Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycan Ordusunun 100 illik yubileyi münasibətilə keçirilən hərbi parad Ermənistanı vahiməyə salıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, DAVAMın yazıları > Azərbaycan Ordusunun 100 illik yubileyi münasibətilə keçirilən hərbi parad Ermənistanı vahiməyə salıb

Azərbaycan Ordusunun 100 illik yubileyi münasibətilə keçirilən hərbi parad Ermənistanı vahiməyə salıb


Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranmasının 100 illik yubileyi münasibətilə Bakının Azadlıq meydanında keçirilən təntənəli hərbi parad Ordumuzun hərbi qüdrətini Ermənistanla ilə yanaşı, bütün dünyaya nümayiş etdirdi. Keçirilməsindən bir aya yaxın vaxt ötməsinə baxmayaraq, hərbi parad Ermənistanın hərbi-siyasi dairələrini və bu ölkə ictimaiyyətini vahimə içərisində saxlamaqda davam edir.
Davam.az analitik-icmalçı Ehtiram Aşırlının bu mövzuya həsr etdiyi “Azərbaycan Ordusunun 100 illik yubileyi münasibətilə keçirilən hərbi parad Ermənistanı vahiməyə salıb” sərlövhəli məqaləsini təqdim edir.

Azərbaycan Ordusunun 100 illik yubileyi münasibətilə iyunun 26-da Bakıda keçirilən təntənəli hərbi paradın əks-sədası böyük olub. Paradda Azərbaycan əsgərləri ilə yanaşı, Türkiyə Silahlı Qüvvələrinin parad heyəti də iştirak edib. Paraddan sonra “Türk şahinləri” Bakı səmasında nümunəvi uçuşlar həyata keçiriblər. Bütün bu mənzərəni on minlərlə Bakı sakini və şəhərimizin qonaqları müşahidə ediblər.

Bakıdakı təntənəli hərbi parad Ermənistan rəhbərliyini çox ciddi narahat edib. Rəsmi İrəvan Azərbaycanın hərbi, siyasi və mənəvi-vətənpərvərlik gücünü bir daha gördü. Erməni ekspertlər hakim dairələrdən təcili tədbirlər görməyi tələb edirlər. Bu, o deməkdir ki, onlar artıq Azərbaycanın hərbi qüdrətini inkar edə bilmirlər. Əksinə, öz hakimiyyətlərindən güclənən Azərbaycana qarşı tədbirlər görməyi tələb edirlər. Ancaq hər nə olsa da, Azərbaycan bütün istiqamətlərdə daha güclü və qüdrətlidir və bu, belə də olacaq.

Azərbaycan Ordusunun yaradılmasının 100 illiyi şərəfinə təşkil edilmiş hərbi parad Ermənistan rəhbərliyini ciddi surətdə narahat edib. Paradda Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Ali Baş Komandanı Prezident İlham Əliyevin söylədiyi dərin məzmunlu nitqdə ifadə edilən əsas fikirlər Ordumuzun qüdrətini bütün dünyaya nümayiş etdirdi. Eyni zamanda, düşmən bunun bir xəbərdarlıq olduğunu da anladı.

Bəs, təcavüzkar Ermənistanı narahat edən, onu təşvişə salan məqamlar nədən ibarətdir? Dövlətimizin başçısı İlham Əliyev nitqində açıq ifadə edib ki, “müstəqilliyi qoruyub saxlamaq onu əldə etməkdən daha çətindir”. Prezidentimiz bununla bəyan etdi ki, rəsmi Bakı müasir dünyanın çağırışlarını çox gözəl dərk edir və həmin kontekstdə də dövlət müstəqilliyini qorumağı özünün prioritet strateji məqsədi kimi qəbul edir.

Cənubi Qafqazın hazırkı geosiyasi vəziyyətini nəzərə alsaq, bu məqam prinsipial əhəmiyyət kəsb edir. O cümlədən İlham Əliyev Azərbaycan Ordusunu daim gücləndirməyin başlıca səbəbini gözəl formada təqdim edib. Konkret olaraq, Azərbaycan Ordusunu kiməsə hərbi təcavüz üçün deyil, öz müstəqil dövlətçiliyini qorumaq naminə daim gücləndirir. Azərbaycanın məqsədi milli maraqlarını qorumaq, dövlət suverenliyini və sərhədlərinin toxunulmazlığını təmin etməkdən ibarətdir.

Nitqində nizami ordunun yaradılmasının önəmini açıqlayan Prezident İlham Əliyev deyib: “Azərbaycan heç vaxt işğalla barışmayacaq. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməlidir və bərpa edəcək. Bunun üçün güclü ordu yaratmalı idik. Bu gün tam əminliklə deyə bilərəm ki, buna nail ola bilmişik. Bu gün Azərbaycan Ordusu dünyanın güclü orduları sırasındadır”.

2003-cü ildən bəri Azərbaycanın hərbi xərcləri 15 dəfə artıb, hərbçilərin məişət şəraiti xeyli yaxşılaşdırılıb, ordu ən müasir silahlarla təchiz olunub və bu iş davam etdirilir. Son olaraq alınan yüksək dəqiqliyə malik raket silahları bunun bariz nümunəsidir. Bu prosesi cənab Prezidentimizin göstərişləri əsasında rəsmi Bakı daha da inkişaf etdirmək fikrindədir.

