Şrift:
Şirinxanım Kərimbəyli Şadiman: -BAKININ TƏBRİZƏ İKİNCİ AÇIQ MƏKTUBU
14.05.2013 [15:20] - Gündəm, Güney Azərbaycan-Təbriz, DAVAMın yazıları
Əzizim Təbriz, qardaşım, can sirdaşım, ürəyimin yarısı, qəlbimin parçası…
Yadında qalıbsa, bir müddət əvvəl səni idarə edənlər cavan şairlərimizi tutub zindana salanda sənə məktub yazmışdım, amma məktub yetişəndən bir qədər sonra şairlərimizi dustaqlıqdan azad edib sağ-salamat bu taya yolladın. Mən demirəm a bu mənim sənə yolladığım məktuba görə oldu, xeyr! Yəqin səni idarə edən dövlət adamları insani kefiyyətləri uca tutub bu xeyirxah işə qol qoydu, ancaq mənim məktubum da yəqin ki, bir az onların ürəyini yumşaltdı. Bəlkə sən elə özün mənim yazdığım xoşməramlı diləkçə barədə onların qulağına pıçıldadın…Əlqərəz bu iş xeyirlə başa çatdı və cavan yazarlarımız öz doğmalırına sağ-salamat qovuşdu.
Məni sənə ikinci məktubu yazmağa vadar edən yenə bu yaxınlarda bir qadın alimimizin, mötəbər elm ocağımızın, AMEA Ədəbiyyat İnstitutunun elmi işçisi, araşdırmaçı-yazar, şəhriyarşünas alim Xalidə Xalidin və onun sürücüsünün o taya keçən kimi tutulub zindana atılması olub. Vallahi-billahi gündə yüzlərlə adam müalicə üçün sənin xanimanına ayaq qoyur. Hamısı da razı qayıdır bu taya…Bəs nə olub ki, mənəviyyat adamları ilə, qələm əhli ilə sənin başbilənlərin belə rəftar edir? Dəyərli qardaşım Təbriz, açığını deyim mənim məktubumu qələmə alan bu qızımın şəxsən nə əvvəlki cavan yazarlarla tanışlığı olmayıb, nə də hal-hazırda zindanda doğmalarının gözünü yolda qoyan Xalidə xanım Xalidlə yaxından tanışlığı yoxdur. Sadəcə onların taleyi məni bərk narahat etdiyi üçün, qoynumda yuva salan vətəndaşlarım, ciyərparalarım olduğu üçün sənə bu məktubu bu yazar qızımın qələmi və narahat ürəyindən süzülən kəlmələr vasitəsi ilə ünvanladım. Xalidə xanımın halhazırki vəziyyəti məni çox narahat edir. Axı, o, təkcə alim yox, həm də bir qadın, bir anadır. «Cənnət anaların ayaqları altındadır» bu Məhəmməd Peyğəmbərin(s.ə.s.) kəlamıdır. Sənin gündə məscidlərin minbərlərindən İslamın cəfakeşi kimi özlərini aləmə bəyan edən başçıların bu kəlamın işığından öc alıb Xalidə xanıma və onun sürücüsünə imdad etsinlər. Bəs sənin hökümət adamlarına nə düşüb ki, zərif cinsin nümayəndəsi ilə belə rəftarda bulunurlar? Bəlkə Xalidə Xalidin şəhriyarşünaslığı sizin güc adamlarında qıcıq doğurur? Axı, göz-bəbəyim Təbriz, Vətəni nə sərəhədlər, nə qadağalar, nə işğallar insanların ürəyindən silə bilməz! Bu tayda yaşayan soydaşlar üçün də Təbriz, bütünlükdə güney Azərbaycanı Vətənin bir hissəsidir. Şəhriyar həm o taya, həm bu taya aiddir. O, bizim də böyük şairimizdir. Hansısa alimimizin gedib Şəhriyarla bağlı tədqiqat aparması sənin başda oturan hakim qüvvələrinə qəribə gəlməməlidir. Çünki sərhəd dirəkləri torpağın üstündədir, ürəyin içində isə sərhədlər, qadağalar yoxdur, istəkli Təbriz. Xahiş edirəm mənim bu son kəlmələrimi qanun yazanlarının qulağına pıçıldayasan. Çünki dinimizdə də alimin mərtəbəsi, mənəviyyat adamının dərəcəsi uca tutulur.
Yerigəlmişkən bu məktubu qələmə alan bu yazar qızım da bu yaxınlarda sənin gözəl, istəkli məkanına təşrif gətirmək istəyir. O taydan qələm əhli, söz xiridarları onu da Güneyə dəvət edirlər. Onda bəri başdan bu yazar qızımı da başa salım ki, o taya ayağını-filanını qoymasın, hərçənd qoymuş olsa, onda onun da halı fəna olacaq. Çünki belə görünür ki, sənin başda oturanlarının bu taydan gedən ədəbiyyat adamlarının bir çoxunu görən gözü yoxdur. Dəyərli Təbriz, bu yazarlar tayfası bədbəxt məxluqdur, özü deyib özü eşidir. Əllərində qanun yox, hökm yox! Sadəcə Vətən istəyi, milli təssübkeşlik, insani duyğular bu insanlarda aşıb daşır. Necə deyərlər cibləri boş, ürəkləri dolu! Gəlib dolu ürəklərini o taylı ədəbiyyatla nəfəs alan qardaş-bacılarına boşaldırlar. Bundan xofa, qorxuya düşmək, qısqanmaq niyə gərəkdir? Axı biz dilibir, qanıbir qardaşıq rəhmətlik шаиримиз Süleyman Rüstəm demişkən, bizim qardaşlığımıza, aşıb-daşan məhəbbətimizə sənin güc adamların niyə şübhə ilə yanaşır?! Vətənin nə quzeyi, nə güneyi? Vətən soy-kökünü bu yurdda görənlər üçün birdir, bütövdür, bölünməzdir! Sənin başda oturanların böyük Şəhriyara adına layiq abidə-məbəd ucaldıblar. Bəs hələ Şəhriyar özü «Heydərbabaya salam» poemasında demişdir:
Bir uçaydım bu çırpınan yelinən,
Bağlaşaydım dağdan aşan selinən,
Ağlaşaydım uzaq düşən elinən.
Bir görəydim ayrılığı kim saldı?
Ölkəmizdə kim qırıldı, kim qaldı?

Axı insan əqilsiz, ürəksiz yaşaya bilməz, sevimli Təbriz, canım, gözüm. Sən o başda oturanlarına de ki, daşı töksünlər ətəklərindən, zindana atdıqları qadın alimimizi, Xalidə Xalidi və onun sürücüsünü tezliklə bu taya buraxsınlar. Onu gözləri yollarda qalan doğmalarına, o mötəbər elm ocağında çalışan iş yoldaşlarına, alimdaşlarına qovuşdursunlar. Bu həm allaha, həm də onun башы бялалы, йоллары енишли-йохушлу bəndələrinə də xoş olar. Mənim sənə deyəcəklərim hələlik bu qədər. Ümidvaram ki, mənim bu diləkçədə sızıllayan harayımı eşidib xoşməramlı ölçü götürəcəksən…İndisə məktuba nöqtəni qoyub tamama yetirirəm. İnşallah, səsimin sənə yetişəcəyi цmidi ilə o xoş günü gözləyirəm. Alim qızım Xalidə Xalidin azad olunacaq gününü deyirəm. Türk qardaşlarımız demişkən xoşca qal, Təbrizim…
13.05.2013
Şirinxanım Kərimbəyli Şadiman
Bu xəbər oxucular tərəfindən 1044 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed