Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Milli Məclisin növbəti plenar iclası keçirilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət > Milli Məclisin növbəti plenar iclası keçirilib

Milli Məclisin növbəti plenar iclası keçirilib


Oktyabrın 30-da Milli Məclisin növbəti plenar iclası keçirilib.

Parlament sədrinin birinci müavini Ziyafət Əsgərov iclası açıq elan edib. Qeyd edib ki, oktyabrın 30-da və noyabrın 2-də keçiriləcək iclasların gündəliyinə 51 məsələ daxildir.

Gündəlik təsdiqləndikdən sonra cari məsələlər müzakirə edilib.

İclasda hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə sənədi ikinci oxunuşda təqdim edib. Bildirilib ki, normativ hüquqi aktların hazırlanmasında səmərəliliyin artırılması və çevikliyin təmin edilməsi məqsədi ilə qanunun 29 maddəsində kiçik dəyişiklik edilib. Sənəd səsə qoyularaq qəbul olunub.

Sonra komitə sədri Əli Hüseynli “Diplomatik xidmətə verilən töhfəyə görə” medalının və “Azərbaycan Respublikası dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarının 100 illiyi (1919-2019)” yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Qanunda dəyişikliklər edilməsi barədə sənədləri ikinci oxunuşa təqdim edib. Hər iki sənəd səsə qoyularaq təsdiqlənib.

“Təhsil haqqında” Qanunda dəyişikliklər edilməsi barədə sənədi üçüncü oxunuşa təqdim edən elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli bildirib ki, nəzərdə tutulan dəyişikliklər Azərbaycan Prezidentinin “İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin vətəndaşlarına Azərbaycanda ali təhsil almaq üçün qrantların verilməsi haqqında” 2017-ci il 6 dekabr tarixli və “Qoşulmama Hərəkatına üzv dövlətlərin vətəndaşlarına Azərbaycanda ali təhsil almaq üçün qrantların verilməsi haqqında” 2018-ci il 10 yanvar tarixli sərəncamlarının icrası məqsədi ilə hazırlanıb. Bu Qanuna təklif olunan dəyişikliklər də səsə qoyularaq təsdiq edilib.

Əli Hüseynli Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsini üçüncü oxunuşda şərh edərək bildirib ki, Məcəlləyə “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının;” məzmunlu 307.2.10-1-ci maddə əlavə edilir. Bildirilib ki, təqdim edilmiş layihə “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 1 fevral tarixli Qanununun icrası ilə əlaqədardır. Dəyişikliklər səsvermə yolu ilə qəbul olunub.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə Vergi və Gömrük məcəllələrində dəyişikliklər edilməsi haqqında qanun layihələrini üçüncü oxunuşda təqdim edib. Qeyd edib ki, məcəllələrdə dəyişikliklər edilməsi haqqında qanun layihələri “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının 2017-ci il 15 dekabr tarixli Qanununun icrası məqsədilə hazırlanıb. Qanun layihələri səsə qoyularaq qəbul edilib.

Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsini üçüncü oxunuşda şərh edən Ziyad Səmədzadə deyib ki, qanun layihəsi Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının təklifləri əsasında Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə “Banklar haqqında” Qanunu arasında ziddiyyətlərin aradan qaldırılması məqsədilə hazırlanıb.

Ziyad Səmədzadə üçüncü oxunuşda “Banklar haqqında” Qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsini təqdim edərək bildirib ki, sənədin 57-8-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, bank ən azı üç hüquqi və ya fiziki şəxs tərəfindən açıq səhmdar cəmiyyəti formasında yaradılır və fəaliyyət göstərir. Bundan əlavə, cəmiyyətin icra orqanının səlahiyyətləri müqaviləyə əsasən başqa hüquqi şəxsə və ya fərdi sahibkara (idarəçiyə) verilə bilməz. Qanuna, həmçinin “bankın Audit Komitəsinin üzvlərini təyin və azad etmək, Audit Komitəsinin əsasnaməsini təsdiq etmək” məzmunlu 25.1.5-1-ci maddə əlavə ediləcək. Dəyişikliyə əsasən, bu Qanunun 10-cu maddəsinin müvafiq tələblərinə uyğun gəlməyən, habelə bankın digər idarəetmə orqanlarının üzvü olan şəxslər bankın Audit Komitəsinin üzvü ola bilməz və səhmdarların Müşahidə Şurasının qərarı ilə Audit Komitəsinin üzvləri vəzifəsindən azad edilməlidirlər. Bundan başqa, Qanuna bir sıra texniki dəyişikliklər də ediləcək.

