Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Bakıda Norveç Səfirliyinin bağlanmasının Azərbaycanla heç bir əlaqəsi olmayan səbəbləri…
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev > Bakıda Norveç Səfirliyinin bağlanmasının Azərbaycanla heç bir əlaqəsi olmayan səbəbləri…

Bakıda Norveç Səfirliyinin bağlanmasının Azərbaycanla heç bir əlaqəsi olmayan səbəbləri…


Fərəc Quliyev: “Səfirliyin bağlanma səbəblərini Norveçdən yaxşı bilən yoxdur”

Norveç Bakıdakı Səfirliyini bağlamaq qərarına gəlib. Bu barədə Norveç Xarici İşlər Nazirliyinin məlumatında deyilir. Bildirilir ki, Norveç Gürcüstanda səfirlik açmaq niyyətindədir. Norveçin Azərbaycanla münasibətlərinə ölkənin Ankaradakı Səfirliyi cavabdeh olacaq. Eyni zamanda, bildirilir ki, Krallıq Bakıda fəxri baş konsulluq açmaq niyyətindədir. Norveçin Cənubi Qafqazdakı diplomatik təmsilçiliyindəki dəyişikliklər 2019-cu ildə reallaşacaq.

Azərbaycan Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdir müavini Hikmət Hacıyev Norveçin bu addımı ilə bağlı münasibət bildirib. Azərbaycan rəsmisi deyib ki, bu məsələyə xüsusi bir əhəmiyyət verməyə lüzum görmürük: “Hər bir ölkə öz xarici siyasətini müəyyən edərkən səfirlik və ya digər statuslu diplomatik nümayəndəliyin açılması və ya bağlanması barədə qərar qəbul edir. Norveçin Bakıda akkreditə olunmuş Səfirliyinin fəaliyyətini dayandırması Norveç hökumətinin öz işidir. Bu, sıradan olan adi bir haldır və bizdə hər hansı təəssüf doğurmur.

Norveçin Azərbaycanda Səfirliyi 1998-ci ilin iyununda təsis edilib və əsas məqsəd o zaman "Statoil" adı ilə fəaliyyət göstərən Norveçin neft şirkətinin fəaliyyətini yüngülləşdirmək və onun biznes maraqlarını təşviq etmək idi. Azərbaycanın Norveçdə Səfirliyi açılmayıb və açıq desək, belə bir fikir də olmayıb. Azərbaycanın İsveçdəki Səfirliyi qeyri-rezident əsasda, eyni zamanda, Norveçdə də akkreditasiya olunub”.

Azərbaycan XİN də, öz növbəsində, Norveçin Bakıdakı Səfirliyinin bağlanması barədə həmin ölkə hökumətinin qərarından təəssüfləndiyini bildirib. Qurumun mətbuat xidmətinin rəhbəri vəzifəsinin icraçısı Leyla Abdullayeva bildirib ki, Norveç Səfirliyinin bağlanması təəssüf doğurur, lakin Norveç hökumətinin qərarı belədir: “Azərbaycan və Norveçi hərtərəfli, isti münasibətlər birləşdirir. Bu ölkənin iri energetika şirkəti "Equinor" (bundan öncə "Statoil" adlanıb) Azərbaycanda "Əsrin müqaviləsi"nin ilk iştirakçılarından olub. Azərbaycan tərəfinin məlumatına görə, Norveç konsulluq fəaliyyəti vasitəsilə Azərbaycanda öz nümayəndəliyini saxlamaq istəyir. Bunun fəxri və ya diplomatik konsulluq kimi fəaliyyət göstərəcəyi hələlik dəqiq məlum deyil”. Cavab tədbiri kimi Bakının İsveçdə, Norveç və Finlandiyada birgə səfirliyini bağlamaq niyyəti barədə məlumatları da XİN rəsmisi təkzib edib: "Əksinə, Azərbaycanın yürütdüyü aktiv xarici siyasəti və beynəlxalq birlik tərəfindən artan hörməti nəzərə alaraq, biz xarici nümayəndəliklərin sayını daha da artırmaq niyyətindəyik”.

