Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Mürəkkəb astronomik cihazların ixtiraçısı Müəyyidəddin Ordi
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm > Mürəkkəb astronomik cihazların ixtiraçısı Müəyyidəddin Ordi

Mürəkkəb astronomik cihazların ixtiraçısı Müəyyidəddin Ordi


Qədim və Orta əsr Azərbaycanının görkəmli alim, rəssam, xəttat, şair, musiqiçi, sərkərdə, dövlət və din xadimləri var ki, böyük əksəriyyətimiz ya onların haqqında az məlumatlıyıq, ya da onların varlığından xəbərsizik. Düzdür, bu məlumatlar uzun illər sovet rejimi tərəfindən xalqdan gizlədildi, ortaya çıxarılanlar isə başqa xalqın nümayəndəsi kimi təqdim edilib. Elə bu gün də onlar haqqında geniş bilgilərə sahib deyilik. Məhz bu səbəbdən də Enter.News akademik Çingiz Qacarın araşdırmalarından əldə etdiyi Azərbaycanın görkəmli şəxsiyyətləri haqqında olan materialları təqdim edir. Növbəti materialımız mürəkkəb astronomik cihazların ixtiraçısı Müəyyidəddin Ordi haqqındadır.

On üçüncü əsr. Çingiz xanın nəvəsi Hülaku xan özünün türk-monqol qo­şunları ilə bütün Yaxın Şər­qi işğal edərək, ərəb xilafə­tinin paytaxtı Bağdadı da hücumla tutur. Hülaku xan işğal etdiyi nəhəng ərazidə yeni İlxanilər (el xanları) dövlətini yaradır. Dövlətin mərkəzi Azərbaycan, pay­taxtı əvvəlcə Marağa, sonra isə Təbriz olur.

İlxanilər dövləti və yeni Hülakular sülaləsi rəsmi və daha çox formal olaraq paytaxtı Pekində yerləşən böyük türk-monqol dövlə­tinin tərkib hissəsi sayılır­dı. Yeni Azərbaycan dövlə­tinin hakimləri təsdiq yar­lıqlarını, dövlət möhürlərini və fəxri Çin titullarını oradan alırdılar. Tarixin belə dönüşləri də olur.

Nəhəng türk imperiyasının başçısı, Yuanlar sülaləsinin banisi Xubilay imperiyasının qərb hüdudlarında gedən hadisələrlə bərk ma­raqlanırdı. Hülaku xanın yürüşü zamanı ona min nəfər Çin əsgəri verilmişdi. Bunların arasında körpü və istehkam salan ustalar, daş atıcıları, eləcə də odlu silahdan məharətlə istifadə edən hərbçilər vardı. Vəziyyət sabitləşdikdən sonra Çindən alimlər, əczaçılar, sənətkarlar, rəssamlar, miniatür ustaları işləmək üçün Azərbaycana axışırlar. Hətta Təbrizdə kağız Çin pulları “çou”nu tədavülə burax­mağa da cəhdlər olur.

Azərbaycanın ən görkəmli dühalarından biri Nəsirəddin Tusi Hülaku xana məsləhətçi təyin edilir. Hələ bundan da qabaq böyük alim kimi Nəsirəddinin şöhrəti Pekinə gəlib çatmış və onu möhtəşəm bir mərkəz kimi düşünülmüş rəsədxananın tikintisinə kömək etməkdən ötrü paytaxta dəvət etmişdilər. Tusi isə Pekinə getməkdən imtina etmiş və Hülaku xanı rəsədxananın ilk növbədə imperiyanın deyil, İlxanilərin paytaxtında - Marağada tikilməsinin vacibliyinə inandırmışdı.

Bu iş üçün ölkənin hər yerindən alimlər çağrılır. Tusinin yazdığına görə, rəsədxananın tikintisində iştirak etmək üçün Hülaku xan müxtəlif vilayətlərdən astronomik bilikləri olan alimlərin buraya gətirilməsini tələb edir - Dəməşqdən Müəyyidəddin Ordini, Mosuldan Fəxrəddin Marağayini, Tiflisdən Fəxrəddin İxlatini və Qəzvindən Nəcməddin Dəbiranini. Orası da məlumdur ki, rəsədxananın tikintisində və zəruri avadanlıqla təchiz olunmasında başlıca rolu Müəyyidəddin Ordi oynayır.

Ordi haqqında bioqrafık məlumatlar, demək olar ki, yoxdur. Tarixdə sənəd kimi yalnız onun ərəb dilində qələmə aldığı “Marağa rəsədxanasının astronomik alətləri haqda” risaləsinin iki əlyazma nüsxəsi qalmışdır. Bunlardan biri Parisin, digəri isə Tehranın milli kitabxanalarında saxlanılır. Birinci nüsxə XIX əsrin əvvəllərində Parisdəki xüsusi şərq dilləri məktəbinin müəllimi A.Jurden tərəfindən tapılıb fransız dilinə tərcümə olunur. Kitab Parisdə iki dəfə 1809 və 1810-cu illərdə nəşr olunur. 1811-ci ildə alman dilinə tərcümə edilir. Bu əsərdə Nəsirəddin Tusinin rəhbərliyi altında Müəyyidəddin Ordinin hazırladığı on mürəkkəb astronomik cihazın təsviri də var.

Ordinin traktatında verilən məlumatların təhlili bir çox tədqiqat­laçıları belə bir qəti fikrə gətirmişdir ki, Marağa rəsədxanasındakı alətlər təkmilliyi ilə o dövrün bütün rəsədxanalarındakılardan seçilirmiş. Bu da məlumdur ki, Ordinin öz ixtirası olan bəzi alətlər sonradan dünyanın bir çox rəsədxanalarında istifadə olunub.

Ordinin görüşlərinin yayılmasında müxtəlif ölkələrdən Marağa rəsədxanasına çalışmaq və təcrübə keçmək üçün gəlmiş araşdırıcıların da böyük rolu olmuşdur. Marağa rəsədxanasının görkəmli tədqiqatçısı H.C.Məmmədbəylinin yazdığına görə, Ordinin hazırladığı alət və cihazlar Uluqbəyin, Tixo Bragenin, Caypur (Hindistan) rəsədxanalarında astronomik cihazqayırmanın inkişafında müstəsna rol oynayıb.

Müəyyidəddinin oğlu Məhəmməd ibn Müəyyidəddin Ordi də Marağa rəsədxanasında çalışmışdır. O da atasının yolu ilə gedərək astronomik cihazlar hazırlanması sahəsində tanınmış mütəxəssislər­dən olmuşdur. Onun yaratdığı ulduz qlobusu günümüzə qədər gəlib çatmışdır. Bu qlobus hal-hazırda Drezdendəki məşhur riyaziyyat-fi­zika salonunda saxlanılır və burada toplanmış qlobuslar arasında ən qədimi sayılır. Qlobusda ulduzların yerləşmə vəziyyətinə əsasən onun hazırlanma ilini müəyyələşdirmək mümkün olmuşdur - 1279-cu il. Avropanın bir çox böyük alimləri həmin qlobusun tədqiqi ilə məş­ğul olmuşlar. Bürüncdən düzəldilmiş və qızıl-gümüş suyu ilə naxış­lanmış bu qlobus həm də XIII əsr Azərbaycan dekorativ sənətinin in­cilərindən sayılır.

Geri dön