Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > AZƏRTAC: Azərbaycanın 98 illik tarixinin günbəgün yazılan salnaməsi
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Siyasət > AZƏRTAC: Azərbaycanın 98 illik tarixinin günbəgün yazılan salnaməsi

AZƏRTAC: Azərbaycanın 98 illik tarixinin günbəgün yazılan salnaməsi


Yüz illiyini qeyd etməyə hazırlaşdığımız Azərbaycan Xalq Cümhuriyyətinin yadigarlarından biri də ilk milli xəbər agentliyi - Azərbaycan Dövlət İnformasiya Agentliyidir (AZƏRTAC). Bu gün 98 yaşı tamam olan AZƏRTAC mürəkkəb və çətin, eyni zamanda, şərəfli bir yol keçib.
Agentlik fəaliyyətə başladıqdan cəmi 58 gün sonra Cümhuriyyət süquta uğradı, dövlət müstəqilliyimizi itirdik. İmperiya öz qanunlarını diktə etməyə başladı. Milli xəbər agentliyinin fəaliyyəti məhdudlaşdırıldı və onu sovet ideologiyasının ruporuna çevirdilər. Azadlıq günəşi təxminən 70 il sonra yenidən doğdu. Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsi ilə AZƏRTAC da əzəli missiyasını – milli xəbər agentliyi funksiyasını yerinə yetirməyə başladı.
AZƏRTAC-ın ən yeni tarixinin uğur səhifələri

Sovet rejimi dövründə yaşadığı çətinliklərə, məhdudiyyət və sıxıntılara baxmayaraq, AZƏRTAC Azərbaycan tarixinin təxminən bir əsrlik salnaməsini yaradıb. Dövlət müstəqilliyimizin bərpasından sonrakı illər isə onun inkişafının tam fərqli dövrüdür: agentlik ən müasir informasiya texnologiyaları ilə təchiz olunub, mobil, peşəkar yaradıcı komandaya və texniki heyətə malikdir. Azərbaycanın dinamik inkişafı və artan nüfuzu fonunda AZƏRTAC da cəsarətlə dünya arenasına çıxır, beynəlxalq informasiya məkanında mövqeyini getdikcə möhkəmləndirir. Vaxtilə səsi Azərbaycandan kənara çıxmayan AZƏRTAC bu gün dünyanın ən mötəbər iki media qurumuna - Dünya Xəbər Agentlikləri Konqresinə və Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatına (OANA) rəhbərlik edir.

Bu uğur səhifələri arasında 2016-cı il xüsusi yer tutur. Həmin il AZƏRTAC eyni vaxtda iki böyük tədbirə - Dünya Xəbər Agentliklərinin V Konqresinə və OANA-nın XVI Baş Assambleyasına ev sahibliyi etdi. Heydər Əliyev Fondunun dəstəyi ilə təşkil olunan mötəbər beynəlxalq tədbirlər 5 qitədən, 80 ölkədən 130 xəbər agentliyinin 200-dək təmsilçisini – qlobal informasiya siyasətini müəyyənləşdirən peşəkarları, həmçinin media üzrə beynəlxalq ekspertləri, regional media qurumlarının rəhbərlərini Bakıda bir araya gətirdi. Prezident İlham Əliyevin bu tədbirlərin birgə açılış mərasimindəki parlaq nitqi, Konqres iştirakçılarının bir qrupu ilə görüşü böyük rezonans doğurdu, 150-dən çox xəbər agentliyi tərəfindən geniş işıqlandırıldı.

Beynəlxalq media qurumlarının Bakıda keçirilən tədbirlərində həm Dünya Xəbər Agentlikləri Konqresinə, həm də OANA-ya sədrlik 2019-cu ilədək AZƏRTAC-a keçdi. Bununla da Azərbaycanın və AZƏRTAC-ın adı dünya media tarixinə həkk olundu.

Bu məqamda AZƏRTAC-ın tarixinə və keçdiyi yola qısaca nəzər salmaq yerinə düşər.

