Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Rail Səfiyev:"Azərbaycan gəncliyinin ən böyük problemi təhsilin dəyərdən düşməsidir"
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gənclik > Rail Səfiyev:"Azərbaycan gəncliyinin ən böyük problemi təhsilin dəyərdən düşməsidir"

Rail Səfiyev:"Azərbaycan gəncliyinin ən böyük problemi təhsilin dəyərdən düşməsidir"


”Universitetdəki bilik çatışmazlığını xaricdə təhsil alan gənclərlə doldurmaq sadəlövhlük deməkdir”

Berlin Fraye Universitetin doktoranti siyasi ekspert Rail Səfiyevin müsahibəsini təqdim edirik:

- Son vaxtlar Almaniya mediası ölkəmizə böyük diqqət ayırıb. Sizcə, alman mediasının ölkəmizə belə diqqət ayırmasının əsas səbəblərini nə ilə bağlayırsınız?

- Əslində, hansı formada olmasından asılı olmayaraq, bu tənqidlərdə qərəz axtarmağına dəyməz. Məncə bu, sadəcə Avropalıların regiona artan dərəcədə maraq göstərməsinin göstəricisidir. Azərbaycana qonaq kimi gələnlər tənqid olunan məsələlərə görə deyil, Azərbaycan ölkəsi və onun insanları üçün gələcəklər və qonaqsevərliyimiz hələ qalıbsa deməli xoş təəssüratla da qayıdacaqlar.

Bəli, Azərbaycana son zamanlarda Avroviziya mahnı müsabiqəsi ilə bağlı diqqət artmışdır. Avropada və elə Almaniyanın özündə bir sıra insan haqları, sosial və siyasi məsələlərlə məşğul olan qeyri hökumət təşkilatları, vətəndaş cəmiyyəti institutları və media da buna görə Azərbaycandakı insan hüquqları ilə bağlı vəziyyətə laqeydlik nümayiş etdirə bilmirlər. Azərbaycanda isə Avropanın vətəndaş cəmiyyəti institutlarının mövqeyinin də arxasında dövlət siyasəti gizləndiyini düşünənlər vardır. Bunların arasında bəzi siyasi şərhçilərin səhv nəticələri də yer alır. Belə ki, Almaniya mediasında Azərbaycan hakimiyyətinə yönələn tənqidi mövqe Avropanın böyük maraqla izlədiyi Nabukko qaz kəməri layihəsi ilə bağlı Azərbaycan hakimiyyətinə təzyiq göstərməsi şəklində izah olunur.

Yəqin bunun səbəbi hələ də avtoritar təfəkkürdən ayrıla bilməməyimizdir. Biz öyrəşmişik ki, hər məsələnin arxasında “yuxarıların sifarişi”ni axtaraq. Eyni təfəkkürlə də Almaniya ictimaiyyətinin və ya Siz qeyd etdiyiniz şəkildə mediasının Azərbaycandakı vəziyyəti işıqlandırmasına belə reaksiya veririk.

Müasir dövlət vətəndaşın haqqı və ehtiyacları üzərində qurulmalıdır ki, bir Avropa ölkəsi olaraq bu dəyərlərə 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti qurulan zaman və 1995-ci il Azərbaycanın Konstitusiyası təsbit olunan zaman həm sadiqlik həm də sayğı göstərmişik. Bu dəyərlərin, önəmindən asılı olmayaraq hansısa mahnı müsabiqəsinə qurban verməklə vətəndaşların mülkiyyət azadlığını pozmağa rəvac vermək nə dərəcədə haqlı mövqedir?

