Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Fərəc Quliyev: -Bu vətənə xəyanət kimi bir şeydir- MÜSAHİBƏ
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev > Fərəc Quliyev: -Bu vətənə xəyanət kimi bir şeydir- MÜSAHİBƏ

Fərəc Quliyev: -Bu vətənə xəyanət kimi bir şeydir- MÜSAHİBƏ


“Kimsə torpağının işğal edilməsinin qarşılığında hakimiyyətə gələcəyi barədə düşünürsə...”

Prezident seçkilərindən sonra əksər siyasi partiyalar kimi Milli Dirçəliş Hərəkatı Partiyası da qarşıdan gələn bələdiyyə seçkilərinə hazırlıq prosesinə başlayıb. Adı çəkilən partiyanın seçki hazırlıqları, qarşıda duran vəzifələr barədə Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyevlə söhbətləşdik. “OLAYLAR”-a verdiyi müsahibədə Fərəc Quliyev Rusiyanın Ukraynada həyata keçirdiyi işğalçılıq siyasətinə də münasibət bildirib.

-Fərəc bəy, prezident seçkilərindən sonrakı dönəmdə Milli Dirçəliş Hərəkatı Partiyasının qarşısına qoyduğu əsas hədəf nədən ibarətdir?

-Prezident seçkilərindən sonrakı dönəmdə partiyamız normal şəkildə fəaliyyətini davam etdirir. Partiya işi mövsümü iş deyil. Yalnız seçki bir qədər mövsümi xarakter daşıyır. Ona görə də hər növbəti seçkiyə bir seçkidən çıxan kimi dərhal hazırlaşmaq lazımdır. Bura həm bələdiyyə, həm parlament, həm də prezident seçkiləri aiddir. Yəni, biz seçkiyə yalnız seçki dönəmində hazırlaşmırıq. Əslində bütün partiyalar da belə etməli, partiyanın fəaliyyəti ona köklənməlidir. Hakimiyyətə gəlmək üçün sivil qaydada, normal şəkildə fəaliyyət göstərib seçkiyə hazırlaşmaq lazımdır. Biz partiyanın gündəlik işlərini davam etdiririk. Onu da deyim ki, bizim partiya digər partiyalardan ideoloji xəttinə görə fərqlənir. Milli Dirçəliş Hərəkatı Partiyasında departament institutu mövcuddur və Güney Azərbaycan, Dərbənd, Borçalı, Qərbi Azərbaycan departamentləri fəaliyyət göstərir. Eyni zamanda diaspor sahəsində işləyirik. Həmçinin çalışırıq ki, Güneydəki məsələlərə biganə qalmayaq. Əlimizdən gələn qədər bu məsələni işıqlandırır, tədbirlər, konfranslar keçiririk.

-Qarşıdan gələn bələdiyyə seçkilərində iştirak barədə düşünürsünüzmü?

-Əlbəttə ki, bu il ölkədə bələdiyyə seçkiləri ilidir və bununla bağlı partiyanın rayon şöbələrinə tapşırıqlar verilib. Çalışırıq ki, bələdiyyə seçkilərində aktiv iştirak edək. Yerli hakimiyyətdə təmsil olunmaq normal şeydir və biz hesab edirik ki, çox sərt şəkildə mərkəzləşdirilmiş hakimiyyətdən daha çox yerli idarəetməyə üstünlük verilən bir hakimiyyət sistemi olsun. Ona görə də orada təmsil olunmaqda maraqlıyıq. Bir sözlə fəaliyyətimiz davam edir, hər şey normaldır.

-Bu günlərdə Rusiyanın Ukraynaya qarşı həyata keçirdiyi işğalçılıq siyasətinin davamlı olacağı və Kremlin Cənubi Qafqaz, daha doğrusu Azərbaycanı da təhdid edəcəyi bildirilir. Sizcə, Rusiya tərəfindən belə bir təhlükə gözlənilirmi?