Ziyad Səmədzadə Mülki Məcəllədə dəyişikliklər edilməsi haqqında qanun layihəsini də üçüncü oxunuşda şərh edib. Bildirib ki, Məcəlləyə Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında ipoteka kreditləşməsinin bəzi məsələləri haqqında” 2016-cı il 22 iyun tarixli Fərmanının 9.2-ci bəndinin icrası, habelə bu sahədə məmur-vətəndaş təmasının minimum səviyyəyə çatdırılması, şəffaflığın artırılması, sağlam və təhlükəsiz elektron informasiya mübadiləsinin təmin edilməsi məqsədilə bir sıra dəyişikliklər edilir.

Komitə sədri Ziyad Səmədzadə “İpoteka haqqında” Qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsini üçüncü oxunuşda təqdim edib. Bildirib ki, dəyişikliklər daşınmaz əmlak üzərində ipoteka hüququnu təsbit edən ipoteka kağızının qeydiyyatının və dövriyyəsinin elektron qaydada təşkili ilə bağlı müddəaların hüquqi əsasının formalaşdırılmasını, həmçinin ipoteka kağızının tərtib olunmasını, ipoteka qoyan tərəfindən imzalanmasını, onun notarial qaydada təsdiqlənməsini və digər prosedurların elektron qaydada həyata keçirilməsini nəzərdə tutur.

“Lotereyalar haqqında” Qanunda dəyişiklik edilməsi barədə sənədi şərh edən Ziyad Səmədzadə bildirib ki, qanun layihəsi elektron lotereyaların təşkili və keçirilməsinə nəzarət mexanizmlərinin təkmilləşdirilməsini nəzərdə tutur. Bu lotereyaların “Fərdi məlumatlar haqqında” Qanuna əsasən dövlət qeydiyyatına alınmış elektron informasiya sistemi vasitəsilə həyata keçirilməsini məqsədəuyğun sayır. Dəyişikliklərə görə, stimullaşdırıcı lotereyada iştirak etmək üçün lotereya obyektinin qiymətindən əlavə haqqın alınmasına yol verilmir. Stimullaşdırıcı lotereyalar yalnız tirajlı formada keçirilir.

Bu qanun layihələri də Milli Məclisin deputatları tərəfindən üçüncü oxunuş üçün razılıqla qarşılanıb.

Əli Hüseynli üçüncü oxunuşda nəzərdən keçirilən Cinayət Məcəlləsində təklif olunan dəyişiklikləri də şərh edib.

Dəyişikliklərə əsasən, dağ-mədən müəssisələrinin və ya yeraltı qurğuların faydalı qazıntıların çıxarılması ilə əlaqəsi olmayan layihələşdirilməsi, yerləşdirilməsi, tikintisi, istismara buraxılması və ya istismarı zamanı yerin təkinin qorunması və istifadə edilməsi qaydalarının pozulması, habelə faydalı qazıntıların yerləşdiyi ərazidə qanunsuz tikinti aparılması əhəmiyyətli zərərə səbəb olduqda altı min manatdan on min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifətutma və ya müəyyən fəaliyyətlə məşğulolma hüququndan məhrumetmə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Sənədə, həmçinin “Bu Məcəllənin 255.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda - cinayət nəticəsində vurulmuş ziyanın üç mislindən beş mislinədək miqdarda cərimə edilməklə və ya edilməməklə üç ildən beş ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır” məzmunlu 255.2-ci maddə əlavə edilir. Bu sənəd də səsə qoyularaq təsdiqlənib.

İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini üçüncü oxunuşa təqdim edən Əli Hüseynli bildirib ki, dəyişiklik yerin təkindən istifadə qaydalarının pozulmasına görə inzibati məsuliyyətin sərtləşdirilməsi məqsədilə təklif edilir. Yerin təkindən istifadə qaydalarının pozulması ilə bağlı inzibati xətalara görə fiziki şəxslərə, vəzifəli şəxslərə və hüquqi şəxslərə tətbiq edilən cərimələrin artırılması təklif edilir. Qanun layihəsi səsə qoyularaq qəbul olunub.

Əli Hüseynli “İnzibati icraat haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini üçüncü oxunuşa təqdim edərək bildirib ki, layihə dövlət və bələdiyyə torpaqlarının istifadəyə, icarəyə və mülkiyyətə verilməsi ilə əlaqədar rayon (şəhər) icra hakimiyyəti başçılarının sərəncamlarının məhkəmələrdə mübahisələndirilməsi məsələsinin tənzimlənməsi məqsədilə hazırlanıb. Belə ki, bir sıra hallarda Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən dövlət və bələdiyyə torpaqlarının istifadəyə, icarəyə və mülkiyyətə verilməsi ilə əlaqədar rayon (şəhər) icra hakimiyyəti başçılarının sərəncamlarının mübahisələndirilməsi ilə bağlı qaldırılan iddialara məhkəmələr tərəfindən inzibati orqanlar arasında aidiyyət və səlahiyyətlərlə bağlı mübahisə olması əsası ilə baxılmır. Təqdim olunan layihə həmin problemin aradan qaldırılması üçün hazırlanıb.

İclasda, həmçinin İnzibati Xətalar, Cinayət məcəllələrində, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələrinə də üçüncü oxunuşda baxılıb.

Sənədlər ayrı-ayrılıqda səsə qoyularaq təsdiqlənib.

Əli Hüseynli “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Qanunda nəzərdə tutulan dəyişiklikləri üçüncü oxunuşda şərh edib. Bildirilib ki, qanun layihəsinə əsasən “Şəxsiyyət vəsiqəsində göstərilən məlumatlar” adlı 3-cü maddəyə “əl-barmaq izləri” sözləri əlavə ediləcək. 9.4-cü maddədə isə “vətəndaşa” sözü “vətəndaşdan əl-barmaq izləri götürülmür, habelə ona” sözləri ilə əvəzlənir.

“Pasportlar haqqında” Qanunda edilən dəyişiklikləri üçüncü oxunuşda təqdim edən Əli Hüseynli deyib ki, sənədə görə diplomatik pasportlar Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən diplomatik nümayəndəlikləri nəzdində təsis edilən hərbi attaşelik aparatlarının zabit heyətinə, həmçinin beynəlxalq təşkilatlardakı hərbi nümayəndələrinə və onların müavinlərinə, eyni zamanda, müvafiq icra hakimiyyəti orqanının xarici dövlətlərdə və beynəlxalq təşkilatlarda nümayəndələrinə də veriləcək.

Hər iki sənəd ayrı-ayrılıqda səsə qoyularaq qəbul edilib.

Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə “Bələdiyyələrin statusu haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini üçüncü oxunuşda təqdim edib. Bildirib ki, qəbiristanlıqların salınması və idarə olunması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalara uyğun olaraq həyata keçirilir. Həmin qaydaların tələblərini pozan şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyırlar. Qeyd olunub ki, “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanun layihəsində qəbiristanlıqların salınması və idarə olunması məsələlərində bələdiyyələrin üzərinə düşən vəzifələrin müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalara uyğun olaraq həyata keçirilmədiyi hallarda məsuliyyət məsələsini təmin etmək məqsədilə 4-cü maddəyə yuxarıda göstərilən dəyişikliyin edilməsi təklif olunur.

Sonra Arif Rəhimzadə “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini üçüncü oxunuşda şərh edib. Deyib ki, bələdiyyələrin ərazisində qəbiristanlıqların salınması, saxlanılması, qorunması, idarə olunması, abadlaşdırılması və bələdiyyələrin ərazisində yaşayan əhalinin aztəminatlı təbəqəsindən olan mərhumların dəfn və yas mərasimlərinin təşkilinə yardım məqsədilə yerli büdcədə zəruri xərclər nəzərdə tutulur və təyinatı üzrə sərf edilir. Bildirilib ki, “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının qanun layihəsi “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 29 dekabr tarixli Qanununa uyğun olaraq hazırlanıb və yerli (bələdiyyə) büdcədə qəbiristanlıqların salınması, saxlanılması, qorunması, idarə olunması, abadlaşdırılması məqsədi ilə zəruri xərclərin nəzərdə tutulmasını təsbit edir. Bu qanun layihələri də ayrı-ayrılıqda səsə qoyularaq qəbul edilib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Aqiyə Naxçıvanlı “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanun layihəsini üçüncü oxunuşa təqdim edib. Bildirib ki, qanun layihəsi 5 fəsil, 19 maddədən ibarətdir. Bu qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin birinci hissəsinin 1-ci bəndinə uyğun olaraq, uşaqların yaşına uyğun informasiya əldə etmək hüququnun həyata keçirilməsi ilə əlaqədar olaraq uşaqların onlar üçün zərərli informasiyadan qorunması tədbirlərini müəyyən edir və bu sahədə yaranan münasibətləri tənzimləyir.

Qanun layihəsi səsə qoyularaq təsdiqlənib.

Milli Məclis Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Tacikistan Respublikasının Prezidenti Emomali Rəhmonun Birgə Bəyanatını da təsdiq edib.

Ziyad Səmədzadə “Dövlət Sirri haqqında” Qanunda nəzərdə tutulan dəyişikliklər barədə məlumat verib. Bildirib ki, dövlət sirrinin mühafizəsinin, o cümlədən müvafiq icra hakimiyyəti orqanında bu orqanın rəhbəri tərəfindən təşkil edilməsi məqsədilə “Dövlət Sirri haqqında” Qanunun 32-ci maddəsinə müvafiq dəyişikliklər təklif edilir. Qanun layihəsi səsvermə yolu ilə qəbul olunub.

İclasda Mülki Prosessual, İnzibati Xətalar və Cəzaların İcrası məcəllələrində, “Avtomobil yolları haqqında”, “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında”, “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” qanunlarda, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında”, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında”, “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” qanunlarda dəyişiklik edilməsi haqqında qanun layihələri də nəzərdən keçirilib. Bütün dəyişikliklər ayrı-ayrılıqda səsə qoyularaq qəbul edilib.

Ziyad Səmədzadə Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli 768-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”də, 2001-ci il 12 iyun tarixli 141-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”də, 2001-ci il 29 iyun tarixli 168-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”də və 2009-cu il 4 dekabr tarixli 930-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə qanun layihəsini təqdim edib. Bildirib ki, dəyişikliyə görə hərbi qulluqçunun ali hərbi rütbədən məhrum edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı qüvvəyə mindikdən sonra, o, Silahlı Qüvvələrin hərbi qulluqçularının siyahısından çıxarılır.

Sənəd səsə qoyularaq təsdiq edilib.

Əli Hüseynli ikinci oxunuşda “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini təqdim edib. Bildirilib ki, dəyişikliklər “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının icrası ilə əlaqədar təklif edilir.

Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

İclasda Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”də, “Dövlət rüsumu haqqında”, “Baytarlıq haqqında”, “Fitosanitar nəzarəti haqqında” və “Yeyinti məhsulları haqqında”, “Aviasiya haqqında” qanunlarda dəyişikliklər edilməsi barədə sənədlərə də baxılıb.

Ziyad Səmədzadə "Dövlət Borcu haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini ikinci oxunuşda təqdim edib. Bildirilib ki, dəyişikliyə əsasən sənədin 11.7-ci maddəsi yeni redaksiyada veriləcək.

Bu sənəd də səsə qoyularaq ikinci oxunuşda təsdiqlənib.

Birinci oxunuşda Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsində ediləcək dəyişiklikləri təqdim edən Əli Hüseynli bildirib ki, hazırda mövcud olan vəziyyətə görə Azərbaycan Respublikası ərazisindən kənarda istintaqdan gizlənən təqsirləndirilən şəxsin tutularaq cinayət prosesini həyata keçirən orqana gətirilməsi (ekstradisiyası) ilə əlaqədar çəkilmiş xərclər dövlətin hesabına həyata keçirilirdi. Qanun layihəsində təklif edilən dəyişiklik bu xərclərin Azərbaycan Respublikası ərazisindən kənarda istintaqdan gizlənən təqsirləndirilən şəxsdən tutulmasını nəzərdə tutur.

Əli Hüseynli İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsini birinci oxunuşda şərh edib. Bildirib ki, Azərbaycan Respublikasında dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 24 noyabr tarixli 1125 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidməti Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinin tabeliyinə verilib və onun səlahiyyətləri həmin Xidmətə həvalə edilib.

Əli Hüseynli “İnzibati icraat haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini birinci oxunuşda şərh edib. Qeyd edilib ki, Qanuna təklif edilən dəyişikliyə əsasən inzibati orqan inzibati icraat üçün zəruri olan və digər inzibati orqanın sərəncamında olan sənədlərin və ya məlumatların ərizəçi tərəfindən əldə olunmasını tələb edə bilməz. İnzibati Xətalar Məcəlləsinə dəyişiklik də bu normanın pozulmasına görə inzibati məsuliyyət nəzərdə tutmaq məqsədilə təklif edilir.

Qanun layihələri səsvermə yolu ilə təsdiqlənib.

“Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi”ndə, “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” və “Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında” qanunlarda dəyişikliklər edilməsinə dair layihələri təqdim edən Əli Hüseynli hər üç məsələni ətraflı şərh edib. Qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov “Psixoloji yardım haqqında” Azərbaycan Respublikası qanununun layihəsi barədə məlumat verib. Bildirib ki, 6 fəsil, 22 maddədən ibarət qanun layihəsi Azərbaycan Respublikasında psixoloji yardım göstərilməsinin hüquqi əsaslarını, psixoloji yardım alan şəxslərin və psixoloqların hüquq və vəzifələrini müəyyən edir, bu sahədə yaranan münasibətləri tənzimləyir. Sənəddə əsas anlayışların izahı verilir, onun tətbiq dairəsi göstərilir, psixoloji yardımın növləri və formaları əks olunur.

Qanun layihəsi səsvermə yolu ilə birinci oxunuşda təsdiq edilib.

Bununla da Milli Məclisin plenar iclası başa çatıb.

Geri dön