Şrift:
Xomeyninin müqədəsliyinə bir baxış
15.05.2013 [11:17] - Siyasət, DAVAMın yazıları
Gözəl bir deyim var, “böyük insanlar ideyaları, ortabab insanlar hadisələri, kiçik insanlarsa adamları müzakirə edər”. Həqiqətə uyğun hesab etdiyim bu kəlamı daim nəzərdən qaçırmamağa çalışmışam, lakin bəzən cəmiyyətdə süni şəkildə şişirdilən “şəxsiyyət” obrazları insanı “kiçik söhbət” eləməyə məcbur edir.


İranın Bakıdakı səfirliyi önündə bir qrup gəncin etiraz piketi zamanı Xomeyninin şəklini karikatura formasında çəkərək nümayiş etdirməsinə İran dövləti öz səfirini geri çağırmaqla və “İslam müqəddəsini təhqir etmə” iddiası ilə reaksiya verdi. Belə məlum oldu ki, sən demə bu Xomeyni İslamın müqəddəslərindən biri imiş. Bu xəbəri oxuyanda ilk növbədə yadıma 90-cı illərin lap əvvəllərində Bakıda iranpərəst qüvvələrin əhali arasında və evlərə paylaşdırdığı Xomeyni fotoları düşdü, nənəm qapıya gətirilmiş o fotonu servantın şüşəsinə taxaraq elə gedib-gəlib “ya İmam Xomeyninin cəddi” deyə təkrar edirdi. Arvadı qınayası deyildi, o vaxt Bakıda yaymışdılar ki, bəs bu fotodakı kişi 13-cü imam Xomeyni həzrətləridir, bunun fotosunu yerə atmaq, kənara qoymaq, nə bilim zibilliyə tullamaq günahdı. Qərəz, o vaxt zor-bəla ilə arvadı başa saldıq ki, a kişinin qızı, bu imam o imamlardan deyil, özü də adam bizə aidiyyatı olmayan başqa bir dövlətin başçısı olub.
Bu gün İranın Azərbaycanda təsir metodları arasında İran ayətullahlarını “müqəddəslər” kimi təqdim etmə cəhdləri xüsusi yer tutur.

Gah Sistaninin yaxud Fazil Lənkəraninin fətvaları Quran ayəsi dərəcəsində cəmiyyətə təlqin olunur, gah Behcət ağanın namaz zamanı ağlaması epizodları sürəkli təbliğ edilməklə cəmiyyətimizə “görün kişi necə əməlisalehdir” kimi ismarıclar verilir, gah da Xameneyinin xüsusi effektlərlə çəkilmiş şəkilləri “kişinin üzündən rəsmən nur yağır” tipli şifahi “altyazısı” ilə yayınlanır. Cəmi İran ayətullahlarının və dini üləmasının da Xomeynidən dərs aldığı və onun ardıcılları olduğu, bu səbəbdən də əhli-şiə müsəlmanlara öz dini inanclarında və düşüncələrində məhz imam Xomeyni ağanı təqlid etmələrinin lazımlılığı söylənilir. Məhz bu üzdən Xomeynidən “din müqəddəsi” obrazı yaradan və bunu təbliğ edən kəslərə bir neçə kəlmə söz demək keçdi içimdən.
Əvvəla, “dinin müqəddəsi” kimi qələmə verilən Xomeyni (Ruhullah Musəvi Xomeyni) bir siyasət adamı, rəsmi dövlət başçısı funksiyası daşıyan bir insan olub. Atasının adının Seyid Mustafa olması (əsli peyğəmbər nəslinə hardansa gedib çıxır) və İranda inqilaba rəhbərlik edərək İslam şəriət dövləti qurması qarşı tərəfə imkan verir ki, onu “müqəddəs bəndə” kimi təqdim etsinlər. Lakin... Qarşı tərəfin ən çox xoşlamadığı bu “lakin”lə başlanan suallar seriyasıdır ki, nə qədər yumşaq tərzdə verilməsindən asılı olmayaraq bu sualları verən kəsi az qala kafirlikdə də ittiham edirlər. Amma nə reaksiya vermələrindən də asılı olmayaraq, “lakin” elə “lakin” olaraq qalır və öz təsir gücünü itirmir ki itirmir.


