Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Avropa Şurasında Azərbaycanda milli azlıqların dillərinə dövlət qayğısından danışılıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Siyasət > Avropa Şurasında Azərbaycanda milli azlıqların dillərinə dövlət qayğısından danışılıb

Avropa Şurasında Azərbaycanda milli azlıqların dillərinə dövlət qayğısından danışılıb


Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Parisdəki qərargahında qurumun mədəniyyət, elm, təhsil və media komitəsinin mayın 22-də keçirilən toplantısında Avropada idmanın, xüsusilə də futbolun inkişafı, onun baş təşkilatı FIFA-nın müxtəlif problemləri ətrafında geniş dinləmələr və müzakirələr aparılıb.

Sonra macarıstanlı deputat P.Hofmanın “Avropada milli azlıqların dillərinin qorunması və inkişafı” adlı məruzəsi ətrafında fikir mübadilələri aparılıb. Müzakirələrə qatılan komitə üzvü Rafael Hüseynov problemin aktuallığına diqqəti çəkərək bildirib: “Milli azlıqlarla bağlı məsələ tarixin bütün dövrlərində çox həssas olub və sərhədlərin daha açıq, coğrafiyaların bir-birinə daha çox yaxınlaşdığı zamanda daha çox aktuallıq kəsb edir. Azərbaycan da çoxmillətli, çoxdinli, çoxmədəniyyətli bir ölkədir və bu problem bizim üçün də ciddi məna kəsb edir. Milli azlıqlarla bağlı siyasətin bu gün nə şəkildə aparılmasından çox həmin siyasətin uğurlu nəticələr verə bilməsindən ötrü ölkədə müvafiq ənənələrin varlığı mühümdür. Əgər keçmişdən gələn belə ənənələr varsa, prosesi tənzimləmək daha rahat olur”.

Deputat müzakirə edilən problemi Azərbaycan müstəvisində nəzərdən keçirərək deyib: “Azərbaycan milli azlıqların hüquqlarının qorunması, konkret olaraq onların dillərinə qayğı baxımından örnək ölkələr sırasındadır. Milli, dini, mədəni tolerantlığın əsrlərdən bəri gələn zəngin təcrübəsi bu gün də ölkədə həmin istiqamətdə problemləri yox səviyyəsinə endirə bilir”.

Bildirilib ki, Azərbaycanın Quba rayonunda dəniz səviyyəsindən 2350 metr hündürlükdə yerləşən, 5 min il yaşı olan Xınalıq kəndinin 2 min nəfərə qədər əhalisinin xüsusi dili və 47 hərfdən ibarət əlifbası var. Xınalıq dili məktəbdə tədris edilir və dövlət tərəfindən dərs vəsaitləri nəşr edilir. Bu balaca kəndin və nadir etnik qrupun ömrünü davam etdirməsi üçün Azərbaycan dövləti bütün tədbirləri görüb və görür. Ruslar, yəhudilər, talışlar, tatlar, gürcülər və 20-dən artıq digər milli azlıq Azərbaycanda mehriban bir ailədə yaşayır, onların məktəbləri, nəşrləri, mətbuat orqanları var.

Milli Məclisin mədəniyyət komitəsinin sədri hər ölkənin milli azlıqlarla bu və ya digər dərəcədə problemlərinin ola biləcəyini vurğulayaraq yalnız AŞPA-ya üzv bir dövlətin həmin məsələni özünəməxsus tərzdə həll etmiş olduğunu söyləyib və mövzunu Ermənistanın bu sahədə apardığı siyasətin neqativ tərəflərinə yönəldib: “Bu gün Azərbaycan ərazilərinin 20 faizini işğal altında saxlayan Ermənistanda azərbaycanlı qalmayıb, amma Azərbaycanda ölkə vətəndaşı olan minlərlə erməni yaşayır. Bu fakt milli azlıqlara dözümlü münasibəti ifadə edən çox ibrətli göstəricidir. Avropa Şurasına üzv dövlətlərdən yalnız biri özünəməxsus arxayınlıqla “bizdə milli azlıqlar, onların dilləri ilə bağlı problem yoxdur” deyə bilər ki, bu da Ermənistandır. Niyə? Çünki Ermənistanın sistemli şəkildə apardığı monoetnik dövlət yaratmaq siyasəti ona gətirib çıxarıb ki, əvvəlcə 300 mindən artıq azərbaycanlı həmin ölkədə yüz illər ərzində kompakt yaşadığı ərazilərdən didərgin salınıb və digər milli azlıqlar tədricən ölkədən çıxarılıb. Bu ölkədə milli azlıqlarla əlaqədar problemlər şəbəkəsini biryolluq həll etmək və daha heç vaxt bu haqda narahatlıq duymamaq üçün “adam yoxdur, problem də yoxdur” xətti əsas götürülüb”.

Çıxışının sonunda Rafael Hüseynov milli azlıqlar, onların dilləri və digər bu qəbil problemlərlə əlaqədar daim diqqətdə saxlanmalı vacib bir nöqtəyə də toxunub: “Milli azlıqlarla bağlı müxtəlif ölkələrə qarşı xarici qüvvələrin təxribatlar törətmək, separatizmə rəvac vermək cəhdləri də olur ki, bu təmayül son dərəcə təhlükəlidir. Bir dövlət öz ölkəsində milli azlıqlar üçün ən ideal şəraiti yaratsa belə, idarə olunan, təsir altına düşən müəyyən şəxslər, qruplar konkret ölkədə guya hansısa milli azlığa qarşı təzyiqlər və ya diqqətsizliklərin mövcudluğu barədə hay-küy qaldıra bilər və bunun son illərdə müşahidə olunmuş nümunələri də az deyil. Bu elementdən hansısa dövlətlərə qarşı sabitliyi pozmaq, kənardan hərbi müdaxilə, təcavüz vasitəsi kimi istifadə edilməsi halları da rast gəlinir. Düşünürəm ki, milli azlıqlarla bağlı ən narahatedici problem elə budur. Rasizm, ksenofobiya, millətçilik həmişə cəmiyyətə yalnız zərər yetirib və XXI əsrdə belə həmin elementlərin varlığı təəssüf doğurmaya bilmir. Həmin neqativ hallara qarşı mübarizə, milli azlıqların hər ölkədə hüquqlarının tam təmin edilməsi ortaq işimiz, daha sivil Avropa evi quruculuğunda daim başlıca vəzifəmiz olmalıdır. Lakin, eyni zamanda, milli azlıqlardan ayrı-ayrı ölkələrə qarşı xarici qüvvələrin separatçı məqsədlərlə istifadəsinə qarşı da mütəşəkkil, müştərək qarşıdurma və müqavimət üçün daim səfərbər olmalıyıq”.

Şəhla Ağalarova

Geri dön