Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Güney Azərbaycanı tanıyaq (Həmədan) Araşdırma
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan-Təbriz > Güney Azərbaycanı tanıyaq (Həmədan) Araşdırma

Güney Azərbaycanı tanıyaq (Həmədan) Araşdırma


Midiyanın ürəyi, Daranın yaşıdı, müqəddəslərin uyuduğu yurd - ARAŞDIRMA

Güney Azərbaycandakı yurdlarımız barədə yazıları davam etdirirk. Bu dəfə Həmədan əyalətinin mərkəzi – Həmədan mahalından söz açacağıq.

Həmədan mahalı şimaldan Rəzən və Göyrəng (Kəbudərahəng), cənubdan Malayır və Toysarkan, qərbdən Bahar mahalı və şərqdən Mərkəz əyaləti (Ərak) ilə əhatə olunub.

Ərazisi və əhalisi

4118 kvadrat kilometr ərazisi olan Həmədan mahalı dəniz səviyyəsindən 1850 metr yüksəklikdə yerləşir. Mahalın ən hündür dağ zirvəsi 3584 metr yüksəkliklə Əlvənd, ən alçaq yeri isə 1600 metr olmaqla Qaraçay çayının çıxışındakı Ömərabad bölgəsidir.
2006-cı ilin rəsmi siyahıyaalmasına əsasən, Həmədan mahalının əhalisi 596034 nəfərdir. Onların 93064 nəfəri kənddə, qalanı isə şəhərlərdə yaşayır. Həmin statistikaya görə, mahal mərkəzi Həmədanın əhalisinin sayı 480 min nəfərə yaxındır.
Beş şəhər (Həmədan, Marbanc, Famnin, Gorqan, Qəhavən), 3 bölgə və 12 kənd rayonundan ibarət olan Həmədan mahalında əhalinin sıxlığı hər kvadrat kilometrə üçün 8,136 nəfərdir.

Dini və etnik tərkibi

Mahal əhalisinin çoxu müsəlmandır. Burada az sayda xristian və yəhudilər də yaşayır.
Etnik tərkibinə görə Həmədan mahalı da qarışıq bölgələrdən sayılır. Burada Azərbaycan türkləri ilə yanaşı farslar, lorlar, ləklər və az sayda kürdlər yaşayır. Şəhərlərdə, özəlliklə Həmədan şəhərində türklərdən sonra farslar çoxluq təşkil edir.
Ancaq bölgələrdə və kənd yerlərində Azərbaycan türkləri çoxluqdadır. Hakim dil isə Azərbaycan türkcəsidir. Ümumiyyətlə, əyalətin şimal və şimal-qərb hissəsində çoxluğu azərbaycanlılar təşkil edir.

Həmədanın tarixi

Həmədan yalnız Azərbaycanın deyil, həm də dünyanın qədim şəhərlərindən sayılır. Şəhərin salınması tarixi xristianlığın yaranmasından əvvəl dövrə təsadüf edir. Həmədan Midiya hökmdarlarının yay paytaxtı olub, sonradan adı dəyişidirilərək Ekbatan və ya Heqmatani kimi tanınıb.

Həmədan şərq sivilizasiyasının mərkəzlərindəndir.

Tarixi məlumatlara görə, bu şəhərdə «Yeddi Duvar» adlı 1000 otaqlı qala olub. Qala öz əzəmətinə görə Babil şəhərindən heç də geri qalmırmış.

