Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Fərid Şəfiyev: Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi müasir dövrün tələblərinə cavab verən düşüncə mərkəzi olacaq
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət, Müsahibə > Fərid Şəfiyev: Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi müasir dövrün tələblərinə cavab verən düşüncə mərkəzi olacaq

Fərid Şəfiyev: Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi müasir dövrün tələblərinə cavab verən düşüncə mərkəzi olacaq


Son vaxtlar Azərbaycanda idarəetmənin çevikliyini və səmərəliliyini artırmaq, cəmiyyətdə formalaşan yeni çağırışlara adekvat uyğunlaşmanı təmin etmək məqsədilə Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurlu struktur islahatları həyata keçirilir. Bu struktur islahatlarının tərkib hissəsi olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2019-cu il 6 fevral tarixli Fərmanı ilə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi yaradılıb. Dövlət başçısının 2019-cu il 19 aprel tarixli Fərmanı ilə isə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin Nizamnaməsi təsdiq olunub.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev AZƏRTAC-a məxsusi müsahibəsində mərkəzin fəaliyyət istiqamətlərindən, görəcəyi işlərdən danışıb. Müsahibəni təqdim edirik.

-Bu günlərdə Azərbaycan Prezidenti İlham Əliyevin Fərmanı ilə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi yaradıldı. Mərkəzin fəaliyyət istiqamətləri, görəcəyi işlər barədə məlumat vermənizi xahiş edirik.

-Əvvəla, qeyd etmək istəyirəm ki, biz Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin Azərbaycanın müasir dövrünün tələblərinə cavab verən düşüncə mərkəzi olmasına çalışacağıq. Mərkəzin fəaliyyətində üç əsas istiqamət olacaq. İlk növbədə, biz ölkə rəhbərliyi, dövlət qurumları üçün müvafiq arayışlar, məruzələr hazırlayacağıq. Burada məqsəd ölkəmizdə, qonşuluqda və ümumiyyətlə, qlobal miqyasda baş verən hadisələri təhlil etmək, Azərbaycana potensial təhdidləri müəyyənləşdirmək, onlara cavablar hazırlamaq, ölkəmizin iştirak etdiyi layihələr haqqında rəy bildirmək və sairdir.

İkinci istiqamət Azərbaycanda fəaliyyət göstərən digər düşüncə mərkəzləri ilə əməkdaşlıq etməkdir. Biz istərdik ki, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi açıq platforma olsun. Biz hər hansı bir mübahisəli məsələ yarandıqda, təbii ki, dövlətin siyasətini dəstəkləyirik. Amma həm də alternativ fikir olarsa, onun ətrafında müzakirə aparmaq və bu alternativ yanaşmanın, mövqenin nə dərəcədə Azərbaycanın maraqlarına uyğun olub-olmamasını müəyyən etmək istərdik. Biz istərdik ki, Azərbaycanın digər tədqiqat mərkəzləri, eləcə də bu sahə ilə məşğul olan beynəlxalq tədqiqat mərkəzləri ilə əməkdaşlıq edək və əlaqələndirmə mexanizmi yaradaq.

Üçüncü istiqamət xaricdə mövcud olan beyin mərkəzləri ilə əməkdaşlıqdır. Biz Azərbaycanda baş verən hadisələrə, ilk növbədə, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bütün aspektlərə onların diqqətini cəlb etmək istəyirik. Eyni zamanda, xarici siyasətimizin istiqamətləri, ölkəmizin təşəbbüsü və iştirakı ilə həyata keçirilən böyük layihələrlə bağlı həmin tədqiqat mərkəzləri ilə müzakirələr aparmaq fikrindəyik. Biz, həmçinin Azərbaycanla bağlı elmi araşdırmaların kəmiyyətini və keyfiyyətini artırmaq niyyətindəyik. Bu məqsədlə biz müqavilə əsasında xarici ekspertləri, mütəxəssisləri işimizə cəlb etməyi planlaşdırırıq. Eyni zamanda, çalışacağıq ki, bizim ekspertlər xaricdə təcrübə qazansınlar, araşdırmalar aparsınlar və bu təcrübəni Azərbaycana gətirsinlər.

-Mərkəzin yaradılmasına dair Fərmanda Azərbaycanın xarici siyasət prioritetləri, xüsusilə Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məlumatların beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması üzrə fəaliyyətin əhatə dairəsini artırmaq qurumun qarşısında duran əsas vəzifələrdən biri kimi müəyyənləşdirilib. Bununla bağlı nə deyə bilərsiniz?

-Bu, əsas məqsəddir və bizim işimizin 60-70 faizini təşkil edəcək. Bizim fikrimiz var ki, Mərkəzin nəzdində ermənişünaslıq tədqiqat mərkəzi açaq. Ermənistanı hərtərəfli öyrənməliyik, onun siyasətini, iqtisadiyyatını, tarixini, ədəbiyyatını bilməliyik. Biz düşünürük, həmçinin burada erməni dili kursu açaq. Hesab edirəm ki, Azərbaycanda erməni dilini bilən mütəxəssislər azdır. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bir sıra araşdırmalar aparılır. Məqsədimiz münaqişə ilə bağlı həqiqətləri dünya ictimaiyyətinə, xüsusilə də beynəlxalq mütəxəssislərə çatdırmaq, onlarla sıx əməkdaşlıq etməkdir. Bunun müxtəlif formaları var - seminarların, konfransların təşkili, mütəxəssislərin fikir mübadiləsi və sair. Yəni, mexanizmlər mövcuddur. Artıq bu istiqamətdə müəyyən işlər aparılır. Biz bu işləri yeni səviyyədə, mütəşəkkil şəkildə aparacağıq.

-Mərkəzin beynəlxalq əlaqələrinin qurulması istiqamətində hansı addımları atmağı düşünürsünüz?

-Formal olaraq, biz artıq bir neçə düşüncə, tədqiqat mərkəzi ilə əlaqələr qurmuşuq, müvafiq memorandumlar imzalamışıq. Qeyd etdiyim kimi, əməkdaşlığın müxtəlif formaları var – birgə seminarların, konfransların keçirilməsi. Digər forma isə müəyyən araşdırmalar aparmaq, mövzular üzrə birgə iş və mütəxəssislərin mübadiləsini həyata keçirməkdir. Mən bu yaxınlarda Qazaxıstana səfər edəcəyəm. Orada müxtəlif düşüncə mərkəzləri var. İki mərkəzlə əməkdaşlıq barədə memorandum imzalayacağıq. Kanadanın Toronto Universitetinin Avropa, Rusiya və Avrasiya Tədqiqat Mərkəzi ilə artıq memorandum imzalamışıq. Biz çalışacağıq ki, qısa zamanda bu cür sazışlər, memorandumlar imzalayaq və konkret işə başlayaq. Təbii ki, bizim mərkəz hələ formalaşır. Təxminən iki aydan sonra biz tam fəaliyyətə başlaya biləcəyik.

-Azərbaycanın xarici siyasətinin gündəliyində bir neçə məsələ var. Onlardan biri də Avropa İttifaqı ilə sazişin imzalanması məsələsidir. Bu sazişin əməkdaşlığın inkişafı üçün əhəmiyyəti barədə fikirlərinizi bilmək maraqlı olardı.

-Bildiyiniz kimi, hazırda Azərbaycanla Avropa İttifaqı arasında danışıqlar aparılır. Yeni saziş imzalanacaq. Bu, çox önəmli sazişdir. İlk növbədə, Azərbaycan Avropa İttifaqı ilə tam bərabərhüquqlu bir saziş imzalayacaq. Biz Avropa İttifaqı ilə sıx əməkdaşlıq etmək istəyirik və bu əməkdaşlıq tam bərabərhüquqlu olmalıdır. Bizim üçün önəmli məsələ Azərbaycanın ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı məsələsidir. Birmənalı olaraq qeyd etmək istərdim ki, bu məsələ sazişdə öz əksini tapacaq. Avropa İttifaqı Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Avropa İttifaqının son bir neçə ildə mövqeyinə nəzər salsaq görərik ki, 2017-ci ildə keçirilən Şərq Tərəfdaşlığı Sammitinin Birgə Bəyannaməsində dövlətlərin ərazi bütövlüyü və suverenliyi məsələsi öz əksini tapıb. Bundan başqa, ötən il Azərbaycan ilə Avropa İttifaqı arasında “Tərəfdaşlıq prioritetləri” sənədi paraflanıb. Həmin sənəddə də bu məsələ öz əksini tapıb.

İmzalanacaq sazişdə bir sıra digər məsələlər də öz əksini tapacaq, məsələn iqtisadi, humanitar və s. məsələlər. Məlumdur ki, bizim bir neçə vacib nəqliyyat, enerji layihələrimiz var. Avropa İttifaqı bu layihələrə böyük maraq göstərir. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bildirib ki, sənədin 90 faizi ilə bağlı işlər artıq həll olunub. Ümidvarıq ki, yaxın zamanlarda bu saziş imzalanacaq. Təbii ki, hər iki tərəf bu sənəddən faydalanmaq istəyir. Avropa İttifaqı istəyir ki, Azərbaycan bazarına daxil olsun. Azərbaycan da öz növbəsində, Avropa bazarına daxil olmaq istəyir. Nəzərə almalıyıq ki, bizim yerli istehsalçılarımız var. Biz onları qorumalıyıq. Misal üçün, mən bu vəzifəyə təyin olunmamışdan əvvəl Azərbaycanın Çexiyada səfiri işləyirdim. Çexiyada və ya Avropa İttifaqının Şərq ölkələri arasında müəyyən narazılıq mövcuddur. Qərb ölkələri onlara bazarda təzyiq göstərir, müəyyən qanunlar qəbul olunur, tələblər irəli sürülür və Avropa İttifaqının nisbətən yeni üzvləri çətinlik çəkirlər. Ona görə ki, onların bazarlarının keyfiyyəti o dərəcədə yüksək deyil. Hesab edirəm ki, məhz bununla bağlı avroskeptisizm cərəyan edir. Ona görə, Avropa İttifaqının bürokratiyası müəyyən tələblər irəli sürür və Çexiya, Polşa, Macarıstan kimi ölkələrin yerli istehsalçıları çətinlik çəkirlər. Biz bunu nəzərə alaraq istəyirik ki, Azərbaycanın istehsalçıları bu məsələdə çətinlik çəkməsinlər. Təbii ki, bu sənəd həm bizim üçün, həm də Avropa İttifaqı üçün faydalı olacaq. Biz çalışmalıyıq ki, bizim məhsullarımızın keyfiyyəti yüksəlsin, dünya standartlarına tam uyğun olsun. İstəyirik ki, bu problemlərlə, bürokratik əngəllərlə üzləşməyək və müəyyən texniki məsələləri özümüz üçün asanlaşdıraq.

Geri dön