Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > “Bütün namizədlər üçün bərabər şərait yaradılır” - MÜSAHİBƏ
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev > “Bütün namizədlər üçün bərabər şərait yaradılır” - MÜSAHİBƏ

“Bütün namizədlər üçün bərabər şərait yaradılır” - MÜSAHİBƏ


Fərəc Quliyev: “Özünü qərbyönümlü, milli demokratik düşərgə kimi təqdim edən bir qisim adamın başı Rusiyanın qoltuğundan çıxdı”

“Təəssüflər olsun ki, hələ də bu oyunun içərisindədirlər”


Bu ilin oktyabrında ölkədə keçiriləcək prezident seçkilərində namizəd kimi iştirak etmək niyyətində olan siyasilərdən biri də Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyevdir. Artıq imzatoplama kampaniyasını başa vuran partiya sədri prezident seçkilərinin ilkin mərhələsində mövcud olan vəziyyət və ölkədəki ictimai-siyasi proseslərdən danışıb. Fərəc Quliyev bəzi namizədlərin xaricdən dəstək axtarmasını da tənqid edib.

-Fərəc bəy, imzatoplama kampaniyası başa çatıbmı və sənədlər Mərkəzi Seçki Komissiyasına nə vaxt təqdim ediləcək?

-İmzatoplama kampaniyası artıq başa çatıb və hazırda müəyyən saf-çürük edilir, sənədlər qaydaya salınır. Artıq bu gün imza vərəqələri Mərkəzi Seçki Komissiyasına təqdim olunacaq.

-MSK-ya təxminən nə qədər imza təqdim olunacaq?

-Biz 45 minə yaxın imza toplamışıq.

-Yəqin ki, partiya nümayəndələriniz imzatoplama zamanı yerlərdəki seçkiöncəsi vəziyyətlə də tanış olublar. Seçkiöncəsi vəziyyəti necə qiymətləndirirsiniz?

-İmzatoplama kampaniyası zamanı heç bir maneəçilik olmayıb. Yalnız Ağdam rayonunun bir kəndində icra nümayəndəsi ilə bir epizodik narahatlıq oldu ki, o da yoluna qoyuldu. Bundan başqa respublikanın heç bir yerində demək olar ki, hansısa insident baş verməyib. Biz imzatoplama zamanı bütün rayonları əhatə etmişik. Bir-bir imzalar toplanıb. Biz həm də özümüzü, gücümüzü yoxladıq. Yerlərdəki təşkilatlarımız zəifdi, ya yox. Həmçinin seçki mühiti nə yerdədir. Əgər bu templə gedərsə və müdaxilələr olmazsa seçkinin uğurla nəticələnəcəyini gözləyirəm.

-İlkin nəticə deməyə əsas verirmi ki, bütün namizədlər üçün bərabər şərait yaradılır?

-Əlbəttə bütün namizədlər üçün bərabər şərait yaradılır. Digər namizədlər özləri də etiraf ediblər ki, heç kimə maneəçilik törədilməyib və normal şəkildə imzatoplama kampaniyası gedib.

-Seçkidə sona qədər mübarizə aparmaq niyyətindəsiniz, yoxsa partiyanızın müxalifət meyilli olduğunu nəzərə alaraq hansısa müxalifət namizədinə güzəştə gedə bilərsiniz?

-Mən özümü müxalifət düşərgəsində güclü hesab etməsəm yarışa qatılmaram. Hesab edirəm ki, hər kəsdən həm komanda, həm təşkilat, həm də hazırlıq baxımından kifayət qədər irəlidəyəm. Eyni zamanda prezident seçkiləri yarışlarında iddialıyam. Biz təşkilat kimi simvolik olaraq bu yarışa qatılmamışıq. Bəzi təşkilatlar təşkilatlanma, bəziləri isə təbliğat naminə seçkiyə qatılırlar. Ancaq buna bizim ehtiyacımız olmayıb. Bizim strukturumuz imkan verib ki, bütün rayonlarda strukturlaşaq, təbliğatımızı aparaq. Bu istiqamətdə departamentlərimiz çox yaxşı işləyib. Həmçinin bizə hörməti olan insanlar öz köməkliklərini ediblər. Biz gerçəkdən Azərbaycanı yaxşı mənada dəyişməkdə maraqlıyıq. İddialıyıq ki, öz zehniyyətimizi iş başına gətirək. Biz prezident seçkilərinə bir yarış kimi baxırıq. Heç bir halda düşmənçilik kimi baxmırıq. Bütün rəqiblərimə hörmət edirəm və heç kimin də xeyrinə namizədliyimi geri götürməyəcəm. Əgər digər namizədlər mənim xeyrimə bu addımı atacaqlarsa, bu normal qarşılanacaq.

-Seçki prosesindən əvvəl müxtəlif dairələr tərəfindən sizin partiyaya qarşı “qara piar” kampaniyası həyata keçirildi. Bu kimi mənfi hallar qarşıdakı müddətdə də gözlənilirmi?

