Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Milli Məclis komitələrinin birgə iclasında 2019-cu ilin büdcə zərfinin müzakirəsi davam edib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Siyasət > Milli Məclis komitələrinin birgə iclasında 2019-cu ilin büdcə zərfinin müzakirəsi davam edib

Milli Məclis komitələrinin birgə iclasında 2019-cu ilin büdcə zərfinin müzakirəsi davam edib


2019-cu ildə dövlət büdcəsindən sosial məqsədlərə 8 milyard 265,8 milyon manat vəsaitin ayrılması proqnozlaşdırılır
Noyabrın 6-da Milli Məclisin Əmək və sosial siyasət, Səhiyyə, Mədəniyyət, Elm və təhsil, Ailə, qadın və uşaq məsələləri komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.

Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli dünyada gedən bütün proseslərə rəğmən ölkəmizdə ulu öndər Heydər Əliyevin yaratdığı sosial sabitlik bazasında sosial rifahın hökm sürdüyünü deyib. Bildirib ki, son 10 ildə Azərbaycanda sosial məqsədlərə ayrılan vəsaitlərin həcmi daim intensiv olaraq artıb.

Komitə sədri deyib ki, gələn ilin dövlət büdcəsində sosial sahəyə ayrılan vəsaitlərin həcmi bütövlükdə artıb, əhalinin rifah halının yaxşılaşmasına xidmət edən maraqlı məsələlər ortaya qoyulub.

Büdcədə təklif edilən yeniliklərdən danışan Hadi Rəcəbli qeyd edib ki, sosial müdafiə sistemində yeni institut formalaşıb. Azərbaycanda bu sahədə ardıcıl islahatlar aparılır və bu islahatlardan biri də Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST) yaradılmasıdır.

Komitə sədri bildirib ki, gələn il dövlət büdcəsindən sosial məqsədlərə 8 milyard 265,8 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub. Bu da büdcənin 33,4 faizini təşkil edir.

Maliyyə nazirinin birinci müavini İlqar Fətizadə bildirib ki, 2019-cu ilin dövlət büdcəsinin layihəsi “Büdcə sistemi haqqında” Qanundan, Azərbaycan Respublikasının milli iqtisadiyyatının başlıca sektorları üzrə Strateji Yol Xəritəsindən irəli gələn tələblər, habelə dünya və Azərbaycan iqtisadiyyatında gözlənilən meyillərin təhlili əsasında formalaşıb. Büdcənin sabitliyi və ortamüddətli dayanıqlılığının təmin edilməsi xüsusi əhəmiyyət kəsb edir. 2019-cu il dövlət büdcəsinin tərtibatından başlayaraq növbəti illərin dövlət və icmal büdcələri yeni qəbul olunmuş büdcə qaydasına müvafiq olaraq hazırlanacaq.

Maliyyə nazirinin birinci müavini qeyd edib ki, bu amillərlə yanaşı, proqnozlaşdırma zamanı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin hazırladığı 2019-2022-ci illər üzrə ölkənin makroiqtisadi proqnoz göstəriciləri və gözlənilən iqtisadi meyillər, o cümlədən 2019-cu ildə ümumi daxili məhsulun 3,6 faizlik, qeyri-neft sektorunda isə 3,9 faizlik real artım sürəti nəzərə alınıb, dövlət büdcəsi və Dövlət Neft Fondunun gəlirlərinin hesablanmasında bir barel xam neftin satış qiyməti 60 ABŞ dolları səviyyəsində qəbul edilib. Bütövlükdə dünya iqtisadiyyatında cərəyan edən proseslərin Azərbaycan iqtisadiyyatına mənfi təsirinin qarşısının alınması 2019-cu ildə həyata keçiriləcək monetar və fiskal siyasətin əsas prioritetlərindən biri kimi gündəlikdə durmaqdadır.

