Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Muxtar respublikada arıçılığın inkişafına diqqət artırılır
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İqtisadiyyat, Müsahibə > Muxtar respublikada arıçılığın inkişafına diqqət artırılır

Muxtar respublikada arıçılığın inkişafına diqqət artırılır


Son illər muxtar respublikada digər təsərrüfat sahələri kimi, arıçılığın inkişafına da böyük qayğı göstərilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il noyabrın 18-də imzaladığı Sərəncamı ilə təsdiq olunmuş “2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Proqramı”ndan irəli gələn vəzifələrin yerinə yetirilməsi məqsədilə arıçılara güzəştli kreditlərin verilməsi, onlarla maarifləndirici söhbətlərin aparılması yeni uğurlar qazanılmasına zəmin yaradır.

“Naxçıvan Muxtar Respublikası Arıçıları” İctimai Birliyinin sədri Vaqif Məmmədov müsahibəsində qeyd edib ki, bu dövlət proqramı muxtar respublikada arıçılığın təşkilini, hüquqi və iqtisadi əsaslarını müəyyən etməklə həmin sahədə münasibətləri tənzimləyir. Arıçılığın inkişafı istiqamətində həyata keçirilən davamlı tədbirlər arı ailələrinin və arıçılıq məhsullarının çeşidinin artırılması, arıçılıqda xəstəliklərə qarşı mübarizə tədbirlərinin gücləndirilməsi keyfiyyətli məhsul istehsalına, bazarın yerli məhsullarla təmin olunmasına imkan verib.

Dövlət proqramının icrası nəticəsində bu sahədə daha böyük uğurlar qazanılacaq, yerli və ənənəvi arı cinsləri yetişdirilməsi davam etdiriləcək, məhsul istehsalı artırılacaqdır. Sənəddə arıçılıq təsərrüfatlarında elmi nailiyyətlərin və qabaqcıl təcrübənin tətbiqi üçün sahibkarlar arasında maarifləndirmə işlərinin aparılması, bal və digər arıçılıq məhsullarının emalı və qablaşdırılması müəssisələrinin yaradılması, tələbatdan artıq istehsal edilən arıçılıq məhsullarının ixracının stimullaşdırılması nəzərdə tutulub. Dövlət proqramının icrası nəticəsində muxtar respublika əhalisinin arıçılıq məhsullarına olan tələbatı yerli istehsal hesabına ödəniləcək, bu məhsulların ixracına nail olunacaq, arı ailələrinin sayı 100 minə çatdırılacaq, arıçılıq sahəsində mütəxəssislər hazırlanacaq.

Muxtar respublikada qədim və çox əhəmiyyətli təsərrüfat sahəsi olan arıçılığa göstərilən dövlət qayğısı öz bəhrəsini verib, bu sahə yüksək inkişaf mərhələsinə qədəm qoyub, arıçılıqla məşğul olmaq istəyən sahibkarlıq subyektlərinin sayı ildən-ilə artıb. Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, bu gün muxtar respublikada 70 min 530-dan çox arı ailəsi saxlanılır. Bu da 1996-cı il yanvarın 1-nə olan göstəricidən 8,8 dəfə çoxdur. Bu gün muxtar respublikada 4 min 800-dən çox sahibkar arıçılıqla məşğul olur ki, onlardan da 700-dən çoxunun 20-dən 350-dək arı ailəsi vardır.

Arıçılıqla məşğul olmağa bəziləri maraqlı məşğuliyyət kimi yanaşsalar da, əslində, bu qədim peşə həm də qazanc mənbəyidir. Bu təsərrüfat sahəsini genişlətmək və inkişaf etdirməklə ailələr maddi güzəranlarını yaxşılaşdırırlar. Lakin arıçılıq xüsusi bilik və vərdişlərə malik olmağı tələb edir. Həmin keyfiyyətlərə yiyələnmədən, yenilikləri və qabaqcıl təcrübəni nəzərə almadan bu sahə ilə məşğul olanlar təsərrüfatlarını inkişaf etdirə bilmir, hətta ili zərərlə başa vururlar.

V.Məmmədovun sözlərinə görə, “Naxçıvan Muxtar Respublikası Arıçıları” İctimai Birliyi muxtar respublikanın Kənd Təsərrüfatı Nazirliyi ilə birgə arıçılar üçün iki adda xüsusi yaddaş kitabçası hazırlayıb və onlara çatdırılıb. Maarifləndirici xarakter daşıyan həmin yaddaş kitabçaları arıçılar üçün ilkin məlumat mənbəyi rolunu oynayır.

Arı ailələrinin sığortalanması da mühüm əhəmiyyətə malikdir. Dövlət proqramının “Arı ailələrinin sığortalanması işinin təşkili. Bununla bağlı maarifləndirmə tədbirlərinin həyata keçirilməsi” bəndində bu məsələ öz əksini tapıb. Muxtar respublikanın Dövlət Baş Sığorta Agentliyindən verilən məlumata görə, arı ailələri yoluxan xəstəliklərdən, xüsusi təhlükəli ziyanvericilərin yayılmasından və hücumundan, yanğın, çovğun, dolu, ildırım vurması hallarından sığortalanır. Arı ailələri dəyərinin 70 faizi məbləğində sığorta olunur, sığorta tarifi isə sığorta məbləğinin 5 faizi həcmində müəyyən olunur. Məsələn, bir arı ailəsinin dəyəri 150 manat həcmində qiymətləndirilərsə, onun sığorta məbləği 105 manat müəyyənləşdirilir. Sığorta haqqı isə 5 faiz tariflə hesablanaraq 5 manat 25 qəpik ödəməklə onu sığorta etdirə bilər. Arı ailələrinin sığortalanması könüllü surətdə aparılır. Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyi tərəfindən yeni formalaşdırılan bir ilə qədər arı ailələrinin (beçələrin) sığortalanması nəzərdə tutulmur.

Qeyd edək ki, arıçılıq yeganə təsərrüfat növüdür ki, artırılmasında və genişləndirilməsində ətraf mühitə heç bir mənfi təsir göstərmir, normadan artıq yüklənmə baxımından isə məhdudiyyət yoxdur. Bu sahənin daha da inkişafı isə ətraf mühit üçün də faydalı nəticələr verəcək.

Geri dön