Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Milli Dirçəliş Hərəkatı Partiyasında bir saat
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Özəl xəbər, Fərəc Quliyev > Milli Dirçəliş Hərəkatı Partiyasında bir saat

Milli Dirçəliş Hərəkatı Partiyasında bir saat


Fərəc Quliyevin tərəfdarları hansı şəraitdə çalışır?



MDHP-də nələri gördük, nələri müşahidə etdik



2010-cu ilin 6 noyabr parlament seçkilərindən sonra Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) üzvləri üçün yeni mərhələ başladı. Ən azı ona görə ki, təşkilatın rəhbəri Fərəc Quliyev (Ulusoy) Suraxanı seçki dairəsindəki rəqiblərinə qalib gələrək, Milli Məclisin deputatı seçildi. İkincisi isə bundan bir qədər sonra Milli Dirçəliş Hərəkatı Partiyasının Ədliyyə Nazirliyi tərəfindən rəsmi dövlət qeydiyyatına alınması ilə bağlıydı. İndi Milli Dirçəliş Hərəkatı Partiyası parlamentdə təmsil olunan partiyalardan biri, onun sədri Fərəc Quliyev isə ali qanunvenrici orqanın nümayəndəsidir. Fərəc Quliyevin tərəfdarlarının iş şəraiti, siyasi fəaliyyətləri ilə yerindəcə tanış olmaq üçün "Gündəlik Bakı" qəzetinin "Partiya qərargahlarında kimlər var?" rubrikası çərçivəsində Milli Dirçəliş Hərəkatı Partiyası üzvlərinin qonağı olduq.



Cəmi 100 kvadratmetrlik ərazi



İlk öncə qeyd edək ki, partiya N.Nərimanov rayonu M.Məmmədzadə 5/7 ünvanında yerləşir. Milli Dirçəliş Hərəkatı Partiyası sədrinin ideoloji və siyasi məsələlər üzrə müavini Tahir Seyidov deyir ki, onlar 7 il bundan əvvəl - 2005-ci ildən burada fəaliyyət göstərirlər. Təşkilat yaradılandan indiyə kimi: "2011-ci ildə 2005-ci ilin sənədləri ilə partiyamız Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alındı. 2005-ci ildəki sənədləri nə idisə, onunla da fəaliyyətimizi rəsmiləşdirdik". Milli Dirçəliş Hərəkatı Partiyası sədrinin birinci müavini, eyni zamanda siyasi təşkilatda təşkilati məsələlərlə məşğul olan Bayram bəy Tahir bəylə birlikdə də bizi qərargahdakı otaqlarla tanış etdi. Partiya üzvləri normal şəraiti olan bu qərargahda arakəsmələrlə otaqların saylarını artırıblar: "Digər otaqlarda Gənclər, Güney Azərbaycan departamentləri fəaliyyət göstərirlər. Hal-hazırda da orada fəaliyyət göstərirlər. Buranı arakəsmə ilə düzəltmişik. Əslində bir zal və bir otaqdan ibarətdir. Ümumi ərazi təxminən 100 kvadratmetrdir".

Otaqları gəzirik, etiraf edək ki, buradakı şərait normaldır. Otaqların bəziləri geniş, orta təmirlidir. Partiyanın demək olar, bütün otaqlarında milli azadlıq hərəkatının liderlərindən biri, eks-prezident Əbülfəz Elçibəyin, habelə türk dünyasının böyük oğlu, Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün, eləcə də Milli Dirçəliş Hərəkatı Partiyasının yaradıcısı və hal-hazırkı sədri Fərəc Quliyevin portretləri asılıb. Partiyanın təxminən, 60-70 nəfərlik iclas zalı da sadə üslubda bəzədilib. Ümumi stolun üstündə türk respublikalarının bayraqları asılıb. Milli Dirçəliş Hərəkatı Partiyasının üzvləri millətçilik ideologiyasından çıxış edirlər deyə, bu ruh Fərəc Quliyevin tərəfdarlarının fəaliyyətlərinin hər məqamında özünü açıq-aydın büruzə verir. Bununla yanaşı, qərargahın otaqlarının divarlarında Milli Dirçəliş Hərəkatı Partiyasının rəmzləri də dalğalanır. Qərargahda texniki avadanlıqlar da normaldır - bir neçə kompyuter, telefon aparatları, daxili telefonlar və s.



Sadə kabinet



Bir neçə dəqiqədən sonra dəhlizdə Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, Milli Məclisin deputatı Fərəc Quliyevlə üz-üzə gəlirik. Onun kabinetinə birlikdə daxil olub, söhbətə başlayırıq. Partiya sədrinin otağı sadə bəzədilib, kitab şkafı, stol-stullar, telefon aparatları, kompyuter buranın avadanlıqlarıdır. "Burda hər gün ola bilmirəm" - deyə partiya sədri söhbətə başlayır: "Bizim partiyapmızın təşkilati strukturunu departamentlər təşkil edir. Onların sədrləri var və hər gün burda çalışırlar. Parlamentdə də işlədiyimə görə burada hər gün olmuram. İş vaxtımız səhər saat 10-dan axşam saat 18-ə qədərdir. Bizim digər ofisimiz mənim deputat seçildiyim dairədədir. Qaraçuxur Bələdiyyəsində bizə bir otaq veriblər. Köməkçim hər gün səhər saat 10-dan axşam saat 18-ədək orada işləyir. Mən özüm də hər şənbə günü orada seçicilərimi qəbul edirəm".



"Tərəfdarlarımızın sayı 10 mindən çoxdur"



O ki qaldı Milli Dirçəliş Hərəkatı Partiyasının üzvlərinin sayına, Fərəc Quliyev deyir ki, bəzi siyasi təşkilat rəhbərlərindən fərqli olaraq, tərəfdarlarının sayını süni, yalançı rəqəmlərlə şişirtmək niyyətində deyil: "Başqalarından fərqli olaraq şişirdilmiş rəqəmlər söyləməyin tərəfdarı deyiləm. Amma bütün rayonları əhatə edən bazamız var. Təkcə Qarabağ Departamentimizin rayonlardan yığılmış nümayəndələrinin Biləcəridəki konfransında 240 nəfər nümayəndə iştirak edirdi. Bakı və Kəndlər Departamentimizin qurultaya hazırlıqla bağlı konfransında 200-dən çox nümayəndə qatılmışdı". Qərbi Azərbaycan Departamentinin də Bakıxanov qəsəbəsindəki qurultaya hazırlıq konfransında 200-dən çox tərəfdarının iştirak etdiyini vurğulayan Milli Dirçəliş Hərəkatı Partiyasının bunların rayonlardan gəldiklərini deyir: "Demək olar bütün rayonları əhatə etmişik. Amma açığını deyim ki, maliyyə çətinlikləri var və buna görə yerlərdə işləmək bir sıra çətinliklər yaradır. Nə yaxşı ki, siyasi partiyalarla bağlı qanuna əlavə və dəyişikliklər edildi. Payızdan etibarən bu məsələləri qaydasına sala biləcəyik. Bütövlükdə Milli Dirçəliş Hərəkatı Partiyasının üzvlərinin sayı 10 mindən çoxdur".



"İşimizi ideoloji əsaslarla qurmuşuq"



Milli dirçəlişçilər qərargahda mütəmadi görüşlər keçirir, demək olar intensiv fəaliyyət göstərirlər. Hər halda partiyanın sədri Fərəc Quliyev belə deyir: "Bizim fəaliyyətimiz daha çox ideoloji əsaslarla qurulub. İnqilabların qafalarda, düşüncələrdə olması tərəfdarı olan təşkilatıq. Düşünürük ki, küçələrdə inqilab etməklə "Ərəb Baharı" adlandırılan layihələr millətlərə, xalqlara ancaq ziyan gətirir. Hələ də həmin dövlətlərdə vətəndaş müharibələri gedir. Liviya ikiyə bölünüb, Misirdə hələ də çaxnaşmalar var. Dünyanın ən qədim, gözəl şəhərləri xarabalıqlara çevrilib. Ola bilər narazı qaldığım bəzi məsələlər var. Amma bununla bağlı fikirlərimizi açıqlayırıq".

Fərəc Quliyevlə söhbətimizi bitirib beləcə Milli Dirçəliş Hərəkatı Partiyasının qərargahını tərk edirik. Bütün bunlar bizim MDHP-də gördüklərimiz idi.






Fotolar müəllifindir

Geri dön