Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycan müdafiə sənayesinin məhsulları 10-dan çox ölkəyə ixrac olunur
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Hərb > Azərbaycan müdafiə sənayesinin məhsulları 10-dan çox ölkəyə ixrac olunur

Azərbaycan müdafiə sənayesinin məhsulları 10-dan çox ölkəyə ixrac olunur


Azərbaycan 2012-ci ildən xarici ölkələrə hərbi təyinatlı məhsullar ixrac edir. Bu gün Yaxın Şərq, Cənub-Şərqi Asiya, Afrika və Avropa qitələrində 10-dan çox ölkə Azərbaycandan müxtəlif silah və sursatlar, habelə pilotsuz uçuş aparatları və dəqiq cihazlar alır.

Qeyri-neft ixracatçılarının respublika müşavirəsində hərbi texnikanın ixracı barədə danışan Prezident İlham Əliyev vurğulayıb ki, bizim yeni bir ixrac istiqamətimiz yaradılıb. On il bundan əvvəl təsəvvür etmək mümkün deyildi ki, Azərbaycan silah, texnika ilə nəinki öz tələbatını özü təmin edəcək, eyni zamanda, bu məhsulları ixrac edəcək.

2017-ci ildə Müdafiə Sənayesi Nazirliyinin ixrac portfeli 101 milyon ABŞ dolları təşkil edib. Yaxın perspektivdə aviasiya bombalarının, hərbi texnikaların və artilleriya sursatlarının istehsalı ilə bağlı layihələr reallaşdıqdan sonra hərbi sənayemizin ixracat potensialının bir neçə dəfə artacağını proqnozlaşdırmaq olar.

Bu fikirləri hərbi ekspert, “AzeriDefence” jurnalının bas redaktoru Rəşad Süleymanov müsahibəsində bildirib.

Müdafiə sənayesinin xarici hərbi sərgilərdə iştirakının əhəmiyyətinə toxunan R.Süleymanov qeyd edib ki, nazirlik son doqquz ildə bu istiqamətdə ciddi iş aparır. 2007-ci ildən beynəlxalq müdafiə sənayesi sərgilərinə qatılan nazirlik bu günədək 20-dən çox sərgidə yerli müəssisələrdə istehsal olunmuş silah, sursat, hərbi texnika və digər müdafiə təyinatlı məmulatları nümayiş etdirib.

2014-cü ildən ölkəmizdə keçirilən “ADEX” Beynəlxalq müdafiə sənayesi sərgilərində təmsil olunan Azərbaycan hərbi sənaye potensialını uğurla sərgiləyir. Bu barədə danışan R.Süleymanov deyib: “Bu sərgilərin əksəriyyətində mən də iştirak etmişəm. Xarici ölkələrdə Azərbaycan məhsullarına böyük maraq var. Bu gün hərbi sənaye dünyada İKT ilə yanaşı, qeyri-neft sektorunda ən populyar və dinamik inkişaf edən sahədir. Azərbaycan hökuməti də 2006-cı ildən bu sahənin inkişafına investisiyalar qoyur. Sovet İttifaqından qalmış müəssisələr müasirləşdirilir, yeni istehsal sahələri yaradılır. Hesab edirəm ki, Rusiya, Ukrayna, Belarus, Türkiyə kimi ölkələrin təcrübəsində olduğu kimi müdafiə sənayesinin bəzi seqmentlərində özəl şirkətlərin iştirakının təmin olunması bu sahədə sıçrayış yarada bilər. Onu da qeyd etmək istəyirəm ki, bu gün müdafiə sənayesinin inkişafında birgə müəssisələrin iştirakı danılmazdır. Prezident İlham Əliyevin ötən ilin dekabrında təsdiqlədiyi “Azərbaycan Respublikasında ağır sənaye və maşınqayırmanın inkişafına dair Strateji Yol Xəritəsi”ində müdafiə sənayesinin inkişafı istiqamətində əsas hədəflər müəyyənləşdirilib. Bunlardan biri də birgə müəssisələrin yaradılmasıdır. Qonşu ölkələrin bununla bağlı müvafiq təcrübəsi var və nəticələr göz qabandadır. Proqramda göstərildiyi kimi, birgə müəssisələrin qurulması yeni və mütərəqqi texnologiyaların və dünya təcrübəsinin Azərbaycanda tətbiqində mühüm rol oynayacaq. Bu həm Azərbaycan Silahlı Qüvvələrinin ehtiyac duyduğu müasir silah sistemlərinin daxili istehsal hesabına ödənilməsi, həm də müdafiə sənayesi məhsullarının ixracının artırılması işinə töhfə verəcək”.

Geri dön