“Lakin”in lap birincisi ibarət olsun bundan ki, Xomeyni dini inqilabına çalışan bir şəxs kimi təzyiqlərə məruz qalarkən niyə hansısa müsəlman ölkəsində yox, İslama ən çox qıcığı və fobiyası ilə seçilən Fransada mühacirət həyatı yaşayıb? O Fransa ki, bütün Avropa ölkələri arasında hələ səlib yürüşlərindən bu yana İslama qarşı bu ölkə qədər sərt təpki və etiraz düzənlənən dövlət yoxdur, həmin Fransa da 1979-cu ilin əvvəllərində Xomeynini xüsusi bir təmtəraqla, təyyarə ilə “mühacirətdən vətənə qaytarıb”. Maraqlı olan budur ki, adam əvvəlcə bir müddət Türkiyədə, daha sonra isə İraqın Nəcəf şəhərində 13 il yaşayıb. Sonra necə olub və hansı səbəb ərsəyə gəlib ki, Xomeyni Parisə mühacirət edərək orda məskunlaşıb? Bunun məntiqli bir izahını qarşı tərəfdən eşitmək qeyri-mümkündür.
Digər yandan, “vətəninə dönən” inqilabçı lider tezliklə şahı aşırdandan sonra İranda “islam dövləti” qurulduğunu bəyan edib. Ölkənin də adı referendumla ya göstərişlə - fərq etməz - İran İslam Cumhuriyyəti qoyulub. Sual çıxır ortaya: əgər bu Xomeyninin amalı İranda İslam dövləti qurmaq idisə, yəni qurulan dövlət konkret İslami qayda-qanunlarla idarə olunacaqdısa, niyə o zaman İslamın və onun təməl kitabı Qurani-Kərimin dili olan ərəb dili yox, məhz fars dili bu “İslam dövlətinin” dövlət dili elan olunub? Farslar İranda etnik çoxluq deyil ki, bunu əsas götürərək fars dili “çoxluğun dili” kimi dövlət dili qəbul edilsin. Və eyni zamanda farslar İran adlı məkanın son 2012 illik tarixinin sahibi də deyil ki, bu faktor fars dilinin dövlət dili elan edilməsinə əsas olsun (xatırladaq ki, İsanın doğumundan bu günə kimi ötüb keçmiş iyirmi əsrin cəmi 4 əsrində İran arealını fars Sasani sülaləsi və son əsrdə də 54 il fars Pəhləvilər idarə ediblər). Elə isə bu addımın hansı normal və məntiqi izahı ola bilər?

Mənə görə heç bir. Burda yalnız fars pəhləvilərin daxili siyasət kursunun davam etdirilməsindən və farsları “əlahiddə millət” kimi ön planda saxlamaq cəhdindən söhbət gedə bilər.
Yeri gəlmişkən, bu gün də İranın tərkibində olan güney Azərbaycanda soydaşlarımızın dil problemi önəmli məsələ olaraq qalmaqdadır. Bu problem güney Azərbaycan türkləri pəhləvi sülaləsinin hakimiyyəti dönəmində soyqırımına və assimilyasiyaya məruz qaldıqları vaxtdan yaranıb bu günümüzə qədər gəlmişdir. 35 milyon soydaşımızın bu gün İranda öz dillərini inkişaf etdirəcək, tədqiq edəcək imkanları yoxdur, onlara bu imkanlar verilməyib. Orta təhsil soydaşlarımız üün istisnasız olaraq farscadır, bizim dildə bir dənə də olsun məktəb yoxdur. Halbuki, yuxarıda qeyd etdiyimiz kimi, İranın təkcə son 2 min illik tarixinə əsaslanaraq demək olar ki Azərbaycan türkcəsi İranda ən azı alternativ dövlət dili statusunda olmalı idi. Biz hələ onu demirik ki, Xomeyninin inqilabına ilk və ən böyük dəstəyi verən güneyli soydaşlarımızın mənfur pers-pəhləvi rejimindən sonra qurulan cəmiyyətdə ən azı söz haqqı tanınmalı, onların problemlərinin heç olmasa əhəmiyyətli bir qismi öz həllini tapmalıydı. Bu məsələnin indiyədək İran cəmiyyətinin gündəminə gətirilə bilməməsi ondan qaynaqlanır ki, yaranmış dövlətin ən mühüm prinsiplərindən biri “Xomeyninin yazısına pozu yoxdur”, “imam Xomeyni həzrətləri nəyi necə qoyubsa, o da saxlanmalıdır və dəyişdirilə bilməz” düşüncəsidir. Qərəz, belə çıxır ki, "kişinin kəsdiyi başa sorğu-sual yoxdur". Əlahəzrət fakt isə bundan ibarətdir ki, müqəddəs deyilən Xomeyni Pəhləvilərə qarşı mübarizədə dəstəyini aldığı güney Azərbaycan türklərini bir siyasət adamı kimi aldatmışdır. Elə bu yerdəcə onu da qeyd edək ki, Xomeyninin süni şəkildə "cəddi-müqəddəslər" sırasına daxil edilməsi bütövlükdə İran cəmiyyətində İslam dininin fanatizmə yuvarladılmasında mühüm rol oynayıb.

