Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Ginnesin “Rekordlar kitabı”na düşən rəssamın əsəri Bakıda niyə təpiklənmişdi
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Mədəniyyət, Müsahibə > Ginnesin “Rekordlar kitabı”na düşən rəssamın əsəri Bakıda niyə təpiklənmişdi

Ginnesin “Rekordlar kitabı”na düşən rəssamın əsəri Bakıda niyə təpiklənmişdi


Moskvanın enerjisi sıxıcıdır. Bu işdə daşın, divarın, təbiətin payı yoxdu, təbii... Yol tikintilərinə görə nə qədər meşə massivləri məhv edilsə də, şəhər və çevrəsi yenə yaşıldır. “Daşa-divara” gəlincə, mərkəzdə də, kənarlarda da həm tarixin, həm yeni çağın özəlliklərini daşıyan nə qədər yaraşıqlı bina var. Dəbdəbəli həyatı ilə dünyanın ən zəngin, ən nəhəng, ən parlaq paytaxtları sırasındadır Moskva... Beyni rahatlamağa qoymayan bu məkanın siyasi mərkəz kimi Azərbaycana tarixin heç bir dönəmində isti baxmamasıdır. Kimə isti baxıb ki, Rusiya? İmperiya olub, imperiya kimi davranıb... Və o şovinizmə, zorakılığa dayanan siyasətinin əziciliyi Moskvanın ruhuna hopub. Şəhər adamı qucaqlamır, sıxır. Bu diskomfortu azaltmağın tək yolu mədəniyyət ortamı bulmaq, sənət söhbətlərində reallıqdan azca da olsa, uzaqlaşmaqdır.

Azərbaycanın əməkdar rəssamı, indi Almaniyada yaşayan Əşrəf Heybətovun Moskvada olduğunu öyrənəndə sevindim. Rusiya paytaxtında onun bir çox işlərini görmək mümkündür. Ünlü “Bakı” restoranını da başdan-başa onun əsərləri bəzəyir. Söhbətə məkan kimi onun Moskvadakı mənzilinin 2 addımlığındakı tarixi Yeliseyev mağazasındakı kiçik kafeni seçdik. Mağaza deyəndə ki, 116 yaşı olan mağaza dəbdəbəli interyeri ilə muzeyə bənzəyir. Bina Rusiyanın “Mədəni irs” sıyahısındadır.

Tanımayanlar üçün Əşrəf Heybətovun qısa özkeçmişi: 1951-ci ildə Bakıda doğulub. 1979-cu ildə İncəsənət İnstitutunu bitirib. 1980-cı ildə Moskvada ünlü rəssam Zurab Seretelinin komandasında çalışmağa başlayıb. 1995-ci ildə Almaniyaya köçüb. YUNESKO-nun Beynəlxalq Rəssamlar Federasiyasının üzvüdür, Almaniyadakı “Bakı” Mədəniyyət Cəmiyyətinin sədridir. Rusiya Rəssamlar Akademiyasının həqiqi üzvü, Azərbaycanın əməkdar rəssamıdır. Vatikanda sərgisi açılan ilk Azərbaycan rəssamıdır. Avropanın bir sıra şəhərlərində sərgiləri keçirilib.
Əşrəf bəy, necə oldu, getdiniz Azərbaycandan? Qürbətdə yaşayanlar deyir ki, vətəndən uzaq olmaq həm də ünsiyyət azlığıdır. Darıxmırsız ki, Bakı üçün..?

- 1980-cı ildə Moskvaya dəvətlə gəldim. 15 il burada yaşadım, sonra Almaniya dönəmi başladı. Darıxanda gəlirəm Bakıya. Hər yay Şüvəlanda, bağda dincəlirəm, çəkirəm...

- Ünlü olmaq şans məsələsidir, ya çalışqanlıq?

