Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Türkiyə - Rusiya münasibətlərinin normallaşmasında Azərbaycan vasitəçi ola bilərmi?
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Müsahibə > Türkiyə - Rusiya münasibətlərinin normallaşmasında Azərbaycan vasitəçi ola bilərmi?

Türkiyə - Rusiya münasibətlərinin normallaşmasında Azərbaycan vasitəçi ola bilərmi?


Elşən Manafov: "Türkiyə-Rusiya arasındakı münasibətləri məhz Azərbaycanın maraqlarına cavab verə biləcək məcraya salmaq üçün Azərbaycan tərəfi vasitəçi qismində çıxış edə bilər"

Məlum təyyarə qalmaqalından sonra Türkiyə ilə Rusiya arasında münasibətlər olduqca gərginləşməkdə davam edir. Türkiyənin sərhədi pozduğuna görə rus hərbi təyyarəsini vurması iki ölkə arasında münasibətləri xeyli dərəcədə gərginləşdirib. Azərbaycan rəsmiləri isə bildirirlər ki, Azərbaycan Türkiyə və Rusiya arasındakı münasibətlərin normallaşmasında vasitəçilik edə bilər.
Nəzərə alaq ki, Azərbaycan həm Türkiyə, həm də Rusiya ilə sıx əlaqələrə malikdir. Ölkəmizin ticari əlaqələr balansında hər iki dövlət xüsusi çəkiyə malikdir. Bundan başqa, hər iki ölkə ilə Azərbaycan demək olar ki, digər sahələrdə də yüksək səviyyədə əməkdaşlıq edir. Belə bir vəziyyətdə maraqlıdır, Azərbaycan Türkiyə ilə Rusiya arasında münasibətlərinin normallaşmasına hansı formada təsir edə bilər? Məsələ ilə bağlı politoloq Elşən Manafovun münasibətini öyrəndik. Hazırda Rusiya və Türkiyə arasında münasibətlərdə yaşanan gərginliyin bütövlükdə Cənubi Qafqazda mövcud regional təhlükəsizlik problemlərinə ciddi əngəl törətdiyini deyən politoloq Elşən Manafov qeyd etdi ki, bu baxımdan hal-hazırda Rusiya hakim siyasi elitayla bağlı olan erməni lobbisinin və erməni siyasətçilərinin fəallaşması təbii ki, Azərbaycan -Ermənistan təmas xəttində gərginliyin daha da artmasına, bu və ya digər mənada danışıqların dalana dirənməsinə də səbəb ola bilər: "Bütövlükdə Türkiyənin atdığı bu addım təəssüflər olsun ki, Azərbaycan-Ermənistan arasında Dağlıq Qarabağ probleminin çözülməsiylə bağlı danışıqlara kifayət qədər mənfi təsir göstərə bilər. Çünki etiraf etmək lazımdır ki, bu danışıqlarda bir çox hallarda həlledici təsir imkanları Rusiya hakim siyasi elitasına aid olub. Təbii ki, Türkiyənin Rusiya ilə münasibətlərindəki gərginlik dolayısı yolla Rusiya Azərbaycan münasibətlərinə də bu və ya digər mənada öz təsirini göstərə bilər. Hərçənd ki, Rusiyanın hakim siyasi elitası Putinin timsalında Azərbaycanı ciddi cəhdlə Avrasiya İttifaqına cəlb etmək istəyir və güman etmirəm ki, Azərbaycan bu layihə ilə bağlı məsələyə son münasibətinin çözülməyəcəyi təqdirdə Rusiya siyasi elitası tərəfindən Ermənistan Azərbaycan münasibətlərinin gərginləşməsi istiqamətində hansısa addımların atılmasına bir işarə və yaxud da start verilsin. Yəni Rusiya siyasi elitası çox böyük ümidlə Azərbaycanın Avrasiya İttifaqına qoşulub-qoşulmayacağıyla bağlı məsələlərə sonda hansı münasibət bəsləyəcəyini düşünür.
Güman edirəm ki, bu kontekstdə həm də Rusiya -Azərbaycan arasında hər iki tərəfin maraqlarına cavab verən münasibətlərin ampulasında Rusiya Ermənistan tərəfini Azərbaycana qarşı ciddi təhdid və problem yarada biləcək addımlar atmasından çəkindirəcək. Amma təbii ki, Azərbaycanın indiki şəraitdə manevr etmək imkanları artıb. Azərbaycan diplomatiyası üçün sanki müəyyən mənada uğurlu bir şans da yaranıb. Çünki Azərbaycan elitasının, Azərbaycan prezidentinin istər Rusiya, istərsə də Türkiyə siyasi elitasıyla çox gözəl sıcaq münasibətləri var. Güman edirəm ki, müəyyən mərhələdən sonra yəni, münasibətlərdəki gərginliyin aradan qalxmayacağı təqdirdə yaxın perspektivdə Azərbaycan iqtidarının təşəbbüsü ilə Rusiya -Türkiyə münasibətlərində gərginliyin aradan qaldırılması məqsədilə tərəfləri danışıqlar