AZƏRTAC Xalq Cümhuriyyətinin yadigarıdır

Müstəqil respublikanın milli xəbər agentliyinin yaradılması Azərbaycan Xalq Cümhuriyyətinin elan olunduğu ilk vaxtlardan gündəmdə idi. Lakin müxtəlif səbəblərdən bu proses təxminən bir il uzandı. 1919-cu il martın 3-də Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin – Nazirlər Şurasının iclasında Azərbaycan Teleqraf Agentliyinin təşkili barədə məsələ müzakirəyə çıxarıldı. İclasda Nazirlər Şurasının sədri Fətəli Xan Xoyskinin bununla bağlı məruzəsi dinlənildi və agentliyin təşkil edilməsi xalq maarif naziri Nəsib bəy Usubbəyova tapşırıldı. Sonradan bu səlahiyyət Maarif Nazirliyindən alınaraq Poçt və Teleqraf Nazirliyinə həvalə edildi. AZƏRTAC-ın yaradılması haqqında qanun layihəsi və agentliyin əsasnaməsi hazırlandı.
1920-ci il fevralın 2-də agentliyin əsasnaməsi Milli Hökumətin iclasında müzakirə edilərək parlamentə təqdim olundu. Əsasnaməyə parlamentin fevralın 23-də keçirilən iclasında baxıldı. Nəhayət, 1920-ci il martın 1-də Azərbaycanın ilk milli xəbər agentliyi fəaliyyətə başladı. Martın 2-də “Azərbaycan” qəzetində AZƏRTAC-ın ilk xəbərləri dərc olundu. Lakin cəmi iki aydan sonra, aprelin 28-də Azərbaycan Xalq Cümhuriyyətinin süqutu ilə agentliyin də çətin günləri başladı.
Azərbaycanda sovet hakimiyyətinin qurulduğu ilk aylarda AZƏRTAC Rusiya Teleqraf Agentliyinin (ROSTA) filialına çevrildi. 1920-ci ilin iyununda isə AzQafRosta adı ilə Azərbaycan Mərkəzi Mətbuat Kollegiyasına daxil edildi, bir il sonra isə agentlik QafRosta-nın bazasında yenidən təşkil olundu və AzərTA adlandırıldı. 1922-ci ildə SSRİ qurulduqdan sonra isə AzərTA Sovet İttifaqı Teleqraf Agentliyinin (SİTA) filialı kimi fəaliyyət göstərməyə başladı. Bir müddət sonra, 1923-cü ilin martında Zaqafqaziya Federasiyası yaradıldı və üç Cənubi Qafqaz respublikasının informasiya agentlikləri ZaqTA adı altında birləşdirildi. 1936-cı ildə isə AzərTA yenidən müstəqil informasiya vasitəsi kimi fəaliyyətini bərpa etdi.

Heydər Əliyev: Azərbaycan həqiqətlərinin dünyaya yayılmasında
AZƏRTAC-ın fəaliyyəti mühüm əhəmiyyət kəsb edir
AZƏRTAC-ın əsl inkişaf dövrü 1969-cu ildə ulu öndər Heydər Əliyevin Azərbaycanda siyasi rəhbərliyə gəlişi ilə bağlıdır. 1970-ci illərdə SİTA öz baş ofisini kompüterləşdirməyə başlayanda Heydər Əliyevə hörmət əlaməti olaraq ittifaq respublikaları arasında, ilk növbədə, o vaxt Azərinform adlanan milli xəbər agentliyini müasir “Videoton”, daha sonra isə “Olivetti” markalı kompüterləri ilə təchiz etdi.
Sovet hakimiyyəti dövründə 8 dəfə ad dəyişikliyinə məruz qalan agentliyin tarixi adı Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra qaytarıldı: 1995-ci il martın 3-dən Nazirlər Kabineti yanında Dövlət Teleqraf Agentliyi, 2000-ci il yanvarın 17-dən Azərbaycan Dövlət Teleqraf Agentliyi, nəhayət, Prezident İlham Əliyevin 2015-ci il 26 fevral tarixli Sərəncamı ilə Azərbaycan Dövlət İnformasiya Agentliyi adlandırıldı.
Ulu öndər Heydər Əliyev dövlət müstəqilliyini yenicə bərpa etmiş Azərbaycanda medianın roluna, xüsusən ölkə həqiqətlərinin dünya miqyasında yayılmasında AZƏRTAC-ın fəaliyyətinə mühüm əhəmiyyət verirdi. Bunu Ümummilli Liderin 2000-ci ilin fevralında, AZƏRTAC-ın 80 illik yubileyi ilə əlaqədar agentliyin kollektivinə ünvanladığı təbrik məktubundan da aydın görmək olar: “Müstəqilliyimizin daha da möhkəmləndirilməsində, ölkəmizin ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrini əhatə edən köklü islahatların, baş verən mütərəqqi dəyişikliklərin, Ermənistanın respublikamıza təcavüzü ilə yaranmış mürəkkəb sosial-iqtisadi və insani problemlərin açılmasında, beynəlxalq aləmə yayılmasında AZƏRTAC-ın fəaliyyəti mühüm əhəmiyyət kəsb edir.

