Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Məhəmməd Əmin Rəsulzadə: Qaradovoylar qamçı ilə gəldikdə bəzi ruhanilər lənətlər və küfrlərlə gəlməyəcəklər?
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, DAVAMın yazıları > Məhəmməd Əmin Rəsulzadə: Qaradovoylar qamçı ilə gəldikdə bəzi ruhanilər lənətlər və küfrlərlə gəlməyəcəklər?

Məhəmməd Əmin Rəsulzadə: Qaradovoylar qamçı ilə gəldikdə bəzi ruhanilər lənətlər və küfrlərlə gəlməyəcəklər?


Demokratik respublika qurmağı qarşısına prinsipial məqsəd kimi qoymuş Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) dövlət, ordu quruculuğu, xarici siyasət və başqa sahələrdə gördüyü işlər, qanunvericilik fəaliyyəti parlament iclaslarının toplandığı sənədlər toplusunda öz geniş əksini tapmışdır. Düşünürük ki, hər bir Azərbaycan vətəndaşı 1918-1920-ci illərdə fəaliyyət göstərmiş Demokratik Cümhuriyyətinin parlamentində baş verənlər haqqında məlumatlı olmalıdır. Elə bu baxımdan da 2018-ci ilin Cümhuriyyət ili elan olunduğundan Enter.News hər həftənin şənbə və bazar günləri Cümhuriyyət parlamentində olan çıxışların stenoqramını hissə-hissə bütövlükdə yayımlamağa qərar verib.

Yazının davamını bu linkdən oxuyun

Qırx doqquzuncu iclasın davamı

19 iyun 1919-cu il

Əhməd Cövdət - Möhtərəm Sultan Məcidin fikrinə heç vaxt iştirak edə bilməyəcəyəm. Burada ruhaniləri ayırmaq, biri məscidə, digəri kilsədə ayrı-ayrı gördüklərini söyləmək düz deyildir. Bütün kilsələrdə və məclislərdə görülən iş ancaq Allaha ibadət və ruhani vəzifələri ifa etməkdən ibarətdir. Əgər başqa görünürsə, o da ancaq məscidlərin özünə aiddir. Rus kilsəsi tarixinə baxsaq görərik ki, rus kilsəsində məscid kimi ictimai işlərə qarışıblar. Kilsə dairəsində ictimai məsələlər həll olunubdur. Ona görə bizim ruhanilər ictimai işlərə qarışır, onlara yox demək doğru deyildir. Onları ayırmaq düz deyildir. Layihədə qoyulan maddə doğru qoyulubdur. Bilirsiniz ki, seçki vaxtı bir çox nalayiq danışıqlar və nalayiq sözlər söylənilir. Əgər məsciddəki ruhaninin işi xalqa ruhani qida verməkdir, Bir firqə tərəfindən təşviqat yoxsa, o vaxt başqası da çıxıb cavab verdikdə Allahın evində bihörmətçilik olar. Bu maddə ruhaniləri mühafizə edir. Ruhanilər mitinqlərdə başqa vətəndaşlar kimi gedib danışa bilərlər. Ancaq Allahın evindən istifadə edib bir firqə tərəfindən təşviqat yapmaq ruhanilər üçün doğru deyildir. Onu da bilməli ki, ruhanilərin bir qismi hökumətə mərbut olub, təxsisat alır.

Məsələn qazi, Şeyxülislam və qeyriləri. Hökumət başında duran bir firqə ola bilər ki, hökumət əlilə ruhanilərə bir dəsturüləməl versin ki, təşviqat yapsınlar. Bir də qeyri firqələrin ixtiyarını əlindən almaq deməkdir. Demokratik hökumətlərdə bu qəbul edilmiş bir əsasdır. Gərək buna etiraz olmasın. Komisyonun təklifi qəbul olunsun.

Rəis - Söz Mehdi bəy Hacınskinindir.

Mehdi bəy - Mən Sultan Məcid əfəndinin nitqinin ikinci hissəsindən bəhs etmək istəyirəm. Qabaqda oxuduq ki, polis məmurları seçkidən məhrum edilirlər.