-Bu “qara piar”dır və həmişə baş verəcək. Bir misal göstərim. Bu günlərdə “Azadlıq” radiosunda çıxış edirəm və aparıcı Kamran bəy facebook səhifəsindən suallar götürüb mənə ünvanlayır. Onların içərisində Ənvər Paşa adlı birinin də sualları yer alır. İrad tuturam ki, anonim insanın sualını nə üçün verirsən. Əvəzində bildirir ki, bu bizim daimi iştirakçımızdır. Bu tipli adamlar artıq müəyyən işlər görməyə başlayıblar. Amma kimin nə etməsindən asılı olmayaraq milli demokratik düşərgənin biz olduğu hər kəs tərəfindən qəbul edildi. Çünki özünü qərbyönümlü, milli demokratik düşərgə kimi təqdim edən bir qism adamın başı Rusiyanın qoltuğundan çıxdı. Volodinin ssenarisi ilə Rüstəm İbrahimbəyovun çəkdiyi Milli Şura adlı filmdə hamısı aktyor rolunu aldı. “Milyaderlər İttifaqı”nın pul parıltısı zamanı hər kəs nə qədər milli olduğunu göstərdi. Tiflisdə yığılıb Azərbaycana qarşı işlər görmək istəyəndə də Saakaşvili qədər Azərbaycançı olmadılar. Hətta Saakaşvili narahatlığını bildirirdi ki, Azərbaycana qarşı layihədə iştirak etməyin və Cənubi Qafqazda Azərbaycanın müstəqilliyinin itməsi gələcəkdə Gürcüstanın müstəqilliyinin itməsinə səbəb ola bilər. Bizim bu düşərgədə kim olduğumuzu, hansı zeyniyyəti iş başına gətirmək istəyimizi hər kəs bilir. Azərbaycana dost olmayan güclər və onların əlaltıları bizə qarşı olan hücumları bundan sonra da edəcəklər. Bu şəxs olaraq bizə və partiyaya olan hücum deyil. Bu zehniyyətə qarşı hücumdur. Yəni kənar dövlətlərin burada baltalarına sap olanların zehniyyətə hücum etməsidir. Hansı ki, həmin qüvvələr bir gün narıncı paltar geyir, o biri gün başlarına qara çalma bağlayırlar. Başqa bir gün isə Rusiya bayrağı adı altında Tiflisdə yığılıb XII Qızıl Ordu şəklində qüvvələri Azərbaycana göndərməyə çalışırlar. Hesab edirəm ki, biz xalqımıza güvəndiyimiz və xalqdan güc aldığmız üçün həmin insanların və onların ağalarının bizə qarşı apardığı piarın heç bir nəticəsi olmayacaq. Çünki 49 təşkilat bir yerə yığılıb mitinq etməyə çalışdı, bütün Azərbaycan boyunca mövcud olan təşkilatlarına müraciət etdilər, cəmi 1200-1300 adam çıxara bildilər. Özləri 2-3 min adam deyirlər. Ona görə də mən xalqdan legitimliyi alıb xalqıma güvənirəm. Bu cür piarları gözləyir və təbii qarşılayıam. Ancaq təbii ki, cavablarını da alacaqlar.

-Hazırda bəzi namizədlər dəstəyi London və ya Vaşinqtondan axtarırlar. Siz bu kimi halı nə dərəcədə normal qarşılayırsınız?

-Təbii ki, anormaldır. Birinci kənar zehniyyəti Azərbaycanda iş başına gətirmək özü günahdır. Biz milli iradənin nə olduğunu bilməliyik və millətin mənafeyini ortaya qoymalıyıq. Siyasət dartışma, çəkişmə, danışmaqla millətin mənafelərini ortaya çıxarmaq, ona xidmət etmək yoludur. Əgər kənar zehniyyət və kənar qüvvələrin istəyini iş başına gətirmək istəyirsənsə ilk növbədə Azərbaycanın milli iradəsini tapdalayırsan. Digər tərəfdən bir xarici dövlətin burada oturuşmasını təmin edirsən. Üçüncüsü, o adamlar ki, səni iş başına gəririb, istədikləri vaxt da iş başından ata bilərlər. Əslində bu cür layihələrə cəhdi də normal qarşılayıram. Çünki hər kəsin burada marağı var. Ancaq çox təəssüflər olsun ki, uzun müddət özünü siyasətdə milli demokratik düşərgə kimi adlandıranlar hələ də bu oyunun içərisindədirlər. Təbii ki, bir qisim başa düşüb geri çəkildi. Həmçinin bir qisim bundan sonra başa düşüb geri çəkiləcək. Eyni zamanda aşağılarda əksəriyyət başa düşüb ki, vəziyyət nə yerdədir. Bütövlükdə bu cür yanaşma çox yalnışdır və uğuru yoxdur.



Süleyman İsmayılbəyli Olaylar informasiya agentliyi.

Geri dön