Dövlətimizin başçısı nitqində Ordunu gücləndirməyin mühüm şərtlərindən biri kimi, beynəlxalq hüququn işləməməsini göstərib. Doğrudan da, “əgər beynəlxalq hüquq işləsəydi, Azərbaycan torpaqları çoxdan işğaldan azad olunardı. Beynəlxalq təşkilatlar tərəfindən qəbul olunmuş qərar və qətnamələr icra edilmir, onların icra mexanizmi yoxdur. Güc amili dünyanın müxtəlif bölgələrində əsas amil kimi çıxış edir”.

Aydın olur ki, Azərbaycan Ordusu həm də Cənubi Qafqaz regionunda təhlükəsizliyin və sabitliyin təmin edilməsi baxımından əsas qüvvələrdən biridir və birincisidir. Burada erməni separatizmi və terrorunun yaratdığı gərgin vəziyyətin sabitliyə çevrilməsi üçün böyük işlər görmək lazım gəlir. Azərbaycan Ordusunun daha da gücləndirilməsi bu aspektdə çox əhəmiyyətlidir. Ən yeni silahlarla təmin edilməklə yanaşı, Ordunun döyüş qabiliyyətinin və peşəkarlığının artırılması mühüm vəzifədir.

Dövlətimizin başçısı Azərbaycan Ordusunun qüdrətini sübut edən faktlar kimi, 2016-cı il Aprel döyüşlərini və 2018-ci ilin mayında Naxçıvandakı uğurlu hərbi əməliyyatı göstərib. Hər iki halda Azərbaycan Ordusu uğur qazanıb və torpaqların bir hissəsini düşmən işğalından azad edib.

Təbii ki, Azərbaycan bununla kifayətlənmir və işğal altında olan torpaqlarının hamısının azad edilməsi məqsədi qarşıda durur. Ali Baş Komandan İlham Əliyevin bununla bağlı verdiyi mesaj dünya KİV-lərinin diqqətini çəkib və erməni ekspertlərin analiz predmetinə çevrilib. Prezident nitqində vurğulayıb: “Düşmən bilməlidir ki, onun bir dənə də olsun hərbi və ya strateji obyekti yoxdur ki, Azərbaycan Ordusu onu məhv edə bilməsin. Düşmənin bütün hərbi obyektləri, bütün strateji əhəmiyyətli məntəqələri Azərbaycan Ordusu tərəfindən məhv edilə bilər. Hesab edirəm ki, məsələnin tezliklə danışıqlar yolu ilə ədalətli həlli, Azərbaycanın ərazi bütövlüyünün tezliklə bərpa edilməsi qarşı tərəfin də marağında olmalıdır”.

Ermənistan rəhbərliyini qorxuya salan əsas məqamlardan biri də odur ki, Azərbaycan düşmənin istənilən strateji obyektini məhv edə bilər. Bunun üçün hərbi güc, peşəkarlıq və siyasi iradə var. Deməli, Azərbaycan Ordusunun yaradılmasının 100 illiyinə həsr edilmiş təntənəli parad, əslində, ölkə rəhbərliyinin uzun illərdir apardığı uğurlu Ordu quruculuğu prosesinin təsdiqidir. Düşmən bu iradəni və qətiyyəti görür, təlaşa düşür.

Hərbi paradda Azərbaycan Prezidentinin öz nitqini “Gün gələcək və bu gün işğal altındakı torpaqlar azad olunandan sonra orada qaldırılacaq Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və hərbi paradda göstəriləcək” fikri ilə yekunlaşdırması qələbədən xəbər verirdi. Bu o deməkdir ki, Azərbaycan mütləq işğal altında olan torpaqlarını azad edəcək və Xankəndiyə sancılacaq qələbə bayrağı Bakıdakı paradda dalğalandırılacaq. Bu, qəti verilən mesajdır və bunu ermənilər çox yaxşı dərk etdikləri üçün qorxu və təlaş içindədirlər.

Bütün bunlar Azərbaycanın hərbi gücünün konkret faktlarda təsdiqidir. Eyni zamanda, onun geosiyasi mənası da mövcuddur. Ermənistan ekspertləri İlham Əliyevin ciddi mesajlar verdiyini etiraf edirlər. Onların bir qismi açıq yazırlar ki, Azərbaycan Ordusu addım-addım İrəvan istiqamətində irəliləyir. Artıq Ordumuz Ermənistanın paytaxtının 80 kilometrliyini belə nəzarətdə saxlaya bilir. Azərbaycan Ordusunun istifadəsində 300 kilometr və ondan daha artıq məsafəni vura bilən mobil raket sistemləri mövcuddursa, bu, istənilən an Ermənistanın hər bir strateji obyektinin yerlə-yeksan oluna bilməsi deməkdir.

Beləliklə, Bakıda keçirilən hərbi parad Azərbaycan Ordusunun gücünü nümayiş etdirməklə yanaşı, ölkə rəhbərliyinin işğal olunmuş torpaqları azad etməkdə tam qətiyyətli olduğunu nümayiş etdirib. Bu, tarixi bir olaydır. Azərbaycan dünyaya demək istədiklərini ustalıqla ifadə etdi və göstərdi ki, Cənubi Qafqazda Azərbaycan kimi güclü, müasir, modern Ordusu olan ölkə var. Bu ölkə barış dövlətidir, sülh carçısıdır. Eyni zamanda, öz ərazi bütövlüyünü bərpa etməkdə qətiyyətlidir, dönməzdir. Azərbaycan rəhbərliyi təmkin, ağıl və Ulu Öndərin əsasını qoyduğu möhtəşəm dövlət quruculuğu strategiyası əsasında uğurlu siyasətini daim inkişaf etdirir.

Ehtiram Aşırlı

Analitik-icmalçı

Geri dön