- Gərək hər ikisi ola. Yoluma hər zaman yaxşı insanlar çıxardığı üçün Tanrıya minnətdaram. Ali məktəbi təzə bitirmişdim, yenicə tanınmağa başlayan gənc rəssam idim, Tahir Salahovun diqqətini çəkdim. O, sənətdə mənə çox dayaq oldu, tanınmağım üçün çox iş gördü. Belə ünlü sənət adamının, üstəlik ictimai xadimin himayəsində olmaq şansı hər kəsdə olmur. Tahir Salahov məni Moskvada Sovetlər Birliyinin ən ünlü rəssamlarından Zurab Sereteliyə təqdim elədi. Zurab Konstantinoviç bir əfsanədir. Onun rəssam qrupu Moskvada çox möhtəşəm layihələr həyata keçirib. 1980-cı ildə onun qrupunda çalışmağa başladım. Mozaika ilə məşğul idim. Ilk sınağım Gənc Modası Mərkəzinin binası oldu. Çox bəyəndilər. Moskva Komsomol Komitəsinin mükafatını aldım. Sonra yeni dövlət sifarişləri, yeni uğurlar, beləliklə mən Moskvaya bağlandım.
Çox maraqlıdır, siz əslində həyatınızın qısa bir dönəmini Azərbaycanda yaşamısız, yaradıcılıqla əsasən Rusiyada, Avropada məşğul olmusunuz, amma yeni əsərlərinizdə belə güclü milli kolorit var. Bunun izahı nədir? İnsan məkan olaraq nə qədər uzaqda olur-olsun, doğulduğu torpağın kodlarını daşıyır, yoxsa, bu, bir özləmdir, insan bir şəkildə çevrəsini özünə doğma görüntülərlə zənginləşdirir?

- Bu, qan yaddaşıdır. Ən dünyəvi sayılan yaradıcı insana diqqət edin, onun əsərlərində mütləq mənsub olduğu millətdən nələrsə var. Bayaq unutdum, ən böyük şanslardan biri dahi Səttar Bəhlulzadənin ustadım olmasıdı. O, gerçəkdən xalqın rəssamı idi. Onun sənətinin dili Azərbaycan dilidir. Allah rəhmət eləsin... Doğma atam rəhmətə gedəndə mən ağlamamışdım, amma Səttar dünyasını dəyişəndə ağladım. O fövqəlinsan idi. Çox rəssamlar gördüm, amma təbiəti, insanı onun kimi duyana çox nadir rast gəldim. Məni ilk dəfə Bakıdan kənara Səttar Bəhlulzadə aparıb. Qubaya, Şamaxıya, bir də Borçalıya – Qardabana getmişdik. Oraları çox sevirdi, doğurdan möhtəşəm təbiəti var o yerlərdə.

- Sənət aləmi öz sirrini hər kəsə açmır, təbii. Rəsm necə yaranır? Öncə təxəyyüldə, yoxsa, gözün də görməsi şərtdir? Məsələn, məkanın sizin üçün önəmi var? Siz harada daha rahat işləyə bilirsiz?

- Açıq deyim?

- Mümkünsə...

- Heç yerdə... Mən özümü bu maddi dünyanın adamı hesab etmirəm. Bu dünya maddidir, zorakıdır, qəddardır. Mənim öz dünyam var - orada yaşayıram. Orada musiqi var, poeziya var, reallıqlar ordan uzaqdı. Gözlərin görə bilmədikləri maraqlıdır. Bunu izoterika da adlandırmaq olar, pararlel dünya da, necə istəsəz... Vatikanda sərgim açılmazdan öncə İncili oxumağa başlamışdım. Bir ara fikrim İsa Məsihin “itirdiyi” illərdə qalmışdı. İncildə onun bir 14 yaşına qədərki həyatı var, bir də 28 yaşından sonrakı həyatı – yəni peyğəmbərlik dönəmi. Bəs, bu 14 ildə o, hardaydı? Bu sual mənə rahatlıq vermirdi. Çox araşdırdım, çox ədəbiyyat axtardım, axırda belə bir informasiya tapdım ki, həmin 14 ili Məsih Doğuda - Tibetdə və Hindistanda keçirib. Artıq elm də bunun sübut edib, Vatikan da qəbul edib. Hətta onun Kəşmirdə dəfn edilməsi ilə bağlı fikirlər də var. Hətta ora zəvvarlar da axışır... Bunları ona görə deyirəm ki, sizə mənim maraq dairəm aydın olsun – bugünkü dünya mənə maraqsızdır. Mən maraq dairəmin yaratdığı dünyada özümü rahat hiss edirəm.
- Tibetdə olmusunuz?