Ölkənin ətrafında bütün xalqlar qədim dövrdən orta əsrlərə kimi Həmədanı əllərinə keçirməyi arzulayırmışlar. Şəhər bir neçə dəfə işğala məruz qalıb. İlk dəfə Assuriyalılar Həmədanı dağıdıb.
Ekbatan (qədim türkcə:Aqbatan,yunanca: Ἀγβάτανα , latınca: Ecbatana, ibranicə: אַחְמְתָא, Nabonidin xronikası və Bisütun yazılarında Aqmatana) Herodotun “Eκβάτανα" kimi qeyd etdiyi qədim dünyanın ən böyük şəhərlərindən biri olub.
İ. M. Dyakonov “bu şəhər qədim Midiyanın ürəyi idi” yazıb. Şəhər mənbələrdə daha çox Astiaqın paytaxtı kimi xatırlansa da, digər maday hökmdarlarının hakimiyyəti dövründə də siyasi və mədəni mərkəz Ekbatan olub.
Sonuncu Midiya hökmdarı Astiaqın fars qiyamını yatıra bilməməsi nəticəsində şəhər onlar tərəfindən işğal olunub. Bu hadisə Midiyanın süqutunun səbəblərdən biri sayılır.
Farsların əlinə keçdikdən sonra isə Əlvənd dağının ətəyində yerləşən gözəl şəhər Əhəməni hökmdarlarının yay iqamətgahı olub.
Daha sonra şəhər Parfiya hökmdarlarının baş şəhərinə çevrilib. Həmin dövrdə Parfiya dövlətinin mühüm zərbxanalarının yerləşdiyi şəhərdə çoxlu draxma və tetradraxma kəsilib.
Şəhərdən həmçinin "Achmetha" adı ilə Tövratda da bəhs edilir.
Mənbələrdə xatırlanan başqa yerlərdən biri də Ekbatan şəhəridir. Ancaq bu iki şəhər qarışdırılmamalıdır.
Onlardan biri Ekbatan - Həmədan Midiyanın Azərbaycanda yerləşən paytaxtı, o biri Ekbatan - Həmət isə Suriyada yerləşən və Herodotun dediyinə görə II Kambizin (sasani hökmdarı) vəfat etdiyi şəhərdir.
Midiyanın paytaxtı olmuş Ekbatan şəhəri e.ə. 330-cu ildə Makedoniyalı İskəndərin sərkərdəsi Parmenion tərəfindən işğal edilib.
Yunan mənbələrində qeyd edilib ki, şəhərin əsası e.ə. V əsrdə Midiyanın ilk hökmdarı (və ya Manna canişini) Deyok (assur mənbələrində Dayaukku) tərəfindən qoyulub. Deyok şəhərin ətrafına yeddi qatlı və hər qatı müxtəlif rəngli daşlardan inşa olunmuş qala divarı çəkdirərək, buranı yaratdığı dövlətin mərkəzi elan edib.
Herodot isə yazır: “İndi Ekbatan adlanan və qala divarları nəhəng, güclü, bir-birinin üstünə yığılmış dairələri xatırladan şəhəri madaylar inşa edib. Qaladakı sarayın da planı qalanınkı kimi möhkəmləndirilmiş divarlar, künclərdəki mazqallı sipərlərlə mühafizə olunur.
Ətrafdakı təbiət şəhərlə incə bir uyğunluq təşkil edir və bu daha çox sənət əsəri təsiri yaradır. Qala divarlarının sayı yeddidir. Hökmdarın sarayı və dövlət xəzinəsi son axırıncı qala divarında yerləşir. Bayırdan birinci qala divar Afinanın qala divarına çox oxşayır. Həmin divar ağ, sonrakı qara, üçüncü qırmızı, dördüncü göy, beşinci divar isə narıncı rəngdədir. Son iki divar gümüşü və qızılı rənglərdədir. Bütün bu divarları Deyok inşa etdirib”.
Həmədan haqqında mərhum ziyalımız doktor Məhəmmədtağı Zehtabi “İran Türklərinin əski tarixi” əsərində belə yazır: “Bugünkü Həmədan və ya qədim Ekbatan Mad (Midiya - ODAM) dövlətinin paytaxtı, başkəndi idi. Mad dövlətinin başkəndi olduğu dövrdə Həmədan olduqca böyük, abad və gözəl olub. Şübhəsiz, məhv olmuş və bu gün yer altında qalan Mad və Həmədanın bu zəngin mədəniyyəti çox yəqin ki miladdan qabaq 6-7-ci yüzilliklərə aid deyil. Ondan çox qabaqların - Madların babaları olmuş Qutti və Lullubilərin Miladdan qabaq 2 və 3-cü min illiklərinə mənsub mədəniyyətidir. Madlar bu mədəniyyətin varisi olublar...”

Həmədan adının etimologiyası

İ. M. Dyakonov bu toponimin Midiya dilində (Midiya dilini İran mənşəli sayır) «Hanqmatana» adlandığını və - «yığıncaq yeri» mənasını verdiyini yazır.
Başqa yerdə müəllif bu toponimin İran dillərindəki «ham» - «bir yerdə», «birlikdə» (Azərbaycan dilindəki - hamı sözü) və «kam» – «getmək» sözlərindən əmələ gəldiyini qeyd edir.
Ancaq İ. M. Dyakonov fars dilində "ham" sözünün qədim türkcə «qamu» («hamu») sözündən olduğuna diqqət yetirməyib.
Başqa yerdə o, yazıb ki, «Aqbatan» elam dilindəki «hanqmata», yəni «midiyalıların ölkəsi» sözlərindəndir.
Q. Qeybullayev isə qeyd edib ki, "əslində Həmədan toponimi «Akbatan» adının təhrifidir: - «ak» sözünün əvvəlinə - «h» səsi əlavə olunmuş, - «batan» sözü isə türk dillərində b-m fonetik qanununa görə - «matan» şəklinə keçmiş və qədim Akbatan Haqmatan, sonra Həmədan formasına düşüb. Deməli, Həmədanın – Akbatanın qədim fars dili vasitəsilə - «yığıncaq yeri» mənasında olması fikri yanlışdır".
Akbatan toponimi madayların dilində olmaqla türkcə "ak" və Azərbaycan ərazisində bir sıra qədim toponimlərdə iştirak edən «bat», «bad» sözlərindən ibarətdir. «Aq» sözü bu toponimdə, məsələn, «Aqdam», «Aqdaş», «Aqkənd» və b. adlarda olduğu kimi, rəng bildirir və şəhərin qala divarlarının ağ rəngli daşdan tikilməsini ifadə edir. Herodot yazır ki, Akbatan qalasının birinci dövrələmə divarı ağ rəngdə idi. Müqayisə üçün göstərilə bilər ki, Ağdam toponimi də Şahbulaqdakı qala ağ daşdan tikildiyinə görə ağ və qədim türk dillərindəki tam - qala, - qala divarı sözlərindən əmələ gəlmişdir.