İ.Fətizadə deyib ki, 2019-cu il üçün dövlət büdcəsinin gəlirləri ümumi daxili məhsulun 28 faizi həcmində olmaqla, mütləq ifadədə 22 milyard 918 milyon manat təşkil edəcək. Bu da cari illə müqayisədə 769 milyon manat və ya 3,5 faiz çoxdur. Gəlirlərin 9 milyard 217 milyon manatı və ya 40,2 faizi qeyri-neft sektoru üzrə daxilolmaların, 13 milyard 700 milyon manatı və ya 59,8 faizi neft gəlirlərinin payına düşəcək. 2019-cu ildə Vergilər Nazirliyin xətti ilə proqnozlaşdırılan daxilolmalar 7 milyard 316 milyon manat, Dövlət Gömrük Komitəsi xətti ilə proqnozlaşdırılan daxilolmalar isə 3 milyard 452 milyon manat səviyyəsində qiymətləndirilir. Dövlət Neft Fondundan transfert isə 11 milyard 364 milyon manat müəyyən edilib. Büdcə təşkilatlarının ödənişli xidmətləri hesabına 627 milyon manat, digər daxilolmalar üzrə 159 milyon manat vəsaitin daxil olacağı nəzərdə tutulur.

Əvvəlki illərdə olduğu kimi, 2019-cu ildə də xərclərin sosialyönümlü olmasının diqqətdə saxlanıldığını söyləyən İ.Fətizadə diqqətə çatdırıb ki, növbəti ildə sosial tədbirlərə aid olan elm, təhsil, səhiyyə, sosial təminat, mədəniyyət, gənclər siyasəti ilə bağlı xərclərə 6 milyard 369 milyon manat vəsait sərf ediləcək. Bu da cari illə müqayisədə 787 milyon manat, yəni 14,1 faiz çoxdur. Sosial tədbirlərin xərclərinin dövlət büdcəsi xərcləri tərkibində xüsusi çəkisi cari illə müqayisədə 1,5 faiz bənd artaraq 25,7 faizə, ümumi daxili məhsula nisbətdə isə 0,5 faiz bənd artaraq 7,8 faizə çatacaq. Prezident İlham Əliyevin sərəncamları ilə dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışanların əməkhaqqılarının artırılması, sosial müavinətlər, təqaüdlər və digər sosial yönümə aid edilən xərclər üzrə yaranmış əlavə maliyyə öhdəliklərinin təmin edilməsi üçün dövlət büdcəsindən 620 milyon manat, pensiya təminatı sahəsində əlavə sosial müdafiə tədbirləri üçün 110 milyon manat, 1425 məktəbəqədər təhsil müəssisəsində bir günlük ərzaq xərclərinin orta hesabla üç dəfə artırılması məqsədilə 83 milyon manat məbləğində vəsait ayrılıb. Növbəti ildə elm xərcləri üçün 134 milyon manat vəsait nəzərdə tutulub ki, bu da cari illə müqayisədə 5 milyon manat və ya 4,2 faiz çoxdur. 2019-cu ilin təhsil xərclərinə 2 milyard 275 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur ki, bu da cari ilə nisbətən 231 milyon manat və ya 11,3 faiz çoxdur. Təhsil xərclərinin dövlət büdcəsinin xərcləri tərkibində xüsusi çəkisi 9,2 faiz təşkil edir. Növbəti ilin dövlət büdcəsində səhiyyə xərcləri üçün 1 milyard 48 milyon manat vəsait nəzərdə tutulub. Bu da cari illə müqayisədə 309 milyon manat və ya 41,8 faiz çoxdur. İcbari tibbi sığortanın tətbiqi ilə bağlı maliyyə təminatının yaradılması üçün 240 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub.

İclasda çıxış edən Hesablama Palatasının sədri Vüqar Gülməmmədov bildirib ki, 2019-cu ilin dövlət büdcəsi ilə bağlı müzakirə olunan sənədlər qanunvericiliyin müəyyən etdiyi tələblərə uyğun tərtib edilib və müəyyən etdiyi vaxtda da təqdim olunub. Həmçinin 2019-cu ilin dövlət büdcəsinin layihəsi büdcə qaydalarının tətbiq edilərək hazırlandığı ilk büdcə layihəsidir və həmin qaydaların tələbləri də müzakirə edilən layihədə gözlənilib. Büdcə qaydaları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən fiskal intizamın təmin edilməsi və protsiklik siyasətdən uzaqlaşmaq istiqamətində verdiyi tapşırıqların icrası üçün qanunvericiliyin əsasını formalaşdırır.