Ruhanilər isə bundan məhrum deyildirlər. Ruhaniləri polislərə qarışdırmamalıdır. Çünkü ruhanilər küçələrdə, mitinqlərdə və qeyri yerlərdə təşviqat yapa bilərlər. Lakin məscid kimi yerlərdə firqələr haqqında təşviqat və təsrifat yapılmamalıdır. Əhməd bəy dediyi kimi ola bilər ki, hökumətə mərbut ruhanilər hökumətin əmrinə görə bir firqənin haqqında təşviqat yapmaqla başqalarını seçkidən məhrum etsinlər. Ona təklif edərdim ki, komisyonun bu qərarı qalsın.

Rəis - Söz Sultan Məcid Qənizadənindir.

Sultan Məcid Qənizadə - Mən bunu demək istəyirəm ki, hərgiz mən o təsəvvürdə deyiləm ki, məscid ilə kilsəyə, molla ilə keşişə təfavüt qoyum. Mən onun tərəfdarı idim ki, mollaya da, keşişə də məscid və kilsə həyətində təbliğata izn verilsin. Ancaq onu dedim mən ki, bu qayda hərgah xristianlarda yoxsa, islam aləmində qədimdən belədir. Ola bilər ki, keşiş dünyəvi işlərdən danışmasın. Lakin mollanın borcudur danışsın. Ələlxüsus seçki məsələsi ki, məmləkət və millət üçün işləmişdir. Bunun nəticəsi cumhuriyyətin və millətin səadətinə səbəb olacaqdır. Ruhaniləri bu qədər müqəddəs işdən məhrum edək? Bu biri. İkinci də Mehdi bəy deyir ki, polis və jandarma seçkidən məhrumdurlar. Ona görə biz də səs verdik ki, polis bu işə qarışmasın, çünkü polis gələndə qamçı ilə, taziyanə ilə gəlir.

Qoymuyur ki, xalq rəyini desin. Ruhanilər isə vəz və mövizə ilə gəlirlər. Başqa bir şey ilə gəlsə o vaxt o ruhani deyilmiş. Hər bir məsləhət olanlara verdiyimiz halda aya bu məsələni olmazmı onlara verək. Ona görə mən deyərdim ki, o maddə layihədən çıxsın. Çünkü bir növ ruhanilərin şənin əksildir. Təklif edərdim ki, yazdığım kimi qəbul olunsun.

Rəis - Son söz məruzəçinindir.

Məmməd Əmin - Bu məsələyə əsas bir nöqteyi-nəzərlə baxmaq lazımdır. Burada üləma və ruhanilərin heysiyyətinə toxunacaq heç bir şey yoxdur. Bir dəfə bilməli ki, əsri hazırda, bir zamanda ki, xalq cumhuriyyəti elan etmişik, bir zamanda ki, bütün hakimiyyət millət əlindədir və bütün qanunlar xalqın rəyilə hakimiyyəti milliyyə əsasından çıxacaqdır. Xalqın intixab etdiyi məbuslar millət və məmləkətin nə üsulla idarə olunacağı xüsusunda qanunlar çıxaracaqdır. Böylə bir zamanda əsrlər ilə bundan əvvəlki, əsasları qurmaq zəmini deyildir. O zaman çoxdan keçmişdir.

Əfəndilər! Üləmanın vəzifəsi bir vəzifeyi-diniyyə olduğundan müqəddəsdir. Məscidlərdə vəz etmək müqəddəs bir vəzifədir. Deyirlər ki, seçki də müqəddəsdir. Müqəddəs bir işdən ruhaniləri məhrum etmək olmaz. Lakin bunu bilməli ki, dini məsələlər ilə olan rabitə başqa, dünya işləri isə bam başqadır. Dünya mübarizəsi, siyasi mübarizə, məncə dürlü tənqidlər, münaqişələrlə doludur. Bunun qüdsiyyəti əlbəttə ki, din məsələsindən, qüdsiyyətdən başqadır. Dini qüdsiyyət isə ancaq axiratə aiddir, nöqteyi-nəzərilə bu dünya və onun məsələləri cifeyi-dünyayi qüdsiyyəti ilə baxmaq olmaz. Əgər diqqətli olsanız dünya məsailində qətiyyən dini məsaildəki mənada bir qüdsiyyət yoxdur. Etiqadlar tənqidin, mühakimənin fövqündədir. Halbuki siyasi etiqadlar daima tənqid bərdardır. Bir şey ki, tənqidə və mühakiməyə məhkumdur, onda qüdsiyyət aramaq əbəsdir. Bir də gərək diqqət edəsiniz ki, seçkilər millət rəyinin azadlığından hasil olmalıdır. Ona görə bütün polis məmurlarının, qaradovoyların və başqa hakimlərin seçkidən məhrum edilməyə həqləri əlindən alınır. Bu nə üçündür? Digər cumhuriyyət əhllərinin hürriyyəti olduğu kimi bu da hər bir vətəndaşdır, niyə seçkidən məhrum edilsin. Ona görə ki, bununla neçə başqalarının azad səs verməsini təmin edirsiniz. Bizə deyirlər ki, qaradavoy, polis ağac ilə, qamçı ilə, ruhanilər isə vəz ilə gələcəklər.

