Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Avropa İttifaqı təmsilçisindən ilginc mitinq açıqlaması
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev > Avropa İttifaqı təmsilçisindən ilginc mitinq açıqlaması

Avropa İttifaqı təmsilçisindən ilginc mitinq açıqlaması


Kestutis Yankauskas imzalanması gözlənilən sazişin detalları barədə diqqətçəkən fikirlər səsləndirib

Avropa İttifaqının (Aİ) ölkəmizdəki səfiri Kestutis Yankauskas BBC News Azərbaycancaya Azərbaycanla Aİ arasında imzalanması gözlənilən sazişin detalları barədə danışarkən diqqətçəkən fikirlər səsləndirib.

Səfir əməkdaşlıq üçün sərbəst toplaşmaq, söz azadlığı, qanunun aliliyi, bazar iqtisadiyyatı, dözümlülük kimi dəyərlərin vacibliyini vurğulayıb: “Hər şeydən öncə bunlar Avropa İttifaqının dəyərləridir. Onların bəziləri anlaşmada da əks olunub. Azərbaycan isə artıq Avropa Şurasının üzvüdür. Düşünürəm ki, bu dəyərlərin qorunmayacağından narahat olan bəzi şəxsləri sakitləşdirməliyəm. Dəyərlərin qorunmamasının mümkün olduğunu düşünmürəm”.

Səfir dəyərlərin qorunmasına misal kimi bu ilin martında Azərbaycanda verilən böyük əfv sərəncamını göstərib.

Səfirin bu açıqlamaları Azərbaycanda mitinq yasağını bir daha gündəmə gətirib. Artıq 4 aydır ki, edilən mitinq müraciətlərinə Bakı Şəhər İcra Hakimiyyəti mənfi cavab verir. Qarabağ Komitəsi (QK), Müsavat Partiyası və Milli Şuranın dəfələrlə aksiya keçirmək üçün müraciətləri olub və adlarını qeyd etdiyimiz qurumların mitinq arzuları həyata keçməyib.

Bütün bunların fonunda Aİ səfiri sərbəst toplaşmaq azadlığını önə çəkir.
QK-nın təsisçilərindən olan AĞ Partiya başqanı Tural Abbaslı hesab edir ki, Avropada adıçəkilən dəyərlərə vasitə kimi yanaşılır: “Avropa və beynəlxalq dəyərlər kimi anlayışların səmimiliyinə inanmıram. İstər Avropa olsun, istər dünyanın digər dövlət və təşkilatlarının bu dəyərlərə ancaq bir vasitə kimi yanaşdığına inanıram. Dünyanın daimi maraqları var, daimi dəyərləri yoxdur. O maraqlar nəyi tələb edirsə, onlar da əsl dəyər halına çevrilir. Yəni insanlarımızı da, siyasilərimizi də hazırkı dünya reallıqlarına daha açıq gözlə baxmağa səsləyirəm, nəinki abstrakt və utopik anlayışlarla. Düşünmürəm ki, Azərbaycan iqtidarı sona qədər sərbəst toplaşma hüququnu məhdudlaşdıra biləcək. Doğrudur, artıq bir neçə aydır ki, heç bir kütləvi aksiyaya razılıq verilmir. Ancaq bu əbədi davam edə bilməz. Buna görə də düşünürəm ki, yaxın zamanlarda bəzi məhdudiyyətlərlə insanların sərbəst toplaşma hüququ de-fakto tanınacaq və mitinqlərə razılıq veriləcək. İslahatlar Avropa və ya dünya gücləri belə istəyir deyə yox, Azərbaycan xalqının strateji maraqları və səadəti bunu tələb edir deyə olmalıdır. Hər bir addım Azərbaycan dövləti və xalqı naminə atılmalıdır”.

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri deputat Fərəc Quliyev: “Avropa İttifaqının buradakı nümayəndəsi yaxşı bilir ki, Avropanın istənilən ölkəsinin təhlükəsizliyi ən öndə duran məsələdir. Orada bir insanın azad fikir söyləmək adı altında istənilən xaotik hərəkətinin qarşısı alınır. Fransada baş verən hadisələr bunun əyani sübutu idi. Kütləvi şəkildə bu ölkədə etirazlar baş verdi və bunun qarşısı alındı. İngiltərədə də belə hadisələr olub və qarşısı alınıb. Dövlətin təhlükəsizliyindən üstün heç nə yoxdur. Bütün dövlətlər təhdidlərə qarşı dözümlərini, təhlükəsizliklərini təmin edirlər. Bunun üçün də hər şeyi edirlər. Azərbaycanda insan haqları və digər məsələlərlə bağlı ortaya mövqelər qoyulduğu zaman öncəliklə milli təhlükəsizlik məsələsi önə qoyulur. Dünyanın hər yerində məhbuslar var. Müxtəlif statuslarla məhbus həyatı yaşayanlar da az deyil. Bunların içərisində deputat da, siyasətçi də, jurnalist də olub. Amma dediyi fikirlərə görə deyil, başqa səbəbdən biri həbs olunursa, onu siyasi məhbus elan etmək doğru deyil. Elə hallar olub ki, müxalifətdə bəzi qüvvələr bir məmuru korrupsioner adlandırıblar, amma həmin məmur həbs edilən kimi o qüvvələr onu dərhal siyasi məhbus elan edib, onun azadlığa çıxmasını tələb ediblər. Bu, çox absurd bir yanaşmadır. Şərtlə danışmaq doğru deyil. Hesab edirəm ki, Azərbaycanda mitinqlərə icazə verilməməsi ilə bağlı aidiyyəti orqanların mövqeyini almaq lazımdır. Bəlkə elə bir səbəb var ki, bununla əlaqədar icazə vermirlər.

Şəxsən düşünürəm ki, xaricdə yaşayan qurumlara, konkret olaraq Milli Şuraya nəinki mitinq keçirməyə, ümumiyyətlə, ölkədə fəaliyyət göstərməsinə icazə verilməməlidir. Bir vaxtlar başladılan araşdırmalar sona çatdırılmalıdır. Ölkəsinə qarşı başqa dövlətdən dəstək, vəsait, təminat alıb fəaliyyət göstərənlər cəzalandırılmalıdır. Amma digər təşkilatlarla bağlı mitinq keçirmək azadlığı təmin olunmalıdır. Burada qorxulu bir şey yoxdur. Hansı tələbləri olacaqsa, bunu dövlət orqanları ilə danışmaq lazımdır. Açığı, səbəbini bilmirəm ki, o deyilən qüvvələr nəyə etiraz edirlər. İpi başqa ölkələrin əlində olanlardan başqa istənilən daxildə olan qüvvələrə meydan verilməlidir. Lakin unutmayaq ki, Avropa İttifaqının sadaladığı məsələlərin arxasında başqa suallar durur. Onlarla polemika üçün bunu demirəm. Nə üçün onlar bir milyon məcburi köçkünümüz barədə məsələ qaldırmırlar? Bunların nə üçün hüquqlarını tələb etmirlər? Öz dədə-babalarının məzarlarını ziyarət edərkən girov götürülən iki azərbaycanlı barədə susurlar. Kəlbəcərdə girov götürülüb zod mədənlərində işlədilən azərbaycanlı qadınların məsələsinə bir dəfə də olsun toxunmurlar. Bunlar insan haqqı deyil bəs nədir? Azərbaycan hansı qurumlarla münasibət qurduğunu yaxşı anlayır, bu istiqamətdə də işlərini görür. Dövlətimiz indiyə qədər qoşulduğu bütün konvensiyalara əməl edib. Bundan sonra da əməl edəcək. Biz də Avropa İttifaqının nümayəndələrindən tələb edirik ki, tələblərini irəli sürəndə bir milyon insanımızın taleyini də nəzərə alsınlar”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Geri dön