Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Naxçıvanda yeni Günəş Elektrik Stansiyası istifadəyə verilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sosial > Naxçıvanda yeni Günəş Elektrik Stansiyası istifadəyə verilib

Naxçıvanda yeni Günəş Elektrik Stansiyası istifadəyə verilib


Muxtar respublikanın iqlim şəraiti alternativ və bərpaolunan enerjidən istifadə üçün geniş imkanlar açır. Müasir energetika infrastrukturunun yaradılması və enerji təhlükəsizliyinin təmin olunmasında bu amil əsas götürülür, günəş elektrik stansiyaları tikilərək istifadəyə verilir. Hazırda Naxçıvan Muxtar Respublikasında elektrik enerjisinə olan tələbatın 65 faizdən çoxu alternativ və bərpaolunan enerji mənbələri hesabına ödənilir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən bildirilib ki, fevralın 22-də Kəngərli rayonunun Qabıllı kəndində yeni Günəş Elektrik Stansiyası istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak edib.

Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin rəisi Namiq Paşayev çıxış edərək deyib ki, muxtar respublikanın elektroenergetika sektoru davamlı inkişaf mərhələsindədir. Muxtar respublikanın enerji təhlükəsizliyinin təmin olunmasında alternativ və bərpaolunan enerji mənbələrindən istifadə də mühüm əhəmiyyətə malikdir. Kəngərli rayonu ərazisində 2 meqavat gücündə yeni Günəş Elektrik Stansiyasının qurulması bu sahədə həyata keçirilən tədbirlərin davamıdır. Namiq Paşayev göstərilən qayğıya görə muxtar respublika energetikləri adından minnətdarlıq edib.

İsveçrənin “Pure Energy Development” SARL şirkətinin icraçı direktoru Mişel Kalerami çıxış edərək deyib: “Bu gün Naxçıvan Muxtar Respublikası regionda enerji sahəsində lider mövqedədir. Xüsusilə muxtar respublikada alternativ və bərpaolunan enerji mənbələrindən səmərəli istifadə olunur. Bu işdə qarşılıqlı əməkdaşlıqdan “Pure Energy Development” SARL şirkətinin kollektivi böyük məmnunluq duyur. Naxçıvan Muxtar Respublikasının qəlbimdə dərin yeri vardır. Gələcəkdə də muxtar respublika ilə əməkdaşlığı davam etdirəcəyik. Günəş Elektrik Stansiyasının qurulmasında göstərilən dəstəyə və səmərəli əməkdaşlığa görə minnətdarlıq edirik”.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov çıxış edərək deyib: Muxtar respublikada enerji təhlükəsizliyinin təmin olunması sahəsində həyata keçirilən tədbirlər Azərbaycanda elektroenergetika sahəsində qəbul olunan dövlət proqramlarının icrası və yeni elektrik stansiyalarının tikilməsi sahəsində görülən işlərin tərkib hissəsidir. Artıq muxtar respublikada enerji təhlükəsizliyi təmin edilib. Ucuz enerji istehsal edən sahələrə üstünlük verməklə Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin gəlirlərini artırmaq və bu sahəni daha da müasirləşdirmək qarşıda duran əsas vəzifədir.

Qeyd olunub ki, muxtar respublikada elektrik stansiyaları qurularkən yeni texnologiyaların tətbiqinə xüsusi diqqət yetirilir. Çünki inkişaf edən dünyada yeni texnologiyaların tətbiqi və bu sahə üzrə mütəxəssislərin hazırlanması mühüm şərtdir. Muxtar respublikada da bu amil əsas götürülür. Ona görə də yeni texnologiyalar tətbiq olunmaqla yanaşı, həm də onları idarə edəcək mütəxəssislər hazırlanmalıdır. Bu gün muxtar respublikada üçüncü Günəş Elektrik Stansiyası istifadəyə verilir. 20 meqavatlıq birinci Günəş Elektrik Stansiyası 2015-ci ilin dekabrında ölkə Prezidentinin iştirakı ilə istifadəyə verilmişdir. 2 meqavatlıq ikinci Günəş Elektrik Stansiyasının 2017-ci ilin sentyabr ayında açılışı olmuşdur. Bu gün isə 2 meqavatlıq Kəngərli Günəş Elektrik Stansiyası istifadəyə verilir.

Ali Məclisin Sədri bu münasibətlə istifadəçiləri və kollektivi təbrik edərək deyib: Qurulan yeni Günəş Elektrik Stansiyası səmərəli istismar olunmalıdır. Stansiyada dünyada qəbul olunmuş son model müasir panellər quraşdırılıb. Şüşə tipli bu panellərin elektrik verilişi alüminium panellərə nisbətən daha yüksəkdir. Eyni zamanda bu panellər imkan verir ki, stansiya qurularkən daha az torpaq sahəsindən istifadə olunsun. 4,7 hektar ərazidə qurulmuş rentabelli Günəş Elektrik Stansiyası muxtar respublikamızın inkişafına, dayanıqlı elektrik enerjisi təminatına və yeni mütəxəssislərin hazırlanmasına imkan verəcəkdir.

Ali Məclisin Sədri Günəş Elektrik Stansiyasının qurulmasında əməyi olanlara, xüsusilə “Pure Energy Development” SARL şirkətinin icraçı direktoru Mişel Kaleramiyə və şirkətin kollektivinə təşəkkürünü bildirib.

Sonra Ali Məclisin Sədri açılışı bildirən lenti kəsib.

