin yanına gedirik. Mohaç qəhrəmanı Axıncı Balı bəyin nəvəsi Osmanlı dövlətinin son ordu komandirlərindən biri olan Fəxrəddin Paşa tarixdə Mədinə müdafiəçisi kimi tanınır. Gerçək adı Ömər Fəxrəddin Türkkan …
Nizam-ı Cədid Topçubaşısı Ömər Ağanın oğlu, Tuna Vilayətinin Teleqraf Müdiri Mehmet Nahit Bəy ilə Mohaç qəhrəmanı axıncı Bali bəyin soyundan gələn Fatma Adilə xanımın tək uşağı olaraq 4 Fevral 1868 — ci ildə Dunay çayının kənarında kiçik bir qəsəbə olan Ruscuqda doğulmuşdu…

***

1877-78-ci illər Balkan türkləri üçün çox şey ifadə edirdi. Türk-Rus müharibəsi qısa müddətdə Rumeli müharibəsinə çevrildi. Qan qoxusu və top səsləri içində bölük-bölük Anayurda gələn karvanların birində hənüz 10 yaşına yeni qədəm qoyan Ömər Fəxrəddin də var idi. Əsgər olmaq istəyi millətinin ən çətin anlarını gördüyü bu dövrlərdə yaranmışdı onun ürəyində…
Qısa müddətdə bütün maneələri aşmış, təqvimlər 1888-ci ili göstərəndə köç yolunun bütün ağrılarını çəkən, kiçik mühacir Ömər Fəxrəddin hərbi məktəbi birinciliklə bitirən gənc bir süvari leytenantı olmuşdu. O artıq davamlı öyrənmə həvəsində olan dəliqanlı bir gənc idi…
Xarici dil təhsilinin israrla üzərində dayanmış, İstanbul Teleqraf müdiri vəzifəsinə təyin olunan atasının yanında çalışan fransız mühəndislərdən fransız dili dərsləri almışdı… Foto ilə maraqlandığından 17 yaşında ikən bütün İstanbulun şəkillərini çəkmişdi. 1891-ci ildə isə yenə birinciliklə Ərkani — Hərbiyə məktəbini bitirərək bütün diqqəti üzərinə çəkmişdi…
Mərkəzi Ərzincanda olan orduya təyin olunmuş və hökumətin elanına kimi düz 17 il burada xidmət etmişdi. Bu vaxt podpolkovnikliyə kimi yüksəlib, 1908-ci ilin dekabr ayında İstanbula gəlmişdi. Yeni vəzifəsi İstanbuldaki Səlimiyə-Nizamiye Diviziyası qərargah rəisliyi idi. 1912-ci ildə Balkan müharibələrinin ikinci hissəsində Geliboludakı 31-ci taborun komandirliyinə təyin olunmuşdu. 22 iyul 1913-cü ildə Tümenle Enver Paşanın liderliyində Ədirnəyə girən ilk hərbi birlik onun komandirliyində idi…
1914-ci ildə dünya müharibəsi başlayanda Miralay Fəxrəddin Bəy Mosulda 12-ci korpus komandiri ikən aldığı bir əmrlə korpusunun Mosuldan Hələbə aparmışdı. 1914-ci ilin noyabr ayında general olmuşdu. Bu yüksəlişdən sonra burda olan 4- cü korpusun komandirinin vəkili vəzifəsinə təyin edilmişdi…
Rus, ingilis və fransız kəşfiyyatının təsirli olduğu bölgədə yaşayan bir qisim erməni və ərəb birlikləri ard-arda üsyan çıxarmışdılar. Hicazdan gələn xəbərlər isə heç də ürəkaçan deyildi. Mədinə gözətçisi Bəsri Paşa bütün Osmanlı rəsmilərini xəbərdar edərək Şərif Hüseynin açıq-aşkar bir qiyama hazırlaşdığını bildirirdi…
Fəxrəddin paşa 31 may 1916-cı ildə Mədinəyə çatanda Bəsri paşanın haqlı olduğunu görür. Aradan bir həftə belə keçmir ki, 5 iyun 1916-ci ildə Şərif Hüseyn üsyan edir… O dövr Təşkilati-Məxsusənin başında olan Kuşçubaşı Eşref Bey sonrakı illərdə bu üsyanın bütün məsuliyyətini İttihad və Tərəqqi Partiyasının tətbiqi Ərəb siyasətinə yükləyəcəkdi…
Məkkə əmiri Şərif Hüseynin oğulları olan Əli və Faysalın idarəsindəki separatçı terroristlər Mədinədə olan Osmanlı hərbi birləşmələrinə hücum etməyə başlamışdı ki, Fəxrəddin paşa Mədinədə idarəyə əl qoyaraq 17 iyul 1916-cı ildə Hicaz Qüvveyi səfəriyyəsi vəzifəsini icra etməyə başlamışdı…

