Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > GAMAC-ın elan etdiyi yazı müsabiqəsində birinci yeri qazanmış Məqalə...
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz, DAVAMın yazıları > GAMAC-ın elan etdiyi yazı müsabiqəsində birinci yeri qazanmış Məqalə...

GAMAC-ın elan etdiyi yazı müsabiqəsində birinci yeri qazanmış Məqalə...


“Bahar - Təbrizin qiyamıdı...”
Qiyamının sonunu azadlıq dolu bir bahara açılacaq
Təbrizdə 5 illik həyatdan sonra Bakıya qayıtdığımda bir şeirdə oxuduğum bu misranın doğruluğuna elə o zaman inanmışdım. Bahar Təbrizi coşdurur, qanını qaynadır, özüna sahib çıxmaq üçün daha bir qiyama qaldırır... ta ki növbəti bahara.
Güneydən söz düşəndə təəssüb çəkməyimin əsl səbəbini heç kəsə izah etməyə çalışmamışam. Axı kimi və niyə inandırmalıyam ki, Güney də Azərbaycandı? Axı niyə kiməsə oradakıların da yaxşısı ilə pisi ilə biz olduğumuza anlatmağa çalışmalıyam? İnsana özünü tanımaq üçün bələdçi lazım olmasın gərək. Bu bizik - güneyli, quzeyli Azərbaycan və türk. Hər şeyimizlə özümüzük...
Özümüzdən olanların bəzisinin hekayəsini danışacağam sizə. Bəlkə kiminsə Güneydən söhbət düşəndə həkim, ucuzluq və s. kimi ilkin təsəvvürlərini arasında bir də “biz” anlayışını yerləşdirə bildim. O “bizi” ki, çoxumuz üçün əvvəl saydıqlarımdan hələ də çox-çox geridə dayanır və özündən əvvəlkilərə nə qədər basqı etsə də irəli keçə bilmir ki, bilmir.
Balaca Neda. 5 yaşı var. Hələ də dil açıb danışmır. Ailənin yeganə övladı, ata-nasının, nəslin göz bəbəyi. Ailə təbii ki narahatdır, uşaq 1 il sonra məktəbə gedəcək, amma hələ adi cümləni belə söyləmir. Ya bəlkə söyləmək istəmir? Nəhayət mütəxəssis rəyi: “Uşaq iki dil arasında qalıb. Ruhuna yaxın olanı beyninə yaxın buraxmamağa çalışırlar və bu, bir az uşaq inadkarlığı, bir az uşaq bacarıqsızlığı ilə birləşib ortaya üzücü bir durumu çıxarıb”. Daha sadə dillə izahı: Neda 1 il sonra Təbrizin ən yaxşı məktəblərindən birinə gedəcək, o məktəbə ki, orada ona indiyə qədər eşitdiyi dildən fərqli, tamamilə yad bir dildə danışacaqlar. Ailə artıq 2 ildir ki, Nedanı bu çətinliyə alışdırmaq istəyir və gənc ata-ana öz aralarında türkcə, Neda iləsə fars dilində danışırlar. Düşünürlər ki, bu vasitə ilə özlərinin illər əvvəl yaşadığı dil problemini qızlarının yaşamasının qarşısını alacaqlar. Amma əvəzində qızları ümumiyyətlə danışmaq istəmir. Məktəbə hazırlaşan Neda indidən gedəcəyi o ünvanı nəinki sevir, hətta oradan qorxur da. Ya birdən müəllimin dediyini anlamadı, yaxud yaza bilmədi? Axı o müəllim onunla başqa dildə danışacaq, elə bir dildə ki, o Nedanın dili deyil... Və Neda kimi minlərlə, milyonlarla uşaqların...
Şairə Kimya xanımla Təbrizdə tanış olduq. Gözləri görmür, əvəzində Tanrı ona söz sevgisi verib. Qızının adını özünə təxəllüs götürüb, günlərin birində türk dilini öyrənmək üçün qapımı açır və razılaşıram. İlk tələbəm Kimya xanım olur. Həvəslə şeirlərini mənə oxuyur, o şeirlərdə ancaq fellərin türk dilində olmasını deyib incitmək istəmirəm. Duymaq bacarığı olduğunu unuduram, özü xatırladır: “Bilirəm anlamadız.
Axı mən türk dilində yaza bilmirəm, siz isə yəqin ki, farscanı anlamırsız”. Doğru deyir, Təbrizdə ilk ilimdir və burda evdə, küçədə, mağazada ancaq türk dilini eşidirəm. “Təbriz fars dilini sevmir deyəsən”- ilk qənaətim də elə bu olur. Amma bunları Kimya xanıma demirəm, o isə danışır. Türk dilində yaza bilməməsinin səbəbi aydındır, 37 illik həyatında ana dilinə olan sevgisini ürəyində yaşadıb, nəhayət bu sevginin kağıza tökmək istəyir. Ancaq necə? Əgər adi bir cümləni belə ana dilində - türk dilində yazmağa çətinlik çəkirsə o zaman şeirə lazım olan poetikliyi, bədii ifadəni necə tapacaq?
Amma axı o yazmaq istəyir, öz dilində, anasını, nənəsinin, ulu nənəsinin və... gələcək nəsillərin dilində. Tanrı ona yazmaq bacarığını verib, bəndələr isə onu ana dilində yazmaq bacarığını mənimsəyiblər. Tanrının verdiyini bəndənin qəddarcasına aldığı bir dünyada Kimya xanım hələ ümidlidir. Nə zamansa bacarığını onu qəsb edənlərin əlindən almağı da bacaracaq. Tanrı onun yanındadır...
Bəndələr də güclərini birləşdirəndə Kimya istədiyi kimi yaza biləcək, həm də sevimli qızının onu oxuyub anlamayacağından qorxmayaraq...
Xanım Danişvər müəllimdir. Ömrünün 35 ilini bu peşəyə həsr edib. Məktəbdən başlayaraq universitetə qədər uzun bir yol keçib. 35 ildə qarşılaşdıqlarını bir yerə yığsan neçə cild kitab olar. Amma o nəinki kitab yazmaq, danışmaqdan belə çəkinir. İki rejimdə gördükləri ona daha ehtiyatla davranmağı vadar edib. Sirr dağarcığıdır, mənim bu ifadəm xoşuna gəlirdi, deyirdi ki, özünü belə olanda doğrudan da sirli hiss edir. Bir tələbəsindən danışır, yolu məşhur 39-cu otaqdan keçən tələbəsindən. Bilməyənlər üçün deyək ki, “39-cu otaq” adlandırdıqları Təbriz həbsxanasının işgəncə otağıdır. Ora yolu düşənlər cəhənnəmi bu dünyada yaşadıqlarına əmin olurlar. Xanım Danişvərin də bir tələbəsi həmin o məşhur 39-cu otağın “qonağı” olub. Oradan və ümumiyyətlə həbsxanadan çıxanda isə düşdüyü vəziyyət rejim yanlısı olan müəllimin belə ürəyini göynədib. Dediyinə görə gözünü həmin o tələbənin döyülməkdən göyərmiş dodaqları açıb: “Dəhşətli idi. Onu təsadüfən küçədə gördüm.
Babək qalasına yürüşdə həbs olunmuşdu. Mən görəndə həbsdən çıxmışdı. Mənə yaxınlaşmadı, yəqin ki mənim üçün problem yaratmaq istəmirdi. Bilirdi ki onu izləyə bilərlər. 3 il həbsxanada qalmışdı. Mən özüm ona yaxınlaşdım. Müəyyən fikirləri olduğunu bilirdim, açıq danışmasaq da ona başa salmağa çalışırdım ki, İran bizim xilasımızdı. Amma onun vəziyyətini görəndə utandım. Heç nə demirdi, amma döyülməkdən göyərmiş dodaqları “nə oldu ustad, bəs İran bizim xilasımız idi?” deyirdi. Ömrümün 35 ilini İrana böyüklüyünü anlatmağa həsr etmişdim. Şah zamanı böyük və qüdrətli İrandan danışırdıq. Türk olduğumuz bilirdik, türklərin İran tarixindəki yerindən danışanda gizli də olsa qürurlanırdıq. Amma türk varlığımızın məhv olduğunu düşünmürdük. Mənim kimilər çox idi. Sonra rejim dəyişdi, bu dəfə İslam Cümhuriyyətini tərifləməyə başladıq. Daha sərt olduq, milli məsələni yaxına belə buraxmırdıq. Evdə anamızla, uşağımızla türk dilində danışırdıq, qarşımızda oturan tələbələrin isə türkcə verdiyi sualı cavablandırmırdıq. Bir ustad yoldaşımız vardı. Həmişə bizimlə bunun bəhsini edirdi. Deyirdi ki, mənim üçün vacib olan tələbənin öyrənməsidir. O ustad yoldaşımız qorxmayıb hətta dərsi də türkcə başa salırdı. Elə bunun da qurbanı oldu. “Universitetdə öyrəncilərlə türkcə danışmaq olmaz” bizə belə deyirdilər. Niyəsini soruşmurduq, doğru dediklərini düşünürdük”.
Xanım Danişvər indi təqaüddədir, 35 illik müəllimlik təcrübəsində edə bilmədikləri üçün təəssüflənir. “İkinci dəfə imkan verilsəydi həyatını necə yaşayardı?” sualını cavablandırmaq istəmir. O həqiqətləri anlayıb, amma hələ də onlarla barışmaq cəsarətində deyil. Bizə “anlamaq da bir cəsarətdir” təsəllisi qalır...
Sonuncu qonağım “özümüzünkü” deyil. Milliyyətcə farsdır, Bakıya qonaq gəlib. Doktor Əzizpur həkimdir və qarşısına çıxan hər adamda mütləq bir xəstəlik tapıb onun müalicəsi üçün məsləhət verməkdən xoşlanır. Bakını da sevib, Azərbaycanı belə təsəvvür etmədiyini deyir. Onun təsəvvüründə Azərbaycan kiçik, inkişafdan uzaq, modern heç nədən xəbəri olmayan toplumlu bir ölkə imiş. Amma elə ilk addımında bu təsəvvürün yanlış olduğunu etiraf edəcək qədər səmimidir: “İndi bildim ki, İrandan hamı niyə vaxt tapanda qaçıb Bakıya gəlir”.
Tanışlıq irəlilədikcə siyasi söhbətlərdən yayınmır, “xalq mücahidləri”ndən olduğunu “etiraf etməsi” cəmi 2 günümüzü alır. Siyasi baxışlarında milli mənsubiyyət axtarmaq cəhdimizi görür. Qiymətləndirir və dərhal da bəlkə də Bakıda, bizim “meydançamızda” olmasının verdiyi duyğuyla danışır: “Mən farsam, amma görürəm axı oradakılar (Güney Azərbaycanı nəzərdə tutur- E.Ə) biz olmaq istəmirlər. Zorla insanı necə başqalaşdırmaq olar? İnsan fars dilində danışa bilər, bunu ona məcbur edə bilərsən, amma türkü fars etmək olmaz axı. Mən bunu anlayıram”. Həkim dostumuz utanır, sanki rejimin siyasətindən o günahkarmış kimi: “Mənim çoxlu türk dostlarım var, onlarsız İran İran olmaz ki. Amma əgər onlar azadlıq istəsələr biz bunun qarşısını ala bilməyəcəyik. Mən proseslərin gedişini görürəm, qəbul etmək çətindir, amma sonunda razılaşacağıq. Biz də rejimdən razı deyilik, İrandakı vəziyyətdən heç kəs razı deyil - fars da, türk də, ərəb də. Amma türklərə ikiqat əziyyət var. Bizə uşaqlıqdan belə öyrədiblər ki, türk dilində elm olmaz. Bakını gəzirəm və bunun əksini görürəm. Siz bizi bağışlayın, biz əslində hamımız qurbanıq...”
“Bahar Təbrizin qiyamıdır” deyilir bir şeirdə. Təbriz illərdir ki, baharı qiyamla qarşılayır. Biz isə burda Təbrizin hər qiyamının sonunun azadlıq dolu bir bahara açılacağını gözləyirik. Təəssüf ki, hələlik sadəcə gözləyirik. Uşaqlar isə böyüyür və günlərin birində ata yurdundan didərgin salınan bu uşaqların ata yurdu Təbrizdə bir qiyam başladacağı gün getdikcə yaxınlaşır...
Elnarə Əlosmanqızı
AzNews.az

Geri dön