Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Niftalı Göyçəli- Didaktik poeziya zirvəsində olan Türk şairi Sərraf Şiruyə
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Qərbi Azərbaycan-İrəvan, DAVAMın yazıları > Niftalı Göyçəli- Didaktik poeziya zirvəsində olan Türk şairi Sərraf Şiruyə

Niftalı Göyçəli- Didaktik poeziya zirvəsində olan Türk şairi Sərraf Şiruyə


!960-cı illərdə-mən hələ orta məktəbdə oxuduğum vaxtlarda Göyçə mahalında şeirləri dillərdə dolaşan, aşıqların sazında-sözündə məclislərdə ünlü-sədalı səslənən Türk bədii idrak səviyyəsində yeri olan filosov şair Sərraf Şiruyənin “ Zərin ola “ adlı gəraylısını xatırladım. Bu şeiri o zaman birinci olaraq əmi oğlu Aşıq Mikayıl Yusifovdan eşitmişdim. Aşıq Mikayıl saz havalarının mahir ifaçısı olmaqla, yüksək səs diapazonuna malik sənətkar idi. O, gəraylını oxuyandan sonra şeri qiraətlə təkrarlamasını xahiş etdim və onunla mən də misraları təkrar edərək iki dəfəyə əzbərlədim. Şeir o dərəcədə dilə və qəlbə yatımlıdır ki, hər kəsi özünə cəlb etmək gücündədir, eyni zamanda aktuallığını heç zaman itirmir. Demək olar ki, bu şeir əbədiyaşar bədii nümunədir. Həmin şeiri o zaman necə əzbərləmişdim, eləcə də yazıram. Ola bilsin ki, haradasa bəzi dəyişiklik də nəzərə çarpa bilər.

ZƏRİN OLA

Bu fələklə nərd atasan,
Şeş-beş verən zərin ola;
Ortalığa bəxt qoyasan,
Aparmağa sərin ola.

Söz yığasan demək üçün,
Dost tutasan kömək üçün.
Bu dünyanı yemək üçün
Ağlın-huşun dərin ola.

Ay Şiruyə al geyəsən,
Yaman gözə gəlməyəsən.
Bir deyənə beş deyəsən,
Arxada bir nərin ola.

Bu şeir lokanik formada olsa da, çox dərin fəlsəfi mənalar kəsb edir. Məlumdur ki, “fələk” deyəndə insan həyatında təhlükələr yaradan mifik obraz nəzərdə tutulur. Şeirə çox qısa nəzəri yanaşma edək: Birinci bənddə fələyin oyunlarına tab gətirib qalib gəlmək, başın- dərrakənin gücü ilə şeytanın şərindən qorunmaq; ikinci bənddə hikmətli sözlər öyrənməklə formalaşmaq, münasib insanlarla insani keyfiyyətlər əsasında ünsiyyət qurmaq və ömürü maddi-mənəvi yaşamaq; üçüncü bənddə etibarlı, sənə yaxın olan həqiqəti müdafiə edənlərə arxalanmaqla, mərd insanlara güvənməklə, qara guruhların cavabını vermıklə onları susdurmaq nəzərdə tutulur...
Bədii ədəbiyyat nəzəriyyəsi baxımından didaktika-humanizm, düzlük, mərdliyin dialektik təqlidlərlə təqdim edilməsi Sərraf Şiruyə yaradıcılığında çox yüksəkdə dayanır. Deyərdim ki, hələlik müsir dövrümüzdə Şiruyə poetikasına yüksələn ikinci bir şəxs görmürəm. Onun yaradıcılığındakı şeriyyətdə bədii lövhələr, növlər, ahəng-ritmlər və s. həm aşıq, həm də mahnı-musiqi, muğam notlarına olduqca yatımlı zənginlik vardır. Şairin “Tamah öldürdü” adlı şeirinə müraciət edək:

TAMAH ÖLDÜRDÜ

Çoxu əməlinin oldu qurbanı.
Bir kimsə demədi, günah öldürdü.
Lənət də yağdırdı çoxu göylərə,
Dedilər-yazığı Allah öldürdü.

Duyub düşünmədi adətkar vallah,
Azdı öz yolunu hər axşam, sabah.
Tənbəl hey söylədi: “Allaha pənah”,
Bax, o yazığı da pənah öldürdü.

Çoxu axtarmadı yaxşı-yamanı,
Mənəmlik eyləyib verdi fərmanı.
Axırda nəfsinin oldu qurbanı,
Şiruyə, onu da tamah ğldürdü.

Bu qoşmada tövsiyə və təşviq olunan hikmətlər ibrətlərlə təqlid olunmuş və yaranışın Allahdan qoyulan qanunlarının əleyhinə gedənlərin aqibətinin tezisi verilmişdir. Şairin didaktikasında pozulmaz qanunlar əks olunmuşdur. Bu epik-lirik bədii lövhə atalar sözü kimi duyğulara təsir edir: “Tənbəl hey söylədi: “Allaha pənah”, Bax, o yazığı da pənah öldürdü” bir zərbi misaldır.
Sərraf Şiruyə poeziyasında məhəbbət lirikası da özünəməxsus süjetli səpkilərdən ibarət olmaqla, klassik formalı janrlarda təzahür edir və bu qabiliyyərlər də yazarda geniş dünyagörüşü, bədii təxəyyüllü təfəkkür tələb edir. Şairin yaradıcılığında bu baxımdan təcnis janrında olan şeirlərindən birinə nəzəri yanaşma edək:

AY YARIDIMI...

Ayın yarısına yar vədə verib,
Hesablayın görün, ay yarıdımı?
Buludlu gecələr qoymur görünə,
Bilinmir Ay bütöv, Ay yarıdımı.

Bu qəmdə yanağı sarı olacam,
Gülün bülbülü yox, sarı olacam.
Yar Yaxşı, mən Aşıq Sarı olacam,
Onlar bir kam alıb, ay yarıdımı?

Bir nazənin gəlir ay sinə-sinə,
Elə bil qonubdu Ay sinəsinə.
Töküb hörükləri ay sinəsinə,
Gələn Şiruyənin ay yarıdımı?

Bəli, Sərraf Şiruyə həqiqətən də sözün sərrafı, hikmətin, bədii təfəkkürun zirvəsində olan filosof Türk şairidir... Şairə can sağlığı və bir daha xoşbəxtlik arzulayıram!

Niftalı GÖYÇƏLİ - Milli Dirçəliş Hərəkatı
partiyası sədrinin Mədəniyyət məsələləri üzrə müşaviri.




Geri dön