Zənnimcə, bu yazıda təqdim etdiyimiz fotoşəkillər buna əyani sübut ola bilər. Adamın elə təkcə dəfni zamanı baş verənlərə diqqət yetirsək, görərik ki, bunların İslam qayda-qanunları ilə yaxından-uzaqdan heç bir bağlantısı yoxdur. Bu baş verənlər elə məhz Xomeyninin qurmaq istədiyi cəmiyyətin düşüncə tərzini açıq şəkildə ortaya qoyur.
Bu ayrıca bir söhbətin mövzusudur ki, Xomeyninin qurmuş olduğu dövlətin İslami təməllər üzərində göstərilməsi özü yanlışdır. Əvvəla, İslam dövlətçilik sistemi yox, bəşəri ruhaniyyat sistemidir və onu konkret bir ərazinin dövlətçilik institutuna calaq etmək də doğru düşüncə deyil. Hər nə isə, İranda qurulmuş bu dövlətdə İslami dünyagörüşünün, İslam dəyərlərinin ailə-məişət səviyyəsinə endirilməsi məhz Xomeyninin qurmuş olduğu sistemin nəticəsidir. Verilən fətvalar, qərarlar (bunların arasında Xomeyninin özünün də fətvaları az deyil) İslamı hörmətdən salmaqdan başqa bir funksiya daşımır. Bu günkü İran cəmiyyətinin idarə olunduğu qayda-qanunlara kənardan nəzər salmaq bunu deməyə ciddi şəkildə əsas verir. Mübaliğə etmədən demək olar ki, yer üzündə Mehdi Sahib-əz-zaman düşüncəsinin İslamda bu qədər təhrifə uğradıldığı, bu qədər yanlış təbliğ olunduğu və bu qədər sui-istifadə edildiyi bir dövlət olmayıb. İran cəmiyyətinin beyninə yeridilməkdədir ki, İranın ali dini şura liderləri və üzvləri birbaşa qaib imamın naibləri və xəlifələridir, və ali dni şura sədri də zühuru bütün İslam dünyasında gözlənilən qaib imamla birbaşa gizlin ünsiyyətdədir. Bu kökündən saxta, yalandan ibarət düşüncə məhz Ruhullah Xomeynidən qaynaqlanmaqdadır və sırf İran rəhbərliyinin “müqəddəsləşdirilməsi”missiyasına xidmət edir. Biz hələ adına "İslam" yarlıkı yapışdırılan bu dövlətin məhkəmə-hüquq sistemində olan özbaşınalıqların, polis sistemində hətta dövlət başçısının gözləri önündə müttəhimlərə İslam adına işgəncə verilməsi (halbuki İslamın təməlində insana çəkməli olduğu cəzadan başqa zülm etmək, işgəncə vermək yoxdur) kimi halların adını çəkmirik. Və kiçik bir köşə yazısında İranın dövlət sisteminin bütün əyintilərini,"vilayəti-fəqih" ideyasının eybəcər formada qoyuluşunu təhlil etmək fikrindən də uzağam. Necə deyərlər, "görünən dağa bələdçi lazım deyil". Hər şey göz önündədir.