- 2 dəfə Hindistanda olmuşam. Indi üçüncü və daha ciddi səfərimə hazırlaşıram. Himalayın ətəklərini gəzəcəm, Nepala gedəcəm.

- Azərbaycanın sizin üçün anlamı nədir?

- Hər kəsə doğulduğu yer əzizdir. Bakı da mənim üçün əvəzedilməzdir. Mənə elə gəlir ki, insanın ən çox sevdiyi və ən çox küsdüyü yer doğulduğu yerlərdi. Həm mənfi, həm müsbət mənada ən güclü emosiyalar orada yaşanır.

- Siz də küsmüsüz? Ümumiyyətlə Azərbaycandan köçməyinizdə bu küsməyin payı nə qədərdir?

- Əlbəttə olub. Sərgilər vaxtı məni o qədər küsdürüblər ki... Düz 3 dəfə əsərlərim respublika səviyyəli sərgilər üçün seçilib, amma ən son gün siyahıdan çıxarıb yerimə vəzifədə olan birinin qohumunun çəkdiklərini qoyublar. Bir dəfə təşkilatçılardan birinin əsərimi ayağı ilə itələdiyini gördüm. Birində isə lap ağır zərbə aldım. Saat 16-da sərgi açılır, saat 12-dir, son tamamlama işləri gedir, əsərlər asılıb, hər şey yerli-yerində, mən bütün dostlarımı dəvət etmişəm, həyəcanlıyam, birdən komissiyanın üzvlərindən biri deyir - bu əsərlərə ehtiyac yoxdu, çıxarın ekspozisiyadan... Bütün bunlar insanda sərhədsiz bir təəssüf yaradır. Yaradıcı insanlar üçün belə sındırılmaq cəhdinin nə demək olduğunu anlamaq çətin deyil... Amma mənim iç dünyamda qəzəb yoxdur. Tanıyanlar bilir, heç zaman maddiyyata bağlılığım olmayıb. Lap nəhəng pul olsun – o, gələ də birlər, gedə də... Insan münasibətlərini heç bir məbləğin qarşılığında almaq olmur. Bütün yaxşı hissləri də, əlində olanları da təmmənnasız paylaşmağı bacarmalıdır insan. Təmənna gözləməyəndə daha yüksək şəkildə mükafatlandırılırsan. Insanlar sənin qapını xeyir qapısı kimi tanıyanda sanki ilahi bir mühafizə altında olursan. Mənfi münasibət görəndə intiqam haqqında düşünməyə ehtiyac yoxdur. Yüksəlmək, yüksəlmək, yüksəlmək lazımdı. Azərbaycandan getmək səbəblərim sırasında bu da var, təbii... Ən sıradan gənclər müsabiqəsinə yolu bağlanan gənc rəssamın özünü daha geniş auditoriyalarda təsdiq eləməkdən başqa yolu qalmır.
İndi Azərbaycanın mədəniyyət mühiti ilə yaxın təmaslarınız varmı? Yenə istedadlar sıxışdırılır?

- Var, təbii... Indi sənət birliklərinə istənilən adam daxil ola bilər. Istedada o qədər də ehtiyac yoxdur. Rəhbərlikdəki şəxslərlə normal münasibətlər olsa, yaşıl işıq yanacaq. Yaradıcı birliklərdə ciddi devalvasiya gedib. Tək rəssamlıqda belə deyil ki... Ədəbiyyat, bəstəkarlıq, jurnalistika ilə bağlı birliklərdə də durum eynidir. Bizim dönəmdə yaradıcı birliklərin üzvü olmaq prestij sayılırdı. Ayrıca tibb xidmətimiz, istirahət məkanlarımız, mükafatlar vardı, dövlət sifarişləri alırdıq. Personal sərgi bir dəfə olurdu. Bu yaradıcı insan üçün böyük yaradıcılıq imtahanı və uğuru sayılırdı. Indi, Bakıda da, Moskvada da, elə hər yerdə sənət məktəbinin 2-ci kursunda oxuyan tələbə pulu, yuxarılarla normal münasibəti varsa, şəhərin ən sayılan məkanında sərgi keçirə bilər. Bütün bunlar sənətin dəyərini öldürür...

