Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Ötən il Azərbaycanda qeyri-neft sektoru üzrə ixrac 1 milyard 538 milyon dollar olub
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İqtisadiyyat > Ötən il Azərbaycanda qeyri-neft sektoru üzrə ixrac 1 milyard 538 milyon dollar olub

Ötən il Azərbaycanda qeyri-neft sektoru üzrə ixrac 1 milyard 538 milyon dollar olub


Ötən il Azərbaycanda qeyri-neft sektoru üzrə ixrac 1 milyard 538 milyon ABŞ dolları olub. 2016-cı illə müqayisədə ötən il qeyri-neft sektoru üzrə ixrac 24 faiz artıb.

Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Strateji Planlaşdırma və İnkişaf Departamentinin rəhbəri Ramil Hüseyn deyib. Departament rəhbəri qeyd edib ki, mərkəzin "İxrac İcmalı"nın 2018-ci ilin yanvar ayı üçün sayı təqdim olunub. İcmalın bu sayında göstərilir ki, 2017-ci il ərzində qeyri-neft sektoru üzrə ixrac 1 milyard 538 milyon ABŞ dolları təşkil edib. Nəticədə 2016-cı illə müqayisədə 2017-ci ildə qeyri-neft sektoru üzrə ixrac 24 faiz artıb. Qeyd edilən müddətdə ixrac əməliyyatlarında 1923 subyekt iştirak edib. Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, 2017-ci il ərzində ən çox qeyri-neft məhsullarımız Rusiya Federasiyasına ixrac edilib (553 milyon ABŞ dolları).

2017-ci il ərzində ixrac olunan qeyri-neft sektoru məhsulları arasında pomidor (tomat) birinci olub (151.6 milyon ABŞ dolları). Bu siyahıda ikinci yeri qızıl (125.4 milyon ABŞ dolları), üçüncü yeri isə qabığı təmizlənmiş meşə fındığı (114.5 milyon ABŞ dolları) tutub.

Ümumiyyətlə isə ötən il ərzində meyvə-tərəvəz ixracı 503 milyon, alüminium və ondan hazırlanan məmulatların ixracı 118 milyon, plastmas və onlardan hazırlanan məmulatların ixracı 101 milyon, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 83 milyon, kimya sənayesi məhsullarının ixracı 80 milyon, pambığın ixracı 52 milyon, elektrik enerjisinin ixracı 51 milyon, şəkərin ixracı 39 milyon, çayın ixracı 10 milyon ABŞ dolları təşkil edib.

Diqqətə çatdırılıb ki, 2016-cı illə müqayisədə 2017-ci ildə pambığın ixracı 2.1 dəfə, elektrik enerjisinin ixracı 80 faiz, tütün və tütünün sənaye əvəzedicilərinin ixracı 72 faiz, çayın ixracı 66 faiz, kimya sənayesi məhsullarının ixracı 42 faiz, meyvə-tərəvəzin ixracı 35 faiz, alüminium və ondan hazırlanan məmulatların ixracı 20 faiz, spirtli və spirtsiz içkilərin ixracı 17 faiz, plastmas və onlardan hazırlanan məmulatların ixracı 2 faiz artıb.

Ötən ilin dekabr ayında isə qeyri-neft sektoru üzrə 457 subyekt tərəfindən 151.7 milyon ABŞ dolları dəyərində ixrac əməliyyatları həyata keçirilib.

Dekabr ayı üzrə ixrac olunan əsas mallar xurma, tomat (pomidor) qabığı təmizlənmiş meşə fındığı, qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda), alma, metanol (metil spirti) və s. olub. Dekabr ayında xurmanın ixracının dəyəri 20.9 milyon ABŞ dolları, pomidorun ixracının dəyəri 11.4 milyon ABŞ dolları və qabığı təmizlənmiş meşə fındığının ixracının dəyəri 9.9 milyon ABŞ dolları təşkil edib. Ümumiyyətlə 2017-ci ildə 2016-cı illə müqayisədə pomidor ixracı 61 faiz, xurma ixracı 32 faiz, fındıq ləpəsi ixracı 9 faiz, almanın ixracı 30 faiz artıb. 2016-cı illə müqayisədə 2017-ci ildə Azərbaycandan ixrac olunun malların çeşidi də 9 faiz çoxalıb.

"İxrac İcmalı"nın son sayında qeyri-neft sektoru üzrə əsas ixracatçı şirkətlərin reytinqi verilib. 2017-ci ildə qeyri-neft sektoru üzrə qeyri-dövlət ixracatçı şirkətlərin siyahısında ilk onluqda "Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti"nin Azərbaycan Respublikasındakı nümayəndəliyi (83,4 milyon dollar), "Baku Steel Company" MMC (60 milyon dollar), "Azərbaycan Şəkər İstehsalat Birliyi" MMC (40.2 milyon dollar), "Sun Food" MMC (28.5 milyon dollar), "MKT İstehsalat Kommersiya" MMC (27.8 milyon dollar), "Aqrodoctor" MMC (26.1 milyon dollar), "VN Food Export Import Company" MMC (23.8 milyon dollar), "Azagroeksport 2017" MMC ( 23.3 milyon dollar), "Food Export Şəmkir" MMC (20.2 milyon dollar) və "Ram Beynəlxalq Nəqliyyat və Ticarət LTD" MMC (19.6 milyon dollar) təmsil olunub.

Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus şirkətlərin siyahısında isə ilk onluqda SOCAR-ın "Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi" (155 milyon dollar), "Det-al Alüminium" MMC (103.5 milyon dollar), "Azergold" QS (77.3 milyon dollar), "Azərenerji" ASC ( 50 milyon dollar), "SOCAR Methanol" MMC (43 milyon dollar), "Ərzaq Məhsullarının Tədarükü və Təchizatı" ASC (32.3 milyon dollar), "Geofizika və Geologiya İdarəsi" (3.7 milyon dollar), "Azərbaycan Hava Yolları" QSC (1.7 milyon dollar), "Naxçıvan MR Dövlət Energetika Xidməti"(1.2 milyon dollar) və "Suraxanı Maşınqayırma Zavodu Törəmə" ASC (0.76 milyon dollar) təmsil olunublar.

"İxrac İcmalı"ndə həm də xidmət ixracına yer ayrılıb. Göstərilib ki, "Azərkosmos" ASC dünyanın 20-dən çox ölkəsinə peyk xidmətləri ixrac edir. 2017-ci ilə olan məlumata görə, peyk telekommunikasiya xidmətlərinin (Azerspace-1) ixracından 14 milyon ABŞ dolları, optik peyk xidmətlərinin (Azersky) ixracından isə 9 milyon ABŞ dolları gəlir əldə edib. Ümumilikdə "Azərkosmos" ASC tərəfindən 2017-ci ildə 23 milyon ABŞ dolları dəyərində xidmət ixracı həyata keçirilib.

"İxrac İcmalı"nda 2017-ci il ərzində "Azexport.az" portalına daxil olan ixrac sifarişləri barədə də məlumat verilib. Göstərilib ki, 2017-ci il ərzində "Azexport.az" portalına dünyanın 74 ölkəsindən 475 milyon ABŞ dolları məbləğində ixrac sifarişləri daxil olub. "Azexport.az" portalına 2017-ci ilin dekabr ayında daxil olan ixrac sifarişlərinin dəyəri isə 30.4 milyon ABŞ dolları təşkil edib.

"İxrac İcmalı"nda "Bir Pəncərə" İxraca Dəstək Mərkəzində gömrük bəyannaməsinin də doldurulması, 2017-ci ildə ixracatçılara ixrac təşviqinin ödənilməsi, yerli şirkətlərin ixracla bağlı beynəlxalq sertifikat almasına dövlət dəstəyinin verilməsi, Azərbaycan ərazisinə alıcı missiyaları təşkil olunması, Kənd Təsərrüfatı Nazirliyinin ixracı imkanları ilə bağlı araşdırma aparması və s. məsələlər barədə də məlumatlar verilib.

"İxrac İcmalı"nın məqsədi sahibkarları ixracla bağlı maarifləndirməyə, yerli malların ənənəvi və yeni bazarlara çıxarılması imkanlarını artırmağa və beynəlxalq bazarlara inteqrasiya prosesini sürətləndirməyə xidmət edir.

"İxrac İcmalı"ı ilə www.iqtisadiislahat.org saytının İcmallar bölümündə tanış olmaq mümkündür.

Geri dön