İslami dəyərlər arasında ailə institutu hər zaman ön yerlərdən birini tutub. Xomeyninin qurduğu dövlətdə bu dəyərlər verilən fətvalar ucbatından ucuzlaşdırılmaqda və öz əhəmiyyətini faktiki itirməkdədir. Belə ki, mutə nigahı barədə İslamın gerçək hökmləri bu dövlətdə təhrif olunur, bu nigah forması “siğə” adlandırılaraq qaydaları köklü şəkildə pozulur. Eləcə də insani münasibətlərlə və məhrəm məsələlərlə bağlı İranda son 30 ildə verilmiş fətvalar (ər-arvadın məhrəm münasibətləri, qızların ərə verilməsinin minimum yaş həddi və s. barədə) birbaşa Qurani-Kərimə yox, daha çox hansısa ayətullahın şəxsi ictihadına əsaslanır.
Bu gün Azərbaycanda İran tərəfindən təbliğ edilən və Xomeyni tərəfindən ərsəyə gətirilmiş olan İslam modeli ilə bağlı isə ilk növbədə bunu qeyd etmək yerinə düşər ki, Əhli-beyt sevgisini tarixən məhz Azərbaycandan əxz eləmiş olan İranın şəriət üləmasının bu gün Azərbaycan müsəlmanlarına öz qılaflarında, öz anladıqları tərzdə bir əhli-beyt inancı təlqin etmələrinə ehtiyac yoxdur. Ən azı onlara görə İslam sadəcə şəriət qaydalarından və verilən fətvalardan ibarətdir, Azərbaycan müsəlmanları üçünsə bu, belə deyil. Xırda təfərrüatla bağlı məsələlərdə nələrsə müzakirə oluna və həqiqətə daha uyğun olanı qəbul edilə bilər, amma əhli-beytə sevgi məsələsində Azərbaycanın İrana deyiləsi sözü daha çoxdur nəinki İranın Azərbaycana. İranın Xomeyni tərəfindən əsası qoyulmuş ali dini şurasının üzvləri də bir şeyi unutmamalıdırlar ki, məhz Azərbaycanın Şihabəddin Sührəvərdisi, Fəzlullah Nəimisi, İmadəddin Nəsimisi, Seyyid Yəhya Bakuvisi, Şeyx Səfiəddin Ərdəbilisi, Şeyx Heydəri, Şah İsmayıl Xətaisi gerçək Əhli-beyt sevgisinin nədən ibarət olduğunu bu günkü İranın şəriət üləmalarının babalarına öyrədib. Nə yazıq ki, öyrədilənlər İran cameəsi tərəfindən təhriflərə uğrayaraq bu gün sırf aşurada baş yarıb qan çıxarmaq, azyaşlı qızların ərə verilməsinin kütləvi hal alması, mutə nigahının siğə adı altında müddətinin bir neçə saata qədər azaldılaraq demək olar ki hər kəsə şamil edilməsi və sair bu kimi halların əks olunduğu bir nəsnəyə çevrilib. Bu baxımdan da quzey Azərbaycanda bu gün yaşayan çoxsaylı əhli-beyt tərəfdarları İrandakı mövcud ali dini şuranın üzvləri olan ayətullahlara, o cümlədən də, Ruhullah Musəvi Xomeyninin əsərlərinə istinad etmək, onları öz ibadət, əməl və dini inanclarında təqlid etmək məcburiyyətində deyillər. Bu insanlar olmadan da Azərbaycan müsəlmanları İslamın şərt və qaydalarına VII əsrdən bəri riayət etməyə çalışıblar. Bundan belə də yollarına davam edəcəklər.

Xomeyninin müqədəsliyinə bir baxış



Ceyhun Bayramlı
Bu xəbər oxucular tərəfindən 2094 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed