Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Fərəc Quliyev: “Ermənilərin Azərbaycanda yeni separatçı ocaq yaratma cəhdi uğursuz olacaq”
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Özəl xəbər, Fərəc Quliyev > Fərəc Quliyev: “Ermənilərin Azərbaycanda yeni separatçı ocaq yaratma cəhdi uğursuz olacaq”

Fərəc Quliyev: “Ermənilərin Azərbaycanda yeni separatçı ocaq yaratma cəhdi uğursuz olacaq”


Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri, millət vəkili Fərəc Quliyev Ermənistan xüsusi xidmət orqanlarının Azərbaycanda yeni separatizm dalğası yaratmaq cəhdinin uğursuz olacağına əmindir.

Gün.Az-a İrəvan Dövlət Universiteti Şərqşünaslıq fakültəsinin dosenti Vardan Voskanyanın bir neçə gün əvvəl keçirdiyi mətbuat konfransında dediyi, guya “Azərbaycanda yaşayan tatlar “Şirvan Parsi Respublikası”nın yaradılması iddiasındadırlar”, sözlərini xatırladan F.Quliyev bunu Azərbaycanın güclənməsində maraqlı olmayan bəlli dövlətlərin ölkəmizdə qarışıqlıq yaratmaq planlarının tərkib hissəsi kimi qiymətləndirib.

“Azərbaycanın nə qədər problemi varsa, onların hamısı yamaq xarakterlidir, süni şəkildə yaradılıb. Əslində, ən böyük problemimiz Azərbaycanın bölünməsi və ərazi bütövlüyünün pozulmasıdır.

Nə qədər ki, bu məsələlər öz həllini tapmayıb, nə qədər ki, Azərbaycan bütövləşməyib, təəssüf ki, belə cəhdlərlə rastlaşacağıq”,
- deputat deyib.

F.Quliyev əmindir ki, Azərbaycan gücləndikcə, onun düşmənləri dövlətimizin zəiflədilməsinə çalışacaqlar.

“Yadınızdadır, ermənilər bir müddət əvvəl Şuşada talış radiosu açdılar, Əlikram Hümmətovun İrəvana səfərini təşkil etdilər və sair.Bəzi qüvvələr ölkənin şimalında zəif bənd axtarışı cəhdləri göstərirdilər”, - F.Quliyev deyib.

Bununla belə o qeyd edib ki, burada hər zaman Azərbaycançılıq təfəkkürü ətrafında birlik olub.
“Bizi Vətən məfhumu birləşdirir. Azərbaycan burada yaşayan fərqli xalqları ilə birlikdə zəngindir, bizdə xalqların çoxluğu bölücülük deyil.

Mən hesab edirəm ki, Azərbaycan xalqı artıq formalaşıb, millətləşmə prosesi gedib və ölkədə o planların gerçəkləşməsi mümkün deyil.

Lakin əlbəttə ki, dövlət orqanları, siyasi, ictimai təşkilatlar, vətəndaşlar bütün hallarda sayıq olmalıdırlar. Eyni zamanda, dövlətin bölünməsinə yönəlik xaricdən idarə olunan planların heçə çıxarılması üçün birlikdə olmağı bacarmalıyıq. Bu halda Azərbaycanın bədxahları heç nəyə nail ola bilməyəcəklər”,
- deyə millət vəkili bildirib.

A.Zeynalov
Gün.Az

Geri dön