Bir Azərbaycanlı kimi yad ölkədə vətənim haqqında aşağılayıcı mövzulardan danışılması utancvericidir. Amma istənilən halda tənqidlər real vəziyyəti əks etdirir və mən bundan təlaşlanmaq yox, konstruktiv nəticələr çıxarmağı və ölkədəki siyasi institutların təkmilləşməsi istiqamətində, onların vətəndaşların ehtiyaclarına daha uyğun şəkildə yenidən qurulmasını gözləmək istərdim. Bütövlükdə demokratik cəmiyyətə meylli bir cəmiyyət kimi bu tənqidlər bizə xeyirlidir və hakimiyyətin üzərində siyasi məsuliyyəti artırır. Başqa məsələ odur ki, niyə əslində Azərbaycan vətəndaşına məqbul sayılan insan azadlıqlarının ifadə məkanı Azərbaycandan xarici dövlətlərin mətbuatına köçməlidir?!

Əlbəttə, bu gün Azərbaycan mətbuatında da tənqidi, iqtidarı cavabdehliyə çəkdiyi yazılar vardır və yaxşı ki, hələ vəziyyət belədir. Ancaq real olaraq isə siyasi konyunkturada bu heç nəyi dəyişmir. Media gərək vətəndaş dövlətinin qoruyucusuna çevrilsin, nəinki hakimiyyəti, həm də müxalif düşərgənin səriştəsizlikdə, insanların problemlərinə laqeydlikdə tənqid etsin və ictimai ədaləti təmin olunması kimi məsələləri gündəmə çıxarmağı əsas vəzifəsi saysın. Bizdə isə media təəssüf ki yalnız iki barışmaz qütbə ayrılıbdır.

Və ən nəhayət bu tənqidlərin bir kəsəri, sonucda təsiri də olmalıdır. Əgər Almaniyada bir il əvvəl müdafiə naziri doktorluq dissertasiyasını köçürdüyünə görə istefaya məcbur edilirsə və bunun da əsas təşəbbüskarı Alman mediasıdırsa, eyni halı Azərbaycan üçün təsəvvür edə bilərsinizmi? Və ya Almaniya prezidentinin dostunun villalarından onun hesabına “qonaq” qalması alman ictimaiyyətində ciddi narazılıqla qarşılanırsa, istefaya bərabər dövləti cinayət sayılırsa, Azərbaycanda isə məmurlarla bağlı korrupsiya hallarının sayı bilinməsə də bir tədbir görülürmü?
- Bəzi analitiklər belə hesab edirlər ki, Qafqazda demokratiyanın inkişafının qarşısının alınmasında etnik münaqişələrinin mövcud olmasının böyük təsiri var. Bu faktor bölgədə demokratikləşmə prosesində tormozlayıcı funksiyanı yerinə yetirir. Bu fikirlə razısınızmı?

- Mənə elə gəlir ki, bu sadəcə bəhanədir. Əlbəttə müharibə yaşamış və ya hərbi təhlükədən daima zərər çəkən ölkələrdə mütəmadi müharibə vəziyyəti avtoritar idarəçiliyə üstünlük qazandırır və cəmiyyətin bir növ basqı altında saxlanmasını şərtləndirir. Əgər Siz 90-cı illərin reallıqlarına qayıtsanız, Azərbaycan hər ildən bir dəyişən hakimiyyətinin həm müharibə meydanında, həm də ölkə içində hansı səbatsızlığa səbəb olduğunu və nə qədər aciz olduğunun şahidi olarsınız. Demək olar ki, elə torpaq itkisinin əsas səbəbləri Azərbaycan siyasətində belə daimi qeyri-müəyyənlik ilə bağlı idi. Cəmiyyətimizin təşkilatsızlığı qonşu dövlətə, baxmayaraq ki, texniki və insani potensialımız müharibəni udmağa tam mənada imkan verirdi, ərazilərimizi işğal etməyə şərait yaratdı.

Azərbaycanın demokratik yoldan sapmasında da elə məhz o dövrün anti-demokratik müharibə ab-havasının izi görünür. Əgər müharibə olmasaydı 90-ci illərdə komendant saatını bir neçə illər uzadılmasına bununla da partiyaların siyasi iştirakının ləngidilməsinə və adda budda hərbi birləşmələrin dövləti öz nəzarətlərinə alıb hərc-mərclik yaratmasına da lüzum qalmazdı. Məhz elə müharibədən irəli gələn bu anarxiya təcrübəsinə görə bizdə demokratiya hələ də pis bir şey kimi, nəzarətsizlik və xaos şəklində dərk olunur.

Ancaq indi Azərbaycanda ara-sıra atəşkəsin pozulmasını nəzərə almasaq siyasi vəziyyət sabitdir və bu sabitlik çərçivəsində demokratiya institutlarını yaratmağa daha doğrusu onlar vardır, sadəcə onları işlək vəziyyətə gətirməyə qətiyyən heç nə mane olmur. Bir də müharibə vəziyyətində olan lakin demokratikləşmə yolunu gedən ölkə nümunələri də vardır. Məsələn, İsraili götürün, Fələstinlə və bütün ərəb Şərqi ilə konflikt şəraitində olması orada parlamentar demokratiyanın funksionallığına əngəl törətmir. Əlbəttə, ölkənin xarici təzyiqlərdən, hərbi təhlükədən özünü sığortalaması vacibdir və bu vəzifəni də ordu yerinə yetirməlidir.

Azərbaycan elə bir coğrafi məkanda yerləşibdir ki, burada kənar, xüsusən də imperial qonşularımızın caynaq kimi uzanan əllərindən yaxa qurtarmaq asan olmayacaqdır. Qarabağ münaqişəsi də bu qüvvələrin əlində daimi işə salınan bomba mexanizmidir. Müharibə təhlükəsi yenidən gündəmə gələndə məncə İkinci Dünya müharibəsi zamanı Çörçil dövrünün İngiltərəsindəki kimi bir az sərt idarə üsullarını seçilməsinə də əl atıla bilər. Amma müharibədən dərhal sonra ingilislər parlamentin mütləq hakimiyyətini bərpa etmişdilər. Yəni, ümumilikdə əvvəl dediyim sözə qayıdıram ki, hərbi vəziyyət ilə demokratikləşmə tam da bir-birinə zidd deyil. Qarabağ münaqişəsi olmasaydı biz bəlkə də ümumsovet mədəniyyətinin içində əriyib gedəcəkdik və milli oyanış baş tutmayacaqdı. Demokratiyanı şərtləndirən vətəndaş həmrəyliyidirsə, bunun üçün xalqın milli kimliyini dərk etməsi və bunun ümumi ideoloji axına çevrilməsi də vacibdir.

Başqa sual odur ki, bizdə Azərbaycanın demokratikləşməsi necə olacaqdır və ya ola bilər? Mənim qəti qənaitim belədir ki, bu iqtidar-müxalifət mübarizəsindən keçməklə olmayacaqdır. Bunun üçün müxalifət həm məfkurə baxımdan, həm də maddi resurslara sahibsizliyi üzündən çox zəifdir. O biri tərəfdən də iqtidar da güzəştsiz və radikaldır. Post-sovet məkanında qeyri demokratik üsullarla və ya demokratiya maskası ilə idarə etmək universal tətbiq olunan praktikadır və əgər nə vaxtsa seçkilər demokratiya üçün ən vacib impuls sayılırdısa bu gün bütün bu region ölkələrində seçkilər heç nəyi dəyişmir, əksinə siyasi rejimi daha da möhkəmləndirir. Və mən Sizə deyə bilərəm seçkilər həm elektoratın güvənli olmasını yoxlamaq baxımından, həm də siyasi aparatda sədaqətin təminatı üçün ən etibarlı vasitəyə çevrilibdir. Yəni klassik hakimiyyət dəyişikliyi üsulu ilə çox şeyin dəyişməyəcəyini düşünürəm.

