Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > AŞ Azərbaycana xəbərdarlıq yolladı - İlqar Məmmədov üçün son bir ay...
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasi partiyalar, Fərəc Quliyev > AŞ Azərbaycana xəbərdarlıq yolladı - İlqar Məmmədov üçün son bir ay...

AŞ Azərbaycana xəbərdarlıq yolladı - İlqar Məmmədov üçün son bir ay...


REAL sədri İlqar Məmmədovun azadlığa buraxılması ilə bağlı Azərbaycana verilən vaxtın başa çatmasından sonra Avropa Şurası Nazirlər Komitəsi oktyabrın 25-də gözlənilən qərarını açıqlayıb. Beynəlxalq qurum rəsmi Bakıya Avropa İnsan Hüquqları Məhkəməsinin vicdan məhbusunun işi üzrə qərarının icrasının təmin edilməsi zərurəti ilə əlaqədar hüquqi tədbirlərə başlamaq niyyəti haqqında rəsmi bildiriş göndərib.

Nazirlər Komitəsinin 25 oktyabr tarixli iclasının yekunlarına dair press-relizdə xatırladılır ki, müxalif siyasətçi Məmmədovun həbsi və uzun müddət həbsxanada saxlanılması Avropa İnsan Hüquqları Konvensiyasının bir sıra maddələrinin pozulması ilə müşahidə olunub. Xüsusən, məhkəmə müxalifətçinin təqibinin və saxlanılmasının faktiki məqsədinin Konvensiyanın 18-ci maddəsinə (hüququn məhdudlaşdırılmasının tətbiqi hədləri) zidd olaraq hökumətin tənqidinə görə onu susdurmaq və ya cəzalandırmaq idi. Bu günə qədər AİHM 18-ci maddənin yalnız beş nəfər barəsində pozulduğuna qərar verib və İlqar Məmmədov istisna olmaqla, bütün bu hallarda ərizəçilər azad edilib.

Nazirlər Komitəsi eyni zamanda 2010-cu ildə tətbiq edilmiş, qərarın yerinə yetirilməməsinin konvensiyanın əlavə olaraq pozulması olub-olmadığı barəsində qərar qəbul etmək üçün işin yenidən Avropa İnsan Hüquqları Məhkəməsinə qaytarılmasını nəzərdə tutan prosedurun başlaması haqqında qərar qəbul edib. “Bugünkü müvəqqəti qətnamədə komitə Azərbaycana noyabrın 29-na qədər öz fikrini yazılı formada təqdim etmək imkanı verib. O vaxta qədər qərar qəbul edilməsə, Nazirlər Kabineti işi Avropa İnsan Hüquqları Məhkəməsinə verən növbəti müvəqqəti qətnamə dekabrın 5-də müzakirə edəcək”, deyə bəyanatda bildirilir.

Nazirlər Komitəsinin Azərbaycana göndərdiyi bildiriş dünyanın bir çox ölkələrinin mətbu səhifələrində yer alıb. Çıxarılan qərardan anlaşılır ki, İ.Məmmədovla bağlı Azərbaycan hökumətinə verilən vaxtın ömrü bir aylıq uzadıldı. İstənilən halda REAL sədri ilə bağlı rəsmi Bakını gözləyən təhlükələr qalmaqda davam edir. Noyabrın 29-na qədər o, azad edilməsə, çox güman ki, dekabrın 5-dəki iclasda Azərbaycan əleyhinə ciddi qərar qəbul edilə bilər.

REAL-ın İdarə Heyətinin üzvü Rəsul Cəfərov “Turan”a açıqlamasında bildirib ki, Nazirlər Komitəsi bu proseduranı işə salmaqda gecikib: "Bəlkə də bu prosedura hökmün qüvvəyə minməsindən dərhal sonra və ya bundan bir müddət sonra işə salınsaydı, İlqar Məmmədov artıq azadlıqda olardı. Komitənin bugünkü qərarı kontekstində Azərbaycan hakimiyyətini İlqar Məmmədovu azad etməyə çağırıram. Bu, Azərbaycanın milli maraqları nöqteyi-nəzərdən doğru addım olardı".

Fuad Ağayev: “Azərbaycan tərəfin müvafiq addımları olmasa...”
İ.Məmmədovun vəkili Fuad Ağayev Nazirlər Komitəsinin son qərarını belə şərh etdi: “Burada heç bir yenilik yoxdur. Yəni nəyinsə müddəti uzadılmayıb. Nazirlər Komitəsinin bundan əvvəlki qərarında göstərilmişdi ki, katibliyə tapşırıq verilsin, oktyabrın 25-nə qədər Azərbaycana qarşı xəbərdarlıq hazırlansın. Gördüyünüz kimi, həmin xəbərdarlıq hazırlanıb. Bu xəbərdarlığın da Azərbaycana qarşı ünvanlanması barədə qərar qəbul edib. Həmin xəbərdarlıqda göstərilən müddət ayrı bir şeydir. Aralıq qətnaməsi qəbul edilib, həmin qətnamədə də müvafiq məsələ əks olunub. Bu qətnamədən görünür ki, Azərbaycan tərəfin müvafiq addımları olmasa, öz tarixində ilk dəfə olaraq Avropa Şurası Nazirlər Komitəsi Avropa Məhkəməsinə sorğu ilə müraciət edərək, Azərbaycanın qəbul edilən qərarları icra etməməsinin, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsinin beynəlxalq hüquqi öhdəliklərin pozuntusu olub-olmaması ilə bağlı suala, sorğusuna cavab istəyəcək”


Fərəc Quliyev: “Avropa Şurası Azərbaycanla danışıq tərzini dəyişməlidir”


Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev təzyiqlərə görə deyil, başqa səbəblərdən İlqar Məmmədovun azadlığa buraxılmasının vacibliyindən söz açdı: “Təzyiq vasitəsilə bu məsələnin həlli real görünmür. Avropa Şurasında bir qrup lobbist bu məsələdən ölkəmiz əleyhinə istifadə edir. Bunu bütün qurum üzvlərinə şamil etmək də düzgün deyil. Bu gün İlqar Məmmədov məsələsidir, səhəri gün bu problem olmayanda axtarışa çıxıb, yeni nəsə tapmağa çalışacaqlar. Burada çox böyük oyunlar gedir. Azərbaycan rəhbərliyi təzyiqlərə görə deyil, ölkəmizin mənafelərinə uyğun olaraq müvafiq qərarlar qəbul edə bilər. Göründüyü kimi, oktyabrın 25-nə qədər qoyulan vaxta heç əhəmiyyət də verilmədi. Hesab edirəm ki, bundan sonra Avropa Şurası təzyiq və təhdidlərindən əl çəkməlidir. Xahişini edə, tövsiyələrini verə bilər. Bizdə məhkəmə azaddır, ona hörmət olunmalıdır. Siyasi rəhbərliyin dövlət maraqları baxımından müəyyən addımlar atması uyğundur. Mən də məhbəsdə olmuşam. Bütün məhbusların azad olunmaları arzularımdır. Bu cür təzyiqlərlə Azərbaycanın yerində otuzdurulması real deyil. Yenə deyirəm, bu gün İlqar məsələsi gündəmdən çıxa bilər, amma səhəri başqa yollarla təzyiqlər etməyə cəhd edəcəklər. Avropa Şurası Azərbaycanla danışıq tərzini dəyişməlidir. Bunlar olmadığı sürəcdə anlaşma əldə olunması mümkün deyil”.


Mirvari Qəhrəmanlı: “Azərbaycanın Özbəkistan tipli ölkələrin gününə düşməməsinə çalışmalıyıq”
Hazırda Estoniyada keçirilən beynəlxalq tədbirlərin birində iştirak edən hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı orada da Azərbaycana göndərilən bildirişdən söz açıldığını söylədi: “Burada iştirak etdiyim tədbirdə mənə çox ağır gəldi ki, ölkəm haqqında neqativ fikirlər səslənir. Hər dəfə də səslənən fikirlər qarşısında başımı aşağı salmalı oluram. Azərbaycanın Özbəkistan tipli ölkələrin gününə düşməməsinə çalışmalıyıq. İmkan vermək olmaz ki, ölkəmizi beynəlxalq qurumlardan çıxarsınlar. Qəbul edilən beynəlxalq qərarlara hörmətlə yanaşılmalıdır. İlqar Məmmədov cinayətkar, oğru, narkoman deyil. Ölkə ictimaiyyəti üçün də təhlükəli şəxs deyil”.

Cavanşir ABBASLI

Geri dön