Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İstanbulda Azərbaycan Milli Kitabxanasının nəşr etdirdiyi kitabların təqdimatı keçirilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm > İstanbulda Azərbaycan Milli Kitabxanasının nəşr etdirdiyi kitabların təqdimatı keçirilib

İstanbulda Azərbaycan Milli Kitabxanasının nəşr etdirdiyi kitabların təqdimatı keçirilib


Noyabrın 10-da İstanbulda keçirilən Beynəlxalq Kitab Sərgisində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, TÜRKSOY və Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin və görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin 100 illik yubiley tədbirləri təşkil olunub. Yubiley tədbirləri çərçivəsində Milli Kitabxananın nəşr etdirdiyi “Azərbaycan Xalq Cümhuriyyəti - 100. Biblioqrafiya”, “Qara Qarayev. Biblioqrafiya” və Lalə Kazımovanın “Qara Qarayev - həyat və yaradıcılığı haqqında qısa oçerk” kitablarının və kitabxananın əməkdaşları tərəfindən hazırlanmış Qara Qarayevin əsərlərindən ibarət disklərin təqdimatı keçirilib.

Milli Kitabxanadan bildiriblər ki, tədbiri Azərbaycanın Mədəniyyət Nazirliyinin kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsinin müdiri Aslan Cəfərov açaraq, Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin və görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin 100 illik yubileylərinin keçirilməsi haqqında sərəncamlarına müvafiq olaraq respublikamızda və xaricdə təşkil olunan tədbirlərdən danışıb, il ərzində keçirilən Beynəlxalq Kitab sərgilərində belə tədbirlərin artıq ənənə halı aldığını qeyd edib.

TÜRKSOY-un Baş katibi Düsen Kaseinov son illərdə Mədəniyyət Nazirliyinin TÜRKSOY və Azərbaycan Milli Kitabxanası ilə birgə keçirdiyi tədbirlərin böyük əhəmiyyət kəsb etdiyini iştirakçıların diqqətinə çatdırıb. O, iki gün öncə Ankarada TÜRKSOY-un iqamətgahında Azərbaycan xalqının tarixində önəmli yer tutan Xalq Cümhuriyyətinin və görkəmli bəstəkar Qara Qarayevin 100 illik yubileylərinin yekun tədbirinin yüksək səviyyədə keçirildiyini deyib.

Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov iştirakçılara Xalq Cümhuriyyətinin və görkəmli bəstəkar Qara Qarayevin 100 illik yubileylərinə Milli Kitabxananın töhfəsi olan nəşrləri təqdim edib. Direktor bildirib ki, “Azərbaycan Xalq Cümhuriyyəti - 100. Biblioqrafiya” kitabı Milli Kitabxananın sorğusu əsasında dünyanın 30-dan çox Milli kitabxanalarından alınmış mövzuya dair çoxsaylı ədəbiyyatı özündə əks etdirir.

Kərim Tahirov Qara Qarayevin 100 illik yubileyi ilə əlaqədar Milli Kitabxana tərəfindən nəşr olunmuş “Qara Qarayev. Biblioqrafiya” və Lalə Kazımovanın “Qara Qarayev - həyat və yaradıcılığı haqqında qısa oçerk” kitablarının və kitabxananın əməkdaşları tərəfindən hazırlanmış Qara Qarayevin əsərlərindən ibarət disklərin təqdimatını edərək, dahi bəstəkarın həyat və yaradıcılığından söz açıb, onun dünya musiqi tarixində böyük inqilab edən Azərbaycan sənətkarı olduğunu söyləyib.

Professor çıxışında ABŞ-a səfəri zamanı Los-Anceles Universitetinin (UCLA) kitabxanasının direktorundan Qara Qarayev haqqında eşitdiyi xoş sözlərdən də danışıb.

Daha sonra Bakı Dövlət Universitetinin kafedra müdiri, professor Anar İsgəndərov və AMEA-nın Tarix İnstitutunun direktor müavini, professor Cəbi Bəhramov çıxış ediblər. Natiqlər müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin qeyd edilməsindən söz açıb, təqdimatı keçirilən kitabları Xalq Cümhuriyyətinə və Qara Qarayevin yaradıcılığına dair sanballı nəşr adlandırıblar.

Tədbirdə Avropa Azərbaycanlıları Konqresinin fəxri prezidenti Başar Kömür də iştirak edib. O, Azərbaycan Xalq Cümhuriyyətinin və görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin 100 illik yubileylərinin qeyd olunmasından danışıb, bu tədbirlərin Türkiyədə keçirilməsinə böyük önəm verdiyini söyləyib.

Sonunda iştirakçılara Milli Kitabxananın nəşr etdirdiyi “Azərbaycan Xalq Cümhuriyyəti - 100. Biblioqrafiya”, “Qara Qarayev. Biblioqrafiya” və Lalə Kazımovanın “Qara Qarayev - həyat və yaradıcılığı haqqında qısa oçerk” kitabları və kitabxananın əməkdaşları tərəfindən hazırlanmış Qara Qarayevin əsərlərindən ibarət disklər paylanılıb.

Geri dön