Başqa məsələ Azərbaycanda gedən bu iqtidar-müxalifət davasının altqatında olan proseslərdir. Azərbaycanda plural mühitin kəskin az olması səbəbindən dövlət daha da böyüyür və cəmiyyət daha da dövlətin çiyinlərinə yüklənir. Siz baxın bir kiçik heyətli mərkəzi bürokratiya nə qədər problemləri həll etməyə məcburdur. İndi adi siravi vəzifələri də dövlətin yuxarı məmurları həll etməli olur. Aşağı məmurlar ilə vətəndaş arasında fərq qalmayıbdır, kimin nə vəzifə daşıdığını heç kim bilmir.
Azərbaycanda dövlət burada, dövlət orada, dövlət hər yerdədir. Niyə biz Üçüncü dünya dövlətlərinin, nə bilim Misirin, Hindistanın ərəb ölkələrinin yolu ilə gedək?! Niyə hər adi ev torpaq məsələsi prezident aparatına müraciətlə həll olunmalıdır. Bir misal çəkim. Almaniyadan Azərbaycana tələbələr qonaq gəlirlər, sadəcə yay kurslarında iştirak üçün. Bütün nazirlik aparatını həmin alman tələbələrə səfərbər olunur. Bu, bir universitetin və ya hansısa vətəndaş cəmiyyəti təşkilatının görməli olduğu işdir. Sivil cəmiyyət institutlarına, ictimai qurumlara, mediaya, ümumilikdə fərdlərə sərbəstlik verilməlidir ki, onlar da dövlət adlı yükü daşımağa imkanları olsun.

Hal-hazırda onsuzda postdemokratiya dövrüdür və ənənəvi siyasi institutlara etibar dünyanın hər yerində azalmışdır. Siyasətçilərə elə Almaniyanın özündə də əhali arasında inam çox aşağı səviyyədədir, istər müxalifət, istərsə də iqtidar yönümlü siyasətçilər eyni vədlər edib sözlərinə sahib çıxmırlar. Bu gün klassik institutlardan kənar vətəndaşların internet texnologiyası ilə “siyasətçiləşməsi “ baş verir. Bu gün adi bloqçular xalqın sevimlisi səviyyəsinə qalxıb siyasət meydanına atılırlar. Liberal dövlətin bir müsbət xüsusiyyəti var ki, ictimai qüvvələrə, fərdlərə sərbəstlik verir, onları dövlətdən asılı etmir. Bizdə qlobal dünya ilə ayaqlaşmalı olacağıq və dövlətimiz də liberal özəllər üzərində qurulmağa məhkumdur.
- Dünyanın hər yerində baş verən dəyişikliklərin əsas katalizatoru gənclik olur. Azərbaycan gəncliyinin siyasi-ictimai fəallığı Sizi qane edirmi?

- Azərbaycanda əzəldən gəncliyə yuxarıdan aşağı baxılıbdır. Yəni onlara daimi pərəstiş və rəğbət olsa da bu bir növ pozitiv diskriminasiya kimidir. “Gənclikdən çox şey gözləyirik” deyirik, amma onları çox sevdiyimizdən tutduğumuz yeri onlara verməyə hələ layiq görmürük. Nəticə də gəncliyin siyasi-ictimai həyatdan kənarlaşması baş verir. Onlar sanki üzdədirlər ancaq hələ real olaraq heç nəyə, nə ictimai, nə də siyasi mövqeyə malik deyillər.

Maraqlıdır, elə bil ki, yaşlı nəslin siyasətçiləri bir-birinə daha anlayışla yanaşır, nəinki gənclərə. Axır zamanlarda heç yaşlı müxalifətçinin tutulmasını müşahidə etməmişəm.

