Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Əli Həsənov: Azərbaycan son 20 ildə qaçqın və məcburi köçkünlərə 5,4 milyard ABŞ dolları xərcləyib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sosial > Əli Həsənov: Azərbaycan son 20 ildə qaçqın və məcburi köçkünlərə 5,4 milyard ABŞ dolları xərcləyib

Əli Həsənov: Azərbaycan son 20 ildə qaçqın və məcburi köçkünlərə 5,4 milyard ABŞ dolları xərcləyib


Azərbaycan baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin (QMKIDK) sədri Əli Həsənov noyabrın 1-də Braziliya-Azərbaycan dostluq qrupunun sədri, Deputatlar Palatasının müvəkkili Klaudio Kajadonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.



Komitənin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə Ə. Həsənov qonaqlara Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, problemin tarixi və ölkəmizdəki qaçqın və məcburi köçkünlərin vəziyyəti, Azərbaycan tarixən məruz qaldığı təcavüz haqqında məlumat verib.



Baş nazirin müavini Ermənistan silahlı qüvvələrinin Azərbaycana hərbi təcavüzü nəticəsində torpaqlarımızın 20 faizinin - Dağlıq Qarabağ və ona bitişik 7 inzibati rayonun işğal olunduğunu, bir milyon iki yüz min soydaşımızın qaçqın və məcburi köçkünə çevrildiyini, milli-mədəni sərvətlərimizin talan olunduğunu, bütün infrastrukturun dağıdıldığını qonaqların diqqətinə çatdırıb. Ə. Həsənov vurğulayıb ki, 1993-cü ildə BMT Təhlükəsizlik Şurası tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsi, qaçqınların və məcburi köçkünlərin doğma yurdlarına qaytarılması haqqında dörd qətnamə qəbul olunub: “Ermənistanın təcavüzkar siyasəti Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, Avropa Şurası Parlament Assambleyası, İslam Əməkdaşlıq Təşkilatı və digər nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş qərar və qətnamələrdə pislənilib. Təəssüf ki, bu qərar və qətnamələr hələ də kağız üzərində qalır. Beynəlxalq ictimaiyyətin tələblərinə məhəl qoymayan Ermənistan işğal edilmiş Azərbaycan ərazilərində qanunsuz fəaliyyətini davam etdirməkdədir”.



Vurğulanıb ki, ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə 20 ildən artıqdır davam edən danışıqlar prosesi hələ də heç bir nəticə verməyib. Ə. Həsənov qeyd edib ki, Azərbaycan hökuməti qaçqın və məcburi köçkünlərin ehtiyaclarını ödəmək üçün həm hüquqi, həm də sosial-iqtisadi sahədə böyük işlər görür. Diqqətə çatdırılıb ki, qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli məqsədi ilə Azərbaycan hökuməti son 20 ildə 5,4 milyard ABŞ dolları məbləğində vəsait xərcləyib. Dövlət Neft Fonduna yığılan vəsait hesabına 180 min qaçqın və məcburi köçkün yeni qəsəbələrə köçürülüb: “Təkcə bu il qaçqın və məcburi köçkünlər üçün 700 milyon dollar vəsait sərf olunub ki, bunun 300 milyon dollarını komitənin, qalan 400 milyon dollarını isə Dövlət Neft Fondunun büdcəsi təşkil edir”.



Azərbaycanda onlara göstərilən qonaqpərvərliyi yüksək qiymətləndirən Klaudio Kajado üçüncü Bakı Beynəlxalq Humanitar Forumunun əhəmiyyətindən danışıb, qeyd edib ki, bu mötəbər tədbirdə müzakirə olunan məsələlər bütün dünya, o cümlədən Braziliya üçün çox önəmlidir.



K. Kajado nüfuzlu beynəlxalq təşkilatların Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi qərar və qətnamələrin hələ də icra olunmamasından təəssüfləndiyini bildirib. Sonda qonaqlara Ermənistanda azərbaycanlılara qarşı aparılmış etnik təmizləmə siyasətini və erməni silahlı qüvvələri tərəfindən Azərbaycan torpaqlarının işğalının ağır nəticələrini əks etdirən məlumat kitabçası və videodisk təqdim olunub.

Geri dön