-Rusiyanın Krımı işğal etməsindən sonra məsələyə belə baxırlar ki, Kreml yeni revanş götürə bilər. Bu məsələnin bir tərəfidir. Ancaq məsələnin digər bir tərəfi də var. Biz uzun müddət Azərbaycan olaraq bütün dünyaya car çəkirdik ki, Rusiyanın qarşısını alın, bu ölkə revanşist bir siyasət yürüdür. Əgər onların həddən artıq imkanları olarsa yenə hərbi çəkmələrini Hind okeanında yumaq arzusuna düşə bilərlər. Amma dünya buna bir qədər biganə qalırdı. Lakin Krım məsələsindən sonra dünya bir qədər silkələndi və gördü ki, Rusiya doğurdan da həmin mahiyyətdə olan bir dövlətdir. “İkili standartlardan əl çəkin”, Azərbaycanın məsələsinə biganə qalmayın” deyəndə ölkəmiz təkcə özünü nəzərdə tutmurdu. İstər Qarabağ, istərsə də Krım məsələsi olsun, bu artıq iki dünyagörüşün savaşıdır. Yeni dünya düzəni qurmaq istəyən sistemlə köhnə imperialist, revanşist siyasət yürütmək istəyən “Şər üçbucağı”nın savaşıdır və burada nə Ukrayna, nə Moldova, nə də Azərbaycan və Gürcüstan tək qalmalı deyil. Biz bu məsələlərə mütəmadi olaraq toxunuruq. Əslində Rusiyanın niyyətləri gizli deyil və bu ölkə Azərbaycan ərazisini işğal edib. Qarabağı kim işğal edib? Təbii ki, Rusiya. Ermənistan forpost dövlətdir və Rusiyanın ordusu orada ağalıq edir. Hətta Ermənistan hərbi paradı keçirəndə onun meydanlarından Rus ordusu keçir. Bunu hamı bilir. Nə Xocalıda 366 alayın törətdiyi dəhşət, nə də Qarabağda Rusiyanın Azərbaycana qarşı döyüşdüyü heç kimə gizli deyil. Yəni Rusiya onsuz da Azərbaycan ərazisini işğal edib. Bu başqa bir məsələdir ki, Rusiya daha geniş şəkildə işğala əl atmaq siyasəti həyata keçirmək istəyirdi və buna ideoloji zəmində hazırlaşmağa çalışırdı. Belə ki, Azərbaycanda keçirilən prezident seçkiləri ərəfəsində Rusiya Milli Şura adı altında ikinci şura hökumətini qurmaq üçün revanşist siyasət yürütmək istəyirdi. Bu məsələdə də Rusiya Azərbaycandakı əlaltılarından istifadə etməyi qarşıya məqsəd qoymuşdu. Ancaq bu baş tutmadı. Ondan xeyli əvvəl isə Rusiya Milyaderlər İttifaqını yaratmışdı. Onun üzvlərindən biri olan, lakin Azərbaycana heç bir bağlılığı olmayan hazırkı Dağıstan prezidentinin dili ilə Azərbaycanda bölücülük siyasəti ilə bağlı çağırışlar edilmişdi. Yəni, Rusiyanın mövqeyi budur. Biz rus xalqı ilə düşmən deyilik. Lakin rus siyasəti Azərbaycana düşmən olduğu üçün təbii ki, biz də rus siyasətinə qarşıyıq və bu siyasətin dəyişməsini tələb edirik. Dünya da bilməlidir ki, Rusiya qonşularını təhdid edir. Bu təhdid təkcə Azərbaycana, postsovet məkanında olan respublikalara deyil, eyni zamanda yeni dünya düzəninin qurulmasına qarşı olan bir təhdiddir.

-Maraqlıdır ki, bir vaxtlar Rusiyanın imperialist siyasətinə qarşı meydanlarda mübarizə aparan siyasilər bu gün Kremlin yeni işğalçılıq, imperialist siyasətini susqunluqla qarşılayırlar. Sizcə bunun başlıca səbəbi nədir?

-Ümumiyyətlə, iki cür adamlar var. Bəziləri mahiyyətcə qorxaq olurlar, bir qismi isə qorxmağa bəhanə axtarırlar. Yəni bəziləri qorxmağa bəhanə axtarır, bəziləri isə bəlkə vəziyyət dəyişdi, bir qədər susaq kimi xətt tuturlar. Ancaq mən əminliklə bildirirəm ki, Rusiyanın cilovu çəkiləcək. Çünki bütün dünya artıq bunun üzərində dayanıb. Qorxmağa heç bir ehtiyac yoxdur. Bir ovuc çeçen mücahidin qarşısında Rusiya tir-tir əsirdi. Əgər Rusiya imperialist siyasəti yürütmək istəyir və torpaqlarıma göz dikirsə bu yolverilməzdir. Savaşmaq, bu əhval-ruhiyyəni cəmiyyətə təbliğ etmək lazımdır. Eyni zamanda bunu Rusiyaya göstərmək lazımdır ki, ölkəmə ayaq basarsansa ayaqlarını qıraram. Bu savaş sənin daxilindən tutmuş hər yerdə davam edər. Kuzey Azərbaycandan olan 1 milyonluq gənc belə Rusiyanı çökdürə bilər. Bəziləri mənim bu fikirlərimi qəbul etməyəcək. Ancaq düşmən qarşısında geri çəkilmək barədə danışmaq lazım deyil. Bildirmək lazımdır ki, biz sənin qarşında geri çəkilməyəcəyik. Əgər kimsə torpağının verilməsi, başqa bir ölkənin Azərbaycanı işğal etməsinin qarşılığında hakimiyyətə gələcəyi barədə düşünürsə və bununla bağlı susqunluq, hətta düşmənin yanında olmaq kimi mövqe nümayiş etdirirsə bu vətənə xəyanət kimi bir şeydir. Biz açıq şəkildə mövqe ortaya qoymalıyıq və Rusiya da yerini bilməlidir.

Süleyman İsmayılbəyli "Olaylar" İnformasiya Agentliyi.

Geri dön