Azərbaycan gəncliyinin ən böyük problemi təhsilin dəyərdən düşməsidir. Azərbaycanda təhsil sahəsində işləmiş bir adam kimi mən təhsilimizdəki vəziyyəti qorxunc qiymətləndirərdim. Elə Bakı Dövlət Universitetindən başlayaq. Müəllim kadrları ilə vəziyyət çox pisdir, onlar ya yetişdirilmir, ya da təyin olunan müəllim kadrlar savadsız və təcrübəsizdirlər. Elmi araşdırma sıfır həddindədir, demək olar ki, yoxdur. Adi diplom işləri standartlara, qoyulan tələblərə cavab vermir. Əsasən qohum, yaxın tanışlıq prinsipi ilə işə qəbul olunan bu müəllimlər təhsilin ötürücüsü funksiyasını yerinə yetirə bilmirlər və hətta mən deyərdim, ali məktəbə qədər təhsil ocaqlarında öyrədilmiş yüksək qabiliyyətli bilikli gənclərimizə inamsızlıq, elmdən soyumaq, ümidsizlik ab-havasını təlqin edirlər. Qorxuram ki, bu ali məktəblərlə orta məktəblər arasında disbalans sonralar Azərbaycanda savadlı kadrların çatışmazlığı problemini daha da qabardacaqdır. Siz deyə bilərsiniz ki, bunları necə bilirsiniz? Əlbəttə statistika əlimizdə yoxdur, ancaq məsələn xaricə tələbə axını əgər bu qədər varsa, deməli orta məktəb təhsili gənclərimizi xarici universitetlərdə oxumaq üçün hazırlamağa qadirdir.

Məsələ təhsilin maddi sıxıntılarında deyil. Kolleqalarımın dolanışıq üçün kifayət edəcək həddə maaş aldıqlarını müşahidə etmişdim. Əgər Təhsil Nazirliyi israr edərsə təhsilə qrantlar ayrılması da elə çətin məsələ deyil. Əsas təhsil sferasında baş alıb gedən qeyri dürüst, tələbə və müəllimi bir-birindən utanan vəziyyətə salan hər gün yaşanan ədalətsizliklərdir.
Burada iqtidarı da günahlandırmaq olar, elə müxalifəti də, elə cəmiyyətimizin biganəliyini də. Bəlkə də lap Sovet ölkəsindən miras qalan vərdişlərimizi də. Əgər siz 90-cı illərin mətbuatına nəzər salsanız görərsiniz ki, Azərbaycanda müxalifət mətbuat nə dərəcədə həyati reallıqdan kənar mövzularla məşğuldur. Vətəndaşların gündəlik dərdlərinin əvəzinə onlar xalqın güzəranına çox da aidiyyatı olmayan ideoloji mübahisələrə vaxt sərf edirdilər.

Heç vəchlə təhsilin siyasiləşməsinə yol verilməməli idi, bu sahədə “demokratiya adacıqlarını” qoruyub saxlamaq olardı. Azərbaycanda isə bu iş kökündən səhv quruldu. Nəticədə aşağıdan tutmuş universitet rəhbərliyinə və daha yuxarılara kimi münasibətlər sadiqlik üzərində quruldu, universitetdə azad söz boğuldu və universitetlərdən tələbələr bezikdirildi. Siz deyə bilərsiniz ki, başını aşağı salıb dərsini oxuyan və ya oxumayan sadəcə dərsə gəlib gedən tələbələrimiz saysızdır, onlar necə olur bu sistemlə yaşayırlar? Məsələ orasındadır ki, onlar onsuzda mühafizəkar cəmiyyətdə heç nəyi dəyişə bilməyən təbəqədir. Söhbət fəal bacarıqlı gənclərdən gedir. Onlar isə ya soyuyurlar, ya da xaricə qaçırlar.

Universitetdəki bilik çatışmazlığını xaricdə təhsil alan gənclərlə doldurmaq sadəlövhlük deməkdir. Birincisi, mən Sizi əmin edirəm ki, xaricdə təhsil alan gənclər bütün verilən vədlərə baxmayaraq Azərbaycana qayıtmaqdan vaz keçəcəklər. Onların əksəriyyəti oxuduqları ölkələrdəki yaşayış şəraitini daha üstün sayırlar. Azərbaycana qayıdarlarsa onlar daha yaxşı həyat şəraiti və maddi təminat tələb edəcəklər ki, bu da Azərbaycan dövlətinə ucuz başa gəlməyəcəkdir.

Söhbətləşdi:Elnur Eltürk

Geri dön