Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İBRAHİM HƏSSAS ŞEİRLƏRİ
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, DAVAMın yazıları > İBRAHİM HƏSSAS ŞEİRLƏRİ

İBRAHİM HƏSSAS ŞEİRLƏRİ



Canavar adam...

Tənhasan, yalqızsan hələ dünyada,
Yaxşı ki, əlindən ulamaq gəlir.
Şükr elə, adamtək nə dona girmək,
Əlindən nə quyruq bulamaq gəlir.

Min köynək uzaqsan bu adamlara,
Yoxsa, sənə hürməz bu yad adamlar.
Səni tənha bilib it kimi tutar
Bu “kişi” adamlar, “arvad” adamlar.

Qorxma, ömrün sənin təzədən başlar,
Tanrı sənə qıymaz, Canavar adam.
Sənin dost saydığın dostlar, tanışlar
Səni adam saymaz, Canavar adam.

Təkcə ALLAH sayar səni o ALLAH,
Sənə dözüm verər, sənə tab verər.
Sənə canavartək dərdi ulamaq,
Sənə adam kimi iztirab verər.

Sən yenə ALLAHı çıxarma yaddan,
ALLAHın yadından çıxmaz varlığın.
Səni qarış-qarış izlər həyatda
Sənin adamlığın, canavarlığın.

Bəzən səni qovar, səni hürküdər...
Canına daraşar bu “it” adamlar.
Səni tənha bilib üstünə gedər,
Qanına bulaşar bu it adamlar.

Sənə diş atanın dişləri batmaz,
Quyruğun bulayar, Canavar adam.
Gündüz adam olar, gecəsə yatmaz,
Elə hey ulayar Canavar adam.




Sözü dilimizə çox görmə, ALLAH!

Yaşamaq ümidim ölür, deyəsən
Gözümün önündə qaçır adamlar.
Mənim qanadımı qırıb, doğrayıb
Baxın, sevincindən uçur adamlar.

Bu boyda ölkədə təkəm elə bil,
Sağımda-solumda ölənlər hanı?
Hanı doğmalarım, hanı dostlarım,
Qəbrimin üstünə gələnlər hanı?

Yadlaşır adamlar biri-birinə,
Tanımaq olmayır küçəni, tini.
Ey mənim şerimi sevən qız, dayan!
De hara uçursan göyərçin kimi?

Susur, hamı susur danışmır nəsə,
Sözlər dilimizə yatmır, deməli.
ALLAH səsimizə hay verməyirsə,
Səsimiz ALLAHa çatmır, deməli.

Sən niyə dinmirsən, niyə susursan,
Başımız üstündə dayanan adam?
Sən danış, ALLAHa daha yaxınsan,
Hər səhər namaza oyanan adam.

Biz günah içində boğuluruq, bil,
Bizim yaşamağa haqqımız yoxdur.
Bu ağız, bu qulaq, bu dodaq, bu dil
Ancaq söz deməyə vaxtımız yoxdur.

İlahi, kömək ol bizə bu yolda,
Sözü dilimizə çox görmə, ALLAH.
Onu sən vermisən alanda al da...
Bu dilsiz millətə güldürmə, ALLAH.




Geri dön