- Əşrəf bəy, təsvir etdiyiniz azad mühit sənətə heç nə qazandırmayıb? Axı, sənət tapşırıqlı alınan iş deyil. Qoy, lap yuxarılarda tanışı olanların sərgisi gəncliklərində keçirilsin, hər kəsə aydın olsun ki, onlar istedadlarına görə yox, şəxsi əlaqələrə görə irəli çəkiliblər. Tanınsınlar, sıradan çıxsınlar. Onsuz da onlarınkı sənət deyil ki, həvəsdi. Belələri nə qədər qala bilər ki, “sənət”də...

- Yanaşmalar fəqrlidir. Amma mən bunu azad mühit qəti adlandırmazdım. Gənclər indi yeni “izm”lər yaradırlar, kompüter “siçan”ı ilə nələrsə çəkirlər. Rəsm təxəyyüldən barmaqlarla maddi dünyaya süzülməlidir. Bu enerji bağı olmadan hansı sənət yaratmaq olar, mən bilmirəm...

- İndi nələri çəkirsiz?

- Əsas yaradıcılığım Azərbaycan, Bakı – Abşeron və türkçülük üzərindədir. İndi daha geniş coğrafiyaya – Avrasiyaya keçməyə hazırlaşıram. Mənim dünya görüşümə Çingiz Aytmatov çox güclü təsir edib. Biz onunla uzun illər ailəvi dostuq etdik. Miqyaslı, planetar düşüncə tərzini o mənə aşılayıb. Azərbaycan türk dünyasının bir parçası olduğu üçün türklük düşüncəsindən kənarda ola bilməz. Bizim dahi rəssamların əsərlərinə diqqətlə baxanda onların hamısının türk düşüncə tərzinin məhsulu olduğu ortaya çıxır. Hətta ana dilində yaxşı danışa bilməyənlərin əsərlərində də bu kodlar var...

- Dil, xüsusən incəsənət xadimlərinin ana dilində danışa bilməməsi ağrılı yerimizdir... Yeri gəlmişkən, hər zaman məni bir sual düşündürüb ki, niyə məşhur rəssamların çoxu Bakıdandır? Siz bu sualın cavabını bilirsiz?

- Mən də bilmirəm. Söyləmək çətindir.

- Tez-tez gəlirsiz, Bakıya?

- Hər il bağ mövsümünü Bakıda, Şüvəlanda oluram. Mənim köklərim Şüvəlana, Qalaya bağlıdır. Babam Ələşrəf yaşlı qalalıların yadındadı. O, Qalada məktəb, hamam tikdirib.
Torpağı sanı yaşayasız. Əşrəf bəy, sizi Avropada diaospor işinin veteranlarından sayırlar. Hətta buna görə Bakı sizi “Tərəqqi medalı” ilə mükafatlandırıb. Amma biz bu diaspor işini deyəsən, uğurlu qura bilmirik... Ölkədən kənara çıxanda görürük ki, Azərbaycanı tanımırlar. Bizi sevməyənlərin təbliğatı ilə tamam yanlış informasiya formalaşıb, haqqımızda... Səbəb nədir, sizcə?