Qeyd edək ki, bəzi dairələr tərəfindən Norveçin Azərbaycanda Səfirliyini bağlamaq niyyətinə fərqli donlar geyindirməyə cəhdlər edilir. Bu xüsusda Azərbaycan rəsmi qurumlarının reaksiyasını necə dəyərləndirmək olar?

Politoloq Qabil Hüseynli qəzetimizə bildirdi ki, bu məsələdə hay-küy salmağa heç bir lüzum görmür: “Bilirsiniz ki, onların burda məşhur bir səfirləri olub. Səhv etmirəmsə adı Steynar Gil idi. 2000-ci illərin əvvəlində o, ölkənin daxili işlərinə qarışan hərəkətlərə çox yol verirdi. Hətta bəzi adamları istintaqdan yayındırmaq məqsədilə səfirliyin binasında belə gizlədirdi. Təbii ki, bütün bunlar Azərbaycan hakimiyyətinin etirazı ilə qarşılandı və həmin adam öz ölkəsinə geri çağırıldı. Həmin hadisədən sonra da Norveçin Səfirliyi burada elə bir ciddi işlərlə məşğul olmadı. Ancaq konsulluq fəaliyyəti göstərirdi. Onların bu fəaliyyətindən həm Norveç vətəndaşları, həm də buradan həmin ölkəyə getmək istəyən Azərbaycan vətəndaşları yararlanırdılar. Hesab edirəm ki, Norveç tərəfi müəyyən maliyyə qənaətləri etmək üçün bu addımı atıb. Çünki fəaliyyətləri zamanı Bakıda daha çox konsulluq fəaliyyətinə tələbatın olduğunu görüblər. Bilirsiniz ki, heç Azərbaycanın da Norveçdə səfirliyi yoxdur. Orada da bizim konsulluğumuz fəaliyyət göstərir. Bir sözlə, hər iki dövlət öz aralarındakı diplomatik missiyaların statuslarını bərabərləşdirmiş olublar. Hesab edirəm ki, hər iki dövlət bu məsələdə öz marağına uyğun hərəkət edib. Bundan hansısa siyasi nəticələr çıxarıb cəmiyyəti çaşdırmaq lazım deyil. Bu baxımdan da Azərbaycan rəsmi dairələrinin məsələ ilə bağlı verdiyi açıqlamaları yerində və korrekt sayıram. Hansı ölkədə diplomatik missiyanı açmaq və ya bağlamaq hər bir ölkənin öz daxili işidir”.

Millət vəkili Fərəc Quliyev isə hesab edir ki, səfirliyin bağlanma səbəblərini Norveçdən yaxşı bilən yoxdur: “Bizim Xarici İşlər Nazirliyi bu məsələ ilə bağlı ən azından danışıqlar, yazışmalar aparmalı, vəziyyəti öyrənməlidir. Bu, müxtəlif səbəblərdən ola bilər. Əgər biz tərəfdən narazılıq varsa, bu mütləq araşdırılmalı və narazılıq aradan qaldırılmalıdır”.

Azərbaycanın Norveçlə münasibətlərinə Norveçin Türkiyədəki Səfirliyinin cavabdeh olacağına gəlincə, deputat bildirir ki, belə variantlar olur: “Müəyyən ölkələr bir dövlətdə səfirlik qururlar və həmin səfirlik digər ölkələrlə də əlaqələr qurur. Biz də ölkələr var ki, səfirliyimizi qurmuşuq və həmin səfirlik digər dövlətlərlə də əlaqələrini qurur. Bunlar diplomatiyada olan şeylərdir. Amma, hər halda, hazır bir səfirliyin ölkəmizdən digər ölkəyə aparılmasının qarşısının alınmasının tərəfdarıyam. Məncə müəyyən diplomatik tədbirlərlə bunun qarşısını almaq mümkündür”.


Məhəmmədəli QƏRİBLİ/baki-xeber.com

Geri dön