Dahi həmədanlılar

Həmədan məşhur yazıçı, müəllimlər, şairlər vətənidir. Bu şəhərdə Eynəlqüzat Həmədani, Xacə Rəşidəddin Fəzlullah, Adham Həmədani, Baba Tahir Üryan və Mirzadə Eşqi yaşayıb-yaradıblar.
İbni Sinanın və Baba Tahirin məzarları bu şəhərdədir. Həmədan islam dövründə də bir mərkəz kimi öz əhəmiyyətini saxlayıb.

Görməli və tarixi yerləri

Həmədan şəhəri sərin və sabit iqlimə malikdir. Bütün səyahətçilərin yadında qalan yerlər Əlvənd dağı zirvəsinin, Abbasabad təpəsi təbiət vadilərinin mənzərələri olub. Burada aparılan arxeoloji qazıntılar zamanı Midiya və Əhəmənilər dövrünə aid nadir tapıntılar aşkarlanıb. Qədim lövhələr, qızıl və gümüş əşyalar Həmədanın tarix muzeyində özünəməxsus yer tutur. Həmədanda səyahət etməli tarixi yerlər hələ də çoxdur.

Onların bir neçəsinin adını çəkmək istəyirik:
Daş Şir (Şir daşı). Daşdan düzəldilmiş, şirə oxşayan bu tarixi abidə Parfiya dövrünə aid edilir.
İbn Sinanın memarlıq abidəsi. Məşhur alim İbn Sinanın məzarı və onun üstündə olan türbə 1954-cü ildə tikilib. Bu türbə qədim Qabus Voşmiq şəhərinin qülləsi ruhunda bəzədilib. Burada əlyazmalar kitabxanası yerləşir. Kompleksin həyətində Qacarlar dövrünün tanınmış şairi və bəstəkarı Əbülqasim Arifin məzarı yerləşir.
Baba Tahir məqbərəsi. Həmədanın gözəl parklarından biri də romantik şeirlər müəllifi Baba Tahirin məqbərəsi tikilib. Bura həmədanlıların ən çox ziyarət etdikləri yerlərdən biridir.
Həmədan əhalisi müqəddəs sayılan yerlərə, pirlərə həmişə dərin hörmət və ehtiram bəsləyib. Burada tanınmış İmamzadə İsmayılın, İmamzadə Abdullanın adı ilə bağlı müqəddəs yerlər, mavzoleylər, məscidlər və xanəgahlar var.
Həmədanda səyahət edən turistlərin çoxu epiqrafik yazıları olan abidləri görmək istəyir. Bu yazılar Əlvənd dağında olan qalanın divarlarındadır. Həmin yazıların Əhəməni dövlətinin hökmdarı Daranın dövrünə aid olduğu deyilir. Həmin abidələri görmək üçün Abbasabadın gözəl, qədim tarixinin tamaşasına baxmaq lazımdır.
Ələvilər məqbərəsi. Bu, Həmədanda olan mühüm əhəmiyyətli islam abidəsidir. Məqbərə Həmədanın mərkəzi meydanında, səlcuqlar dövründə tikilib. Bu məqbərədə Ələvilər ailəsinin 2 üzvünün məzarı var.
Qurban qülləsi. Şəhərin şərq hissəsində yerləşən bu abidə kərpicdən tikilmiş 12 guşəli məqbərəsi ilə formaca piramidaya oxşayır.
Ester və Mordexay məqbərəsi. Daşdan tikilmiş bu kompleksin içində taxta qutularda antik dövrdən qalmış Tövratın əlyazmaları vardır. Adları Tövratın bu əlyazmalarında çəkilən iki yəhudinin - Xaşayarşahın həyat yoldaşı və onun dayısının məzarları da bu kompleksdə yerləşir.
Mağaralar. Həmədanın dağlarında saysız-hesabsız mağaralar var. Alisods mağarasını, özəlliklə qeyd etmək lazımdır. Yerli əhali onu «Əlisədr» və «Əlisad» adlandırır.
Bu mağaranın içində uzunluğu 10 km-ə kimi olan göl də var.
Mağaranın divarları və tavanı heyranedici stalaktitlərlə örtülüb. Orada və göldə heç bir canlı yaşamır, bunun da əsas səbəbi təbii gün işığının olmamasıdır.
Mağaranı seyr etmək üçün turistlərə qayıqlar və katerlər təklif olunur. Mağaranın orta hündürlüyü 8 metrdir. Ancaq bəzi yerlərdə onun hündürlüyü 40 metrə də çatır.

Orta Doğu Araşdırma Mərkəzi (ODAM) Güney Azərbaycan Qrupu

Geri dön