masası arxasına dəvət etmək imkanı yarana bilər. Bu görüş Bakıda olmasa da, Azərbaycan prezidentinin təşəbbüsü ilə daha neytral zonada, Naxçıvanda keçirilə bilər". Politoloq hesab edir ki, Azərbaycan prezidentinin istər Rusiya, istərsə də Türkiyə prezidentləri ilə çox yaxın dost münasibətləri mövcud problemin aradan qaldırılması məqsədilə Azərbaycan tərəfinin ata biləcəyi addımın hər iki tərəfdən lazımınca qiymətləndirilməsinə şərait yarada bilər: "Çünki NATO-nun və Amerika Birləşmiş Ştatlarının indiki durumda sərgilədikləri mövqe Rusiya tərəfini kifayət qədər qıcıqlandırıb. Güman etmirəm ki, ATƏT və ya NATO Rusiya və Türkiyə arasındakı münasibətlərdə yaşanan gərginliyin aradan qaldırılması üçün hər hansı bir addım atacaq. Əksinə NATO və Amerika Birləşmiş Ştatları dolayısı yolla əslində Türkiyəni Rusiya ilə mövcud münasibətlərdə Türkiyə maraqlarına cavab verməyən bir addımı atmağa sövq etdilər. Xatırlatmaq istəyərdim ki, 2008-ci ildə Amerika Birləşmiş Ştatları Gürcüstanı Rusiya ilə münaqişəyə təhrik edib son nəticədə Gürcüstanın arxasında durmadı. Deklarativ bəyanatlarla kifayətləndi.
Gürcüstanın da sonradan ərazi bütövlüyü ilə bağlı problemləri daha ciddiləşdi. Bu kontekstdə təbii ki, Türkiyə Gürcüstan deyil, rəsmi Ankara NATO-nun üzvüdir və Rusiya ilə hərbi sahədə uğurla konfrantasiya apara biləcək bir dövlətdir. Amma bütövlükdə Türkiyənin enerji təhlükəsizliyində Rusiyanın payı məsələsi, Türkiyədə 40 milyardlıq valyuta ehtiyatlarının əldə edilməsində Rusiya turizminin 3 milyardlıq payı qarşılıqlı maraq doğuran bir neçə milyardlıq proyektlər var ki, Rusiya bu proyektlərin icrasından kənara çəkilə bilər. Bütün bunlar Türkiyəyə heç nə yaxşı vəd etmir. Sadəcə olaraq çox təəssüf ki, burada Ərdoğan öz ailəsinin biznes maraqlarından çıxış edərək Rusiyanın Suriyada hədsiz dərəcədə fəallaşmasına qıcıqla yanaşdı. Açıq deyək ki, faktlar var ki, Türkiyə iqtidarının İŞİD-lə münasibətləri var. Açıq məsələdir ki, Əsəd rejiminin devrilməsi üçün Türkiyə iqtidarı İŞİD-dən bu və ya digər mənada istifadə etmişdi. Maliyyə dəstəyi vardı. Hətta silah-sursat ötürürlər. Təbii ki, bu mənada Ərdoğan Rusiyanın Suriyada həddən-ziyadə fəallaşmasını həzm edə bilmədi. Amma eyni zamanda qeyd etmək lazımdır ki, İŞİD-ə qarşı gerçəkdən antiterror koalisiyasının formalaşması Amerika Birləşmiş Ştatlarının maraqlarına da cavab vermədi. İstisna etmirəm ki, Ərdoğan iqtidarını bu addımı atmağa sövq edən tərəf Amerika Birləşmiş Ştatları oldu".
Manafovun sözlərinə görə, bu gün bölgədə Türkiyə və Azərbaycan üçün xoş olmayan bir vəziyyət formalaşa bilər: "Güman edirəm ki, bu şəraitdə məhz Azərbaycan iqtidarının münasibətləridir ki, gərginliyin artması tendensiyası müşahidə olunarsa, tərəflər arasında vasitəçi qismində çıxış etmək imkanı var.
Amma təbii ki, müəyyən mənada gözləmək də lazımdır. O dəqiqə bu vəziyyətdə vasitəçilik qismində çıxış etməyə də ehtiyac yoxdur. Hər halda biz dekabr ayında Azərbaycan-Ermənistan prezidentləri arasında görüşün gözlənilməsi nəzərdə tutulur. Əgər Ermənistan tərəfindən həftə ərzində Azərbaycanın ərazi bütövlüyü ilə bağlı məsələlərə ciddi təhdid yarada biləcək addımlar atılacaqsa, təbii ki, Azərbaycan tərəfi həmin görüşə getməyə bilər. Amma bütövlükdə Rusiya Ermənistan alyansında Azərbaycan üçün xoşa gəlməyən münasibətlərin inkişafına yol verməmək üçün və Türkiyə -Rusiya arasındakı münasibətləri məhz Azərbaycanın maraqlarına cavab verə biləcək məcraya salmaq üçün Azərbaycan tərəfi vasitəçi qismində çıxış edə bilər. Yeri gəlmişkən, prezident aparatında beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov cənablarının verdiyi açıqlama da göstərir ki, Azərbaycan iqtidarı bu problemin çözülməsində vasitəçi qismində çıxış etməyə hazırdır".

Günel MEHDİ

Geri dön