Fəqət, siz məni təmin edərmisiniz ki, qaradovoylar qamçı ilə gəldikdə bəzi ruhanilər lənətlər və küfrlərlə gəlməyəcəklər? Qaradovoyun əlində ağac varsa, ruhanilərin də küfrü, lənəti vardır. (Alqışlar). (Sultan Məcid yerindən: O ruhani deyil, o mərsiyəxandır). Əvət, keçən sənə bunun təcrübəsini gördük, sizə məxsus olan ruhaninin birinin nə eylədiyini gördük. Ona görə daha imkan vermərik ki, Allahın evindən istifadə edib, yenidən küfürlər yağdırıb, təşviqat yapmaqla məqsədlərinə nail olsunlar. Bir də əfəndilər, bunu bilməlisiniz üləmanın vəzifəsi bitərəfanə xalqı haqq yoluna çəkməkdir. Fəqət, insan bir siyasi firqəyə mənsub olursa, bitərəf qalanmaz. Bir zamandakı firqələr rəqabətə çıxmışlar, bir zamanda ki, hissiyyat oynamış, bir zamandaki, firqə məşru və qeyri məşru vasitələrlə tərəfi - digəri məğlub etmək istəyir, bir zamanda ki, hissiyyat coşmuş, firqələr mübarizə və münaqişədə əhalisini bir sinfi digərilə mübarizə və rəqabətə qalxmış, böylə bir zamanda yeganə bir sülh yeri varsa ki, barışmaq üçün oraya müraciət etməlidir, o da məsciddir. Belə zamanlarda üləma sülh sözilə gəlib firqələrə nəsihət etməlidir. Lakin üləmalar da bu keşməkeşdə desə ki, həqq filan firqənindir; filan firqə isə paxıldır, o zaman məscidlər bir ixtilaf yeri olar və mitinqlərdə görünməyən vuruşmalar araya gələr və üləma sülh-səlahə çağırıb, xalqı barışdırmalı ikən, minbərlərdən doğru bilmədiyi firqələr üzərinə küfrlər yağdırmaqla atəş üzərinə yağ tökəcəkdir. Bir alim bütün ibadullahi bir nəzərdə görməlidir. İbadullah məscidə gedib xüzü - xüşu hüzuri allahidə dünya dəğdəğəsini unutmaq istərkən minbəri, məscidi, məscid və vaizi də siyasətdə qatışdırasınız, istər istəməz siyasətə qarışmaya məcbur edərsiniz. Bu surətlə zavallı vətəndaşı burada da onu rahət qoymayacaqsınız, bir alim ki, minbərdən məsələn "Müsavata" və ya "İttihada" zidd gedə, minbər dibində oturmuş digər bir vətəndaşın da haqqı var ki, çıxıb ona etiraz etsin. Bir başqası da ona etiraz edərsə, o zaman soraram sizə burası məscid olur? Onda ora məscid olmaz, olar dünya meydan dəğdəğəsi, bununla din nümayəndələrinin həqqi-hörmətini artırmayacaq, azaldacaqsınız. Çünki mənim məsləkimə minbərdən biri zidd gedərsə, əmin olunuz ki, bu zidd gedən alim də olursa, mən ona etiraz edəcəyəm. Ona qarşı hörmət bəsləməyəcəyəm. İndi söyləyiniz qalarmı hörməti o üləmanının, qətiyyən qalmaz. Əgər istəyirsiniz ki, məscid bir möhtərəm bir vasitə, sülh və səlah olsun, qoyunuz o bitərəf və müqəddəs qalsın. Əgər istəyirsiniz ki, din nümayəndələrinin heysiyyəti baqi qalsın, əgər istəyirsiniz ki, məscid məscidliyində bulunsun dünya vaqeələrini oraya daxil etməyin, buraxınız orası ancaq ibadət üçün qalsın. Əlhəzər ruhaniləri siyasətə qarışdırmayın, onları bir mətah kimi saxlayınız ki, biz vuruşanda bir müşəvviq ata kimi gəlib bizə münsüf olsunlar və desinlər ki, vuruşmayın. Nəinki mübarizə zamanı onlar da gəlib desinlər ki, ura. O zaman iğtişaş çıxar, fəsad olur. Bu böylədir. Bir alim ittihadçı, digəri müsavat, sosialist olursa, bir üləmanın biri çıxıb deyir ki, səsinizi filan firqəyə verin, ardınca da mərsiyəxan da çıxıb səsinizi filan firqəyə verin, o yalan deyir desə, o vaxt nə olar? Belə məsciddən nə çıxar? İştə bu nöqteyi-nəzərdən məscidləri mübariz siyasi firqələr arasında bir amil sülhü-səlah üzrə saxlamaq üçün bu maddə qəbul edilməlidir. Lakin bir alim minbərdən kənar bir yerdə, məscidin xaricində kəndi fikir və əqidəsini söyləyə bilər. Kimsə buna mane deyil. Fəqət, öz siyasi firqəsindən ötrü məscidi bir aləti-istifadə qayırmasın, xalqın hüzuri-ilahidə xüzü xüşü ilə duracaq bir vəziyyətindən istifadə edib istədiyi tərəfə sürməsin, məscid ilə minbər bitərəf qalsın. Alimlər xalqı sülh səlaminə irşad edib, məscid də siyasi işlərdə iştirak etməsin (alqışlar).

Rəis - Əvvəl Qənizadənin təklifini səsə qoyacağam. Təklifin məzmunu böylədir (oxuyur): "Kilsə və məscid, habelə ruhanilərin mövizəsi xüsusunda olan maddə götürməli". Hər kim Sultan Məcid Qənizadənin oxuduğu təklifini qəbul edirsə, rica edirəm, əlini qaldırsın. Kim əleyhinədir. Əksəriyyət rəy ilə təklif qəbul olunmayır. Hər kim 96-cı maddəni qəbul edirsə, rica edirəm, əlini qaldırsın. Əksəriyyət rəy ilə 96-cı maddə qəbul olunur. 97-cini oxuyunuz.

Katib - 97-ci maddəni oxuyur.

Rəis - 97-ci maddə xüsusunda kim danışmaq istərdi? Yoxsa, səsə qoyuram. Kim 97-ci maddəni qəbul edirsə, rica edirəm, əlini qaldırsın. 97-ci maddə əksəriyyət rəy ilə qəbul olunur.

Katib - 98-ci maddəni oxuyur.

Rəis - Kim danışmaq istərdi bu xüsusda? (Kyusterə) Yusif bəy çıxanları çağırınız, kvorum yoxdur, səsə qoyacağam. 98-ci maddəni səsə qoyuram, kim qəbul edirsə, rica edirəm, əlini qaldırsın. 98-ci maddə əksəriyyət rəylə qəbul olunur.

Katib - 99-cu maddəni oxuyur.

Rəis - 99-cu maddəni səsə qoyuram. Qəbul edənlərdən, rica edirəm, əlini qaldırsın. 99-cu maddə əksəriyyət rəylə qəbul olunur.

Katib - 100-cü maddəni oxuyur.

Rəis - Yüzüncü maddəni səsə qoyuram, qəbul edən əlini qaldırsın. Qəbul olunur, yüzüncü maddə.

Katib - Yüz birinci maddəni oxuyur.

Rəis - Yüz birinci maddəni səsə qoyuram. Qəbul edənlərdən, rica edirəm, əlini qaldırsın. Qəbul olunur 101-ci maddə.

Katib - 102-ci maddəni oxuyur.

Rəis - 102-ci maddəni səsə qoyuram. Kim qəbul edirsə, rica edirəm, əlini qaldırsın. Əksəriyyət rəy ilə yüz ikinci maddə qəbul olunur.

Katib - Yüz üçüncü maddəni oxuyur.

Rəis - Yüz üçüncü maddəni səsə qoyuram. Qəbul edənlərdən, rica edirəm, əlin qaldırsın. 103-cü maddə əksəriyyət rəylə qəbul olunur.

Katib - 104-cü maddəni oxuyur.

Rəis - 104-cü maddəni səsə qoyuram, hər kim qəbul edirsə, rica edirəm, əlin qaldırsın. Əksəriyyət rəy ilə 104-cü maddə qəbul olunur.

Katib - 105-ci maddəni oxuyur.

Rəis - 105-ci maddəni səsə qoyuram, hər kim qəbul edirsə, rica edirəm, əlin qaldırsın. Əksəriyyət rəy ilə 105-ci maddə qəbul olunur.

Katib - 106-cı maddəni oxuyur.

Rəis - 106-cı maddəni səsə qoyuram, rica edirəm, hər kəs qəbul edirsə, əlini qaldırsın. Əksəriyyət rəylə 106-cı maddə qəbul olunur.

Katib - 107-ci maddəni oxuyur.

Rəis - 107-ci maddəni səsə qoyuram. Üç qisimdən ibarət olan 107-ci maddəni hər kəs qəbul edirsə, əlini qaldırsın. Əksəriyyət rəy ilə qəbul olunur.

Katib - 108-ci maddəni oxuyur.

Rəis - 108-ci maddəni səsə qoyuram, kim qəbul edirsə, rica edirəm, əlini qaldırsın. Əksəriyyət rəy ilə 108-ci maddə qəbul olunur.

Katib - 109-cu maddəni oxuyur.

Rəis - 109-cu maddəni səsə qoyuram, hər kim qəbul edirsə, rica edirəm, əlin qaldırsın. Əksəriyyət rəy ilə 109-cu maddə qəbul olunur.

Katib - 110-cu maddəni oxuyur.

Rəis - 110-cu maddəni səsə qoyuram. Kim qəbul edirsə, rica edirəm, əlini qaldırsın. Əksəriyyət rəy ilə 110-cu maddə qəbul olunur.

Katib - 111-ci maddəni oxuyur.

Rəis - 111-ci maddəni səsə qoyuram. Kim qəbul edirsə, rica edirəm, əlini qaldırsın. 111-ci maddə əksəriyyət rəylə qəbul olunur.

Katib - 112-ci maddəni oxuyur.

Rəis - 112-ci maddəni səsə qoyuram. Hər kim qəbul edirsə, rica edirəm, əlini qaldırsın. Əksəriyyət rəy ilə 112-ci maddə qəbul olunur.

Katib - 113-cü maddəni oxuyur.

Rəis - 113-cü maddəni səsə qoyuram, qəbul edənlər, rica edirəm, əlini qaldırsın. Əksəriyyət rəy ilə 113-cü maddə qəbul olunur.

Katib - 114-cü maddəni oxuyur.

Rəis - 114-cü maddəni səsə qoyuram. Hər kim qəbul edirsə, rica edirəm, əlini qaldırsın. 114-cü maddə əksəriyyət rəy ilə qəbul olunur.

Katib - 115-ci maddəni oxuyur.

Rəis - 115-ci maddəni səsə qoyuram. Kim qəbul edirsə, rica edirəm, əlini qaldırsın. Əksəriyyət rəy ilə 115-ci maddə qəbul olunur.

Katib - 116-cı maddəni oxuyur.

Rəis - 116-cı maddəni səsə qoyuram. Hər kim qəbul edirsə, rica edirəm, əlini qaldırsın. Əksəriyyət rəy ilə 116-cı maddə qəbul edilir. Layiheyiqanuniyyənin 3-cü qəraəti gələn iclasa qalır.

Vaxtın təng olduğundan məclisi qapayacam, lakin iki dəqiqə müsaidə versəniz seçki nəticələrini elan edəcəyəm. Xahiş edirəm məbuslardan iki nəfəri gəlsin vərəqələrə baxmağa.

Səslər - Lazım deyil. Lazım deyil.

Rəis (oxuyur) - Lavayehi-qanuniyyə komisyonuna Rzayev Bağır 24 səs ilə, topraq komisyonuna Baxış bəy Rüstəmbəyov 35 səs ilə, ləvazim komisyonuna Rzayev Bağır 24 səs ilə. Seçki nəticəsində ancaq 3 komisyona adam seçilib. Lakin o biri komisyonlara seçilənlər 5-6 səs alıblar. Buna görə də o biri komisyonlara gələn iclasda seçki olacaq. İclası qapayıram.

(İclas saat 3.25 dəqiqədə qapanır).

Davamı var...

Geri dön