Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Görkəmli müğənni Müslüm Maqomayevin xatirəsi anılıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Mədəniyyət > Görkəmli müğənni Müslüm Maqomayevin xatirəsi anılıb

Görkəmli müğənni Müslüm Maqomayevin xatirəsi anılıb


Oktyabrın 25-i Azərbaycanın və SSRİ-nin Xalq artisti Müslüm Maqomayevin vəfatı günüdür.

Tanınmış incəsənət və mədəniyyət xadimləri, ictimaiyyət nümayəndələri Fəxri xiyabana gələrək Müslüm Maqomayevin məzarı önünə əklil qoyub, tər çiçəklər düzüblər.

Xalq artisti Eldar Quliyev çıxış edərək sənətkarın Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərindən söz açıb. Deyib ki, dünya şöhrətli müğənni və bəstəkarın yaradıcılığı həm sovet dövründə, həm də müstəqil Azərbaycanda hər zaman ulu öndər Heydər Əliyevin diqqətində olub. Onun yaradıcılığı Azərbaycanın ən ali dövlət mükafatlarına, o cümlədən “İstiqlal”, “Şərəf” ordenlərinə layiq görülüb. M.Maqomayevin vəfatından sonra Bakıda yerləşən musiqi məktəblərindən birinə onun adı verilib, yaşadığı binaya xatirə lövhəsi vurulub. Diqqətə çatdırıb ki, dahi sənətkar cismən aramızda olmasa da, onun adı, yaradıcılığı nəinki unudulmur, əksinə, yaddaşlarda daha da möhkəmlənir. Kinorejissor böyük sənətkarın Bakıya olan sevgisindən danışıb, S.Yeseninin “Əlvida, Bakı” şeirinə yazdığı musiqinin bu sevgidən irəli gəldiyini, bu mahnının onun bir vəsiyyətinə çevrildiyini söyləyib.

Qeyd edilib ki, Bakıda dünyaya göz açan M.Maqomayev ilk dəfə 1962-ci ildə Helsinkidə gənclər festivalında diqqəti cəlb edib. O, “Buhenvald harayı” və “Ruslar müharibə istəyirlərmi?” mahnılarının ifasına görə festivalın laureatı olub. 1963-cü ildə öz konsertləri ilə sözün əsl mənasında Moskvanı fəth edib. Onun çıxışları böyük əks-səda yaradıb. Müslüm Maqomayev estrada mahnıları ilə opera ariyalarını eyni dərəcədə gözəl ifa edib. 1964-cü ildə Milanın “La-Skala” Teatrında staj keçmək üçün bir il müddətində İtaliyada olub.

Vurğulanıb ki, Milandan sonra Müslüm Maqomayev “Toska” və “Sevilya bərbəri” operaları ilə Sovet İttifaqının ən iri şəhərlərində çıxış edib. 1966-cı və 1969-cu illərdə Parisin məşhur “Olimpiya” Teatrında Maqomayevin qastrolları böyük uğur qazanıb. M.Maqomayev 1969-cu ildə Sopot festivalında birinci mükafata layiq görülüb. 1973-cü ildə ona SSRİ Xalq artisti adı verilib. M.Maqomayev 1975-1989-cu illərdə özünün yaratdığı Azərbaycan Dövlət Estrada Simfonik Orkestrinin bədii rəhbəri olub.

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru, Xalq artisti Azər Paşa Nemətov və digərləri çıxış edərək sənətkarın yaradıcılığından danışıb, xatirələrini bölüşüblər.

Vurğulanıb ki, müğənni sovet televiziyasında daim əsas hökumət konsertlərində və bayram proqramlarında iştirak edib. “Bremen musiqiçilərinin izi ilə” (1973-cü il) populyar cizgi filminin qəhrəmanı Trubadur məhəbbət serenadasını Müslüm Maqomayevin səsi ilə oxuyur.

Müslüm Maqomayevin diskoqrafiyasına 45-dən çox qrammofon valı, habelə 15 kompakt-disk, o cümlədən “Sənə minnətdaram”, “Opera və müzikllərdən ariyalar. Neapol mahnıları” , “Sovet estradasının ulduzları. Müslüm Maqomayev.” , “Məhəbbət mənim mahnımdır. Xəyallar ölkəsi” diskləri və s. daxildir.

Onun xidmətləri sadalamaqla bitmir. Bir sözlə, M.Maqomayevin bənzərsiz yaradıcılığı insanların qəlbində silinməz iz qoyub.

Geri dön