Yaşıl məzarın qarşısında tunc ürəkli türklər

Vuruşlar və pusqular bir-birini izləyirdi… Bir tərəfdə ingilislərin dəstəyini alan Şərif Hüseyn tərəfdarları, digər tərəfdə isə «Peyğəmbər diyarında ingilis çəkmələrini istəmirik» — deyən tunc ürəkli Türklər…
Separatçıların müəyyən bir say üstünlüyü ilə etdikləri bir çox hücum şəxsən əsgərinin başında olan tüfəng götürüb, qılınc yelləyən Fəxrəddin paşa sayəsində yatırılmışdı. Üsyankarlar uğradıqları ard-arda məğlubiyyətlərdən sonra psixoloji baxımdan çökmüşdülər. Bu da daha çox ingilis pulu və qızılı demək idi…
Səhra həddindən artıq çətin idi. İsti, susuzluq, iaşə və yemək problemi, hərbi silah və sursatın azlığı, bir də xəyanətin haradan gələcəyinin bilinməməsi qorxusu Peyğəmbər diyarını qoruyan Türklərin ən mühüm çətinlikləri idi. Amma əsla ruhdan düşmürdülər. Belə ki, 1916-cı ilin yanvarından 1919-cu ilin yanvarına kimi qədər 2 il 7 ay boyunca türklər bu şəhəri müdafiəyə davam etmişdi. Osmanlının döyüşdən məğlub ayrılıb, müqavilə imzalaması belə buradakı müqaviməti çökdürə bilməmişdi.
Fəxrəddin paşa və tarixdə ilk dəfə ordu yazışmalarına rəsmi olaraq «Mehmetçiklərim» dediyi cəsur əsgərləri təslim təkliflərinə şiddətlə qarşı çıxırdılar. Bir təslim təklifi qarşısında Fəxrəddin paşa belə demişdi: «… Bilin ki, qəhrəman əsgərlərim, müsəlmanlığın göz bəbəyi olan Mədinəni son fişəng, son damla qan və son nəfəsinə kimi müdafiə edəcəklər. Buna əsgərlər hamısı yekdilliklə and içiblər. Bu əsgər Mədinənin dağıntıları içində və nəhayət Rövzeyi-Mütəhhərənin yaşıl qübbəsi altında qan və atəşdən hörülmüş qırmızı bir kəfənlə dəfn olunmadıqca Mədinə Qalasının bürclərindən və Məscidi-səadət minarələrindən Türk bayrağı endirilməyəcək…»
Ancaq hərbi strategiya baxımından Osmanlı Orta şərqdə çətin anlar yaşayırdı. Fələstin və Hicazı eyni anda müdafiə mümkün olmayınca heç olmasa Qüdsü xilas etmək üçün Mədinədəki qüvvələrin Fələstinə göndərilməsi qərara alındı. Mədinənin boşaldılacağı xəbərini alan Fəxrəddin paşa Camal paşaya çox mənalı bir teleqraf göndərmişdi: «…Bu müqəddəs şəhəri, Həzrəti Peyğəmbərin Rövzeyi-Mütəhhərəsini son ana kimi mühafizə etməməyi və əcdadımızın Mədinəyə Ana Vətən qibləgahına yerləşdirdikləri bayrağımızı endirməyi mənə əmr etməməyi kamali-hörmətlə xahiş edirəm»…
Camal paşaya edilən bu sitəmə Ordunun başında olan Ənvər Paşa qeydsiz qalmamışdı. Hicaz bölgəsi qismən boşaldılacaqdı, amma Mədinədə müqavimət davam edəcəkdi…

Sonuncu Osmanlının ən mühüm mədəniyyət əməliyyatı

Bu boşaltmanı bir fürsət kimi dəyərləndirən Fəxrəddin paşa rəsmi yazışmalarla nəhayət bütün məsuliyyəti öz üzərinə götürərək Türk mədəniyyət tarixinin ən mühüm əməliyyatlarından birini reallaşdıracaqdı… Hicaz bölgəsinin qismən boşaltılmasına qərar verilən kimi əsrlərdir Surre alayları ilə Məkkə və Mədinəyə göndərilib yığılan hədiyyələrlə bu diyarlarda olan mübarək əmanətlərin Topkapı Sarayına göndərilməsi qərara alınır. Belə ki, maddi və mənəvi baxımdan çox böyük qiymət daşıyan bu əsərlər üsyançıların əlinə keçə bilərdi …
Osmanlı Başkomandanlığının bu mühüm qərarı 2 mart 1917-ci il tarixində Fəxrəddin paşaya bildirildi. Əmri alan Fəxrəddin paşa əvvəl Şeyxül-Hərəm Zivəri Bəylə müşavirə edərək əmanətlərin nəqlinin dini baxımdan bir qorxusunun olmadığına qənaət gətirdi. Sonra da bu müqəddəs əmanətləri yükləmək üçün evləri yıxıb yollara dəmir yolu çəkdirdi. Xurma budaqları və al ulduzlu bayrağımızla bəzənən qatar Məscidi-Nəbəvinin yanına kimi gətirildi. Trenin önünə böyük bir lövhə asılmışdı. Üstündə «Əssəlamu əleykə Ya Rəsullallah!» — yazılmışdı…
İçlərində böyük almaz parçaları, şamdanlar, çilçıraqlar, şamlar, yelpik, nadir əlyazma əsərləri və Qurani-Kərim qutuları olan 81 qutudan ibarət olan çox qiyməti əmanətlər qatara yüklənərək Topkapı Sarayına göndərildi. Bütün əsərlər xüsusi bir qoruma qrupu ilə 27 may 1917-ci ildə İstanbula çatdırıldı.
Hazırladı: Oktay Hacımusalı
Bu xəbər oxucular tərəfindən 1785 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed