Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Deputat Fərəc Quliyev: "Rusiyada formalaşan yeni ittifaqı alqışlayırıq"
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev > Deputat Fərəc Quliyev: "Rusiyada formalaşan yeni ittifaqı alqışlayırıq"

Deputat Fərəc Quliyev: "Rusiyada formalaşan yeni ittifaqı alqışlayırıq"


Azərbaycan millət vəkili: “Şimal qonşumuzdakı tədbirin önəmi daha böyükdür”

Müsahibimiz Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyevdir. Onunla Dünya Azərbaycanlıları İttifaqının və Dünya Azərbaycanlıları Mədəniyyət Fondunun prezidenti Fizuli Məmmədovun təşəbbüsü ilə Moskvada yaradılan Rusiya Azərbaycanlıları İttifaqının (RAİ) perspektivləri, yeni qurumdan olan gözləntilərlə bağlı söhbət etdik.

- Fərəc bəy, RAİ-nin perspektivlərini necə görürsünüz?

- Diasporalarla iş çox mühüm məsələdir. Dövlət diasporada olanlara, diasporada olanlar da dövlətə sahib çıxmalıdır. Bu mexanizm son vaxtlar Azərbaycan üçün çox uğurludur. Ermənistanda diasporanın inkişaf dinamikasından Azərbaycan diasporasının inkişaf dinamikasını götürsək, ölkəmizdə bu inkişaf xeyli irəli gedib. Bir il öncə Diaspora Komitəsinə Fuad Muradovun rəhbər gəlməsi məsələyə xeyli dərəcədə təsir göstərib. Fransa, Ukrayna və Rusiya kimi ölkələrdə birləşdirici tədbirlər keçirildi. Amma şimal qonşumuzdakı tədbirin önəmi daha böyükdür. Çünki orada həm azərbaycanlılar daha çox yaşayır, həm də qonşu dövlətdir. İki il öncə diaspora işi ilə məşğul olan bir təşkilatımızın qeydiyyatı dayanmışdı. İndiki halda bütün bunları nəzərə alaraq, orada görülən işlər təbii ki, çox əhəmiyyət daşıyır. Burada aldığım məlumata görə, Füzuli müəllimin böyük xidmətləri var. Azərbaycandan Səftər Rəhimlinin də xidmətlərinin olduğunu eşitdim. Diaspora Komitəsinin buradakı rolunu unutmaq olmaz. Elə anlar olur ki, diasporanın göstərmiş olduğu xidmət rəsmi qurumların xidmətindən belə önəmli olur. Məsələn, Moskvada baş verən çeçen-Azərbaycan qarşıdurmasında məşhur iş adamımız Mehrac Babayev İsveçrədən birbaşa Rusiyaya gəldi. Problemin aradan qaldırılmasında şəxsi əlaqələri və dostları vasitəsilə əvəzsiz rol oynadı. Dağınıq şəkildə fəaliyyət göstərməkdənsə, ad nə olursa olsun, azərbaycanlıların bir araya toplanması bizlər tərəfindən təqdir olunmalıdır.

- Füzuli Məmmədovun adını qeyd etdiniz. Bu şəxs proseslərə nəzarət edib, liderlik funksiyasını uğurla davam etdirəcəkmi?

- Bilmirəm ki, ittifaqda bir nəfərin sədrliyimi yoxsa rəyasət heyəti olacaq. Dünya Azərbaycanlıları Konqresində sədr müavini olmuşam. O vaxt bu təşkilatda Füzuli Məmmədov da olmuşdu. Hesab edirəm ki, Rusiyada bu məsələlərdə daha çox kollegiallığa ehtiyac var. Çünki bəzi regionların bir araya gəlməsində ambisiyalar olur. Amma Füzuli Məmmədov çox peşəkardır və uzun müddətdir bu proseslərin içərisində olan şəxsdir. O, eyni zamanda xeyriyyəçidir. Çox qəribə vəziyyətdir ki, bəzən adamlarımızın qədrini bilmirik. İmkanı olan çox adamlar var. Amma hamısı belə məsələlərə əl qoymurlar. Bu adam öz şəxsi vəsaiti hesabına çoxsaylı veteranlara, şəhid ailələrinə kömək etmək xətti götürüb. Xeyli sayda xeyriyyəçilik işləri görüb. Ona dəstək versələr, şəxsi xüsusiyyətləri və imkanları liderlik funksiyasını aparmağa yetəcək. Amma hiss olunsa ki, çətinliklər var, o zaman kollegiallığa üstünlük vermək mümkündür. Amma hesab edirəm ki, Füzuli Məmmədovun kifayət qədər imkanları var. Azərbaycan dövlətinin də bu ittifaqa dəstək verməsini vacib görürəm. Himayə olunsa, Rusiyada yaşayan və ya oraya müvəqqəti gedənlər bu məsələyə dəstək verəcəklərsə, hədəflərdə irəli getmək mümkün olacaq. Bu dəstəyin verilməsi olduqca vacibdir. İndiki məqamda mənə informasiyalar daxil olub ki, orada müəyyən qruplaşmalar, dövlət əleyhinə çağırışlar edəcək adamlar ortaya çıxmağa başlayıb. Belə bir məqamda dövlətə bağlı olan bu insanların fəaliyyət göstərməsinə çox böyük zərurət var.

- Azərbaycandan RAİ-yə hansı istiqamətlərdə dəstək verilməlidir?

- Öz ölkəsinə xidmət edən adamlara, qruplara dövlətimiz tərəfindən hər zaman dəstək verilib. Keçmiş həmkarım Fuad Muradov bu məsələlərdə çox peşəkardır. Vətəninə, dövlətinə bağlı bir insandır. Düşünürəm ki, dərhal masa ətrafına oturub danışılmalıdır. Orada olan çətinliklər, ölkəmiz tərəfindən verilə biləcək dəstək müzakirə olunmalıdır. Daha çox onları dinləmək lazımdır. Amma prinsip etibarı ilə düşünürəm ki, ən elementar məhkəmədə belə bu dəstək göstərilə bilər. Məsələn, orada bazar günü məktəbləri fəaliyyət göstərəcəksə, müəyyən dərs vəsaitlərin göndərilməsi, qeydiyyat məsələsinin həyata keçirilməsi, müəyyən tədbirlərin təşkil olunması, bu təşkilatın digər ölkələrdə, xüsusilə, MDB məkanında olan diasporalarla birgə çalışması, orada seçkilərdə onların iştirak etməsi üçün buradan dövlətimizin məsələyə əl qoyması, diaspora televiziyasının olması və digər bu cür yollarla dəstək verilməsi mümkündür. Orada əsas problemlərdən biri odur ki, televerilişlər var və o verilişlərdəki debatları aparanlar rus adı altında gizlənən ermənilərdir. Azərbaycanlıların o arenaya çıxarılması vacibdir.

- Sizcə RAİ-nin fonunda erməni diasporasının güclü olduğu Rusiyada Qarabağ uğrunda mübarizə aparıb ciddi uğur qazana bilərikmi?

- Bu daha çox bir zərurətdir. Əslində harada 3-5 nəfər soydaşımız varsa, təşkilat yaratmalı, yerlərdə hakimiyyət orqanlarına təsir etmək imkanları tapmalıdırlar. Bir vaxtlar Rusiya tərəfindən Azərbaycanda Milli Şura, paralel olaraq da, orada “Milyarderlər İttifaqı” yaradıldı. Şüarlar və Azərbaycana qarşı mövqe məlum idi. Göründüyü kimi, bir qrup var ki, mütəmadi olaraq Azərbaycanda qarışıqlığın olmasında maraqlıdır. Amma Rusiyada sağlam qüvvələr də var. Onlar idarəetmə sistemində də təmsil olunurlar. Əgər bizim oradakı diasporamız, yeni qurum və digər təşkilatlar toparlanarlarsa, mütləq vacibdir ki, dövlət orqanları ilə əlaqələrdə Azərbaycan həqiqətlərini çatdırsınlar. Azərbaycan-Rusiya əlaqələrində bərabərtərəfli əməkdaşlığı əsas götürən münasibətlər sisteminin ayaqda durması çox vacibdir. Son vaxtlar iki ölkə arasında münasibətlər xeyli dərəcədə yaxşılaşıb. Amma bu da gizli deyil ki, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Ermənistana ən çox təsir edə biləcək ölkə Rusiyadır. Orada yaşayan azərbaycanlılar mütəmadi olaraq şimal qonşumuza xeyir veriblər. Azərbaycan tərəfi Rusiyanın cənub bölgəsinə xeyli vəsait yatırıb. Bu günləri bir ittifaq yarandı. Amma başqa qurumlar da mövcuddursa, onların da mütləq koordinasiya olunmaları nəzərə alınmalıdır. Kimisə kənarda qoymaq olmaz. Bunun Rusiya siyasətimizdə əhəmiyyətli dərəcədə təsiri ola bilər. DAK-ın sədr müavini olaraq Rusiya ilə xeyli işləmişəm. Oradakı mühiti çox yaxşı bilirəm. Yeni ittifaqda mənə tanış olan nüfuzlu isimlər var. Rusiyada bizim potensialımız kifayət qədər böyükdür. Bu səbəbdən orada ictimai rəyi dəyişməyimiz mümkündür və bu bizim üçün çox mühüm məsələdir.

- Bu ittifaqın fonunda erməni diasporasının güclü olduğu Rusiyada ən azından balans yaratmaq mümkün olacaqmı?

- Əvvəldə bir məsələyə toxundum ki, Azərbaycan diasporasının inkişaf dinamikası erməni diasporasından xeyli irəlidədir. Amma boşluqlar da var. Düşünürəm ki, Fuad Muradov bu boşluqları aradan qaldıracaq. Onunla Avronest Parlament Assambleyasında birgə çalışmışıq. Onun arzularını, istəklərini bilirəm. Çox səmimi şəkildə bu məsələlərə əl qoyduğundan əminəm. Əgər Rusiyadakı toparlanmaya Azərbaycandan da dəstək olacaqsa, uğur qazanacağıq. Ermənilərin uğurlarının açarı var. Onlar bəlkə də bizdən az vəsait xərcləyirlər, amma hara xərclədiklərini bilirlər. Bizim əməlli-başlı bir proqramımız olmalıdır. Harada hansı tribunalardan istifadə etməli, kimlər harada olmalıdır, bunu müəyyənləşdirməliyik. Məsələn, bir iş adamı Moskva 5-6 nəfərlə gedir, restoran bağlatdırır. Dəfələrlə demişəm ki, bunlara ehtiyac yoxdur. Belə vəsaitləri fərqli yerlərə sərf etmək lazımdır. Ermənilərin xüsusi bir istedadları yoxdur, amma proqramları var. Hədəflərə çatacaq yolu müəyyən etməliyik. Pərakəndə şəkildə gündəmdə qalmaq üçün iş görüləcəksə, bunun effekti olmayacaq.

- İki il öncə Rusiyada qeydiyyatı ləğv edilən Ümumrusiya Azərbaycanlıları Konqresindən RAİ-nin fərqi nə olacaq?

- ÜAK-a imkan vermədilər. Onun yaxşı tərkibi var idi. Yarımçıq qalmış işləri davam etdirmək lazımdır. Biz getdiyimiz yola davam etməliyik. Məsələn, maşın dəyişir, amma eyni yolu gedir. ÜAK-da olan insanlar da bu ittifaqda təmsil olunacaqlar. Füzuli Məmmədovu yaxşı tanıyan biri kimi onun Rusiyada bu işə əl qoyan insanlarla yaxşı əlaqələrinin olduğunu bilirəm. O xarizması və imkanlarından istifadə edib, bu insanlarla birlikdə yarımçıq qalmış işlərin həyata keçməsi üçün fəaliyyət göstərəcək.

- Yeni qurumun ÜAK-ın taleyini yaşamaması üçün nələr edilməlidir?

- ÜAK ləğv ediləndə gördük ki, bizlər tərəfindən də xeyli qüsurlar var. Müəyyən hüquqi proseduralara əməl olunmamasını bizə o vaxt irad tutdular. Rusiya qanunları çərçivəsində fəaliyyət göstərən bir təşkilat qurulacaq. Oranın qanunlarına, beynəlxalq konvensiyalara uyğun iş görmək lazımdır. İctimai rəyi qazanmaq və legitimliyi təmin etmək vacibdir. Oradakı bir milyon azərbaycanlının dəstəyi alınsa, Rusiyada bizi sevməyən qüvvələr belə mane ola bilməzlər.

- Sizcə Azərbaycan müxalifəti milli maraqlar naminə yeni ittifaqın yanında olmalıdır?

- Dünyanın harasında olursa olsun, bir qrup azərbaycanlı yığılıb dövlətimizi tərənnüm etməyə çalışacaqsa, hakimiyyət və müxalif qurum olmaqdan asılı olmayaraq, o qrupa sahib çıxmaq lazımdır. Onlar bizim kənarda olan vətənimizdir. Hamı onlara sahib çıxmalıdır. Biz vahid orqanizm kimi yaşamasaq, bizi parça-parça edərlər. Ona görə də, hər iki düşərgəyə çağırış edib, RAİ və digər bu tipli qurumlara dəstək istəyirəm.

- Partiyanız və deputat olaraq RAİ-yə hansı istiqamətlərdə dəstək verməyi düşünürsünüz? Ən əsası, Milli Məclisdə bu təşkilatla bağlı məsələ qaldıracaqsınız?

- Bizim partiya digər qurumlardan fərqlənir. Departament institutuna söykənən təşkilatıq. Qarabağ, Güney və Qərbi Azərbaycan, Borçalı, Dərbənd, Türk dünyası departamentləri fəaliyyət göstərir. Operativ şəkildə məsələlərə mövqe sərgiləyirik. Bu gün də Rusiyada formalaşan yeni ittifaqı alqışlayırıq. RAİ ilə ciddi şəkildə əlaqələr quracağıq. Şəxsim və partiyamın Rusiyadakı əlaqələrini də onlara yönəldəcəyik. Parlamentdə bu təşkilatla bağlı hər hansı bir məsələ olarsa, o tribunadan dəstək verməyə hazıram.

- Həmkarlarınızı da dəstəyə çağıracaqsınız?


- Parlamentdə çox işıqlı insanlarımız var. Belə məsələlərdə çox dəstək sərgiləyiblər. Parlamentlərarası işçi qruplarında çalışan deputatlar onsuzda bu işlə məşğuldurlar. Bundan sonra da belə məsələlərə birlikdə dəstək verəcəyik. Mən də güvəndiyim, vətənə və dövlətə bağlı olan insanlarla ayrıca birgə fəaliyyət haqqında danışacağam.

Cavanşir ABBASLI/Musavat.com

Geri dön