Məlumat verilib ki, yeni Günəş Elektrik Stansiyası kənd təsərrüfatı üçün yararsız ərazidə qurulub. 2 meqavat gücündəki Günəş Elektrik Stansiyasının tikintisi Naxçıvan Muxtar Respublikasının Dövlət Energetika Xidməti ilə İsveçrənin “Pure Energy Development” SARL şirkəti arasında 2018-ci ildə imzalanmış müqavilə əsasında həyata keçirilib. İl ərzində 3 milyon kilovat-saat elektrik enerjisi istehsal ediləcək stansiyada tikinti-quraşdırma işləri qısa müddətdə və yüksək keyfiyyətlə aparılıb, 7452 “şüşə-şüşə” tipli günəş panelləri, hər birinin gücü 50 kilovat olan 41 invertor, içərisində kommutasiya aparatları və digər elektrik avadanlıqları qoyulmuş 2 ədəd 35/0,4 kilovoltluq transformator yarımstansiyası quraşdırılıb və idarəetmə binası tikilib.

Stansiyada yeraltı aşağı və yüksək gərginlikli xətlər, eləcə də rabitə, müşahidə və idarəetmə sistemi üçün optik kabel xətləri çəkilib. İdarəetmə binası 35 kilovoltluq kommutasiya avadanlıqları ilə təmin edilib. Yaxınlıqda yerləşən 110/35/10 kilovoltluq “Qıvraq” yarımstansiyasına qoşulmaq üçün 2 kilometr uzunluğunda 35 kilovoltluq elektrik xətti çəkilib, ərazi çəpərlənib, siqnalizasiya və video-müşahidə qurğuları ilə təmin olunub. Quraşdırılan yeni meteoroloji stansiya ərazidə hava şəraitinə, yağıntının və rütubətin miqdarına nəzarət etməyə imkan verir. Bununla da Naxçıvan Muxtar Respublikasında Günəş elektrik stansiyalarının qoyuluş gücü 24 meqavata, illik istehsal gücü isə 36 milyon kilovat/saata çatdırılıb.

Günəş panelləri ilə işləyən subartezian quyusu qazılıb

Kəngərli rayonunun Qabıllı kəndində günəş panelləri ilə işləyən yeni subartezian quyusu qazılıb.

Fevralın 22-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov subartezian quyusuna baxıb.

Məlumat verilib ki, 60 metr dərinliyi olan subartezian quyusunun günlük su verimi 8,5 tondur. Su nasosunun elektrik təminatı quraşdırılan 2 günəş paneli vasitəsilə həyata keçirilir. Bu da Günəş Elektrik Stansiyasının yaxınlığında salınmış badam bağının və yaşıllıq zolağının su təminatının ödənilməsinə imkan verəcəkdir.

Kəngərli Rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərov Günəş Elektrik Stansiyasının və subartezian quyusunun istifadəyə verilməsinə görə rayon ictimaiyyəti adından Ali Məclisin Sədrinə minnətdarlıq edib.

Ali Məclisin Sədri qurulanlardan səmərəli istifadə olunması, yaşıllıqların artırılması, subartezian quyularının elektrik təminatında günəş panellərindən istifadə imkanlarının araşdırılması və tətbiqi barədə tapşırıqlar verib.

Qıvraq qəsəbəsində yeni istirahət parkı salınır

2004-cü ildə yaradılan Kəngərli rayonu ötən 15 ildə böyük inkişaf yolu keçib. Rayon mərkəzi Qıvraq qəsəbəsində və bütün kənd yaşayış məntəqələrində kompleks quruculuq tədbirləri aparılıb. Tikilən yeni sosial obyektlər, müasir inzibati və yaşayış binaları ilə yanaşı, rayon əhalisinin asudə vaxtının mənalı təşkili də diqqətdə saxlanılır, yeni istirahət parkları salınır.

Fevralın 22-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Qıvraq qəsəbəsində tikilən yeni istirahət parkına baxıb.

Məlumat verilib ki, 3 min 500 kvadratmetr sahəni əhatə edən parkda torpaq işləri aparılıb, 1500 həmişəyaşıl ağac əkilib. Parkın su təminatı yaxınlıqda bərpa olunan kəhriz vasitəsilə həyata keçiriləcəkdir.

Ali Məclisin Sədri parkda sakinlərin istirahəti üçün lazımi şəraitin yaradılması barədə müvafiq tapşırıqlar verib.

Kəngərli rayonunun Yurdçu kəndində qapalı
suvarma şəbəkəsi qurulur
Muxtar respublikada meliorasiya və irriqasiya tədbirlərinin əhatə dairəsinin genişlənməsi torpaqlardan səmərəli istifadəyə imkan verir. Son illər qurulan qapalı suvarma şəbəkələri yeni torpaq sahələrini əkin dövriyyəsinə qatıb. Hazırda Kəngərli rayonunun Yurdçu kəndi ərazisində qapalı suvarma şəbəkəsi qurulur.

Fevralın 22-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov qapalı suvarma şəbəkəsinin tikintisi ilə maraqlanıb.

Bildirilib ki, qapalı suvarma şəbəkəsi 56 hektar ərazini əhatə edir. Ərazidə min metrlik ana xəttin tikintisi başa çatdırılıb. Burada uzunluğu 5200 metr olan paylayıcı suvarma şəbəkəsi çəkiləcək və 56 hidrant qoyulacaqdır. Arpaçay sol sahil kanalından qidalanan “Qıvraq-1” nasos stansiyası vasitəsilə su ərazidəki hovuza vurulacaq və öz axımı ilə şəbəkəyə paylanacaqdır.

Ali Məclisin Sədri yaxınlıqdakı 40 hektardan artıq ərazinin də layihələndirilməsi və qapalı suvarma şəbəkəsinin qurulması barədə tapşırıqlar verib.

Geri dön