Hesablama Palatasının sədri deyib ki, sosial sahələrin inkişafı, aztəminatlı əhalinin sosial rifahının yüksəldilməsi Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir. Dövlətimizin başçısı tərəfindən səhiyyə, elm, təhsil sahələrinin inkişaf etdirilməsi və vətəndaşlara göstərilən xidmətlərdə şəffaflığın və operativliyin təmin olunması, əmək, məşğulluq, sosial müdafiə və sosial təminat sahələrində dövlət xidmətlərinin tam elektronlaşdırılması, müvafiq informasiya sistemlərinin formalaşdırılması ilə bağlı dəfələrlə müvafiq tapşırıqlar verilib, zəruri maliyyə vəsaitlərinin ayrılması təmin olunub.

V.Gülməmmədov qeyd edib ki, növbəti ilin dövlət büdcəsinin proqnozlaşdırılması zamanı da sosial sahələrə xüsusi diqqət yetirilib. Belə ki, sosial siyasətin həyata keçirilməsi ilə bağlı xərclər üçün 2019-cu ilin büdcə layihəsində 6,4 milyard manat nəzərdə tutulub ki, bu da 2018-ci ilin proqnoz göstəricisi ilə müqayisədə 14,1 faiz çoxdur. Müvafiq xərclərin xüsusi çəkisinin dövlət büdcəsində 2018-ci ilin proqnoz göstəricisi ilə müqayisədə 1,5 faiz bəndi artımla nəzərdə tutularaq 25,7 faizlik paya malik olacağı gözlənilir.

Ümumiyyətlə, növbəti ilin dövlət büdcəsində sosial siyasətin həyata keçirilməsi ilə bağlı xərclərin ümumi daxili məhsula nisbəti də digər istiqamətlərlə müqayisədə yüksəkdir. 2019-cu ildə bu göstərici 0,7 faiz bəndi artaraq 7,8 faiz təşkil edəcək.

Bildirilib ki, 2019-cu ildə sosialyönümlü layihələrə dövlət əsaslı vəsait qoyuluşundan 945,4 milyon manat və xarici kreditlər hesabına 19,6 milyon manat olmaqla, ümumilikdə 965 milyon manat vəsaitin yönəldilməsi nəzərdə tutulub. Bu da 2018-ci illə müqayisədə 220,6 milyon manat və ya 30,4 faiz çoxdur. Həmin vəsaitlər hesabına 41 sosial təyinatlı layihənin təhvil veriləcəyi proqnozlaşdırılır.

2019-cu il üçün dövlət büdcəsi layihəsində “Sosial müdafiə və sosial təminat” bölməsi üzrə 2018-ci ilin gözlənilən icra göstəricisindən 11,2 faiz çox olmaqla 2,6 milyard manat vəsait nəzərdə tutulub.

Palata sədri diqqətə çatdırıb ki, “Büdcə zərfi”ndən də göründüyü kimi, proqnozlaşdırılmış vəsaitin əsas hissəsinin - 58,9 faizinin, əvvəlki illərdə olduğu kimi, Dövlət Sosial Müdafiə Fonduna dövlət öhdəliklərinin maliyyələşdirilməsi məqsədilə ayrılması nəzərdə tutulub.

“Dövlət fəal sosial müdafiə tədbirlərinin genişləndirilməsinə xüsusi diqqət yetirir, eyni zamanda, passiv tədbirlər arasında ünvanlı dövlət sosial yardımı xüsusilə əhəmiyyətlidir və növbəti ildə 171,2 milyon manat vəsait bu məqsədlə proqnozlaşdırılıb. Qeyd edək ki, Hesablama Palatası yardımların təyin edilməsi və ödənilməsi ilə bağlı apardığı nəzarət tədbirlərində ünvanlı yardımın ailənin maddi-məişət şəraitinin müayinəsinin qanunvericiliklə müəyyən edilməsinə baxmayaraq, həyata keçirilmədiyini, yalnız müraciət edən şəxsin məlumatları əsasında avtomatlaşdırılmış sistem (VEMTAS) tərəfindən təyinat aparıldığını, ailənin istifadəsində olan əmlak, ailənin gəlirləri və ailənin tərkibində dəyişikliklər haqqında düzgün olmayan məlumatların qəbul edilməsi hallarının mövcud olduğunu və qeyd edilən nöqsanlar səbəbindən ünvanlı dövlət sosial yardımı üzrə artıq ödəmələrin yarandığını müəyyən edib. Bu tədbirlərlə bağlı Nazirliyə müvafiq məlumatlar verilib və ünvanlılığın təmin edilməsi ilə bağlı aparılmış tədbirlər nəticəsində cari ilin 9 ayında ünvanlı dövlət sosial yardımı təyin edilmiş ailələrin sayı ilin əvvəli ilə müqayisədə 37,1 faiz azalıb. Cari ilin 9 ayında bu istiqamətdə xərclər isə illik təyinata nəzərən 38,7 faiz icra olunub”, - deyə V.Gülməmmədov bildirib.