- Çünki kənarda yaşayanlarımızın çoxu manqurtlardur, yəni vətənsiz, tarixi yaddaşı olmayan insanlar. Onlar xaricə ancaq maddiyyat, rahat həyat dalınca qaçıblar. Ona görə də heç bir işin qulpundan yapışmırlar. Sonda da biz informasiya savaşını uduzuruq. 1995-də biz Almaniyaya, Koblentsə köçdük. 97-ci ildə “Bakı” cəmiyyətini yaratdım. Bütün Almaniyadan 60 nəfər topladım. Öz maliyyəmlə bir neçə tədbir keçirdim, müxtəlif icmalar arasında Azərbaycanı tanıtmaq üçün broşürlərə qədər çap etdirdim. Sonra işimizi davam etdirmək, bir qədər də genişləndirmək üçün özümüzünkülərə müraciət etdim – 1 avro da verən olmadı. Nürünberqdə 11 imkanlı soydaşımız yaşayırdı. Onları dəyirmi masaya topladım, təkliflər verdim, hamısı söz verdi ki, biz bu işin arxasındayıq. Koblentsə qayıtdım, hamısı qeybə çəkildi... Dəyişmək lazmdır...

- Almaniya əsrlərdir ki, dünyanın mədəniyyət mərkəzlərindəndir. Siz fərqli mədəniyyətin daşıyıcısısınız. Almaniyanın mədəni mühiti sizi necə qəbul elədi?

- Yaxşı olmasaydı, mən bu qədər zamanı orda yaşamazdım, hər halda... Almaniya möhtəşəmdir. Yaradıcı insanlar üçün çox uğurlu məkandır. Toplum sənətə dəyər verir, sənətkarı qiymətləndirir. 60 illiyimi Berlin Senatı keçirib. Bu, bizim keçmiş səfirimiz Pərviz Şahbazov təşəbbüsü ilə baş tutmuşdu. Senatda sərgim açıldı, yubiley mərasimi keçirildi, siyasət, sənət dünyasının tanınmışları gəldilər, gözəl çıxışlar oldu. Bu, Berlin Senatı yaranandan o binada keçirilən ilk sərgi idi. Ardınca gözəl kataloq hazırlandı. 65 yaşım isə Naxçıvanda keçirilib.

- Təzadlı marşrutdur – Almaniyadan Naxçıvana...

- Naxçıvanda şəxsi qonaq idim. Naxçıvanın təbiəti təkrarsızdır. Ola bilər ki, perspektivdə yalnız Naxçıvan peyzajlarından ibarət sərgi keçirim. Mistik məkandır. Kosmik peyzajlar gördüm, orada...
- Koblentsdə nəhəng bir divar rəsminiz olduğunu bilirəm. O hekayə də maraqlıdır...

- Koblentsə yeni köçmüşdük. Şəhər rəhbərliyinə təklif verdim ki, hədiyyə olaraq bir divarı başdan-başa çəkə bilərəm. Onlar da 180 metr uzunluqda 450 kvadratmetrlik bir divar təklif etdilər. Razılaşdım. Adətən, belə işləri briqadalar görür. Tək işlədim. Hər gün 10 metri çəkirdim, təxminən... Əsərin adını “Reynland Pfaltsın simfoniyası” qoydum. 6 ay çalışdım, 250 çətin kompazisiya yaratdım, Ginnesin “Rekordlar kitabı”na düşdüm. Almaniyanın 11 qəzeti haqqımda geniş məqalələr yazdı. Açılışı şəhər meriyası böyük bayram kimi keçirdi. Açıq havada musiqilər, rəqslər... Gözəl bir tədbir oldu.

- Əsərdə Bakı, Azərbaycan var?

- Onsuz olmaz ki.. Qız qalası da var, tar da var.

- Sizi orda necə təqdim edirlər? Azərbaycanın əməkdar rəssamı Əşrəf Heybətov?

- (Gülür) Yox, Avropada fəxri ad anlayışı yoxdur. Xalq rəssamı, əməkdar rəssam-filan bunlar oralar üçün deyil. Orada kiminsə rəssam, ya yazar, şair, bəstəçi adlandırılması ən böyük addır. Mən axı, portret də çəkirəm. Yazar, Nobel mükafatının sahibi Günter Qrasın portretini işləmişəm. Onu bütün dünya tanıyır. Amma Almaniyada onun adının önünə “ünlü yazar”, “xalq yazıçısı” ifadələrinin artırılmasına ehtiyac duyulmur. Sadəcə yazar... Mən də sadəcə, rəssamam...

Aygün Muradxanlı

Geri dön