Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Dini radikalizm ictimai təhlükəsizliyə açıq təhdiddir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > İslam dini > Dini radikalizm ictimai təhlükəsizliyə açıq təhdiddir

Dini radikalizm ictimai təhlükəsizliyə açıq təhdiddir


İyunun 29-da Göyçayda “Radikalizm və ekstremizmin mahiyyəti, yaranma səbəbləri və onlara qarşı mübarizənin hüquqi əsasları” mövzusunda seminar-müşavirə keçirilib.

Göyçay şəhər Heydər Əliyev Mərkəzində təşkil olunan müşavirədə Baş Prokurorluq, Daxili İşlər və Ədliyyə nazirlikləri, Dövlət Təhlükəsizliyi Xidməti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Göyçay, Şamaxı, İsmayıllı, Qəbələ və Ağsu rayonlarının yerli strukturlarının rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri, ziyalılar, bölgənin din xadimləri, dini icma sədrləri və gənclər iştirak ediblər.

Müşavirədən əvvəl Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sifarişi ilə çəkilmiş radikalizmlə mübarizənin dini, psixoloji, hüquqi, siyasi və mənəvi tərəflərinin işıqlandırıldığı “Fitnə” sənədli filmi nümayiş olunub.

Filmin nümayişindən sonra tədbiri açan Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə bildirib ki, ulu öndər Heydər Əliyevin uzaqgörənliklə əsasını qoyduğu və bu gün Prezident İlham Əliyevin davam və inkişaf etdirdiyi dövlət-din münasibətləri sağlam prinsiplər üzərində qurulub. Ölkəmizdə ənənə halını almış tolerant və multikultural mühit bütün dünyada ən müasir və mütərəqqi cəmiyyət modeli kimi qəbul edilir. Mehdi Səlimzadə qeyd edib ki, bu ilin respublikamızda “İslam Həmrəyliyi İli” elan olunması həm İslam aləmi daxilində, həm də dünyada müxtəlif sivilizasiyalar arasında həmrəyliyə töhfə verəcək.

DQİDK sədrinin müavini Səyavuş Heydərov bildirib ki, ölkəmizdə vicdan azadlığı yüksək səviyyədə təmin edilməklə bütün dinlərə bərabərhüquqlu münasibət göstərilməkdədir. Bununla yanaşı, bəzi hallarda bu münasibətdən sui-istifadə edilməklə tarixən formalaşmış milli-mənəvi dəyərlər sisteminə zidd olan ünsürlərin və cərəyanların destruktiv təsirinin, cəmiyyətin həyatına nüfuzetmə cəhdlərinin, xüsusilə dini zəmində ekstremizm və separatizmin yayılmasının qarşısının alınması məqsədilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi müvafiq dövlət orqanları ilə birlikdə mövcud qanunvericilik çərçivəsində genişmiqyaslı maarifləndirmə, qabaqlayıcı və profilaktik xarakterli tədbirlər keçirməkdə davam edir.

Daha sonra çıxış edən Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Oqtay Tağıyev təmsil etdiyi qurumun dini radikalizmlə mübarizə istiqamətində həyata keçirdiyi profilaktik və inzibati tədbirlərdən söz açıb. O, dini radikalizmin ictimai təhlükəsizliyə açıq təhdid olduğunu bildirərək, müştərək mübarizənin vacibliyini vurğulayıb.

Baş Prokurorluğun idarə rəisinin müavini Novruz Hacıyev dini radikalizm və onun fəsadları, eləcə də hüquqi müstəvidə aparılan mübarizə metodologiyası haqqında geniş məlumat verib. O, ölkəmizdə hər bir vətəndaşın dini etiqad azadlığının təmin olunduğunu, bununla yanaşı, yaradılmış etiqad azadlığından digər məqsədlər üçün istifadənin yolverilməzliyini diqqətə çatdırıb.

Sonda çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin bölgə qazısı Əli Məmmədov dövlət rəhbərliyinə dindarlara göstərdiyi qayğı üçün təşəkkürünü bildirib. O, ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan dövlət-din münasibətlərinin bu gün ölkəmizin inkişafına böyük töhfə verdiyini və dindarların daim bütün məsələlərdə dövlətin yanında olduğunu söyləyib.

Seminar–müşavirə müzakirələrlə davam etdirilib. Vurğulanıb ki, radikalizmlə mübarizədə hər bir Azərbaycan vətəndaşı, xüsusilə də ziyalılar və dindarlar fəallıq göstərməlidirlər. Gənclərimizi dini və mənəvi-əxlaqi dəyərlərimizə yad olan radikal təriqətlərin təsirindən qorumaq hamımızın vətəndaşlıq borcudur. Müşavirədə, həmçinin dini radikalizmlə mübarizədə maarifçilik işinin təşkilinə xüsusi önəm verilməsinin vacibliyi də vurğulanıb.

Geri dön