Son illər AZƏRTAC-ın fəaliyyətində xüsusi dönüş yaranmış, onun maddi-texniki bazasının gücləndirilməsi, işinin təkmilləşdirilməsi və daha operativ, səmərəli təşkili üçün mühüm tədbirlər görülmüşdür. Lakin elmi-texniki tərəqqinin media üçün, xüsusən elektron informasiya vasitələrinin hüdudsuz inkişafı üçün yaratdığı bütün imkanlar hər gün yeniləşməni və dünya elminin bu sahədəki nailiyyətlərinin geniş tətbiqini tələb edir. Odur ki, AZƏRTAC-ın kollektivi milli jurnalistikamızın nəcib vətənpərvərlik ənənələrini ləyaqətlə davam etdirməklə bərabər, dünya informasiya məkanında layiqli yer tutmaq üçün daha əzmlə çalışmalıdır”.

Hazırda 21 ölkədə müxbir məntəqəsi olan AZƏRTAC
7 dildə informasiya yayır
Son illər dünya informasiya məkanında layiqli yer tutmağa nail olan AZƏRTAC bu gün 7 dildə - Azərbaycan, ingilis, rus, fransız, alman, ərəb və Çin dillərində informasiya və 5 dildə videoxəbər yayır. Aylıq xəbər buraxılışının həcmi 10 mini ötür. Buraya, həmçinin 50 mindən çox foto, 1500-dək videoxəbər daxildir. Ölkə həyatının bütün sahələrində baş verən hadisə və yenilikləri operativ işıqlandıran agentlik, eyni zamanda, müstəqil Azərbaycanın uğurlarının daha geniş coğrafiyada təbliğinə nail olub. Onun xəbərləri hazırda dünyanın 100-dən çox ölkəsində yayılır.
AZƏRTAC 2004-cü ildə Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatına, 2008-ci ildə Avropa Xəbər Agentlikləri Alyansına (EANA) üzv qəbul edilib. Müstəqil Dövlətlər Birliyinin üzvü olan ölkələrin Milli İnformasiya Agentlikləri Assosiasiyasının (ANİA), Türkdilli Xəbər Agentlikləri Birliyinin (TKA), Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrin Milli Xəbər Agentlikləri Assosiasiyasının (BSANNA) təsisçilərindən biridir, 2011-2013-cü illərdə BSANNA-ya sədrlik edib.
Dünyanın 45 ölkəsinin milli informasiya agentlikləri ilə əməkdaşlığa və xəbər mübadiləsinə dair müqavilələr imzalanıb, 21 ölkədə müxbir məntəqələri yaradılıb. Facebook, Twitter, YouTube, Instagram kimi sosial şəbəkələrdə AZƏRTAC-ın yeddi dildə profilləri fəaliyyət göstərir.

Hazırkı media bumu və sosial şəbəkələrlə rəqabət şəraitində AZƏRTAC informasiya məkanında yerini qoruyub saxlamaq və möhkəmləndirmək üçün müasir dövrün çağırışlarına çevik reaksiya verir, fəaliyyətini xəbər texnologiyasının ən yeni metodları və qabaqcıl dünya təcrübəsi əsasında qurmağa çalışır. Onun yaradıcı və texniki potensialı bu vəzifənin öhdəsindən gəlməyə imkan verən səviyyədədir.

AZƏRTAC-da bir iş günü

Yuxarıda təqdim olunan fotoreportaj AZƏRTAC-ın bir iş gününü əks etdirir. Fasiləsiz iş rejimində çalışan agentliyə xəbər axınının ardı-arası kəsilmir. Müxbirlər daim hadisələrin mərkəzinə can atır, ölkədə və dünyada baş verən mühüm yenilikləri insanlara operativ olaraq çatdırmağa tələsirlər.
Bütün strukturlarda fasiləsiz, qaynar iş gedir: redaksiyalara daxil olan xəbərlər sürətlə nəzərdən keçirilir və dərhal yayılır. Gecə-gündüz iş başında olan müxbirlər, fotomüxbirlər, operatorlar vaxt itirmədən xəbər arxasınca yollanır, müsahibələr alır, informasiya və reportajlar, videoxəbərlər hazırlayırlar. Bir sözlə, zamanın çağırışlarına cavab vermək, müasir medianın qarşısında duran tələblərlə ayaqlaşmaq üçün kollektivin bütün qüvvəsi gündəlik olaraq səfərbər edilir.

Qarşıda bizi yeni-yeni xəbərlər, oxucularımızla davamlı və maraqlı görüşlər gözləyir...

Geri dön