Diqqətə çatdırılıb ki, dövlət büdcəsinin xərclərində nəzərdə tutulmuş dövlət proqramları və tədbirlərinin əksər hissəsi məhz sosial sahələrə aiddir. Dövlət proqramlarının tədbirlər üzrə hədəflərin həm keyfiyyət, həm də kəmiyyət göstəriciləri ilə dəqiq müəyyən olunması son nəticədə ayrılan vəsaitlərin səmərəlilik və nəticəliliyinin artırılması ilə yanaşı, şəffaflıq və hesabatlılığın da yüksəldilməsinə xidmət etmiş olar.

Palata sədri deyib: “Ümumiyyətlə, növbəti ildən dövlət büdcəsinin planlaşdırılması işinin yeni mərhələsinə başlanılır və 2019-cu ilin dövlət büdcəsi həmin mərhələyə keçid mərhələsi olaraq qəbul edilməlidir”.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova çıxış edərək bildirib ki, dünyada gedən proseslərə baxmayaraq, Azərbaycanda bütün sosial proqramlar uğurla icra edilir. 2019-cu ilin büdcəsi də digərləri kimi sosialyönümlüdür.

Çətin həyat şəraitində yaşayan uşaqların müdafiəsi üzrə operativ xidmətin yaradılmasının əsas problemlərdən biri olduğunu deyən Dövlət Komitəsinin sədri bu məsələlərin həlli ilə bağlı bir sıra təkliflər səsləndirib.

Komitə sədri, həmçinin zorakılıq hallarının aşkarlanması ilə bağlı “qaynar xətt”lərin yaradılmasının vacibliyini vurğulayıb. H.Hüseynova qeyd edib ki, 2017-ci ildə ölkədə sağlamlıq imkanları məhdud uşaqların sayı 7 min 934 nəfər olub. Bu ölkə üzrə uşaqların cəmi 2,7 faizini təşkil edir.

İclasda çıxış edən Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov rəhbərlik etdiyi qurumun Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə yaradıldığını diqqətə çatdıraraq qeyd edib ki, ləğv edilmiş Müəllif Hüquqları Agentliyi, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Patent və Əmtəə Nişanları Mərkəzi və Respublika Elmi-Texniki Kitabxanası birləşib və Əqli Mülkiyyət Agentliyi vahid struktur kimi formalaşıb. Respublika Elmi-Texniki Kitabxanası istisna olmaqla, bütün bu strukturlar yeni təşkilati-hüquqi forma üzrə fəaliyyət göstərirlər, yəni onlar publik hüquqi şəxslərdir. Bu da mütərəqqi idarəetmə formasıdır. Bu forma büdcəyə qənaət gətirir. Digər tərəfdən bu, strukturlara yeni imkanlar yaradır.

K.İmanov diqqətə çatdırıb ki, Davos Dünya İqtisadi Forumunun son hesabatına görə, Azərbaycan əqli mülkiyyətin qorunmasına görə dünyada 36-cı yerdədir.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib ki, növbəti ildə dövlət büdcəsindən ayırmalar, məcburi dövlət sosial sığorta haqlarının yığımı baxımından ciddi artımlar gözlənilir. Əlavə gəlirlər də Azərbaycan vətəndaşlarına sosial ödənişlərə yönləndiriləcək. Dövlət Sosial Müdafiə Fondunun gəlirlərinin 95 faizdən çoxu əhaliyə edilən ödənişlərdir. Nazir qeyd edib ki, proqnozlara əsasən gələn il üzrə Azərbaycanda orta aylıq əmək pensiyası 241 manat təşkil edəcək

Bildirilib ki, maddi-məişət şəraitinin yoxlanılması, ümumilikdə bu mexanizmin həyata keçirilməsinə nəzarətin formaladırılması və mexanizmin təkmilləşdirilməsi nəticəsində büdcə vəsaitinə kifayət qədər qənaət edilib. İlin sonunadək 80 milyon manata yaxın qənaət edilməsi gözlənilir. “Eyni zamanda, ünvanlı dövlət sosial yardım mexanizminin özünüməşğulluq mexanizmi ilə əlaqələndirilməsi təmin edilib. Minimum kvotalar müəyyənləşdirilib. Ünvanlı dövlət sosial yardımı alanlar özünüməşğulluq proqramına cəlb olunan şəxslərin içərisində 40 faizlik paya malik olacaqlar. Hər il 7-8 min ailənin özünüməşğulluq proqramına cəlb olunması planlaşdırılır. Onun 40 faizi məhz ünvanlı dövlət sosial yardımı alanlardan keçid alan şəxslər olacaq. Bu il 1200 ünvanlı dövlət sosial yardımı alan şəxs özünüməşğulluq proqramına cəlb olunub. Qarşıdakı 2 ay ərzində onlara aktivlərin təqdim olunması planlaşdırılır”, - deyə nazir diqqətə çatdırıb.

Ölkədə sosial məlumat bazasının yaradılması istiqamətində işlərin yekunlaşmaqda olduğunu deyən S.Babayev bildirib ki, noyabrın 19-da sosial reyestrin təqdimatı olacaq. Bu reyestr vasitəsilə Azərbaycan vətəndaşlarının sosial sahədə aldığı bütün yardım, dəstək və xidmətlərin vahid elektron bazada toplanması təmin ediləcək.

Məşğulluq sistemində avtomatlaşdırmanın yekunlaşmaq üzrə olduğunu söyləyən nazir deyib ki, 2019-cu il yanvarın 1-dək məşğulluq sisteminin tam şəkildə avtomatlaşdırılması nəzərdə tutulur.

Diqqətə çatdırılıb ki, ümumilikdə, büdcə layihəsi sosial istiqamətdə nəzərdə tutulmuş islahatların həyata keçirilməsinə və əhalinin sosial rifahının daha da yaxşılaşdırılmasına geniş imkanlar açır. “Düşünürük ki, büdcənin təsdiqi nəticəsində dövlətimizin başçısının sosial sektor qarşısında qoyduğu tapşırıqlar yüksək səviyyədə icra oluna biləcək”,- deyə Sahil Babayev vurğulayıb.

Mədəniyyət naziri Əbülfəs Qarayev Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın Azərbaycan xalqının tarixinin, mədəniyyətinin xarici ölkələrdə daha yaxından tanıdılması sahəsində gördüyü işlərdən danışaraq deyib: “Ağdamda Muğam Evinin inşa edilməsinin böyük və tarixi hadisədir. Biz hamımız bu gözəl hadisəni müşahidə etdik. Bu Muğam Evi Dövlət büdcəsindən vəsait ayrılmadan, Heydər Əliyev Fondunun dəstəyi ilə inşa olunub. Muğamın beşiyində Muğam Evi fəaliyyət göstərəcək. Bu, çox mühüm hadisədir”.

Mədəniyyət sahəsində sponsorluq hərəkatının genişləndirilməsi üçün qanunvericilik bazasının yaradılmasını təklif edən Əbülfəs Qarayev hazırda bu sahəsinin maliyyələşdirilməsinin mərkəzləşdirilmiş qaydada həyata keçirildiyini bildirərək deyib: “Mədəniyyət sahəsində böyük optimallaşdırma işləri aparılır. Bunun nəticəsi olaraq, lazımsız iş yerlərinin bağlanması, vəsaitin daha qənaət ilə xərclənməsi və strukturun təkmilləşdirilməsi ilə bağlı çox ciddi addımlar atılıb”.

Milli Məclisin səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov, elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli, ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı, mədəniyyət komitəsinin sədri Rəfael Hüseynov çıxış edərək bildiriblər ki, hökumət hər zaman olduğu kimi, 2019-cu il dövlət büdcəsi layihəsini mükəmməl səviyyədə hazırlayaraq Milli Məclisə təqdim edib. 2019-cu ilin dövlət büdcəsi layihəsi çox dəqiq hesablamalar, proqnozlar, təhlillər əsasında hazırlanıb.

İclasda Milli Məclisin deputatları qanun layihəsi ilə bağlı fikirlərini bildirib, təkliflərini səsləndiriblər.

Maliyyə naziri Samir Şərifov iclasda qaldırılan məsələlərə münasibət bildirdikdən sonra “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında” qanun layihəsi Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə olunub.

Geri dön